Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-75/2022 09.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs- xx.xx.1981-ci ildə Ağdam rayon Şıxbabalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, Ağdam rayon Şıxbabalı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 2-ci siyahısının 67-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,564 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, əynindəki qara rəngli şalvarın sağ yan cibində saxlayaraq daşımış, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirləri nəticəsində 22 yanvar 2022-ci il tarixdə saat 07:45 radələrində Mingəçevir şəhər Yeni Həyat qəsəbəsində “Şelli” çay evinin yaxınlığında saxlanılıb, Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 08:35 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,564 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən 2021-ci ilin sentyabr ayında Bakı şəhərinə gedirdi. Ağdaş rayonunda yolun kənarında dayanan zaman yabanı halda bitmiş çətənə kolları gördü və koldan yığaraq işlədiyi avtomobil təmir sexinə gətirdi və sexdə gizli bir hissədə sərərək qurutdu. Həmin qurudulmuş marixuana kütləsini 21 yanvar 2022-ci il tarixdə avtomobil sexində cilalayıcı kağıza bükərək cibinə qoydu. Həmçinin bir həftə öncə isə işə gələn zaman keçmiş doğum xəstəxanasının yaxınlığında yerləşən baxçanın yanından yerdən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm tapdı. Bükümü açan zaman içərisindəkinin "pati" adlanan psixotrop maddə metamfetamin olduğunu tanıdı. Maddənin bir hissəsini istifadə etdi. Qalanını isa siqaretin gümüşü kağızına büküb şalvarının cibində saxladı. 22 yanvar 2022-ci il tarixdə səhər saat 07.45 radələrində yaşadığı Yeni həyat qəsəbəsindəki Şelli çay evinin yanından keçərək işlədiyi avtomobil təmir sexinə gedərkən, həmin vaxt şüşə flakonu cibindən çıxarıb şüşənin sınıb-sınmadığını yoxlamaq istədi. Bu vaxt üç nəfər polis işçisinin yaxınlaşdığını görüb cəld şüşə flakonu qaytarıb cibinə qoydu. Polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyib polis şöbəsinə dəvət etdilər. O, da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etmədi və polis işçiləri ilə birlikdə Mingəçevir ŞPŞ-nə gəldi. Ona üzərinə şəxsi axtarış keçiriləcəyi izah olundu. Daha sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunub, etirazı olmadıqda şəxsi axtarış zamanı təklif olunub ki, üzərində narkotik vasitə varsa könüllü təqdim etsin. O, da üzərində narkotik vasitə olduğunu etiraf edərək, üzərində olan bükümdə olan qurudulmuş marixuananı və metamfetamini və bir ədəd şüşə flakonu çıxarıb polis əməkdaşlarına təqdim etdi. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər Polis şöbəsində PPXB-nün polis nəfəri vəzifəsində işləyir. 22.01.2022-ci il tarixdə saat 07:45 radələrində Mingəçevir şəhər Yeni Həyat qəsəbəsində polis nəfərləri Dilqəm Cavadov və Şahid2 ilə birlikdə xidmətdə olan zaman qəsəbədə yerləşən “Şelli” çay evinin yaxınlığından keçərkən bir nəfər şəxsin diqqətlə onlara doğru baxmasını və daha sonra əlində olan əşyanı cibinə qoyaraq onlara əks istiqamətə üz döndərməsini və uzaqlaşmağa cəhd etməsini gördülər. Həmin şəxsin özünü şübhəli aparması və onların polis əməkdaşları olmalarını gördükdə tez uzaqlaşmağa cəhd etməsi şübhə yaratmışdır. Buna görə də həmin şəxsi dayandırdılar. Onun Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs olmasını öyrəndilər. Daha sonra Təqsirləndirilən şəxs bildirdilər ki, narkotik vasitələrin istifadəsi və daşınmasında şübhəlidir, buna görə də polis şöbəsinə dəvət etdilər. Təqsirləndirilən şəxs də etiraz etmədi və onlarla birlikdə polis şöbəsinə gəldi. Bundan sonra raportla müraciət etdilər. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin olundu. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirildi. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində qanunla daşınması saxlanması qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız büküm və bir ədəd spesifik boru quraşdırılmış lampa çıxardaraq təqdim etdi. Daha sonra həmin şalvarının sol yan cibindən bir ədəd cilalayıcı kağıza bükülmüş büküm çıxardaraq təqdim etdi. Hər iki bükümün içərisində baxılarkən məlum oldu ki, sağ yan cibindən çıxardaraq təqdim etdiyi gümüşü rəngli bükümün içərisindəki kütlə psixotrop maddə metamfetamindir. Şalvarının sol yan cibindən çıxartdığı cilalayıcı kağız bükümdəki kütlə isə spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanadır. Sorğu zamanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini Az Dres qəsəbəsində tapdığını, qurudulmuş marixuananı isə Ağdaş rayonunda yol kənarında yabanı halda bitmiş koldan toplayaraq qurudub əldə etdiyini bildirdi. Daha sonra həm psixotrop maddə və həm narkotik vasitə elektron tərəzidə çəkildi, zərflərdə qablaşdırıldı. Şahidlər Şahid2 və Şahid3 da məhkəmə iclasında Şahid1 ifadəsinə uyğun ifadə verdi. İşin 20-21-ci vərəqlərində olan 22 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan qara rəngli şalvarın sağ cibindən bir ədəd gümüşü rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,564 qram olan psixotrop maddə metamfetamin, həmin cibindən bir ədəd üzərinə boru quraşdırılmış və içərisində metamfetamin hissəcikləri olan avtomobil işıq lampası, şalvarının sol yan cibindən bir ədəd cilalayıcı kağız bükümün içərisində təmiz çəkisi 2,18 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin 30-33-cü vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının 22 yanvar 2022-ci il tarixli, 17/85 saylı rəyində göstərilir ki, üzərində“Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetaminə bənzər kütlə” sözləri və imzalar yazılmış zərfin içərisindəki, 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,564 qram olan maddə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrinin siyahısına” daxil olan-metamfetamindir. Metamfetaminin təmiz çəkisi-0,564 qram,tədqiqata sərf edildi 0,050 qram,qalıq 0,514 qram Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd şüşə trubka” sözləri və imzalar yazılmış zərfin içərisindəki üzərinə borucuq bərkidilmiş şüşə lampanın içərisində olan maddə hissəcikləri – metamin hissəcikləridir. Metamfetamin hissəcikləri cüzi miqdarda olduğundan onun təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş metamfetaminlə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş… qurudulmuş marixuanaya bənzər kütlə” sözləri və imzalar və yazılmış zərfin içərisindəki 01 (bir ) ədəd cilalama kağızı bükümündə, təmiz çəkisi -2,18 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik-vasitə -qurudulmuşmarixuanadır. Marixuananın təmiz çəkisi-0,18 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 2,13 qram. İşin 98-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 391 saylı 28 mart 2022-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,564 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, əynindəki qara rəngli şalvarın sağ yan cibində saxlayaraq daşımış, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirləri nəticəsində 22 yanvar 2022-ci il tarixdə saat 07:45 radələrində Mingəçevir şəhər Yeni Həyat qəsəbəsində “Şelli” çay evinin yaxınlığında saxlanılıb, Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 08:35 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,564 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməlin törətməsi özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 82-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlindən peşman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdən 23 yanvar 2022-ci il tarixədək 1 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (2 gün) bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1 və 93.2-ci maddələrinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə ekspertiza xərci olan 103,65 (bir yüz üç manat altmış beş qəpik) manat Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,514 qram metamfetamin və 2,13 qram narkotik vasitə olan marixuana Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3(üç)il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdən 23 yanvar 2022-ci il tarixədək-1 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (2 gün) bərabər tutulmaqla, ona təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2(iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 103,65 (bir yüz üç manat altmış beş qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,514 qram metamfetamin və 2,13 qram narkotik vasitə olan marixuana məhv edilsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-75/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-75/2022
09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver