Məhkəmə qərarları › İş №1(051)-76/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-76/2020

10.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-76/2020 10.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs – xx xxxxxx 1979-cu ildə Mingəçevir şəhərində anadan olmuş, orta təhsilli, evli, işləməyən, Mingəçevir şəhər məhkəməsinin xx xxxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin qızılı kağız bükümünün içərisində təmiz çəkisi 0,930 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan üzərində gəzdirərək, əynindəki qara rəngli jaketin sağ yan cibində gizlədib saxlayaraq daşımış və həmin gün Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Yarus” fotostudiyasının yaxınlığında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 12 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan qara rəngli jaketin sağ yan cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bldirdi ki, əvvəllər də narkotik vasitələrdən istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə saat 09 radələrində yaşadığı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 5 saylı yaşayış binasının yaxınlığından keçərkən yerdə 1 ədəd siqaretin qızılı kağızına bükülmüş büküm tapdı. Həmin bükümü açıb baxdıqda, içərisində narkotik vasitə olan heroin olduğunu gördü. Əvvəl də heroindən istifadə etdiyi üçün onu tanıdı. O, həmin bükümü istifadə etmək üçün götürüb əynindəki qara rəngli jaketin sağ yan cibinə qoyub özündə saxladı. xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Yarus” fotostudiyasının yaxınlığında piyada gəzən zaman polis əməkdaşları ona yaxınlaşıb,özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Həmin vaxt tapdığı büküm də cibində idi. Polis şöbəsində vəkilin iştirakı ilə üzərinə video çəkiliş aparmaqla baxış keçirmək istədiklərini bildirdilər. O da üzərinə baxış keçirilməsinə etiraz etmədi. Onun üzərinə baxış keçirilərkən tapdığı və əynindəki jaketin cibində saxladığı büküm aşkar olunub götürüldü. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər Polis Şöbəsində CABnin baş əməliyyat müvəkkili işləyir. Mingəçevir şəhər PŞ-nin əməkdaşı Şahid2 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı xx.xx.2020-ci il tarixdə saat 12:00 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Yarus” fotostudiyasının yanında görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Polis şöbəsinə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olundu. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə etiraz etmədi. Bundan sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli jaketin sağ yan cibindən 1 ədəd siqaretin qızılı kağızına bükülmüş büküm aşkar olunaraq götürüldü. Qeyd olunan büküm açılıb baxıldıqda içərisindəkinin narkotik vasitə olan heroinə oxşar, qəhvəyi rəngli, və kəskin iyə malik kütlə olması müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümdə olan kütlənin narkotik vasitə olan heroin olduğunu, öz istifadəsi üçün üzərində saxladığını bildirdi. Təqsirləndirilən şəxs, həmçinin, bildirdi ki, həmin narkotik vasitə olan heroini xx.xx.2020-ci il tarixdə saat 09:00 radələrində yaşadığı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 5 saylı yaşayış binasının yaxınlığından keçərkən yerdən tapmışdı. Baxış zamanı onun və digər iştirakçıların yanında, aşkar edilmiş kütlə elektron tərəzidə çəkildi və zərfə qoyularaq möhürləndi. Təqsirləndirilən şəxs əməli Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 27-28-ci vərəqlərində olan xx xxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs üzərində olan qara rəngli jaketin sol yan cibindən 1 ədəd nokia markalı mobil telefon, sağ yan cibindən 1 ədəd siqaretin qızıl kağız bükümü aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, siqaretin qızılı kağız bükümün içərisindəki kütlə narkotik vasitə olan heroindir və özünə məxsusdur, istifadə etmək üçün saxlamışdır. İşin 34-36-cı vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının xx xxx 2020-ci il tarixli, 17/260 saylı rəyində göstərilir ki, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edib götürülmüş…” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd qızılı rəngli kağız bükümdə, təmiz çəkisi-0,930 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi -0,930 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,880 qram. İşin 82-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 401 saylı xx xxx 2020-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. İşin 62-ci vərəqində olan Mingəçevir şəhər Rayonlarası Narkoloji Dispanserindən verilmiş xx.xx.2020-ci il tarixli, 605 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildən “opoidlərin qəbulu nəticəsində psixi davranış pozuntuları asıllıq sindromu” diaqnozu ilə dispanserdə qeydiyyatda durur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin qızılı kağız bükümünün içərisində təmiz çəkisi 0,930 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki qara rəngli jaketin sağ yan cibində gizlədib saxlayaraq daşımış və Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxx 2020-ci ildə saat 12:00 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Yarus” fotostudiyasının yaxınlığında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə dəvət olunaraq üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan qara rəngli jaketin sağ yan cibindən aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs əməli özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və iş materialları ilə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 1(051)- 72/2017 saylı hökmündən və 72-73-cü vərəqlərində Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Abdullayev X1 şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2(iki) il müddətinə azadlıqdan məhtumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan cəza təyin olunmasına əsas verən hallar yoxdur. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşin 21-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cəzasının əvvəli tutulduğu vaxtdan, xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1 və 93.2-ci maddələrinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,880qram narkotik vasitə heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 102,12 (bir yüz iki manat on iki qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardıma görə 90 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli tutulduğu vaxtdan, xx.xx.2020-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə ekspertiza xərci olan 102,12 (bir yüz iki manat on iki qəpik) manat Təqsirləndirilən şəxs alınıb, dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,880qram narkotik vasitə – heroin məhv edilsin. Vəkil Müdafiəçi Məhərrən oğluna ibtidai istintaqda göstərdiyi hüquqi yardıma görə 90 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar