Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-79/2025 14.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Xüsusi ittihamçı: X1 Barəsində şikayət verilmiş şəxs: X3 iştirakı ilə X3 barəsində Azərbaycan Respublikası CM–in 147–ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: X4 tərəfindən X3 barəsində Azərbaycan Respublikası CM–in 147–ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət daxil olmuşdur. İş üzrə xüsusi ittihamçı X4 ərizəsini belə əsaslandırmışdır ki, o, X2 və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə həyata keçirdiyi Musiqi və Uşaq İncəsənət məktəblərinə direktor və direktor müavinlərinin qəbulu üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş test imtahanında və oktyabr ayında Mədəniyyət Nazirliyində keçirilmiş həvalə müsahibəsində iştirak edərək uğur qazanmışdır. Beləliklə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi cənab Aydın Bəşirovun xx.xx.2024-cü il tarixli əmri ilə Mingəçevir şəhər Fəxrəddin Qasımov adına Uşaq İncəsənət məktəbində direktor vəzifəsi ona həvalə edilmişdir. Vəzifələrinin icrasına başladığı gündən qanuni əsaslarla ona verilmiş səlahiyyətləri çərçivəsində öz vəzifələrinin icrasına başlamışdır. Məktəbin fəaliyyətində olan nöqsanların və çatışmazlıqların üzə çıxarılması və aradan qaldırılması, məktəbin şagirdlərinin və işçi heyətinin fəaliyyətinin yoxlanması istiqamətində əməli tədbirlər görmüş, lakin məktəbdə apardığı müsbət yönümlü tədbirlər məktəb daxilində, eləcə də kənar şəxslərdə narahatlıq hissi yaratmışdır. Belə ki, bir neçə gün əvvəl X3 idarə etdiyi, hansı qanuni əsaslarla media fəaliyyəti göstərdiyi məlum olmayan, “Aran media” adında tiktok sosial şəbəkə səhifəsində ard-arda haqqında həqiqətə uyğun olmayan, işgüzar nüfuzuna xələl gətirən, ictimaiyyətə onu və təmsil etdiyi məktəbi yanlış və mənfi formada tanıdan məlumatlar paylaşılmışdır. Bu məlumatlarla yanaşı onun icazəsi olmadan geniş kütlə tərəfindən izlənilən səhifədə onun və yuxarı rəhbərlərinin fotoşəkilləri də paylaşılmışdır. Sözügedən məlumatlar tamamilə böhtan və şər xarakterlidir. Bu məlumatların paylaşılmasında məqsəd şəxsi mənfəət naminə məktəb idarəçiliyində qəbul etdiyi qanuni qərarları və qanuni fəaliyyətini yanlış formada cəmiyyətə çatdırmaqla onu nüfuzdan salmaqdan başqa bir şey deyil. Hesab edir ki, barəsində kütləvi informasiya vasitələrində qərəzli şəkildə yayılmış bu məlumatlar ləyaqətini alçaldan hərəkətlər kimi qiymətləndirilməli və təqsiri olan şəxs və ya şəxslər ciddi şəkildə cəzalandırılmalıdır. Odur ki, X5 barəsində Azərbaycan Respublikası CM-in 147-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, ona həmin maddədə nəzərdə tutulmuş cəza təyin edilməsi, sosial şəbəkələrdə yayılmış bütün məlumatların silinərək həqiqəti əks etdirən məlumatların həmin sosial şəbəkə səhifələri üzərindən paylaşılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə xüsusi ittihamçı X4 məhkəmə iclası zamanı şikayət ərizəsinin məzmununa uyğun ifadə verdi, həmçinin şikayətin məhkəmə icraatına qəbul edilməsini və məhkəmə baxışının təyin edilməsini xahiş etdi. Barəsində şikayət verilmiş X5 məhkəmə iclası zamanı izahatında şikayətin dəlillərini qəbul etmədi və məhkəmədən şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə ilk növbədə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM–in 293.3.1–293.3.7–ci maddələrinin tələblərinə uyğun olub–olmamasının yoxlanmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM–in 293.3–cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Şikayət ərizəsindən isə görünür ki, X4 Azərbaycan Respublikası CPM–in 293.3.3– cü maddəsinin tələblərinə əməl etməmiş, yəni ərizənin giriş hissəsində şikayət verən şəxs kimi özünün soyadını, adını, atasının adını və yaşayış yeri qeyd etsə də, doğulduğu ili, məşğuliyyət növünü, vəzifəsini, həmçinin şikayət ərizəsinin əsaslandırıcı hissəsində isə əməlin məhz X5 tərəfindən törədilməsinin nədə ifadə edildiyi və hansı sübutlala təsdiq edildiyini, eyni zamanda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin nə vaxt törədilməsini, habelə şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı sübutlarla təsdiq edildiyini göstərməmişdir. Məhkəmə xüsusi ittihamçının ifadəsini və barəsində şikayət verilmiş şəxsin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb belə hesab edir ki, Azərbaycan Respublikası CPM– in 302–ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM–in 302.1.3–cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1–293.3.7–ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM–in 302.2.3–cü maddəsinə əsasən, bu Məcəllənin 302.1.2–302.1.4, 302.1.6–302.1.8–ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə məhkəmə qərarlar çıxarır. İş materiallarından göründüyü kimi xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu bu Məcəllənin 293.3.1–293.3.7–ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM–in 293, 302–ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti əsasında X3 barəsində Azərbaycan Respublikası CM–in 147–ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət işinin başlanmasına dair şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-79/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-79/2025
14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver