Məhkəmə qərarları › İş №1(051)-74/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-74/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-74/2024 29.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1967-ci Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Ağcabədi rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 1(107)-21/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respubublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq iki il sınaq müddəti ilə cəzası şərti hesаb edilən, ünvan 1 ünvanda yaşayan barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 14 iyul 2023-cü il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri, X6, ev 58 A ünvanında yerləşən "xxxx" ASC-nin Mingəçevir şəhər filialına yaxınlaşıb özünü X3 təqaüdə çıxmış sabiq polis əməkdaşı kimi təqdim edərək kredit götürülməsi ilə bağlı müraciət edib şəxsiyyəti istintaqa məlum olmayan Fərid adlı şəxs tərəfindən istintaqa məlum olmayan tarixdə və şəraitdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun adından istifadə etmək məqsədilə saxtalaşdırılaraq qanunsuz hazırlanmış hüquq verən 023764 nömrəli saxta pensiya vəsiqəsini və "xxxx" ASC-nin Mingəçevir şəhər filialının adından axınlı printerdə çap edilmiş, üzərindəki ştamp əksi birbaşa klişe ilə vurulmayan ödəniş kartı üzrə hüquq verən rəsmi sənəd hesab olunan bank kartı üzrə çıxarışı saxta olduğunu bilə-bilə tamah niyyəti ilə istehlak krediti əldə etmək məqsədilə "xxxx" ASC-nin Mingəçevir şəhər filialına təqdim edərək istifadə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, uzun müddət Rusiya Federasiyasında yaşamışdır. 2017-ci ildə onu Rusiyadan Azərbaycana deportasiya etmişlər. Bu vaxta qədər heç bir yerdə rəsmi iş yeri olmamışdır. 2021-ci ildə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə barəsində cinayət işi başlanılmış, Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə barəsində 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, daha sonra sınaq müddəti tətbiq edilmişdir. 2023-cü il ildə Sankt-Peterburq şəhərində yaşayan tanışı Sədi adlı şəxslə mobil telefonla danışan zaman ona problemlərinin olduğunu və təcili pula ehtiyacı olduğunu bildirmişdir. Ona bildirilmişdir ki, Mingəçevir şəhərində yaşayan Fərid adında tanışının köməyi ilə bankdan kreditə pul götürmək olar. O, bildirmişdir ki, bu vaxta kimi heç yerdə rəsmi iş yeri olmamış və bank ona kredit verməyəcəkdir. Sədi demişdir ki, şəxsiyyət vəsiqənin şəklini ona göndərsin, Fərid bankdan kreditə pul götürmək üçün lazım olan bütün sənədləri hazırlayacaqdır. O, şəxsiyyət vəsiqəsinin şəklini Sədi adlı tanışına göndərmişdir. Sədi ona bildirmişdir ki, Fərid özü onunla əlaqə saxlayacaqdır. xx.xx.2023-cü il tarixdə ona bir nəfər şəxs zəng edərək özünü təqdim edib adının Fərid olduğunu bildirmiş və nömrəni Sədinin verdiyini bildirmişdir. Fərid ona demişdir ki, bankdan kredit götürmək üçün bütün sənədlər hazırdır və Mingəçevir şəhərində yerləşən Bank Respublika ASC-nin filialına şəxsiyyət vəsiqəsi ilə birlikdə yaxınlaşmasını istəmişdir. Təxminən saat 11:00-da o, bankın qarşısına çatmışdır. Fəridlə bankın qarşısında görüşmüşlər. Ona üzərində Kapital Bank yazılmış ödəniş kartı üzrə çıxarış və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu yazılmış vəsiqə verilmişdir. Vəsiqəyə görə guya o, uzun illər X4 xidmət etmiş və yüksək məbləğdə təqaüd alırmış. Fərid ona demişdir ki, banka girdikdə Eyvaz adlı şəxsin tanışı olduğunu bildirsin və ona 10.000 manat kreditə pul verəcəklərmiş. Bildirmişdir ki, o, həmin krediti təsərrüfat qurmaq üçün götürmək istəyirmiş, düşünürmüş ki, iş quracağına görə gəlir əldə edəcəkdir və krediti asanlıqla ödəyə biləcəkdir. Qeyd etmişdir ki, vəsiqənin içində onun soyad, ad, ata adı və doğum tarixi qeyd olunmuşdur. Guya o, DİN-nin FİQXRŞİD şöbəsindən 2018-ci ildə təqaüdə çıxmış və aylıq ona 931,09 manat pensiya təyin edilmişdir. Ödəniş kartı üzrə çıxarışda isə guya onun pensiya kartından 6 aylıq etdiyi əməliyyatlar qeyd olunub. Qeyd etdiyi sənədləri götürərək banka daxil olmuşdur. Eyvaz müəllimin tanışı olduğunu demiş, kreditə pul götürmək istədiyini bildirmişdir. Fəridin ona verdiyi sənədləri şəxsiyyət vəsiqəsini bankın əməkdaşına vermiş və 10.000 manat kreditə pul götürmək istədiyini, həmin pulla kənd təsərüfatı ilə məşğul olacağını demişdir. Bank əməkdaşı pensiya vəsiqəsinin surətini çıxardaraq əslini ona qaytarmış, Kapital Bank-dan ödəniş kartı üzrə çıxarışı isə özlərində saxlamış, biraz gözləməyini bildirmişdir. O, narahat olmağa başlamış və bankdan çıxaraq uzaqlaşmışdır. Sonra düşünmüşdür ki, Kapital Bankdan çıxarış da saxtalaşdırılmış sənəd imiş. Fəridlə görüşərək vəsiqəni ona qaytarmışdır və banka verdiyi sənədlərin saxta olmasından bank əməkdaşlarının şübhə etmələrindən narahat olduğunu bildirmişdir. Banka geri qayıtmamış və kredit götürməkdən imtina etmişdir. Yuxarda qeyd etdiyi kimi bu vaxta qədər heç bir yerdə rəsmi iş yeri, pensiya debit kartı və vəsiqəsi olmamışdır. Fəridin ona verdiyi vəsiqə və sənədlərin saxta olduğunu və bunun qanunsuz olduğunu bilmişdir. Pula ehtiyacı olduğu üçün bu işə əl atmışdır. Sədi adlı şəxsi o, Rusiya Federasiyasından tanımış, lakin onun anket məlumatları haqqında heç bir məlumatı yoxdur. O, Fərid adlı şəxsi əvvəllər tanımamış, onu Sədi vasitəsilə tapmış, Sədinin dediyinə görə bir neçə nəfərə pensiyası olmamasına baxmayaraq kredit götürülməsində kömək etmişdir. O da həmin dövrdə yeni bir iş qurmaq üçün kredit götürmək istəyirmiş. Fəridin anket məlumatlarını bilmir, sadəcə özünü Fərid adı ilə ona təqdim etmişdir. O, həmin krediti götürüb kənd təsərrüfatı ilə məşğul olmaq istəyirmiş, düşünmüşdür ki, kənd təsərrüfatına pul qoysa onsuzda gəlir qazanacaq və götürdüyü krediti də asanlıqla ödəyə biləcəkdir. Fəridlə onun arasında bu barədə heç bir razılaşma olmamışdır, bu işə görə nə Fərid, ondan pul istəmişdir, nə də ki, o, Fəridə pul təklif etmişdir. Sadəcə düşünmüşdür ki, işi alınsa, krediti götürsə Fəridə 200 manat miqdarında şirinlik verər. “Bank Respublikanın Mingəçevir filialına təqdim etdiyi həmin sənədin hansı formada və kim hazırlanmasını bilmir, sadəcə Fərid adlı şəxsə şəxsiyyət vəsiqəsini vermiş, sonradan o, saxta sənədləri hazır vəziyyətdə bankın qarşısında ona vermişdir, həmin sənədlərin özü və ya başqası tərəfindən hansı formada hazırlanması haqqında ona heçnə deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2009-cu il tarixdən müxtəlif banklarda çalışmışdır. xx.xx.2021 -ci il tarixdən "xxxx" ASC-nin Mingəçevir filialınında kredit mütəxəssisi vəzifəsində çalışır. Onun əsas vəzifəsi istehlak kreditlərinin verilməsidir. 14 iyul 2023-cü il tarixdə iş yoldaşı Eyvaz Yusifli ona bir nəfər tanışının kredit götürmək istədiyini bildirmişdir. Həmin şəxsi onun yanına göndərməsini istəmişdir. Bundan sonra həmin tarixdə Təqsirləndirilən şəxs adlı şəxs ona yaxınlaşmışdır. O Eyvazın tanışı olduğunu bildirmişdir. O özü ilə "xxxx" ASC-dən çıxarış da gətirmişdir. Onun sənədlərinə baxmışdır, lakin güc strukturunda çalışan şəxsin adları portalda görünmədiyi üçün onun təqdim etdiyi hesabdan çıxarışı digər sənədlərlə birlikdə Baş Ofisə göndərmişdir. Baş Ofis ondan həmin şəxsin təqaüd kitabçasının surətini göndərməyini istəmişdir. O, Təqsirləndirilən şəxs təqaüd kartının əslini tələb etdikdə o kartın evdə qaldığını, ona həmin kartın heç olmasa şəklini təqdim etməsini bildirmiş, lakin o, təqaüd kartının evdə olduğunu və evdə heç kim olmaması səbəbindən kartın şəkilini göndərə bilməyəcəklərini demişdir. Bundan sonra həmin şəxsdən sənədləri qəbul edərək, ona kredit verilib-verilməməsi ilə bağlı cavab üçün gözləməyini və taqaüd kartının sürətinin mütləq şəkildə təqdim olunmasının vacibliyini qeyd etmişdir. Bundan sonra həmin şəxs heçnə demədən bankdan uzaqlaşmışdır. İyul ayının ortalarında filialın müdiri Səbuhi İsmayılov bir qrup şəxsin banklara saxta sənədlər təqdim edərək istehlak kreditləri götürdüklərini bildirmişdir. Onlara da kredit verdikləri işləri yoxlamaqlarını tapşırmışdır. O da sənədlərə baxan zaman Təqsirləndirilən şəxs kredit sənədlərini təqdim edərək bu şəxsin sənədlərini də qeyd edildiyi kimi saxta ola biləcəyini bildirmişdir. Belə ki, həmin şəxsin kredit sənədlərinə baxan zaman "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarış sənədləri və polis orqanından təqaüdə çıxması barədə təqaüd kitabçasının surəti var imiş. Onlar dərhal "xxxx" ASC-yə sorğu verərək həmin şəxsin onların müştəriləri olub-olmamasını dəqiqləşdirmişlər. Cavab olaraq Təqsirləndirilən şəxs onların müştərisi olmadığını bildirmişlər. Onlar həmin hesabdan çıxarışların saxta olduğunu dəqiqləşdirdikləri üçün bu barədə Baş ofisə məlumat vermişlər. Onu da qeyd etmişdir ki, həmin zaman Baş Ofisdə də barəsində xidməti yoxlama aparılaraq kreditlərin verilməsində diqqətsizlik etdiyi üçün ona töhmət verilmişdir. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, bir il yarımdır ki, "Bank Respublika” ASC-nin daxili təhqiqat- monitorinq işlərində iştirak edir. Mahiyyəti üzrə bildirmişdir ki, 2023-cü ilin iyul ayının ortalarında Respublika üzrə Bank Respublikanın filiallarından verilən istehlak kreditləri ilə əlaqədar kredit əldə edən şəxsin təqdim etdiyi sənədlərin həqiqiliyini yoxlayırmış. Qeyd edilən tarixdə Bank Respublikanın Mingəçevir şəhərindəki filialından verilən istehlak kreditləri ilə ılaqıdar həmin filialda araşdırma zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs və digər şəxslərin təqdim etdikləri ödəniş kartı üzrə çıxarışlar "xxxx" ilə dəqiqləşdirmələr zamanı təsdiqini tapmamışdır. Belə ki, həmin şəxslər üçün "xxxx"-dan bu formada çıxarış verilməməsi məlum olmuşdur. Bundan sonra aydın olmuşdur ki, adları qeyd edilən şəxslər 2023-cü ilin iyul ayının 1ci yarısında Bank Respublikanın Mingəçevir filialına təqdim edilən "xxxx"-dan əldə edilməsi bildirildiyi çıxarışlar saxtalaşdırılmış sənədlərdir. Bundan sonra Bank Respublika olaraq aidiyyəti üzrə polisə müraciət etmişlər. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid1 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. 28 oktyabr 2023-cü il tarixli cinayət işinə hissəvi xitam verilməsi haqqında qərardan görünür ki, AR CM-nin 320.1 və 320.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində AR.CM-nin 320.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. 28 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona maddə üzrə ittiham elan edilmişdir. Eyni tarixli qərarla təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə "xxxx" ASC-nin Mingəçevir şəhər filialından “Bank Respublika ASC-nin Mingəçevir şəhər filialına daxil olmuş 14 avqust 2023-cü il tarixli 339 nömrəli məktubunda təqdim edilən məlumatlar və kart üzrə çıxarışın saxta olması, bank tərəfindən təqdim edilmədiyi bildirilərək, əlavə olaraq saxta çıxarışların qarşısını almaq məqsədilə təqdim edilən çıxarışların həm əməkdaş, həm də filial müdiri tərəfindən təsdiq edilməsi qərar alındığı, eyni zamanda filial müdiri təsdiq edən zaman çıxarış sənədinin yuxarı sol küncünün qatlanaraq üzərindən filialın dairəvi möhürü vurulması və imza ilə təsdiq edilməsi qeyd olunmuşdur. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, "xxxx" ASC-nin Mingəçevir şəhər filialından “Bank Respublika ASC-nin Mingəçevir şəhər filialına daxil olmuş 14 avqust 2023-cü il tarixli 339 nömrəli məktub, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Mərkəzinin Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzindən daxil olmuş 26 dekabr 2023-cü il tarixli 3-17- 1/2-305847/2023 nömrəli məktub Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Mingəçevir filialına təqdim etdiyi məhkəmə-sənədlərin texniki ekspertizasının 16 avqust 2023-cü il tarixli 5/1160 nömrəli rəyi ilə saxta olması müəyyən edilmiş 02 ədəd çıxarış Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Mingəçevir filialına təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 023764 nömrəli saxta vəsiqəsinin surəti iş materiallarına əlavə edilmiş və maddi sübut kimi tanınmışdır. Azəraycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 avqust 2023cü il tarixli 5/1160 nömrəli məhkəmə-sənədlərin texniki ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş "xxxx"-ın Təqsirləndirilən şəxs adına ödəniş kartı üzrə çıxarışın mətni axınlı printerdə çap edilmişdir, üzərindəki ştamp əksi birbaşa klişe ilə vurulmayıb, axınlı printerdə çap edilmişdir. Cinayət işində olan Ağcabədi rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 1(107)-21/2021 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 11 ay müddətinə 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respubublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq iki il sınaq müddəti müəyyən edilməklə ona təyin olunmuş iki il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. Cinayət işinə əlavə olunmuş 28 oktyabr 2023-cü il tarixli məhkumluğa dair Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Əlioğlu X5 rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 1(107)-21/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respubublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq iki il sınaq müddəti müəyyən edilməklə ona təyin olunmuş iki il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. xx.xx.2023-cü ildə sınaq müddəti başa çatmışdır. Cinayət işi materiallarında olan Ağcabədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən Mingəçevir şəhər Məhkəməsinə göndərilmiş 25 aprel 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Əlioğlu X5 rayon Məhkəməsinin 1(017)-127/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə şərti hesab edilmişdir. Hökmün icrasına dair göstəriş icra edilməsi üçün xx.xx.2021-ci il tarixdə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş xx.xx.2023-cü il tarixdə məhkum Təqsirləndirilən şəxs cəza müddəti başa çatmış, o, həmin tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində üzərinə düşən hüquq və vəzifələri heç bir qanun pozuntusu etmədən yerinə yetirmiş, cəza çəkdiyi müddət ərzində pozuntulara yol verməmiş, nümunəvi məhkum kimi cəzasını çəkib xx.xx.2023-cü il tarixdə başa vurmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmişin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 71.4. Şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə şərti məhkum etmənin ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli qərarının 27-ci bəndinə əsasən sınaq müddəti ərzində ehtiyatsızlıqdan və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət etmiş şəxs barəsində şərti məhkum etmənin ləğvi və ya qüvvədə saxlanılması məsələsinə baxarkən birinci və ya ikinci cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə məhkumun şəxsiyyəti və sınaq müddəti ərzində davranışı barədə məlumatlar nəzərə alınmalıdır. Belə məlumatların aydınlaşdırılması üçün zəruri olduqda şərti məhkum edilmiş şəxsin davranışı üzərində nəzarəti həyata keçirən dövlət orqanının nümayəndəsi məhkəməyə çağrıla bilər. Şərti məhkum edilən şəxsin sınaq müddəti ərzində özünü mənfi tərəfdən səciyyələndirdiyi, üzərinə qoyulmuş vəzifələri yerinə yetirmədiyi, ictimai qaydanı pozduğu və s. müəyyən edilərsə məhkəmə CM-nin 71.3-cü maddəsinə əsasən şərti məhkumetməni ləvğ edə (qəbul edilmiş qərarı əsaslandırmaqla) və hökmlərin məcmusu üzrə cəza təyin edə bilər. Məhkəmə şərti məhkumetmənin saxlanması qərarına gələrsə hökmün təsviri əsaslandırıcı hissəsində bunu əsaslandırmalı, nəticəvi hissəsində isə birinci hökm üzrə şərti məhkumluğun müstəqil olaraq icra edilməli olduğunu göstərməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilibödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Residivin müəyyən edilməsi zamanı nəzərə alınmayan halları təsbit edən Cinayət Məcəlləsinin 18.4-cü maddəsində əvvəllər Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər xüsusi olaraq göstərilmədiyindən, belə məhkumluq yalnız Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilən şərtlərə cavab vermədikdə (məsələn, şəxs əvvəllər ehtiyatsızlıqdan törədilən cinayətə görə şərti məhkum edildikdə) və yaxud 18.4-cü maddəsində göstərilən hallara aid olduqda (yəni, şəxs əvvəllər yetkinlik yaşına çatmadan törətdiyi cinayətə və yaxud böyük ictimai təhlükə törətməyən cinayətə görə və yaxud əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan – islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama kimi cəzalara şərti məhkum edildikdə) residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Məhkəmə qeyd edir ki, Ağcabədi rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 1(107)- 21/2021 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respubublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq iki il sınaq müddəti müəyyən edilməklə ona təyin olunmuş iki il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Hökm xx.xx.2021-ci il tarixində qüvvəyə minmişdir. Təqsirləndirilən şəxs isə hazırki cinayət əməlini sınaq müddətində, yəni xx.xx.2023cü il tarixində törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməli, belə ki, Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin sorğuya cavab məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində üzərinə düşən hüquq və vəzifələri heç bir qanun pozuntusu etmədən yerinə yetirmiş, cəza çəkdiyi müddət ərzində pozuntulara yol verməmiş, nümunəvi məhkum kimi cəzasını çəkib başa vurmuş, eyni zamanda hazırda törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən əməl hesab edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Ağcabədi rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 1(107)-21/2021 saylı hökmü ilə təqsirləndirilən şəxs barəsində müəyyən edilmiş sınaq müddəti xx.xx.2023-cü il tarixdə başa çatdığından həmin hökmün müstəqil icra edilməsinə zərurət qalmamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, cəzasının başlanğıcı qazancından dövlət büdcəsinə tutulmalar aparıldığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Ağcabədi şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli, barəsində seçilmiş başqa yerə getməmək barəsində iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə maddi sübut olan 2 (iki) ədəd bank kartı üzrə saxta çıxarış və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna aid saxta vəsiqə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 70 (yetmiş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 5 (beş) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Ağcabədi Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 2 (iki) ədəd bank kartı üzrə saxta çıxarış və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna aid saxta vəsiqə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 70 manat (yetmiş) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar