Məhkəmə qərarları › İş №1(051)-73/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-73/2024

13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-73/2024 13.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1964-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bərdə rayonu Lək kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi nömrəsiz evdə kirayə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Mingəçevir Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, 17 iyul 2023-cü il tarixdə saat 16 radələrində Mingəçevir şəhəri, X3, ev 58A ünvanında yerləşən "xxxx" ASC-nin Mingəçevir şəhər filialına yaxınlaşıb özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyindən təqaüdə çıxmış sabiq hərbi qulluqçu kimi təqdim edərək kredit götürülməsi ilə bağlı müraciət edib şəxsiyyəti istintaqa məlum olmayan Murad adlı şəxs tərəfindən istintaqa məlum olmayan tarixdə və şəraitdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun adından istifadə etmək məqsədilə saxtalaşdırılaraq qanunsuz hazırlanmış hüquq verən 023761 nömrəli saxta pensiya vəsiqəsini və "xxxx" ASC-nin Mingəçevir şəhər filialının adından axınlı printerdə çap edilmiş, üzərindəki ştamp əksi birbaşa klişe ilə vurulmayan ödəniş kartı üzrə hüquq verən rəsmi sənəd hesab olunan bank kartı üzrə çıxarışı saxta olduğunu bilə-bilə tamah niyyəti ilə istehlak krediti əldə etmək məqsədilə "xxxx" ASC-nin Mingəçevir şəhər filialına təqdim edərək istifadə etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 320.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun hazırda rəsmi iş yeri yoxdur. 2023-cü ilin iyul ayında tanışları ilə danışan zaman maddi problemlərinin olduğunu və “ət” dükanı açmağı üçün təcili pula ehtiyacı olduğunu bildirmişdir. Ona Bərdə rayonu Kərəntərli kəndində yaşayan Murad adlı şəxsin bankdan kreditə pul götürməkdə köməklik etdiyini demişlər. O da Muradla Bərdə rayonu Kərəntərli kəndində yerləşən kafedə görüşmüşdür. Söhbət zamanı Murada demişdir ki, rəsmi iş yeri yoxdur, həmçinin pensiya almır, buna görə bankın rəsmi şəkildə ona kredit ayırması mümkün deyildir. Murad ona demişdir ki, onun tanışları vardır, kredit almaq üçün lazım olan bütün sənədləri o, özü hazırlatdıracaq. Pula ehtiyacı olduğu üçün öz adından Murad adlı şəxsin sənəd düzəltməsinə razılıq vermişdir. 17 iyul 2023-cü il tarixdə o və Murad taksi ilə Bərdə rayonundan Mingəçevir şəhərində yerləşən Bank Respublika ASCnin filialına getmişlər. Bankın yaxınlığında Murad ona həmin sənədləri təqdim etmişdir. Murad ona banka girdikdə Eyvaz adlı şəxsin tanışı olduğunu bildirməyini və ona 10.000 manat kredit pul verəcəklərini demişdir. Qeyd etdiyi sənədləri götürərək banka daxil olmuşdur. Eyvaz müəllimin tanışı olduğunu demiş, kreditə pul götürmək istədiyini bildirmişdir. Muradın ona verdiyi sənədləri və şəxsiyyət vəsiqəsini bankın əməkdaşına vermiş, 10.000 manat kreditə pul götürmək istədiyini, həmin pula “ət” dükanı açaçağını demişdir. Bank əməkdaşı ona təqdim etdiyi əslində Murad tərəfindən düzəldilmiş sənədləri özünə qaytarmışdır. "xxxx"-dan ödəniş kartı üzrə çıxarışı isə özlərində saxlayıb biraz gözləməyini bildirmişdir. O, narahat olmağa başlamış və bankdan çıxaraq uzaqlaşmışdır. Sonra düşünmüşdür ki, həmin sənədlər saxta sənəd imiş. Muradla görüşərək vəsiqəni ona qaytarmış və banka verdiyi sənədlərin saxta olmasından bank əməkdaşlarının şübhə etmələrindən narahat olduğunu bildirmişdir. Onun pensiya debit kartı və vəsiqəsi olmamışdır. Muradın ona verdiyi vəsiqə və sənədlərin saxta olduğunu və bunun qanunsuz olduğunu bilməmişdir. Pula ehtiyacı olduğu üçün həmin saxta sənədləri Bank Respublikanın Mingəçevir filialında istifadə etmişdir. O, Murad adlı şəxsi əvvəllər tanımamış, onu Bərdə rayonunda olan hazırda xatırlamadığı tanışları vasitəsilə tapmışdır, kənddə deyilənə görə bir neçə nəfər pensiyası olmamasına baxmayaraq kredit götürülməsində kömək etmişdir. O da həmin dövrdə yeni bir iş qurmaq üçün kredit götürmək istəyirmiş. Muradın anket məlumatlarını bilmirmiş, sadəcə özünü Murad adı ilə ona təqdim etmişdir. O, həmin krediti götürüb “ət dükanı” açmaq istəmiş, gəlir qazanacaq və götürdüyü krediti də asanlıqla ödəyə biləcəkmiş. Muradla onun arasında bu barədə heç bir razılaşma olmamışdır, bu işə görə nə ondan pul istəmişdir, nə də ki, özü ona pul təklif etmişdir. Sadəcə düşünürmüş ki, işi alınsa, krediti götürsə Murada 200-300 manat miqdarında şirinlik verəcək. "xxxx"nın Mingəçevir filialına təqdim etdiyi həmin sənədin hansı formada və kim tərəfindən hazırlanmasını bilmir, sadəcə Murad adlı şəxsə şəxsiyyət vəsiqəsini vermişdir, sonradan o, saxta sənədləri hazır vəziyyətdə bankın qarşısında ona vermişdir, həmin sənədlərin özü və ya başqası tərəfindən hansı formada hazırlanması haqqında ona heçnə deməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, 2011-ci ilin aprel ayından bank sektorunda işləyir, 2017-ci ilin dekabr ayından etibarən isə Bank Respublika ASC-nin Mingəçevir filialında, hazırki vəzifəsində, yəni mirkokreditlər üzrə baş mütəxəssis vəzifəsində isə 2022-ci ilin ortalarından bəri fəaliyyət göstərir. O, Bank Respublika ASC-nin Mingəçevir filialında uzun müddət işlədiyinə görə həmin şəhərdə onu bir çox insan bankın işçisi kimi tanıyır. Buna görə də onlardan bəziləri kredit götürmək istədikdə onunla əlaqə yaradaraq kredit şərtləri ilə maraqlanmışlar. O da onların bankdan kredit götürməsi üçün lazım olan şərtləri bildirmişdir. Lakin onları xəbərdar etmişdir ki, hər bir halda sənədləri banka təqdim etdikdən sonra həmin sənədlər yoxlanılaraq kredit verilməsi barədə qərar qəbul edilməlidir. Onu tanıyan şəxslərdən biri də Mingəçevir şəhər sakini Əsgər adlı şəxsdir. O, həmin şəxsin sadəcə adını bilir və o özünü İİ Qarabağ döyüşlərində iştirak etmiş qazi kimi təqdim etmişdir. 2023-cü ilin iyul ayında o, illik məzuniyyəti ilə bağlı istirahətdə idi. Həmin dövrdə Əsgər adlı şəxs ona zəng edərək hazırkı təqsirləndirlıən şəxs polisdən təqaüdə çıxdığını və kredit götürmək istədiyini bildirmişdir. Ona sənədləri ilə birlikdə banka yaxınlaşmasını demişdi. O, Əsgərə bildirmişdir ki, həmin şəxs banklarının kredit mütəxəssisi Aygün xanıma yaxınlaşıb sənədləri təqdim etsin. Əgər sənədləri düz olsa ona kredit ayrılacaqdır. O, bankda bildirmişdir ki, həmin şəxsləri tanımır, sadəcə bir nəfər şəxslə bağlı tanışı Əsgər adlı şəxs ona zəng etmişdir, ona sənədlərlə birlikdə banka yaxınlaşmasını tövsiyyə etmişdir. xx.xx.2023-cü il tarixində saat 16 radələrində iki nəfər şəxs bankda ona yaxınlaşaraq onları “Əsgər” adlı tanışı onları göndərdiyini bildirmişlər. Həmin vətəndaşlardan biri Arif adlı şəxs kredit almaq üçün ona sənədləri təqdim etmişdir. O da həmin sənədləri yoxlamaq üçün bankın kredit şöbəsində menecer vəzifəsində işləyən Şahid3 yönəltmişdir. Bir neçə gündən sonra ona məlum olmuşdur ki, vətəndaşın təqdim etdiyi sənədlər saxtadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o "xxxx" ASC-nin Mingəçevir filialında kredit şöbəsində menecer vəzifəsində işləyən zaman banka məlumat daxil olmuşdur ki, bir neçə şəxs saxta sənədlərlə kredit almaq məqsədilə banklara müraciət etmişlər. Bununla bağlı kredit almaq istəyən müştərilərin sənədlərini yoxlaması üçün həmin vətəndaşları ona yönəldirdilər. xx.xx.2023-cü il tarixində saat 16 radələrində bank işçisi X1 bildirdi ki, Arif adlı şəxs kreditlə bağlı onların işlədiyi banka müraciət etmiş və o da həmin vətəndaşları krediti şöbəsinə yəni, ona yönəltmişlər. Həmin şəxs ona yaxınlaşaraq kredit almaq üçün müraciəti etmiş və kredit əldə edilməsi üçün sənədlərini təqdim etmişdir. Sorğu-sual zamanı Arif adlı vətəndaş bildirdi ki, ət dükanı açaq üçün 10,000 manat məbləğində kredit götürmək istəyir. Həmin şəxsin təqdim etdiyi sənədlər onun tərəfindən araşdırılarkən müxtəlif uyğunsuzluqlar müəyyən olunmuş, belə ki, vətəndaşa çarpaz suallar vermiş və təqdim etdiyi cavablar həqiqəti əks etdirməmişdir. Vətəndaş təqdim etdiyi təqaüd barədə bank çıxarışında vəsaitləri hansı bankomatdan və hansı rayondan çıxarmasını düzgün deməmişdir, çıxarışın eyniləşdirilməsi üçün təqaüd kartı istədikdə təqdim etməmişdir. Bundan başqa həmin şəxs Bərdə rayonunda qeydiyyatda olduğu üçün nədən bankın oradakıfilialına müraciət etməməsini soruşanda, Arif adlı şəxs bildirdi ki, onun dostu Mingəçevir şəhərində yaşayır və dostunun məsləhəti ilə buraya müraciət etməsi tövsiyyə olunmuşdsur. Sənədləri şübhəli olduğu üçün vətəndaşa kredit verilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyə teleqram göndərərək göstərmişdir ki, məhkəmə prosesinə gələ bilmir və istintaq zamanı verdiyi ifaədsini təsdiq edir. İstintaq zamanı Şahid1 ifadəsində göstərmişdir ki, bir il yarımdır ki, "xxxx" ASC-nin daxili təhqiqat-monitorinq işlərində iştirak edir. Mahiyyəti üzrə bildirmişdir ki, 2023-cü ilin iyul ayının ortalarında Respublika üzrə Bank Respublikanın filiallarından verilən istehlak kreditləri ilə əlaqədar kredit əldə edən şəxsin təqdim etdiyi sənədlərin həqiqiliyini yoxlayırmış. Qeyd edilən tarixdə Bank Respublikanın Mingəçevir şəhərindəki filialından verilən istehlak kreditləri ilə əlaqədar həmin filialda araşdırma zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs və digər şəxslərin təqdim etdikləri ödəniş kartı üzrə çıxarışlar "xxxx" ilə dəqiqləşdirmələr zamanı təsdiqini tapmamışdır. Belə ki, həmin şəxslər üçün "xxxx"-dan bu formada çıxarış verilməməsi məlum olmuşdur. Bundan sonra aydın olmuşdur ki, adları qeyd edilən şəxslər 2023-cü ilin iyul ayının 1-ci yarısında Bank Respublikanın Mingəçevir filialına təqdim edilən "xxxx"-dan əldə edilməsi bildirildiyi çıxarışlar saxtalaşdırılmış sənədlərdir. Bundan sonra Bank Respublika olaraq aidiyyəti üzrə polisə müraciət etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli 339 nömrəli "xxxx" ASC Mingəçevir şəhər filialı tərəfindən verilmiş məktubun surətindən görünür ki, təqdim edilmiş kart üzrə çıxarış saxtadır və onlar tərəfindən təqdim edilməyib (i.v.8). xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 61-62). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5/1158 saylı xx.xx.2023-cü il tarixli rəyinə əsasən tədqiqata təqdim edilmiş "xxxx"ın Təqsirləndirilən şəxs adına ödəniş kartı üzrə çıxarışın mətni axınlı printerdə çap edilmişdir, üzərindəki ştamp əksi birbaşa klişe ilə vurulmayıb, axınlı printerdə çap edilmişdir (i.v. 28-30). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda pensiyaçı kimi qeydiyyatda deyildir və ona hər hansı növ əmək pensiyası ödənilməyib (i.v. 89). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Teymurov X2 Rayon Xalq Məhkəməsinin xx.xx.1982-ci il tarixli hökmünə əsasən Azərbaycan SSR CM-nin 143 maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1983cü ildə cəzasının sonu ilə azad olunmuş, Sankt-Peterburq şəhəri Frunze Federal xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən RF CM-nin 228-ci maddəsinə əsasən 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v. 67-68). xx.xx.2023-cü il tarixli Bərdə R.İ.H.B-in Qaradəmirçi kənd nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 76). Cinayət işinin materiallarında olan 23 yanvar 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178-ci maddəsi ilə cinayət təqibi Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Mingəçevir filialına təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 023761 nömrəli saxta vəsiqəsinin surəti maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılmışdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun XŞT-ı üzrə Mərkəzdən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 305847/2023 nömrəli məktub sübut kimi tanınmış və iş materiallarında saxlanılmışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ilkin olaraq verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 17 iyul 2023-cü il tarixdə saat 16 radələrində kredit müqaviləsi üzrə bankdan istehlak krediti götürmək məqsədi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhəri, H.Əliyev prospekti 58A ünvanında yerləşən filialına hüquq verən saxtalaşdırılmış rəsmi sənədləri təqdim etməklə istifadə edərək ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş biləbilə saxta sənədlərdən istifadə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 351.2–ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, idarəetmə qaydası əleyhinə olan və bilə–bilə saxta sənədlərdən istifadə etmədə ifadə olunan qəsdən törədilən cinayətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarının 46-cıbəndində tövsiyyə edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilibgöstərilməməsindən asılı deyillər. Ona görə görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cərimə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs "xxxx" ASC-in Mingəçevir filialına təqdim etdiyi iki vərəqdən ibarət saxta ödəniş kartı üzrə çıxarış və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 023761 nömrəli saxta vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilsin. Hökmün icrasına nəzarət Bərdə Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar– Təqsirləndirilən şəxs "xxxx" ASC-in Mingəçevir filialına təqdim etdiyi iki vərəqdən ibarət saxta ödəniş kartı üzrə çıxarış və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 023761 nömrəli saxta vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar