Məhkəmə qərarları › İş №1(051)-75/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-75/2024

25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-75/2024 25.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi – Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1970-ci ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2şayan, barəsində Mingəçevir şəhər Məhkəməsinin 4(051)-102/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi və saxladığı zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1963-cü ildə istehsal olunmuş, XC-4705 №-li, 7.62 mm kalibrli «Kalaşnikov» konstruksiyalı, yivli, odlu silahlar növünə aid, texniki cəhətdən saz və atəşə yararlı «AKM» modelli avtomatı, zavod üsulu ilə hazırlanmış, «Kalaşnikov» konstruksiyalı silahın komplekt hissəsi olmaqla, 30 ədəd 7.62x39 mm kalibrli patron tutumuna malik, texniki cəhətdən saz və istifadəyə yararlı vəziyyətdə olan darağı və 30 (otuz) ədəd, zavod üsulu ilə istehsal olunmuş, 7.62x39 mm kalibrli «Kalaşnikov» avtomatlarında, əl pulemyotlarında və «SKS» karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı döyüş sursatı olan patronları əlində saxladığı torbanın içərisində, qara-qırmızı ədyala bükülmüş vəziyyətdə gəzdirərkən xx.xx.2023-cü il tarixdə saat 18:50 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən «Azərcell» Mağazasının qarşısında saxlanılıb, Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə aparılaraq, həmin tarixdə saat 19:30dan 19:45-dək olan müddət ərzində orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən «Kalaşnikov» konstruksiyalı, yivli, saz və atəşə yararlı vəziyyətdə olan odlu silah, «Kalaşnikov» konstruksiyalı silahın komplekt hissəsi olmaqla, 30 ədəd 7.62x39 mm kalibrli patron tutumuna malik daraq və 30 (otuz) ədəd 7.62x39 mm kalibrli döyüş sursatı hesab edilən patronlar ona məxsus çantadan aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində bildirdi ki, tututulmamışdan öncə Fariz adlı polis əməkdaşının ona bir neçə dəfə zəng vurmuşdur. Ondan sonra Fariz adlı polis əməkdaşının idarə etdiyi “09”-da Mingəçevir şəhərində 3-4 saat gəziblər. 3-4 saat gəzdikdən sonra avtomatı büküb ona veriblər. Heç kim avtomatı çantasına qoyub şəhərdə gəzə bilməz, bu inandırıcı deyil. Bu cinayəti zorla onun boynuna qoymuşlar. Əgər boynuna almasaydı onu 234-ün daha ağır bəndi ilə onu ittiham edəcəklər. Düzdür ona fiziki təzyiq olmayıb. Amma onu avtomatı boynuna almayacağı təqdirdə daha ağır maddə ilə yükləyəcəklərini bildirərək psixoloji təzyiq etmişlər. O tutularkən onun üzərindən silah çıxmayıb. Fariz avtomatı ona bükülmüş vəziyyətdə vermişdir. Fariz avtomatı əvvəlcədən onun çantasına qoymuşdur. Şöbəyə gələndə isə avtomat artıq onun çantasında idi. Fariz dayanmadan ona zəng vurub onu çağırırdı ki, avtomatı ona versin. Ona deyirdi ki, səni biz tutmasaq regional və ya banditizim tutacaq. Həmin vaxt o çantasını götürüb Bakıya gedirdi. Getmək istəyərkən onu Bakıya gedən taksilərin yanında tutmuşlar. Həmin vaxt onun çantasını da dəyişdilər. Çünki avtomat onun çantasını sığmadığı üçün avtomat daha böyük çantanın içinə qoyuldu. Daha sonra onu şöbəyə gətirdilər. O, şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış zamanı əlində saxladığı torbanın içərisində qara-qırmızı rəngli ədyala bükülmüş formada bir ədəd “Kalaşnikov” markalı odlu silah və bir ədəd içərisində 30 ədəd patron olan daraq aşkar edilmişdir. Halbuki o avtomat ona məxsus olmamışdır. Onu məcburən üzərinə götürmüşdür. Həmçinin o çanta da, ona məxsus olmayıb. Onun bu cinayətdə heç bir günahı yoxdur. Lakin o, təqsirsizliyini sübuta yetirə bilmir, buna görə də məhkəmədən cəza verilərkən cəza müddətinin daha az verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 09 dekabr 2023-cü il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlamasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün şöbədə “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2, Şahid3 və o, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlaması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:50 radələrində Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Azərcell MMC”-nin qarşısında olan zaman görüb ona yaxınlaşaraq barəsində qanunsuz olaraq odlu silah saxlaması barədə polis şöbəsinə məlumat daxil olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişdir. Bundan sonra Yusifov X2 ŞPŞ-nə gətirilmiş, polis şöbəsinə vəkil X4 dəvət olunmuşdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlaması ilə əlaqədar, barəsində əməliyyat məlumatı olması, öz razılığı ilə onun üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakının məcburi olmaması izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı odlu silah və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra saat 19:30-da vəkilin və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs sol əlində saxlayaraq daşıdığı torbanın içərisindən qara-qırmızı rəngli ədyala bükülmüş formada bir ədəd Kalaşnikov markalı odlu silah və bir ədəd içərisində 30 ədəd patron olan daraq, eyni zamanda Təqsirləndirilən şəxs məxsus geyim əşyaları aşkar edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd cib dəsmalı, sol yan cibindən 1 ədəd “Winchester” markalı siqaret qutusu və bir ədəd alışqan, iç sol cibindən 1 ədəd daraq və bir ədəd dərman həbi, əynindəki boz rəngli şalvarın sağ yan cibindən isə bir ədəd cib dəsmalı aşkar edilmişdir. Təqsirləndirilən şəxs sol əlində saxlayaraq daşıdığı torbanın işrisindən aşkar olunmuş bir ədəd “Kalaşnikov” markalı odlu silah və bir ədəd içərisində 30 ədəd patron olan daraq “Samsung” markalı video-kamera ilə videoya çəkilmiş və aşkar olunduğu torbanın içərisinə qoyularaq AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, torbanın üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü və prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bütün hərəkətlər isə video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş odlu silahı 2 il əvvəl Yevlax rayonu Varvara kəndində balıq tutarkən yerdən tapdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Mingçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında sonradan şahid qismində cəlb edilmiş Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat rabitə qrupunun operatoru vəzifəsində xidmət edən, polis baş serjantı xüsusi rütbəsində Şahid4 məhkəmə iclası zamanı verdiyi ifadəsində bildirdi ki, o, Azəri ev ustası kimi tanıyır. Azər onların evində usta kimi işləmişdir. Onu bir dəfə CM-nin 234.1-ci maddəsi ilə baş əməliyyat müvəkkili Orxan Hüseynovla birlikdə şöbəyə gətirmişlər. Onu şəhər sakini kimi tanıyır, başqa heç bir əlaqələri də olmamışdır. Bundan əlavə onun evində usta kimi işlədiyi vaxtdan Azərin ona 300 manat borcu qalmışdır. Ona görə də, ona bir neçə dəfə zəng etmiş, borcunu tələb etmişdir. Onunla heç bir ədavəti yoxdur. Onun CM-nin 228-ci maddəsi ilə əməliyyat nəticəsində tutulması prosesində heç bir iştirakı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:20 dəqiqədə CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 11 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs üzərinə video çəkiliş tətbiqi ilə şəxsi axtarış və götürmə aparılmasına dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs sol əlində saxlayaraq daşıdığı torbanın içərisindən bir ədəd “Kalaşnikov” markalı odlu silah və bir ədəd içərisində 30 ədəd patron olan daraq aşkar edilərək götürülmüşdür. İş üzrə xx.xx.2023-cü il tarixli qərarla təyin edilmiş məhkəmə ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli 17/839 №-li rəyinə əsasən: Tədqiqata təqdim edilmiş, 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 7.62 mm kalibrli, “ AKM” markalı, “XC4705” nömrəli, yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir. MEM Şəki regional bölməsində müvafiq texniki şərait (tir) olmadığından ekspert qarşısında qoyulmuş “Silah təqdim olunan vəziyyətdə atəşə (istifadəyə) yararlıdırmı ?” sualını cavablandırmaq mümkün olmamışdır. - Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd, “Kalaşnikov” konstruksiyalı “AK”( “AKM” “AKS” “AKMS” ) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 (otuz) ədəd 7.62x39 mm kalibrli patron tutumuna malik olan sandıqçadır, təyinatı üzrə istifadəyə yararlıdır. - Tədqiqata təqdim edilmiş 30 (otuz) ədəd 7.62 mm kalibrli olmaqla, həmin kalibrə malik “AKM”, “AKMS”, “AK-47” avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən patronlardır, istifadəyə ( atəşə) yararlıdırlar. İş üzrə xx.xx.2023-cü il tarixli qərarla təyin edilmiş əlavə məhkəmə ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/34 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, 01 ədəd XC-4705 N-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1963-cü ildə istehsal olunmuş 7.62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdır, yivli odlu silahlar növüə aiddir, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir.

2. Tədqiqata təqdim edilmiş 30 (otuz) ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 7.62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərdə atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdır. 3.Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olmaqla, 30 ədəd 7.62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağıdır, texniki cəhətdən sazdır və istifadəyə yararlıdır.

4. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Qeyd: Təqdim edilmiş 30 ədəd 7.62x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-11/2-965/2024№-li məktubdan görünür ki, 01 ədəd 7.62 mm kalibrli, XC-4705 N-li AKM modelli avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri İdarənin “Güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsi ilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, Kalaşnikov konstruksiyalı, 7,62 mm kalibirli, AKM markalı “XC4705” nömrəli, yivil, saz vəziyyətdə olan, odlu avtomatik döyüş silahını, 1 ədəd, 30 ədəd 7,62x39 mm kalibirli patron tutumuna malikl, zavod üsulu ilə hazırlanmış təyinatı üzrə istifadəyə yararlı, “Kalaşnikov” konstruksiyalı “AK” (AKM, “AKS” AKMS”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan sandıqçanı və 30 ədəd 7,62 mm kalibirli olmaqla, zavod üsulu ilə istehsal olunmuş, həmin kalibirə malik “AKM” “AKMS”, “AK-47” avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən atəş üçün yararlı patronlardan məhkəmə-ballistik ekspertizasının tədqiqatına 03 ədədi eksperimental atəş üçün sərf edildikdən sonra qalan 27 ədəd patronlar iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. İş üzrə 19 fevral 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, şəxsi axtarış və götürmənin video görüntülərini özündə əks etdirən 1 ədəd disk, məhkəmə ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli 17/839 №-li, əlavə məhkəmə ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/34 №-li rəyləri və əldə olunmuş maddi sübut, sübut növü kimi qəbul edilərək cinayət işini materiallarına əlavə edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 28 (iyirmi) gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Həmin iş üzrə Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hakimin göstərişindən görünür ki, hökm xx.xx.2024-cü il tarixində qanuni qüvvəyə minmiş və icra edilməsi üçün AR ƏN Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-də daxil olmuş Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Yusifov X2 şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətində azadlıqdan məhrum etmə cəzasına, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətində azadlıqdan məhrum etmə cəzasınaməhkum edilmiş, Şəki rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə CPM-in 513, 520 və CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəlikməmiş 02 ay 13 gün qalan hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2, 234.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ RM qərarı ilə AR CM-ə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanuna əsasən hökmdən AR CM-nin 66.3-cü və 66.2-ci maddələri ilə əvəz olunub. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunmuşdur. İşdə olan Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanserinin 1545 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Yusifov X2 şəhər Rayonlararası Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan Mingəçevir şəhər X1 şəhər Rayonlararası Narkoloji Dispanserinin 1614 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Mingəçevir şəhər X1 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durur. Mingəçevir şəhər Məhkəməsinin 4(051)-102/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, hazırki cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İşdə olan 3 saylı MİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, ünvan 6-də yaşayır, yaşadığı müddətdə 3 saylı MİS-nə heç bir şikayət daxil olmamışdır. İşdə olan 3 saylı MİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Yusifov X2 şəhər D.Əliyeva küçəsi ev 16, mənzil 7 ünvanda qeydiyyatsız yaşayır. 19 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxsə yeni məzmunlu ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.1. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, müəyyən etdi ki, Yusifov X2 Şəhər Məhkəməsinin xx.xx.2024–ci il tarixli 1(051)–25/2024 nömrəli hökmünə əsasən AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lakin Təqsirləndirilən şəxs məhkum olunmamışdan və həmin hökm qanuni qüvvəyə minməmişdən əvvəl hazırki cinayəti törətmişdir. Odur ki, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, həmin Məcəllənin 66.5–ci maddəsində nəzərdə tutulmuş qaydada, yeni və əvvəlki hökmlə təyin edilmiş cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs oğlunun əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs oğlunun əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası, Mingəçevir şəhər Məhkəməsinin 1(051)-25/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (gün) müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 27 ədəd zavod üsulu ilə istehsal edilmiş patronlar, 1 ədəd XC-4705 nömrəli 7,62 mm kalibirli AKM modelli avtomat, 1 ədəd daraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyin Təchizat İdarəsinə təhvil verilməli, 30,60 (otuz manat altmış qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Mingəçevir şəhər Məhkəməsinin 1(051)-25/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (gün) müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 27 ədəd zavod üsulu ilə istehsal edilmiş patronlar, 1 ədəd XC-4705 nömrəli 7,62 mm kalibirli AKM modelli avtomat, 1 ədəd daraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30,60 (otuz manat altmış qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar