Məhkəmə qərarları › İş №1(051)-78/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-78/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-78/2024 18.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi – Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 1 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası xx.xx.2023-cü il tarixdə başa çatmış, məhkumluğu ödənilməmiş və üzərindən götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Mingəçevir şəhəri A.Məmmədov döngə 1, ev 7-də yaşayan xx.xx.2024-cü il tarixdən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Bayramov X2 şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilməsinə, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməməsinə və ödənilməməsinə baxmayaraq islah olunmayaraq 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 83-cü bəndinə əsasən narkotik vasitə olan heroinin xeyli miqdarının təmiz halda qramlarla aşağı həddi 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd ağ rəngli kağız bükümün içərisində xeyli miqdarda, yəni təmiz çəkisi 0,174 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib ŞPŞ-nin inzibati binasında saat 12:04-dən saat 12:14-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə heroin əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində bildirdi ki, hazırda heç bir yerdə işləmir. Həmçinin o, narkotik vasitələrin müxtəlif növlərindən istifadə etdiyi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunduğunu bildirmişdir. Hadisə ilə əlaqədar olaraq göstərmişdir ki, xx.xx.2024-cü tarixdə saat 22 radələrində Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yaşadığı evin yaxınlığında olan zaman yerdə 1 ədəd “West” markalı siqaret qutusunun olduğunu görmüşdür. Həmin vaxt siqareti olmadığından və siqaret çəkmək istədiyindən qutunun içərisində siqaret olubolmamasına baxmaq üçün qutunu yerdən götürmüşdür. Qutunu açıb baxan zaman içərisində siqaret olmasa da onun içərisində 1 ədəd ağ rəngli büküm olmasını görmüşdür. Həmin bükümü götürüb işığın altında baxanda bükümdə olan kütlənin narkotik vasitə olan heroin olmasını bilmişdir. Belə ki, özü narkotik vasitələrdən istifadə etdiyindən onu tanımış və gələcəkdə də həmin narkotik vasitədən istifadə etmək üçün tapdığı bükümü götürüb cibinə qoyaraq yaşadığı evə getmişdir. xx.xx.2024 il tarixdə yaşadığı evdən çıxmış və təxminən saat 11:30 radələrində yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları onu saxlayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt 1 gün əvvəl tapdığı büküm də üzərində olmuşdur. Sonra o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində X4 ona vəkil təyin olunmuş və ona hüquqlarını müdafiə edəcəyi izah olunmuşdur. Polis şöbəsində vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. Həmçinin ona üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə ediləcəyi bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməsi ona bildirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kağız bükümdə olan kütlə elektron tərəzisində çəkilmiş və həmin kütlənin ümumi çəkisi 0,30 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq həmin narkotik vasitəni 1 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yaşadığı evin yaxınlığında 1 ədəd siqaret qutusunun içərisində tapdığını, qutunu açıb içərisindəki 1 ədəd ağ rəngli bükümü götürüb baxanda bükümdəki kütlənin narkotik vasitə olduğunu bildiyindən əldə etdiyi narkotik vasitə olan heroini şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Əməlindən peşmandır. Odur ki, daha yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində Mingəçevir ŞPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 ilə birlikdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yaşadığı evin yaxınlığında olan zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs saxlanılaraq Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə vəkil X4 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmaması izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibindən bir ədəd ağ rəngli kağız bükümü təqdim etmişdir. Təqdim olunmuş həmin bir ədəd kağız büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən ağ rəngli kağıza bükülmüş bükümün içərisində olan kütlənin narkotik vasitə heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Narkotik vasitəyə oxşar həmin bir ədəd kağıza bükülmüş büküm elektron tərəzidə çəkilmişdir. Narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 0,30 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində içərisində narkotik vasitə olan heroin olan 1 ədəd ağ rəngli kağıza bükülmüş bükümü polis əməkdaşları tərəfindən saxlanılmamışdan 1 gün əvvəl, yəni 24 yanvar 2024-cü il tarixdə saat 22 radələrində Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yaşadığı evin yaxınlığında 1 ədəd siqaret qutusunun içərisində taparaq əldə etdiyini, həmin bükümü şəxsi istifadəsi üçün əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibində saxladığını, xx.xx.2024-cü il tarixdə isə polis əməkdaşları tərəfindən saxlanılmasını bildirmişdir. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid1 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:50-də CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli qərarla təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 17/92 №-li rəyinə əsasən, Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə ...” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi – 0,174 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. 27 yanvar 2024-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertizadan sonra ümumi təmiz qalıq çəkisi 0,124 qram olan narkotik maddə – heroin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. İş üzrə xx.xx.2024-cü il tarixli qərarla təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 289 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan gödəkcəsinin sol yan cibindən bir ədəd ağ rəngli kağız bükümünün içərisində olan çəkisi 0,30 qram narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bir ədəd “CD-R” diskdə olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokola uyğun olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-də daxil olmuş 15 fevral 2024-cü il tarixli məhkumluğa dair tələbnaməyə əsasən, Bayramov X2 şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 27 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş şəxsdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)-41/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Mingəçevir şəhər X1 şəhər Rayonlararası Narkoloji Dispanserinin 337 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Bayramov X2 şəhər X1 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. İşdə olan Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanserinin 218 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Bayramov X2 şəhər Rayonlararası Psixonevroloji Dispanser qeydiyyatda durmur. İşdə olan MKT İstehsalat Birliyi tərəfindən verilmiş 145 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Bayramov X2 şəhəri A.Məmmədov 2-ci döngə küçəsi 7 nömrəli evdə yaşayır. xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddətdə MKT İstehsalat Birliyinə heç bir şikayət daxil olmamışdır. 02 mart 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ekspertizadan sonra 0,124 qram çəkidə olan narkotik vasitə heroin, məhkəmə-kimyəvi ekspertizasının 26 yanvar 2024-cü il tarixli 17/92 № li, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 289 № li rəyləri sübut növü kimi tanınmışdır. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Mingəçevir ŞPŞ-nin İB-də istintaq olunan cinayət işi üzrə AR CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaqın gedişatında, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını (CM-nin 59.2) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Bayramov X2 Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə bununla bağlı qeyd edir ki, Bayramov X2 Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır ki, bu da CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzaçəkmə müddətinin başlanğıcı 18 aprel 2024-cü il tarixdən hesablanmalı, (CPM-158.2.1), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, həbsdə olması nəzərə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məhsul saxlanca verilmiş 0.124 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 69,10 (altmış doqquz manat on qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344– 349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət (cəmi 2 gün) CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il 8 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 01(bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və onun həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də saxlanca verilmiş 0.124 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar