Məhkəmə qərarları › İş №1(051)-76/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-76/2025

26.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-76/2025 26.01.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, subay, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinə əsasən 02 il 06 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya haqqında qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsinin 06 ay azaldılmasına, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 08 ay 23 gün müddətinə vaxtından əvvəl şərti azad edilməsinə, yəni məhkumluğu ödənilmədən və qanunla müəyyən olunmuş qaydada üzərindən götürülməməsinə baxmayaraq, islah olunmamış, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, 2 saylı yaşayış binasının qarşısında tanışı Zərərçəkmiş şəxs2 ilə rastlaşdıqda sonuncudan həmin gün bir qədər əvvəl ortaq tanışları Şahid2 onun (Təqsirləndirilən şəxs) xx.xx.2024-cü il tarixdə axşam saatlarında qeyri-rəsmi münasibətdə olan qadınla yaşadıqları binada səsküy yaratması ilə bağlı ona (Təqsirləndirilən şəxs) və Şahid2 etdiyi iradı “həzm” etmədiyi üçün, habelə həmin iradla bağlı olan halları sivil qaydada müzakirə etmək əvəzinə Zərərçəkmiş şəxs2lə Şahid3 və Şahid2 yanlarında hər hansı bir əsaslı səbəb olmadan mübahisə etməyə başlamış, getdikcə qızışan mübahisənin səsinə şəhərin Ü.Hacıbəyov küçəsi, 2 saylı binanın yaxınlığına anası Şahid4, Zərərçəkmiş şəxs2 bacısı Şahid5, Şahid2 anası, habelə yaşadıqları binada yaşayan qeyri-müəyyən sayda şəxsin toplaşmasına baxmayaraq, daha da azğınlaşıb, ictimai yer hesab olunan binanın həyətində ətrafa toplaşan şəxslərə qarşı etinasızlıq və laqeydlik nümayiş etdirərək, ümumi qəbul edilmiş birgəyaşayış qaydalarını tapdalarayaq, həmçinin özünü ətrafdakıların fövqündə qoyaraq, şalvarının kəmərinə keçirilmiş halda üzərində gəzdirdiyi, istintaqa məlum olmayan və küt əşya hesab olunan dəmir parçasını çıxarıb, Zərərçəkmiş şəxs2 üzərinə hücum çəkərək, həmin dəmir parçası ilə Zərərçəkmiş şəxs2 sol çiyin və sağ kürək nahiyəsindən ümumilikdə iki dəfə vuraraq, ona sol çiyin və sağ kürək nahiyəsində qançır, dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, silah qismində istifadə etdiyi dəmir parçasından istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və Zərərçəkmiş şəxs2 şəxsiyyəti üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərlə xüsusilə qərəzli xuliqanlıq etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs2 ilə arasında olan mübahisəni davam etdirmək və fürsət yaranacağı təqdirdə ona qarşı yenə də zorakılıq tətbiq etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə yaşadığı mənzildən, istintaqa məlum olmayan, dəmir materialdan olan «qaz açarını» götürüb, üzərində saxlamış və bir qədər əvvəl onunla Zərərçəkmiş şəxs2 arasında baş verən mübahisəyə görə sonuncunun qayınanası Zərərçəkmiş şəxs1 və onun (Təqsirləndirilən şəxs) anası Şahid4 arasında ünvan 3 ünvanının yaxınlığında yaranmış və sonuncunun xəsarət alması ilə bağlı baş verən mübahisədən dərhal sonra iki qadın arasında olan mübahisəni səngitmək əvəzinə, həmin tarixdə saat 20 radələrində həmin yerə gələrək, növbəti dəfə ictimai yerdə özünü ətrafdakıların fövqündə qoyaraq, ətrafa toplaşan qeyri-müəyyən sayda şəxslərə qarşı etinasızlıq və laqeydlik nümayiş etdirib, birgəyaşayış qaydalarını pozmaqla, üzərində gəzdirdiyi «qaz açarı» ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə, habelə Zərərçəkmiş şəxs1 həmin vaxt zərbədən qorunmaq üçün havaya qaldırdığı sol əlinə zərbə vuraraq alın nahiyəsində yara, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid xəsarət, sol əlin arxa səthində yara, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan xəsarət yetirməklə, silah qismində istifadə etdiyi, dəmir materialdan olan «qaz açarından» istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və Zərərçəkmiş şəxs1 şəxsiyyəti üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərlə təkrarən xüsusilə qərəzli xuliqanlıq etmişdir. Bundan sonra, o, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti, 1 №-li binanın qarşısında Zərərçəkmiş şəxs2 və sonuncunun qaynı Şahid3 ilə növbəti dəfə qarşılaşdıqda, öz zorakı hərəkətlərini davam etdirərək, artıq bu dəfə Zərərçəkmiş şəxs2 onun evini yandırmasını bəhanə gətirərək, onun ünvanına nalayiq ifadələr işlədib, ictimai yerdə səs-küy salaraq və bununla da qeyri-müəyyən sayda şəxslərin dincliyini pozub, növbəti dəfə özünü Şahid3 və ətrafa toplaşan şəxslərin fövqündə qoyaraq və birgəyaşayış qaydalarını pozaraq, Zərərçəkmiş şəxs2 üzərinə hücum çəkib, üzərində gəzdirməyə davam etdiyi, istintaqa məlum olmayan «qaz açarı» ilə Zərərçəkmiş şəxs2 sol təpə nahiyəsindən vuraraq, ona sol təpə nahiyəsində yara, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə, silah qismində istifadə etdiyi dəmir parçasından istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və Zərərçəkmiş şəxs2 şəxsiyyəti üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərlə təkrarən xüsusilə qərəzli xuliqanlıq etmişdir. Qeyd olunan əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 15:00 radələrində yaşadığı binanın qarşısında dayandığı zaman onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 binanın yanında yerləşdirilmiş oturacaqda oturub spirtli içki «Go» içdiyini görüb, ona yaxınlaşmış, həmin vaxt tanışı Vüqar onlardan bir neçə metr aralıda dayanmışdır. O, Zərərçəkmiş şəxs2 yaxınlaşdıqda sonuncu ona bir gün əvvəl gecə radələrində qeyri-rəsmi münasibətdə olduğu Gülnar adlı qadınla mübahisə etməyinə görə irad bildirmişdir. Həmin vaxt o, Elvinə Gülnarla mübahisə etmədiyini, aralarında yalnız anlaşılmazlığın olduğunu bildirmişdir. Elvin yenə də ona irad bildirərək, Gülnarın mənzilinə nə səbəbə görə getdiyini soruşmuşdur. Buna cavab olaraq Gülnarla aralarında olan məsələnin ona aidiyyətinin olmadığını demişdir. Lakin Elvin spirtli içkinin təsirində olduğu üçün ona fasiləsiz irad bildirmiş, eyni zamanda mübahisə etmək üçün səbəb axtarmışdır. Elvinlə mübahisə etmək istəmədiyi üçün ona vacib işinin olduğunu bildirərək, getmək istədiyini demiş və bu minvalla Elvinin yanından uzaqlaşmışdır. Təxminən 2 saatdan sonra, yəni saat 17:00 radələrində Vüqarla birlikdə yaşadığı binanın qarşısına gəlmiş, həmin vaxt Elvin yenidən yaşadıqları binanın yanında yerləşdirilmiş oturacaqda əyləşib pivə içirmiş, Elvin onun gəldiyini görüb, əsəbi halda ona baxmağa başlamış, sonra isə Elvin ona yaxınlaşmışdır. Həmin vaxt Elvinin spirtli içkinin təsirində olduğunu hiss edib, onu sakitləşdirməyə və mehriban şəkildə danışmağa başlamış, lakin Elvin ondan Vüqarın onun (Zərərçəkmiş şəxs2) haqqında hər hansı bir söz deyib-deməməsini soruşmuşdur. O da Zərərçəkmiş şəxs2 Vüqarın onun haqqında heç bir söz danışmadığını bildirmişdir. Bundan sonra Elvin bir neçə metr aralıda dayanmış Vüqarı yanına çağıraraq, sonuncu ilə də mübahisə etməyə başlamış, sonra isə Elvin əlini belinin arxasına apararaq, kəmərinə yerləşdirdiyi bıçağı çıxardıb, üzünü Vüqara tərəf tutaraq, «sənin bağırsağını yerə tökərəm» sözlərini demişdir. Bunu görüb, Elvinin qabağına keçərək, onu sakitləşdirməyə çalışmışdır. Həmin vaxt Vüqarın anası Pərvanə onların Elvinlə arasında olan mübahisəsinin səsini eşidərək onların yanına doğru gəlmiş və üzünü Elvinə tutaraq sonuncuya «ayıb olsun» deyə bildirib, nə səbəbə görə oğlunu bıçaqlamaq istəməsi ilə bağlı sual vermişdir. Bundan sonra o, Vüqarla birlikdə Pərvanənin yanına yaxınlaşaraq, Elvinin yanından uzaqlaşmışlar. Elə həmin vaxt onun anası Mehriban ilə Elvinin bacısı Nuranənin ərzaq dükanından gəldiklərini görmüşdür. Nuranə onların dayandığı yerə yaxınlaşaraq, onun və Vüqarın qardaşı Elvinlə mübahisə etməklərinin səbənini soruşmuş, o da Nuranəyə Elvinin sərxoş olduğunu, bundan başqa Vüqarın üzərinə bıçaq çıxardaraq onu vurmaq istədiyini bildirib, Nuranədən Elvinlə söhbət edərək, onu sakitləşdirməsini xahiş etmişdir. Bundan sonra Nuranə onların yanından qardaşı Elvinin dayandığı yerə gedərək, onunla söhbət etməyə başlamışdır. Təxminən bir neçə dəqiqə sonra Nuranə qardaşı Elvinlə birlikdə onlara, yəni anası Mehriban, o, Vüqar və Vüqarın anası Pərvanəyə tərəf gəlmiş, həmin vaxt Elvin yenə də əlini belinə apararaq, üzərində gəzdirdiyi bıçağı çıxartmaq istəmiş və yanlarına çatmağa bir neçə metr qalmış Elvin bıçağı belindən çıxardaraq ona tərəf atmışdır. Bıçaq onun sağ yan tərəfindən keçmiş və Elvin bıçağın ona dəymədiyini görüb, üstünə hücum çəkmişdir. Bundan sonra o, Elvinlə dalaşmağa başlamış, dalaşdıqları zaman o, üzərində saxladığı dəmir parçasını çıxardaraq, Elvinin kürək nahiyəsinə 2 dəfə vurub, ona xəsarət yetirmişdir. Həmin vaxt ətrafda olan şəxslər onları aralaşdırmışdır. Elə həmin vaxt anası Mehribanın səhhəti pisləşdiyi üçün o, Vüqarla birlikdə anasını taksi ilə şəhər xəstəxanasına aparmışlar. Təxminən bir neçə saat sonra anasını evə gətirmiş, evdə olan zaman Elvinin yenə də onun üzərinə bıçaq çıxarda biləcəyini və xəsarət yetirə biləcəyini düşünüb, hər ehtimala qarşı özünü müdafiə etmək məqsədi ilə evdən «qaz açarı» götürüb, üzərində saxlamışdır. Anası ilə evdə bir neçə dəqiqə söhbət etdikdən sonra Vüqar ilə birlikdə mənzildən çıxaraq, yaşadığı binanın blokunun qarşısına düşmüşdür. Həmin vaxt Elvinin arvadı Nərgizin onun mənzilinin pəncərəsini daş parçası ilə qırdığını görmüşdür. Nərgiz və Nərgizin anası Afayət Vüqarın və onun blokun qarşısında dayandıqlarını görüb, onun ünvanına söyüş söyərək üzərlərinə gəlmişlər. Nərgiz ilk öncə Vüqara yaxınlaşaraq, onu döyməyə başlamış, o və Vüqar Nərgiz və Afayət tərəfindən döyülməmək üçün Mingəçevir “Qaz İstismar” sahəsi tərəfə qaçmışlar. Lakin yaşadığı binanın yaxınlığından təxminən 20-30 metr məsafə aralaşmışlar ki, anası Mehribanın «Emil kömək et» qışqırıq səslərini eşidib, geri qayıtmağa məcbur olmuş, geri qayıtdıqda isə anasının dodağında xəsarət olmaqla, yerdə uzanıqlı vəziyyətdə olduğunu, habelə Elvinin qayınanası Afayətin anası Mehribanın başının üstündə dayanaraq, sonuncunu vurmaq istədiyini görüb, onlara yaxınlaşmışdır. Həmin vaxt anasını müdafiə etmək məqsədilə, evlərindən çıxarkən götürdüyü və üzərində saxladığı «qaz açarını» çıxarıb, Afayətə yaxınlaşaraq, həmin qaz açarı ilə Afayətin baş nahiyəsindən bir dəfə vuraraq, ona xəsarət yetirmiş, nəticədə Afayət huşunu itirərək yerə yıxılmışdır. Bundan sonra anasını yerdən qaldıraraq oradan uzaqlaşmışdır. Oradan getdikdən bir müddət sonra o, anası Şahid4 və Şahid2 çay içmək üçün «Kür» çayının sahilində yerləşən kafelərin birində əyləşmişlər. Kafedə əyləşən zaman onunla qonşuluqda yaşayan, hazırda adını xatırlamadığı tanışlarından biri ona zəng edərək ona Elvinin onun yaşadığı evi yandırdığını bildirmişdir. Tez bir zamanda o, anası və Vüqar kafedən duraraq yaşadığı evə gəlmişlər. Evə çatanda yanğınsöndürmə xidməti əməkdaşlarının evi söndürdüklərini, yaşadığı evin qonaq otağında çarpayının üzərində olan döşəklərin və divanın bir hissəsinin yanmış olduğunu görmüşdür. Evi yanmış vəziyyətdə görməmək üçün binanın qarşısına düşmüşdür. Həmin vaxt Elvin və sonuncunun qaynı Səməd onun binanın qabağında dayandığını görüb, üzərinə doğru gəlməyə başlamışlar. O da üzünü Elvinə tutaraq, nə səbəbə evi yandırdığını soruşduqda Elvin yaxşı etdiyini deyib, onun ünvanına söyüş söyərək, üzərinə gəlmişdir. Elvin onun üzərinə gələrək, ona bir neçə yumruq zərbəsi atmış, o isə özünü müdafiə etmək üçün üzərində saxladığı «qaz açarı» ilə Elvinin baş nahiyəsinə 2 dəfə vuraraq, ona xəsarət yetirmişdir. Bundan sonra o, oradan uzaqlaşaraq, həmin yeri tərk etmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə əvvəllər hər hansı bir ədavət və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs2 ilə arasında yaranan mübahisəyə səbəb, sonuncunun sərxoş halda ona və tanışı Şahid2 əsassız irad bildirməsi olmuşdur. Zərərçəkmiş şəxs2 ilə mübahisəsi zamanı sonuncu onun ünvanına şəxsiyyətini alçaldan, qeyri-etik ifadələr işlətməmişdir. Zərərçəkmiş şəxs2 ilə yaşadığı binanın qarşısında aralarında baş verən mübahisə zamanı Elvin bıçaq çıxartmış, daha sonra həmin bıçağı onun üzərinə doğru atmış, o da həmin vaxt üzərində olan dəmir parçasını çıxardaraq Zərərçəkmiş şəxs2 kürək nahiyəsindən iki dəfə vurmuş, bundan sonra ətrafda olan şəxslər onları aralaşdırmışdır. Zərərçəkmiş şəxs2lə aralarında baş verən mübahisə zamanı Zərərçəkmiş şəxs2 bıçaq çıxartmasını tanışı Şahid2 və anası Şahid4 görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs2 ona atdığı bıçağın hara düşməsini xatırlamır. Eyni zamanda Zərərçəkmiş şəxs2 ona atdığı bıçaq onun tərəfindən götürülməmişdir. Lakin ətrafda olan şəxslərin götürməsi ilə bağlı heç deyə bilməmişdir. Zərərçəkmiş şəxs2 ilə aralarında baş verən ilkin dava-dalaş bitdikdən sonra həmin bıçağı binanın qarşısında olan şəxslər tərəfindən götürülməsini bildirmişdir. Onunla Zərərçəkmiş şəxs2 arasında baş verən ilkin mübahisə zamanı Zərərçəkmiş şəxs2 ona hər hansı xəsarət yetirməmişdir. Bundan başqa onunla Zərərçəkmiş şəxs2 arasında baş verən ikinci mübahisə zamanı Zərərçəkmiş şəxs2 ona hər hansı xəsarət yetirməmişdir, onun Zərərçəkmiş şəxs1 ilə arasında mübahisə yaranan zaman sonuncu onun ünvanına nalayiq ifadələrdən və söyüşlərdən istifadə etmişdir. Həmçinin aralarında olan mübahisə yəni onun Zərərçəkmiş şəxs1 xəsarət yetirməyi təxminən 1-3 dəqiqə ərzində davam etmişdir. Kür çayının sahilində əyləşən zaman Zərərçəkmiş şəxs2 yaşadığı evi yandırmasını ona xəbər verən şəxsin şəxsiyyətini xatırlamır. Zərərçəkmiş şəxs1 üzərində gəzdirdiyi qaz açarı ilə xəsarət yetirsə də onu öldürmək niyyəti olmamışdır. Yəni qaz açarı ilə Zərərçəkmiş şəxs1 vurarkən onun hansı nahiyəsindən vurduğunu dərk etmişdir. Zərərçəkmiş şəxs1 xəsarət yetirən zaman ətrafda Afayətin qızı Nərgiz, dostu Vüqar, anası Mehriban, qonşusu Nuranə, eyni zamanda digər qonşular olmuşdur. Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyi həmin aləti, yəni qaz açarını xx.xx.2024-cü il tarixdə yaşadığı evdən götürmüş, həmin açarın uzunluğu təxminən 20-30 sm bərabər olmaqla, dəmir materialdan olmuşdur. Hadisədən sonra həmin qaz açarını Kür çayına atmışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs2 xəsarət yetirdiyi həmin aləti, yəni dəmir parçasını xx.xx.2024-cü il tarixdə yaşadığı evin yaxınlığından tapıb, üzərində saxlamışdır. Alət təxminən 10-20 sm uzunluğunda, dəmir materialdan olmuşdur. Hadisədən sonra isə həmin aləti Mingəçevir şəhər Mərkəzi Xəstəxanası tərəfdə yerə atmışdır. Həmçinin yaşadığı binanın qarşısında Zərərçəkmiş şəxs2 xəsarət yetirən zaman Nuranə, anası Mehriban, Vüqar və Səməd hadisənin şahidi olmuşlar. Əməlindən səmimi peşman olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Emil və Vüqar adlı şəxslərlə uzun zamandır ki, qonşuluqda yaşayır, onlarla arasında əvvəllər hər hansı ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində qaynı Səmədlə birlikdə yaşadığı binanın yan tərəfində yerləşdirilmiş oturacaqda oturmuşdur. Həmin vaxt Vüqar onların oturduğu yerin qarşısından, onlarla salamlaşıb keçmək istəyərkən o, Vüqara dayanmasını və onunla söhbət etmək istədiyini bildirmişdir. Vüqar dayandıqdan sonra ona nə üçün səs-küy salırsız deyə, irad bildirmişdir. Lakin Vüqar onun yanından uzaqlaşaraq getmişdir. Təxminən bir neçə saat sonra yəni saat 17 radələrində yaşadıqları binanın qarşısında dayanarkən Emil onun yanma gəlmiş, Vüqar isə ondan bir neçə metr arxada dayanmışdır. Emil onun yanma çatıb, Vüqarla nə haqda danışdığını soruşmuş, o isə iradını Vüqara bildirdiyini demişdir. Həmin vaxt qaynı Səməd də onun yanında olmuşdur. Həmin vaxt Emil və Vüqar onlara tutulan irada görə onunla sözlü mübahisə etməyə başlamışlar. Lakin ərtafda olan xatırlamadığı şəxslər onları ayıraraq mübahisələrinə son qoymuşlar. Bundan sonra o və Səməd onların yanından uzaqlaşmışlar. Bundan təxminən 15-20 dəqiqə sonra bacısı Nuranənin yaşadığı binanın yanında Vüqar və Emillə söhbət etdiyini görüb, onların yanına getmişdir. Səməd də onun arxası ilə gəlmişdir. Orada Vüqara bir qədər əvvəl tutduğu irada görə aralarında yenidən mübahisə başlamışdır. Vüqarla söhbət etdiyi zaman Təqsirləndirilən şəxs səbəbsiz olaraq onun kürək nahiyəsinə dəmir parçası ilə vurub, ona xəsarət yetirmişdir. Bundan sonra orada olan bacısı Nuranə Emili qucaqlayaraq, onu sakitləşdirmiş və dava-dalaşın qarşısı alınmışdır. Onlar, aralaşdıqdan sonra Vüqar və Təqsirləndirilən şəxs onların yanından uzaqlaşıb, getmişlər. Dava-dalaşdan sonra qaynı Səməd və o, su anbarına, iş yerinə getmişlər. Bir müddət sonra qonşusu Əli ona zəng edərək, Emilin onun qayınanası Afayəti döyməsini bildirmişdir. Bundan sonra su anbarında işlərini yarımçıq buraxıb, saat 21 radələrində H.Əliyev prospekti, bina 1 -in arxasına gəlmişlər. Binanın arxasında yerləşən «Əli» marketin yanından keçib, yaşadığı binanın qarşısına gedərkən Təqsirləndirilən şəxsla H.Əliyev küçəsi, ev 1-in yan tərəfində qarşılaşmışdır. Təqsirləndirilən şəxs onu görüb, ünvanına söyüş söyərək üzərinə getmiş və ona yaxınlaşıb, əlində saxladığı «qaz açarı»na oxşayan alətlə bir dəfə başından vurmuşdur. Zərbənin təsirindən müvazinətini itirsə də yerə yıxılmamışdır. Lakin ətrafda olan Səməd və hazırda xatırlamadığı şəxslər baş verənləri görüb, onları ayırmaq üçün yanlarına gəlmiş, ətrafdakı şəxslər onları ayırarkən o, yerə yıxılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əlindəki dəmir alətlə onun başına bir dəfə vuraraq, oradan uzaqlaşmışdır. Bundan sonra yerdən duraraq, əlini başına aparmış və başından qan axdığını görmüşdür. Cəld bir şəkildə Təqsirləndirilən şəxs arxası ilə getmiş, binanın qarşısına çatdıqda həyat yoldaşı Nərgizi binanın qarşısında dayanmış vəziyyətdə görmüşdür. Başından xəsarət aldığını və qan axdığını görən arvadı Nərgiz ondan bunun səbəbini soruşduqda, o, Nərgizə Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Daha sonra Nərgiz, o və qaynı Səməd şəhər xəstəxanasına getmişlər. Xəstəxanaya getdikdən sonra orada ona ilkin tibbi yardım göstərilmişdir. Artıq xx.xx.2024-cü il tarixdə təxminən gecə saat 01 radələrində xəstəxanadan evə qayıtmışdır. Təqsirləndirilən şəxs ona ilk dəfə yaşadıqları binanın qarşısında xəsarət yetirən zaman Şahid4, Şahid2, Şahid5 və Səməd hadisənin şahidi olmuşlar. Hadisə baş verən gün spirtli içki qəbul etmişdir. Hadisə vaxtı üzərində bıçaq olmamış, Emilə bıçaq atmamış, sadəcə onun Vüqar və Emilə tutduğu irad sonuncular tərəfindən xoş qarşılanmadığı üçün onlar yalan ifadə vermişlər. Təqsirləndirilən şəxs onu heç bir səbəb olmadan vuraraq xəsarət yetirmişdir. Emil və Vüqar ilə arasında baş vermiş dava-dalaş zamanı sonunculara xəsarət yetirməmişdir. Yaşadığı binanın qarşısında baş verən mübahisə zamanı Şahid2 ona heç bir xəsarət yetirməmişdir. xx.xx.2024-cü il tarixdə gecə radələrində Təqsirləndirilən şəxs qeyri rəsmi münasibətdə olduğu Gülnar adlı qadınla yaşadığı binanın arxasında mübahisə etməsi səbəbi ilə bağlı ona irad bildirmişdir. Belə ki, həmin binada onun ailə üzvləriylə birlikdə digər qonşularda yaşayır. Həmin vaxt Emil və Gülnar uca səslə danışaraq mübahisə etmişlər. Bu da ümumi yaşayış qaydalarına zidd olduğu üçün o bu səbəbdən irad bildirmişdir. O, Təqsirləndirilən şəxs yaşadığı mənzili yandırmamış, həmçinin kimin yandırması ilə bağlı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona ikinci dəfə baş nahiyəsinə xəsarət yetirdikdən sonra o, aldığı xəsarətlər səbəbilə Mingəçevir şəhər xəstəxanasına getmişdir. Şəhər xəstəxanasında ona ilkin tibbi yardım göstərildikdən sonra xx.xx.2024-cü il tarixdə saat 01 radələrində yaşadığı evə gəlmişdir. O evə gəldikdən sonra yaşadığı mənzili tərk etməmişdir. Bununla yanaşı o, xəstəxanadan evə gələrkən Təqsirləndirilən şəxs yaşadığı mənzilin qarşısında yanğın söndürmə xidmətinin olmasını görməmişdir. Təqsirləndirilən şəxs ona ikinci dəfə xəsarət yetirən zaman Şahid2 hadisənin şahidi olmamışdır. Yalnız həmin zaman hadisənin şahidi tanışı Səməd və ətrafda olan, lakin hazırda xatırlamadığı şəxslər olmuşdur. Həmçinin o, Şahid4 vurmamasını bildirmişdir. Məhkəmə istintaqı zamanı ərizə verərək təqsirləndirilən şəxslə barışdığını, onun barəsində heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə uzun zamandır ki, qonşuluqda yaşayır, onunla arasında əvvəllər hər hansı ədavət və düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 07:30 radələrində qızı Şahid1 və 3 nəvəsi ilə birlikdə istirahət etmək məqsədilə Qəbələ rayonuna yola düşmüşlər. Həmin gün təxminən saat 20:00 radələrində Qəbələ rayonundan Mingəçevir şəhərinə gələn zaman yolda onunla qonşuluqda yaşayan Ləman adlı şəxs qızı Nərgizə zəng edərək, təxminən saat 17:00 radələrində kürəkəni Zərərçəkmiş şəxs2 yaşadığı binanın qarşısında Emil və Vüqar adlı şəxslər tərəfindən döyülməsi barədə məlumat vermişdir. Təxminən bir neçə saat sonra gəzintiyə getdikləri avtomobil yaşadığı binanın arxasında yerləşən ərzaq dükanının qarşısında saxlamışdır. İlk öncə qızı Nərgiz, arxasınca o və nəvələri avtomobildən düşərək, binanın qarşısına keçmişlər. Həmin vaxt Emil və Vüqar yaşadığı binanın blokunun giriş hissəsində dayanaraq söhbət edirmişlər. Nərgiz onlara yaxınlaşıb, ağlayaraq niyə həyat yoldaşı Elvini döydüklərini soruşmuşdur. Emil və Vüqar isə həmin mübahisənin aralarında olan anlaşılmazlıq səbəbindən baş verdiyini bildirərək, blokun qarşısından uzaqlaşmışlar. Nərgiz həmin vaxt onların arxasınca getmək istəmiş, lakin burnundan qəflətən qan açılması səbəbindən yerə yıxılmış, orada olan şəxslər isə Nərgizin ətrafına toplaşmışlar. Həmin insanların arasında Emilin anası Şahid4 da olmuşdur. O, Şahid4 gəldiyini görüb, əsəbləşmiş və onun sinəsindən tutub, geri itələmiş, Şahid4 isə uca səslə qışqırıb, oğlu Emili çağırmışdır. Qısa müddət sonra oraya gələn Emil əlində saxladığı dəmir parçası ilə uca səslə «gəldim, gəldim» deyə qışqıraraq, onun üzərinə doğru gəlmiş və onun yaxınlığına çatıb, tullanaraq əlindəki dəmir parçası ilə başından bir dəfə vurmuşdur. Zərbənin təsirindən gözü «qaralmış» və nəticədə huşunu itirərək, yerə yıxılmış, ayılanda isə şəhər xəstəxanasında olduğunu görmüşdür. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs və Şahid2 göstərdikləri xüsusatlar yalan olduğunu, belə ki, qızı Nərgizin Təqsirləndirilən şəxs yaşadığı mənzilin pəncərələrinə daş atmadığını, Nərgizin Vüqar və Emilə heç bir xəsarət yetirmədiyini, həmçinin Şahid2 ona heç bir xəsarət yetirmədiyini, Təqsirləndirilən şəxs ona xəsarət yetirərkən Nərgiz, Şahid4, habelə Şahid2 hadisənin şahidi olduqlarını, Şahid4 sadəcə qızının yanında dayanmaması üçün sinəsindən tutaraq, geri itələdiyini göstərmişdir. Təqsirləndirilən şəxs əlindəki qaz açarı ilə onun baş nahiyəsinə xəsarət yetirərkən müdafiə olunmaq üçün sol əlini baş nahiyəsinə aparmış, həmin vaxt sol əlindən xəsarət almışdır. Şahid2 barəsində xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər polis şöbəsinə ünvanladığı şikayət ərizəsinin səbəbini izah edərək bildirmişdir ki, həmin vaxt ətrafa çoxlu sayda insanlar toplaşmışdı. Həmin şəxslərdən biri də Şahid2 idi. Belə ki, Təqsirləndirilən şəxs ona xəsarət yetirən zaman Vüqar da onun yaxınlığında idi. Təqsirləndirilən şəxs ona xəsarət yetirdikdən sonra o huşunu itirərək yerə yıxılmışdır. Özünə gəldikdə Vüqarın da onu vurmasını zənn etmişdir. Yalnız sonradan onu Vüqarın deyil yalnız Təqsirləndirilən şəxs vurmasını xatırlamışdır. Bu səbəbdən də ilkin olaraq o məzmunda ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı ərizə verərək təqsirləndirilən şəxslə barışdığını, onun barəsində heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Vüqar qızı ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 17 radələrində Təqsirləndirilən şəxs anası Şahid4 ilə birlikdə Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 2 ünvanının yaxınlığında yerləşən ərzaq mağazasına getmişdir. Ərzaq dükanından qayıdarkən yolda qardaşı Zərərçəkmiş şəxs2 həyat yoldaşı Nərgiz ona zəng edərək, Təqsirləndirilən şəxs Vüqar adlı şəxslə birlikdə Elvini döydüklərini bildirmişdir. Nərgizlə danışıb, qurtardıqdan sonra Təqsirləndirilən şəxs Vüqarla birlikdə onlara tərəf gəldiyini görmüş və Emildən nə səbəbə görə qardaşı ilə dalaşmasını soruşmuşdur. Buna cavab olaraq Təqsirləndirilən şəxs ona dalaşmadıqlarını, yalnız sözlə mübahisə etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxsla danışan zaman qardaşı Elvin və sonuncunun tanışı Səməd onların yanma gəlmiş, orada Vüqarla arasında sözlü mübahisə yaranmışdır. X19 söhbət edən zaman Təqsirləndirilən şəxs, o, Səməd və Emilin anası Şahid4 orada olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs səbəbsiz yerə əlini belinə apararaq, oradan çıxardığı dəmir parçası ilə qardaşı Elvinin kürək nahiyəsinə bir dəfə zərbə endirmişdir. Bunu gördükdə Təqsirləndirilən şəxs qucaqlayıb, onu sakitləşdirməyə çalışmış, Emil və Elvini sakitləşdirdikdən sonra isə Emil və Vüqar onların yanından uzaqlaşmışlar. Bundan sonra qardaşı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə bağlı Azərbaycan Respublikasının DİN-in 102 xidmətinə məlumat vermişdir. Məlumat verdikdən sonra polis şöbəsindən ona zəng gəlmiş və onu polis şöbəsinə dəvət etmişlər. O da polis şöbəsinə gedərək, baş verən hadisə ilə bağlı məlumat vermişdir. Emil və Elvinin arasında mübahisə təxminən 2-5 dəqiqə ərzində davam etmişdir. Mübahisə zamanı Emil və ya Elvin bir-birilərinə qarşı nalayiq ifadələr işlətməmişdir. Həmçinin Emil ona (Şahid5) heç bir xəsarət yetirməmişdir. X21 Şükürov və Şahid2 arasında baş vermiş dava-dalaş zamanı qardaşı Elvin bıçaq çıxartmamış və Emillə Vüqarın üzərinə bıçaq atmamışdır. X19 sözlü mübahisə edərkən Təqsirləndirilən şəxs qardaşını səbəbsiz olaraq dəmir parçası ilə vurmuşdur. Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs2 xəsarət yetirən zaman Şahid4, Şahid2, Səməd və o, hadisənin şahidi olmuşlar. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qızma xəsarət yetirməsini görməmiş, həmçinin Şahid4 evinin yanması ilə bağlı məlumatı olsa da yanğının kim tərəfindən törədilməsi barədə məlumatı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs2 yaşadıqları binanın arxasında ikinci dəfə xəsarət yetirməsinin şahidi olmamışdır. Bundan başqa Emil adlı şəxs onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs2 ilə dalaşdıqdan sonra ümumi olaraq hədələyici ifadələrdən istifadə etmişdir. Həmin vaxt övladı da onların yanında olmuşdur. Övladı onun həssas yeri olduğu üçün həmçinin həmin Təqsirləndirilən şəxs işlətdiyi ifadələri övladı da eşitdiyi üçün Təqsirləndirilən şəxs barəsində həmin məzmunda şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Təqsirləndirilən şəxs ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahid4 xx.xx.2025-ci il tarixdə öldüyündən məhkəmə iclasında ifadəsinin alınması mümkün olmamışdır. Məhkəmə şahidin ifadəsini elan etmişdir. Şahid4 ibtidai istintaqda Təqsirləndirilən şəxs ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsinin tərkib əlamətləri olduğundan həmin fakta görə CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanması və icraata qəbul edilməsi qərara alınmışdır (i.v. 01). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X25 Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının xx.xx.2024-cü il tarixli, 304 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər - sol çiynində və sağ kürək nahiyəsində qançırlar, sol təpə nahiyəsində yara bərk küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdi, yetirilmə müddətləri xx.xx.2024-cü il tarixə uyğundurlar. Ağrılıq dərəcələrinə görə sol təpə nahiyəsində yara sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya, sol çiynində və sağ kürək nahiyəsində qançırlar sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur (i.v. 40). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X25 Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının xx.xx.2024-cü il tarixli, 303 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər - alın nahiyəsində və sol əlində yaralar, bərk küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğundurlar. Ağırlıq dərəcələrinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sol əlin arxa səthində yara sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur (i.v. 41). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X25 Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının xx.xx.2024-cü il tarixli, 311 saylı rəyindən görünür ki, Şahid4 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər – üst dodağında, alt çənədə, alın nahiyəsində, hər iki dizlərində və sol dirsək nahiyəsində qançırlar, küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğundurlar. Sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur (i.v. 42). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:35-dən tutulmuş hesab edilmişdir (i.v. 86) xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxs kimi tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır (i.v 102) xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır (i.v. 113-114). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v. 129-130). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 133-134). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü əsasən CM-in 221.3-cü maddəsi ilə 02 il müddətinə şərti sınaq müddəti olmaqla 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2014-cü il tarixdə cəza müddəti başa çatmış, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-in 221.3-cü maddəsi ilə 02 il 06 ay şərti sınaq müddəti tətbiq edilməklə 02 il 06 ay 24 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə CM-in 221.3-cü maddəsinə əsasən 02 il 06 ay 24 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2022-ci ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya haqqında qərarının 4-cü bəndinə əsasən cəzası çəkilməmiş hissədə 6 ay azaldılaraq 02 il 24 gün saxlanmış, xx.xx.2022-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 08 ay 23 gün müddətə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatmışdır (i.v. 170-172). xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxs kimi tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır (i.v 174). Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(051)-57/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ev dustaqlığında saxlandığı 5 ay 6 gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 2 il 6 ay 24 gün azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 2 il 6 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməsi, ona 2 il 6 ay sınaq müddəti təyin edilməsi hökm edilmişdir (i.v 194-197). Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1(107)- 243/2021 saylı qərarından görünür ki, apellyasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 1(051)-57/2021 nömrəli hökmün dəyişdirilməsi, həmin hökmdən “Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 2 il 6 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi, ona 2 il 6 ay sınaq müddətinin təyin edilməsi” ilə bağlı müddəaların xaric edilməsi, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 1(051)-57/2021 nömrəli hökmü ilə təyin edilmiş 2 il 6 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası icra olunması və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilərək məhkəmə iclas zalından həbs edilməsi qərara alınmışdır (i.v. 199-206). Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 875 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda X3 Pozuntusu, Özünükəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirir. Təqsirləndirilən şəxs hal-hazırda X11 Pozuntusu, Özünükəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs X3 Pozuntusu XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik həmin xəstəlik əlamətləri kompensasiya (yaxınlaşma) mərhələsində olması səbəbindən o, cinayəti törədən vaxt öz hərəkətlərinə qiymət vermək, onları dərk etmək və ya onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri AR CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur (i.v. 207-208). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-Cü maddəsindən həmin Məcəllənin 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilərək, ona əvvəllər edilmiş ittihama əlavələr və dəyişikliklər edilməklə Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, Şahid2 əməlində Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsinin tərkib əlamətləri yoxdur və onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilməsi, Zərərçəkmiş şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin tərkib əlamətləri yoxdur və onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilməsi, Şahid1 əməlində Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin tərkib əlamətləri yoxdur və onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs ifadələrinə tənqidi yanaşılmalı və onlar özünümüdafiə xarakterli verilmiş ifadə kimi qəbul edilib, rədd edilməsi, Zərərçəkmiş şəxs1 Şahid4 qarşı törətdiyi hərəkətlərdə xuliqanlıq cinayətinin tərkib əlamətlərinin olubolmaması, evinin yandırılmasında cinayətin əlamətlərinə işarə verən dəlillərin olubolmaması, habelə evinin pəncərəsinin şüşələrinin sındırılmasında Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkib əlamətlərinin olub-olmamasının müəyyənləş dirilməsi üçün həmin hissədə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Şahid1 barəsində hazırkı cinayət işindən material ayrıca icraata ayrılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 134-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, zərər çəkmiş şəxslərin ifadələri, təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, şahid ifadələri, hadisə yerinə baxış və ifadələrin yerində yoxlanılması protokolları iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 214-230). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır (i.v. 233-234). Mingəçevir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs aid xx.xx.2025-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ailə üzvləri X13 (xx.xx.1964; vəfat edib xx.xx.1992), anası Şahid4 Camaləddin qızı (xx.xx.1973; vəfat edib xx.xx.2025), qardaşı X16 (xx.xx.1992; vəfat edib xx.xx.1994), oğlu X14 (xx.xx.2013) və qızı X15 (xx.xx.2016) olması müəyyən edilmişdir. Qeyd olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs övladı X4 doğum haqqında akt qeydindən məlum olmuşdur ki, uşağın atası Qazaxıstan vətəndaşı X7 ilə xx.xx.2011-ci il tarixli 50-249 saylı Pavlodar VVAQ şöbəsində bağlanmış nikaha əsasən yazılmışdır. Həmçinin vətəndaşın qızı X5 doğum haqqında məlumatlar VVAQ informasiya sisteminə xx.xx.2025-ci ildə daxil edilmişdir. Daxil edilmiş məlumatlara əsasən uşağın atası xx.xx.2011-ci ildə Qazaxıstan Respublikasında bağlanmış nikaha əsasən yazılmışdır. X1r. (doğulduğu tarix xx.xx.1993cü il) Mingəçevir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında akt qeydindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə baş beynin diffuz travması səbəbi ilə Mingəçevir şəhərində ölmüşdür. xx.xx.2026-cı il tarixli 20 №li 3 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, mərhum Şükürov X10 şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 2, mənzil 12 ünvanında tək yaşamışdır. Arxiv sənədlərində ailəsi haqqında heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etiraf edici ifadəsi, həmçinin zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs öldüyündən və onun barəsində cinayət təqibinə xitam verilməsi üçün əsaslar olduğundan, onun barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə ölmüş, onun hüquqi varisi müəyyən edilməmiş və məhkəmədə sonuncunun müdafiəçisi məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçisi X8 xx.xx.2026-cı il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra məhkəmə baxışının gedişində öldüyündən Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən onun barəsində cinayət təqibinə xitam verilməli, eyni zamanda cinayət işi üzrə icraata xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 344–347, 356, 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar