Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-74/2023 03.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi – Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1979-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmiş, Mingəçevir şəhəri, Şəfa bağ massivində yaşayan, barəsində xx.xx.2023-cü il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixtrop maddələrin miqdarına habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından yuxarı həddi 5 qram müəyyən edildiyi halda, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilib məhkumluğu ödənilmədən, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd sellafon bükümün içərisində təmiz çəkisi 156,44 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 17:15 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, Dostluq parkının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə saat 18:00-dan 18:10-dək olan müddətdə üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə – qurudulmuş marixuana əynində olan yaşıl rəngli qolsuz qış gödəkçəsinin iç cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində bildirdi ki, onu çayxanada oturduğu yerdə tutublar və buna baxmayaraq o ittihamla razılaşıb. Onu tutduqdan sonra polis şöbəsinə ikinci mərtəbəyə gətirmişlər. Sonra ona bildirmişlər ki, təqsiri qəbul etməzsə, daha ağır maddə ilə ittiham olunması ilə bağlı hədə-qorxu gəlmişlər. O, polis şöbəsində ifadəsini təzyiq altında vermişdir. Onu təhdid etdikdən sonra razılaşdığını bildirmişdilər. Tutulduğu zaman üzərində heç nə olmamışdır. Doğrudur çəkiliş zamanı hər seyi etiraf edib ancaq onu təhdid ediblər. Ümumiyyətcə narkotik vasitələrdən istifadə edib lakin tutulan vaxtı üzərində heç bir narkotik vasitə olmamışdır. O, Rusiya Federasiyasından gəlmişdir. Bir il altı ay idi orada idi. Əvvəl də məhkumluğu olub həbsdən çıxan kimi Rusiya federasiyasına getmişdir. Əvvəllər heroindən istifadə etmişdir. Lakin heç vaxt marixuana qəbul etməyib. O, bildirir ki, tutulduğu vaxt tək olmamış, yəni dostu ilə olmuşdur. Lakin dostu sonra ondan xahiş etdi ki, onun adını çəkməsin. Lakin sonradan o, tutulan zaman onunla bir yerdə olan həmin şəxs də həbs olundu. O, bir daha qeyd edir ki, tutulan zaman onun üstündə heç nə olmamışdır və nərimanov parkında deyil çayçıda dostu ilə bir yerdə oturan zaman tutublar. O, bir daha qeyd edir ki, onun təqsiri yoxdur. O, qeyd olunanları təziq altında boynuna alıbdır. Onun himayəsində iki nəfər uşaqları var ona görə də qərar qəbul edilərkən onun barəsində yüngül cəzanın tətbiq edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. xx.xx.2023-ci il tarixdə saat 17 radələrində o və Mingəçevir ŞPŞ-nin əməkdaşı Cavadov X3 şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, N.Nərimanov prospekti ndə yerləşən Dostluq parkından piyada keçən zaman görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Bundan sonra Bəkirov X4 ŞPŞ-nə gətirildi. Polis şöbəsinə vəkil növbətçilik cədvəli üzrə X5 dəvət olundu və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olundu ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əynindəki yaşıl rəngli qolsuz qış gödəkçəsinin içərisindən bir ədəd sellafon torba aşkar olundu. Həmin bir ədəd sellafon torba açıldıqda içərisindən spesifik rəngindən və iyindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar olundu. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkildi. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildi. Qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi 165 qram oldu Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırıldı, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürləndi və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalandı. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd sellafon torbadakı kütlənin qurudulmuş marixuana olduğunu, özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni 1-2 ay bundan öncə Yevlax rayonu, Havarlı kəndində xatırlmadığı ünvanda yolun kənarından yabanı halda bitən zaman yığıb qurutduğunu bildirdi. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin, NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:50 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 15 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 4(051)-16/2023 saylı xx.xx.2023-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan əynində olan yaşıl rəngli qolsuz qış gödəkçəsinin içəri cibindən bir ədəd sellofan torbada ümumi çəkisi 165 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/180 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə (0.165kq)...” sözləri, adlar və imzalar yazılmış sellofon bağlamanın içərisindəki təmiz çəkisi – 156.44 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 525 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın haradan əldə etməsi və narkotik vasitələrin alveri ilə məşğul olub olmamasının əməliyyat yolu ilə yoxlanılıb nəticəsi barədə istintaq orqanına rəsmi məlumat verilməsi üçün əməliyyat tapşırığı verilmiş, xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 1 (bir) ədəd sellofon bükümdə təmiz çəkisi 156.44 qram olan narkotik vasitə olan qurudulmuş marixuananı haradan əldə etməsi və onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat əldə edilməmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, təqsirli bilinərək 1 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-də daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, o, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir, hazırda məhkumluğu olan şəxsdir. İşdə olan Rayonlararası Narkoloji Disponser tərəfindən verilmiş 428 saylı xx.xx.2023cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Mingəçevir şəhər Rayonlararası Narkoloji Disponserdə qeydiyyatdadır. 17 fevral 2023-cü il tarixli maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 156,44 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 156,39 qram olan narkotik vasitə-qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. 30 mart 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Azərbaycan Respublikası ƏN-nin MEM-nin X7 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/180 №-li rəyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gəncə Şəhəri Narkoloji Dispanserinin X2-tibbi yoxlamanın 15 mart 2023-cü il tarixli 525 nömrəli rəyləri sübut kimi tanınmışdır. Bir ədəd “CD-R” diskdə olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 13 fevral 2023-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən təmiz çəkisi 156,39 qram olan narkotik vasitə-qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və narkotik vasitəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, Bəkirov X4 Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə bununla bağlı qeyd edir ki, Bəkirov X4 Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır ki, bu da CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CMnin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 13 fevral 2023-cü il tarixdən hesablanmalı, (CPM-158.2.1), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan Mingəçevir ŞPŞ-də saxlanması üçün təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 156,39 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344– 349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1(bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan 13 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 156,39 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-74/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-74/2023
03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver