Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-8/2022 01.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçi–Mingəçevir Asan Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları Təqsirləndirilən şəxs video konfrans vasitəsi ilə iştirakı ilə xx.xx.1991-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatda olmaqla, faktiki ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hal-hazırda ƏN-nin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə Şəki Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, video konfrans formatında təşkil olunmuş açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdə saat 15:30 radələrində Mingəçevir şəhəri, X.Əliyev küçəsi ilə piyada hərəkətdə olarkən həmin küçə ilə piyada gedən, onun üçün aşkar surətdə hamilə vəziyyətində olan Zərərçəkmiş şəxs üzərində qızıl-zinət əşyaları gəzdirdiyini görüb, onları açıq yolla talamaq qərarına gələrək, cinayətkar niyyətini və məqsədini həyata keçirmək üçün Zərərçəkmiş şəxs həmin küçə ilə təqib edib, sonuncu ünvan 2 ünvanda yerləşən binanın arxa hissəsinə çatdıqda, arxadan Zərərçəkmiş şəxs yaxınlaşıb, qəfil olaraq əlini onun boynuna atıb, ona xəsarət yetirmək təhlükəsi yaradaraq, həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib, boynunda gəzdirdiyi 6.09 (altı tam yüzdə doqquz) qram kütləli, qulaqcığında «585» (beş yüz səksən beş) damğası olan, 583/585 (beş yüz səksən üç-beş yüz səksən beş) əyarlı qızıldan trosvari toxunuşlu qırmızımtıl-sarı rəngli 410 (dörd yüz on) manat dəyərində olan qızıl boyunbağını boynundan dartıb, qırmaqla ələ keçirib, Zərərçəkmiş şəxs məxsus 410 (dörd yüz on) manat dəyərində əmlakı onun həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə açıq yolla talayaraq soyğunçuluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, heç bir yerdə işləmir. 2017-ci ildə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə barəsində cinayət işi istintaq olunaraq xitam edilmiş və ondan sonra məhkum olunmamışdır. «Pandemiya»dan əvvəl müxtəlif işlərdə işləyib xərclərini ödəmişdir. Əvvəllər maddi imkanı yaxşı olsa da, son iki ildə «Pandemiya» ilə bağlı işləmədiyindən maddi vəziyyəti pisləşmişdir. Son vaxtlar işləmədiyi üçün maddi vəziyyətində sıxıntı yarandığından özünü dolandırmaqda çətinlik çəkirmişdir. Belə ki, çox yerlərə müraciət etsə də, «Bronxial Astma» xəstəsi olduğundan onu işə götürməmişlər. Bu səbəbdən də, şəxsi ehtiyaclarını ödəmək və maddi vəziyyətini yaxşılaşdırmaq üçün pul qazanmağın yollarını axtarmışdır. 14 iyun 2021-ci il tarixdə saat 15:10 radələrində hava alaraq gəzişmək məqsədi ilə yaşadığı evdən çıxıb X.Əliyev küçəsi ilə «Dram Teatr» dairəsi istiqamətində hərəkətə başlamışdır. Saat 15:30 radələrində həmin küçə ilə hərəkətdə olan zaman, sonradan adını, soyadını və atasının adını öyrəndiyi Zərərçəkmiş şəxs yanında bir nəfər azyaşlı uşaqla bərabər ona tərəf gəlməsini görmüşdür. Onun yanından keçən zaman Zərərçəkmiş şəxs sifətinə diqqətlə baxarkən Zərərçəkmiş şəxsnm boynunda qızıl boyunbağı olmasını görmüş, qəflətən maddi vəziyyətini yaxşılaşdırmaq üçün həmin boyunbağını onun boynundan dartıb çıxaraq qaçmaq və boyunbağını ələ keçirəndən sonra satmaq qərarına gəlmişdir. Həmin vaxt geri qayıdıb 2 metr məsafə saxlamaqla arxasınca gedib Zərərçəkmiş şəxsm 5-6 metr izləyəndən sonra arxadan ona yaxınlaşmış, boynunda olan boyunbağını əli ilə dartıb açmaqla götürüb yaxınlıqdakı dalanla qaçaraq uzaqlaşmışdır. Qaçan zaman Zərərçəkmiş şəxs qışıqırıb hay-küy salıb boynundakı qızıl boyunbağını aparmağını desə də, geri qayıtmamışdır. Əvvəlcə oradan N.Nərimanov prospektində yerləşən «Dostluq» adlanan parka getmiş, orada boyunbağını nəzərdən keçirəndə kilid yerinin nasaz vəziyətə düşməsini görüb dişi ilə həmin hissəni düzəltmişdir. Boyunbağını satmaq məqsəd ilə evə qayıdanda yaşadığı binanın yanında tanışı Şahid1 ilə rastlaşmışdır. Söhbət əsasında ona ələ keçirdiyi boyunbağının özünə məxsus olmasını, maddi vəziyyətində çətinlik yaranması səbəbindən xəstə anasını müalicəyə apara bilmədiyini, şəxsiyyət vəsiqəsini isə itirdiyini deyib ondan boyunbağını satmağını xahiş etmişdir. Şahid1 əvvəlcə ona 50-60 manat məbləğində borc pul təklif etmiş, onun təklifini qəbul etməyərək pulu götürməyəndə boyunbağını satmağa köməklik etməyə razılaşmışdır. Bir müddət sonra onunla qızıl satılan mağazaların yanına getmişlər. O, bayırda gözləmiş, Şahid1 isə qızıl boyunbağını aparıb tanımadığı qızıl mağazasına satıb yanına gəlmiş, qızıl boyunbağını 320 manata satmasını bildirmiş və ona həmin məbləğdə pulu gətirib vermişdir. O, dəfələrlə pul təklif etsə də, Elyar götürməmişdir. Pulu alandan sonra onunla sağollaşıb ayrılmışdır. Həbs olunacağından qorxub parkın yanından tanımadığı «VAZ-21074» markalı taksiyə əyləşib onu Mingəçevir şəhərinin Havarlı kəndi tərəfində olan girişinə aparmasını xahiş etmiş, oraya çatanda isə avtomobildən düşərək 2 manat yol haqqı vermişdir. Bir müddət orada gəzişəndən sonra şəhəri tərk etmək istəsə də, istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə polis əməkdaşı Şahid3 zəng edərək görüşmək istəməsini demişdir. Əlacsız vəziyyətdə qalıb ona törətdiyi cinayət əməlini etiraf etmişdir. Sonra isə «Dostluq» parkına gəlib Şahid1 ilə əlaqə yaradaraq görüşmüş və həmin qızıl boyunbağını anasından xəbərsiz götürərək satdığını deyib puldan şəxsi ehtiyacları üçün xərclədiyindən ona 260 manat məbləğində pulu qaytararaq 60 manat borclu qalmışdır. Bir müddət sonra Şahid1 qızıl boyunbağını gətirib özünə qaytarmışdır. 14 iyun 2021-ci il tarixdə saat 20:50 radələrində parkın yanında olan zaman mülki geyimdə olan şəxslər yaxınlaşıb Mingəçevir polis şöbəsinin əməkdaşları olduqlarını deyərək özlərini təqdim etdikdən sonra Zərərçəkmiş şəxs qarşı soyğunçuluq etməkdə şübhələnildiyinə görə polisə şöbəsinə getməli olduğunu bildirdikdə cinayət əmələini törətdiyini başa düşərək etiraz etməmiş, onlarla birlikdə polis şöbəsinə getmişdir. Orada dindirilən zaman üzərində olan Gülnara Nəcəfovaya məxsus qızıl boyunbağını könüllü olaraq istintaqa təqdim etmişdir. Daha sonra isə həbs olunmuşdur. Zərərçəkmiş şəxs boyunundan qızıl boyunbağını dartıb açaraq qaçmaqda məqsədi maddi vəziyyətində çətinlik yarandığından qızıl boyunbağını satıb pul əldə etmək olmuşdur. O, Gülnar Nəcəfoyava heç bir zor tətbiq etməmiş, itələməmiş və xəsarət yetirməməmişdir. Ona görə də onun əməli CM-in 180.2.4-cü maddəsindən 180.1-ci maddəsinə tövsif edilməlidir. Çünki o, adi soyğunçuluq etmişdir. Onun zərəçəkmiş şəxsə xəsaət yetirmək və yaxud zor tətbiq etmək niyyəti olmamışdır. Həmin vaxt onun yanında azyaşlı uşaq olsa da, hamilə vəziyyətdə olmasına fikir verməmiş, sadəcə olaraq maddi vəziyyətində çətinlik yarandığından həmin boyunbağını ələ keçirmişdir. Mingəçevir şəhəri və ətraf rayonların ərazisində başqa cinayət hadisəsi törətməmişdir. Hazırda əməlindən peşmandır, zərəçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. O, cinayəti maddi ehtiyacı olması səbəbindən törətmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb, ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, hazırda ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır, əri Mahir Xəlilov işləsə də, o, evdar qadındır. Hər ay Mingəçevir şəhərinə gələrək valideynlərinə baş çəkib bir müddət qalaraq qayıdır. Hamilə olduğundan hadisə baş verməzdən 1 həftə əvvəl oğlu Elcan Rəsulovla birlikdə Bakı şəhərindən Mingəçevir şəhərinə ata evinə qonaq gəlmişdir. 14 iyun 2021-ci il tarixdə saat 13:00 radələrində oğlu Elcan Rəsulovla birlikdə yaşadığı mənzildən çıxıb Mingəçevir şəhəri, AZ DRES qəsəbəsində yerləşən paltar mağazalarına alış-veriş etməyə getmişdir. Yay vaxtı olduğuna görə onun hamilə olması aşkar surətdə bilinmişdir. İşləri yekunlaşdıqdan sonra həmin qəsəbədə 7 saylı marşruta əyləşərək Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən «Real Shop» mağazasının qarşısında marşrut mikroavtobusundan düşüb oğlu ilə bərabər N.Nərimanov prospetki ilə hərəkətinə davam etmişdir. Prospektlə X.Əliyev küçəsinin kəsişməsində çatanda sola dönərək həmin küçə ilə yaşadığı küçə istiqamətində hərəkət etməyə başlamışdır. X.Əliyev küçəsi 4 ünvanında yerləşən binanın arxa tərəfinə yaxınlaşarkən, qarşıdakı qarajların yanından sonradan adını və soyadını bildiyi Təqsirləndirilən şəxs ilə qarşılaşmışdır. Təqsirləndirilən şəxs əvvəlcə oğlu Elcan Rəsulovun, sonra isə onun sifətinə baxandan sonra onları keçib hərəkətinə davam etmişdir. Aradan az müddət keçmiş geri qayıdaraq təxminən 2 metr məsafədə arxasınca gəlməyə başlamışdır. Əvvəlcə buna əhəmiyyət verməmişdir. Lakin, saat təxminən 15:30 radələrində qəflətən Təqsirləndirilən şəxs heç bir söz demədən əlini atıb boynuna taxdığı boyunbağını dartdıqda boynunda olan 1 ədəd Rusiya istehsalı olan, 585 əyarlı qızıl boyunbağını qoparıb sol çiynindən itələyərək, X.Əliyev 4 ünvanında yerləşən binanın sağında yerləşən araya daxıl olaraq qaçmağa başlamışdır. O isə əlinə düşən digər boyunbağını bərk tutaraq qışqıra-qışqıra evlərinə tərəf qaçmışdır. Qorxudan onu səsləyə və boyunağını qaytarmasını tələb edə bilməmişdir. Evə çatanda qorxudan atasını çağırmış, onun mobil telefonunu alıb Azərbaycan Respublikası DlN-nin «102 xidməti»nə zəng edərək baş verənlər barədə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişlər. Onlarla birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Həmin vaxt polis əməkdaşları hadisə yerinə baxış keçirilməsi haqqında protokol tərtib etmişlər. Tərtib olunmuş protokolu oxuyub doğrulunu imzası ilə təsdiq etmişdir. Daha sonra isə polis şöbəsinə gələrək şikayət ərizəsi yazmış, izahatı alınmış və məhkəmə tibbi ekpretizasından keçirilmişdir. Səhəri gün ona Təqsirləndirilən şəxs boynundan çıxardığı boyunbağı təqdim ediləndə həmin boyunbağının özünə məxsus olmasını müəyyən etmişdir. 16 iyun 2021-ci il tarixdə isə polis şöbəsində Təqsirləndirilən şəxs başqa 3 nəfər şəxsin arasında tanımaya təqdim olunanda onun sifət və bədən quruluşundan özünə qarşı soyğunçuluq etmiş şəxs olduğunu müəyyən edərək tanımışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs anası onunla barışmış və ona dəyən ziyan tam şəkildə ödənilmişdir. O, hadisə vaxtı4-5 aylıq hamilə olmasına baxmayaraq, heç bir xəsarət almamış, hadisədən sonra, yəni 19.11.2021-ci il tarixdə 1 nəfər qız uşağı doğmuşdur. Uşağın vəziyyəti də normal olmuşdur. Hazırda da uşaq tam sağlamdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, fərdi əməklə məşğul olub ailəsini dolandırır. Zərərçəkmiş şəxs tanımasa da, Təqsirləndirilən şəxs qonşuluqda yerləşən binada yaşayır. Onunla 1 il olar ki, Təqsirləndirilən şəxs «Dostluq parkı»nın içərisində çayxanada işləyəndə tanış olmuş, o vaxtdan da onunla eyni məhəllədə yaşamağını öyrənmişdir. Aralarındakı münasibətlər həmişə yaxşı olmuşdur. Çox vaxt onun işlədiyi çayxanaya gedərək çay içmişdir. 14 iyun 2021-ci il tarixdə saat 16:00 radələrində ailə üzvləri ilə birlikdə alış-verişdən gələrkən yaşadığı binanın qarşısı ilə hərəkətdə olan zaman siqaret almadığını xatırlamış, ailə üzvlərini evə ötürüb mağazadan siqaret aldıqdan sonra isə binanın qarşısına qayıdarkən, Təqsirləndirilən şəxs ilə rastlaşmışdır. Onunla salamlaşandan sonra söhbət əsasında o, anasının xəstə olduğundan pul lazım olmasını, lakin şəxsiyyət vəsiqəsini itirdiyindən qızıl-zinət əşyasını sata bilmədiyini deyərək, həmin əşyanı satmaqda kömək etməsini xahiş etmişdir. Ondan qızıl-zinət əşyasının oğurluq olub-olmadığını soruşanda qızıl zinət əşyasının ona məxsus olmasını, anasının isə həmin məsələdən agah olmasını dedikdə, ona problemlərini həll etmək üçün 50-60 manat məbləğində borca pul verə biləcəyini deyib qızıl zinət əşyasını satmamsını təklif etmişdir. Lakin o, pul istəməyərək qızıl zinət əşyasını satmağa köməklik etməyini xahiş etdikdə, onun çox pərişan halda olmasını görüb kömək etmək qərarına gəlmişdir. Onunla birlikdə qızıl-zinət əşyaları satılan mağazaların yerləşdiyi sıralara getmişlər. H.Əliyev prospektində yerləşən Xəyyam (Xəlil) adlı şəxsin qızıl-zinət əşyaları satılan mağazasının qarşısına çatdıqda, Təqsirləndirilən şəxs cibindən 1 ədəd qızıl boyunbağını çıxarıb ona vermiş, özü isə bayırda qalmışdır. Mağazaya daxil olaraq həmin qızıl-boyunbağının ona məxsus olmasını bildirib şəxsiyyət vəsiqəsi əsasında 320 manata satdıqdan sonra pulu alıb küçəyə çıxmış, Təqsirləndirilən şəxs yanına gələrək pulu ona vermişdir. O, qızıl boyunbağının satmasının müqabilində pul təklif etsə də, ondan pul götürməmişdir. Onunla sağollaşdıqdan sonra öz evinə getmişdir Aradan 2-3 saat vaxt keçmiş o, zəng edərək qızıl-boyunbağını borclu olduğuna görə anasından xəbərsiz evdən götürməsini, anasının isə hər şeyi bilib ondan polisə şikayət etmək istədiyini deyərək qızılzinət əşyasını geri qaytarmığını xahiş etmişdir. Ona pulu geri qaytaracağı halda qızıl-zinət əşyasını mağazadan götürə biləcəyini dedkdə, onunla həmin mağazanın yaxınlığında görüşmüşlər. Təqsirləndirilən şəxs 260 manat pul verərək yerdə qalan pulu şəxsi xərclərinə sərf etməsini bildirmişdir. Həmin gün saat 19 radələrində həmin pulun üstünə 60 manat pul qoyaraq mağazaya daxil olmuş, qızıl zinət əşyasının cinayət yolu ilə əldə olunmasını deyərək ona 320 manat pul qaytarmış və qızıl boyunbağını götürüb Təqsirləndirilən şəxs vermişdir. Sonra isə evə getmişdir. Səhəri gün Təqsirləndirilən şəxs cinayət törətdiyinə görə polis tərəfindən tutulduğunu, qızıl-zinət əşyasını isə Zərərçəkmiş şəxs boynundan açaraq ələ keçirməsini öyrənmişdir. Təqsirləndirilən şəxs vermiş olduğu qızıl boyunbağını soyğunçuluq yolu ilə ələ keçirməsindən əvvəlcədən məlumatı olmamış, qızıl boyunbağının anasına aid olmasını, anası xəstə olduğundan pul lazım olmasını, şəxsiyyət vəsiqəsini isə itirməsini dediyindən, o, inanmış və qızıl boyunbağını satmaqda ona köməklik etmişdir. Qızıl boyunbağını satmaq müqabilində Təqsirləndirilən şəxs ona hər hansı məbləğ təklif etməmiş və verməmişdir. O cümlədən də qızıl-zinət əşyasını satmaq müqabilində ondan hər hansı məbləğ istəməmiş və almamışdır. Sadəcə olaraq anasının xəstə olmasını əsas gətirib kömək istədiyindən onun qızıl-zinət əşyasını satmışdır. Xəyyam (Xəlil) adlı şəxs onun soyğunçuluq yolu ilə ələ keçirilməsindən məlumatı olmamışdır. Ona qızıl zinət əşyasını satan zaman qızıl boyunbağının özünə məxsus olmasını demişdir. O da şəxsiyyət vəsiqəsi əsasında həmin qızıl boyunbağını ondan satın almış, lakin, cinayət yolu ilə əldə edilməsini bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 72 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub ailəsini dolandırır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da tanımır. Onlarla aralarında hər hansı qohumluq əlaqəsi və ya ədavəti yoxdur. 3 ildir ki, yuxarıda qeyd etdiyi ünvanda yerləşən mağazada qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Satdığı qızılları ayrı-ayrı şəxslərdən və topdan satışla məşğul olan şəxslərdən alır. Fərdi şəxslərdən qızıl-zinət əşyası aldıqda onların şəxsiyyət vəsiqəsi ilə əşyanın birlikdə fotoşəklini çəkib telefonunun yaddaşında tarix ardıcıllığı ilə saxlayır. 14 iyun 2021-ci il tarixdə saat 17 radələrində mağazada olan zaman idman müəllimi kimi tanıdığı Şahid1 mağazaya daxil olmuş, salamlaşaraq sattıq qızıl boyunbağı olmasını demişdir. Boyunbağının kimə məxsus olmasını soruşanda ailə üzvlərinə aid olmasını və maddi cəhətdən problemi yarandığından satmasını bildirmişdir. Onun şəxsiyyət vəsiqəsi ilə təxminən 6 qramlıq halqası qırıq olan qızıl-boyunbağının fotoşəklini çəkərək boyunbağını 320 manata qiymətləndirib satın almışdır. Boyunbağını isə satmaq üçün vitrinə qoymuşdur. Aradan 2 saat vaxt keçmiş mağazada olan zaman Şahid1 mağazaya gələrək həmin qızıl-zinət əşyasının tanışı tərəfindən cinayət yolu ilə əldə edilməsini və əşyanın geri qaytarılmalı olmasını dediyindən, həmin qızıl əşyasını ona geri vermiş, o da pulunu qaytarmışdır. Ondan sonra öz işləri ilə məşğul olmuşdur. Həmin məsələdən sonra onu nə polisə nə də ki, digər yerlərə çağıran olmadığından, məsələnin dərinliyi ilə maraqlanmamışdır. Satın aldığı qızıl boyunbağının soyğunçuluq yolu ilə ələ keçirilməsindən əvvəlcədən məlumatı olmamışdır. Elyar Həsənova ona qızıl boyunbağının ailə üzvlərinə aid olmasını və pul lazım olduğundan satmasını dediyinə görə qızıl zinət əşyasını şəxsiyyət vəsiqəsi əsasında satın almışdır. Adı «Xəlil» olmasına baxmayaraq Şahid1 adını «Xəyyam» olaraq qəbul edib çağırmış, o isə buna əhəmiyyət verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Mingəçevir şəhər Polis şöbəsində PPXB-nün polis nəfəri vəzifəsində, polis baş serjantı rütbəsində xidmət edir. Zərərçəkmiş şəxs və ona qarşı soyğunçuluq etmiş Təqsirləndirilən şəxs ilə aralarında hər hansı qohumluq əlaqəsi və ya ədavət yoxdur. 14 iyun 2021-ci il tarixdə xidmətdə olarkən, Zərərçəkmiş şəxs qarşı soyğunçuluq edilərək onun boynundan qızıl boyunbağının qoparılması barədə məlumat daxil olmuşdur. Görülən tədbirlər nəticəsində həmin şəxsin əvvəllər Azərbaycan Respublikası CM-in 177-ci maddəsi ilə məhkum olunmuş Təqsirləndirilən şəxs olması barədə məlumat almışdır. Təqsirləndirilən şəxs mobil telefon nömrəsini taparaq onunla əlaqə yaratmışdır. Telefon danışığı zamanı o, boyunbağını soyğunçuluq yolu ilə ələ keçirməsini etiraf etsə də, boyunbağını satdığından özündə olmadığını, 2 saat ərzində boyunbağını geri alaraq görüşəcəyinə söz vermişdir. O, Təqsirləndirilən şəxs səmimi olaraq əməlini etiraf edərək təslim olacağı halda, cəzasının yüngül olacağını izah etmişdir. Saat 21 radələrində Təqsirləndirilən şəxs zəng edərək artıq şəhərin «Dostluq parkı» adlanan yerində olmasını dedikdə, N.Nərimanov prospektində yerləşən həmin yerə digər polis əməkdaşları Xeyrəddin Osmanov, Rəşad Quliyev, Oqtay Kazımov və Kazım Məmmədovla birlikdə getmişdir. Anar Yusifova yaxınlaşaraq özlərini təqdim etmişlər. O da artıq qızıl boyunbağının özündə olmasını deyərək, polis şöbəsinə getməyə razılaşmışdır. O, digər əməkdaşlarla birlikdə Təqsirləndirilən şəxs polis şöbəsinini növbətçi hissəsinə təhvil verəndən sonra xidmətinə davam etmiş, sonradan Təqsirləndirilən şəxs soyğunçuluq əməlinə görə həbs olunmasını öyrənmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs Fazil oğlunun məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində zərərçəkmiş şəxsin hamilə olduğunu bilməməsi və ona zor tətbiq etməməsi ilə bağlı istinad etdiyi dəlillər işin həqiqi hallarına uyğun olmadığına görə məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında çarpaz dindirmə zamanı zərərçəkmiş şəxs ifadəsində, Təqsirləndirilən şəxs Fazil oğlu ilə küçədə qarşılaşdığını, Təqsirləndirilən şəxs əvvəlcə oğlu Elcan Rəsulovun, sonra isə onun sifətinə baxandan sonra onları keçib hərəkətinə davam etdiyini, aradan az müddət keçmiş geri qayıdaraq təxminən 2 metr məsafədə arxalarınca gəldiyini, yay vaxtı olduğu üçün 15-16 həftəlik hamilə olunmasının aşkar surətdə bilindiyini, sonra isə heç bir söz demədən əlini atıb boynuna taxdığı boyunbağını dartıb qopararaq sol çiynindən itələyib qaçdığını üzünə qarşı demişdir. Eləcə də, məhkəmə iclasında tədqiq edilmiş məhkəmə fiziki əmtəəşünaslıq ekspertizasının ekspert rəyinin təsviri hissəsinin 3-cü bəndində və nəticə hissəsində cinayətin predmeti olan, 6,09 qram kütləli, qulaqcığında “585” damğası olan qızıldan hazırlanmış boyunbağının halqalarından birinin qırıq vəziyyətdə olduğu öz əksini tapmışdır. Ondan başqa cinayət işinin materiallarında olan, zərərçəkmiş şəxsin həmin gün çəkilmiş fotoşəkillərindən də görünr ki, hadisə baş verən vaxt onun hamiləliyi aşkar surətdə bilinmişdir. Bütün bu xüsusatlar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hamilə olduğunu bilməməsi və ona zor tətbiq etməməsi ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsini həmin hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 14 iyun 2021-ci il tarixdə tərtib olunmuş baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisənin Mingəçir şəhəri, ünvan 4 ünvanında yerləşən binanın arxa hisəsində yerləşən asfaltbeton örtüklü yolda baş verməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan götürmə haqqında 14 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi, soyğunçuluq yolu ilə əldə edilmiş, 1 ədəd qızıl boyunbağı iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin materiallarında olan əşyanın tanınmaya təqim edilməsi haqqında 15 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi, soyğunçuluq yolu ilə əldə edilmiş, 1 ədəd qızıl boyunbağı oxşar boyunbağıların arasında Zərərçəkmiş şəxs təqdim edildikdə, o, təqdim edilən əşyalar arasında özünə məxsus qızıl boyunbağı tanımışdır. Cinayət işinin materiallarında olan məhkəmə fiziki əmtəəşünaslıq ekspertizasının 09 iyul 2021-ci il tarixli 6/2536- 9/4262 JV9-1İ rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 6.09 qram kütləli, halqalarından biri qırıq vəziyyətdə olan qulaqcığında «585» damğası olan, sarı rəngli boyunbağı 583/585 əyarlı qızıldan hazırlanmışdır. Təqdim edilmiş məmulat kustar üsulla hazırlanmışdır. Məmulat kustar üsulla hazırlandığından onum istehsal yerini müəyyən etmək mümkün olmamışdır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, təqdim edilmiş məmulatın 14 iyun 2021-ci il tarixinə orta bazar qiyməti təxminən 410,0 manat müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Mingəçevir Nərgiz Klinikasından verilmiş arayışdan görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs qızı 12.11.2021-ci il tarixdə Mingəçevir Nərgiz Klinikasına hamiləliyin dinamik müayinəsi məqsədilə müraciət etmiş, müayinə olunaraq 35-36 həftəlik, baş gəlişi diaqnozu qoyulmuşdur. 14.06.2021-ci il tarixdə göstərilən hamiləlik müddəti 15-16 həftəlik olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətində görünür ki, Xəlilov Mahir Nizami oğlu ilə Xəlilova (Nəcəfova) Gülnar Elbrus qızının birgə nikahından 19.11.2021-ci il tarixdə Mələk adlı uşaqları doğulmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə, özgənin əmlakını açıq yolla talayaraq soyğunçuluq etməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdə saat 15:30 radələrində ünvan 2 ünvanda yerləşən binanın arxa hissəsində, arxadan Zərərçəkmiş şəxs yaxınlaşıb, qəfil olaraq əlini onun boynuna atıb, ona xəsarət yetirmək təhlükəsi yaradaraq, həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib, boynunda gəzdirdiyi 6.09 (altı tam yüzdə doqquz) qram kütləli, qulaqcığında «585» (beş yüz səksən beş) damğası olan, 583/585 (beş yüz səksən üç-beş yüz səksən beş) əyarlı qızıldan hazırlanmış, trosvari toxunuşlu qırmızımtıl-sarı rəngli 410 (dörd yüz on) manat dəyərində olan qızıl boyunbağını boynundan dartıb, qırmaqla ələ keçirib, Zərərçəkmiş şəxs məxsus 410 (dörd yüz on) manat dəyərində əmlakını onun həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək açıq yolla talamaqla soyğunçuluq etmişdir . Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in məhz 180.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, zərərkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, bronxial astma, ağciyər vərəmi xəstəliyindən əziyyət çəkməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan, zərərçəkmiş şəxs Xəlilova (Nəcəfova) Gülnar Elbrus qızı tərəfindən verilmiş, notarius tərəfindən təsdiq edilmiş 22.12.2021-ci il tarixli ərizədən görünür ki, onun hazırda Təqsirləndirilən şəxs Fazil oğlundan heçbir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan İMM-nin İ vərəm şöbəsinin rəisi tərəfindən verilmiş tibbi arayışdan görünür ki, 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Fazil oğlu 19.06.2021-il tarixdə ƏN PX 2 saylı istintaq təcridxanasından “Ağciyər vərəmi” diaqnozu ilə ƏN PX İxtisaslaşdırılmış müalicə müəssisəsinə daxil olmuşdur. Onda “hər iki ağciyərin yuxarı payının infiltrativ vərəmi, VM (+) pozitiv” diaqnozu təsdiqlənmişdir. Cinayət işinin materiallarında olan Yevlax rayon Tanrıqulular kənd X9 üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş 19.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, cinayət hadisəsi baş verən vaxt zərərçəkmiş şəxsin aşkar surətdə hamilə vəziyyətində olmasını nəzərə alaraq qənaətə gəlir ki, cinayətin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədilməsi cəzanı ağırlaşdıran halların dairəsinə daxildir. Belə ki, məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə Təqsirləndirilən şəxs 14.06.2021-ci il tarixdə saat 15:30 radələrində ünvan 2 ünvanda yerləşən binanın arxa hissəsində, Zərərçəkmiş şəxs məxsus 410 (dörd yüz on) manat dəyərində əmlakını onun həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək açıq yolla talamaqla soyğunçuluq edən vaxt zərərçəkmiş şəxs 15-16 həftəlik hamilə olmuşdur. Bununla da təqsirləndirilən şəxs CM-in 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən cinayətin təqsirkar üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə cəzanı ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ilə bağlı öz qənaətini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət, həyat və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə əmlakın açıq yolla talanması məqsədilə zərərçəkmiş şəxsə ziyan vurmaqla və birbaşa mülkiyyət münasibətlərinə qəsd edən, hüquqazidd cəzalanmalı əməldir. Mülkiyyət–vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi– iqtisadi münasibətdir. Mülkiyyət hüququ isə mülkiyyətçinin əldə etdiyi maddi sərvətlərə malik olmaq, istifadə etmək və ona dair sərəncam vermək kimi faktiki ictimai münasibətlərin məcmusu olmaqla yanaşı, əsas insan hüquqlarının tərkib hissəsidir. Ona görə də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə ziyan vurmaqla soyğunçuluq etməsi, yalnız mülkiyət münasibətlərinə qəsd etməklə bitmir, habelə həmin cinayət əməli cəmiyyətin və dövlətin maddi iqtisadi fəaliyyətinin sarsılmasına, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olur. Eləcə də, təqsirləndirilən şəxs cinayəti aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı qəsdən törətmişdir. Bu hal isə bir daha törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, həmçinin cinayət törətmiş şəxsin şəxsiyyətinin təhlükəliliyini artırır və həmin cinayətə görə şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan az ciddi cəza növünün təyin edilməsini, cəzanın məqsədlərinin təmin edilməsi baxımından istisna edir. Ona görə də məhkəmə həmin cinayətin əsas bilavasitə obyektinin cəmiyyətin iqtisadi özülünü təşkil edən, əsas insan hüquqlarının tərkib hissəsi olan, mülkiyyət münasibətləri olduğunu nəzərə alır və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini cəmiyyətin mənafeyi baxımından qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin ediləcək qəti cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 iyun 2021–ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 14 iyun 2021–ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Bundan əlavə Mingəçevir şəhər Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 16 iyun 2021-ci il tarixli qərarı ilə onun həbsdə saxlanılma müddətinin əvvəli 14 iyun 2021–ci il tarixdən hesablanmışdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, 6,09 qram kütləli, qulaqcığında «585» damğası olan halqalarından biri qırıq vəziyyətdə olan, təxminən 583/585 əyarlı qızıldan hazırlanmış qırmızımtıl sarı rəngli boyunbağının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfləri 100 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, həmçinin müəyyən etdi ki, hazırkı cinayət işi üzrə vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, 6,09 qram kütləli, qulaqcığında «585» damğası olan halqalarından biri qırıq vəziyyətdə olan, təxminən 583/585 əyarlı qızıldan hazırlanmış qırmızımtıl sarı rəngli boyunbağının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-8/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-8/2022
01.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver