Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-80/2021 10.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Musayeva Günel Şövkət qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs 13.01.1992-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, Mingəçevir şəhəri M.Ə.Rəsulzadə 1A, mənzil 14-də qeydiyyatda olan barəsində polisin nəzarət altına vermə növündə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir, ondan ötrü ki, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 oktyabr 2020-ci il tarixdə saat 12:00 radələrində Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, Gülşən bağ massivində yerləşən fərdi yaşayış evini əhatələyən dəmir setkanı aşıb yaşayış sahəsinə qanunsuz olaraq daxil olmuş, daha sonra isə fərdi yaşayış evinin açıq olan qapısından evə daxil olaraq oradan 1 ədəd 150 manat dəyərində qara rəngli, “Eurolux” markalı televizoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, onu 2021-ci ilin fevral ayında polis şöbəsinə gətirərək bildirdilər ki, bağ evindən televizor oğurlanıbdır, həmin televizoru sən oğurlamısan. O, etiraz edib cavab verdi ki, doğrudur, əvvəl oğurluq etmiş və buna görə məsuliyyətə cəlb olunmuşdur, etdiyi oğurluqları da hər dəfə etiraf etmişdir, lakin bağ evindən televizor oğurlamamışdır. Etiraz etdiyinə görə polis şöbəsində ona fiziki təsir göstərərək əzab verməyə başladılar və dedilər ki, onsuzda əvvəlki oğurluğa görə məsuliyyətə cəlb olunmusan, bunu da boynuna al, iş qurtarsın. Lakin o, etiraz edirdi. Sonra onu inandırdılar ki, bu oğurluq xırda talamadır, cinayət məsuliyyəti deyil, inzibati məsluliyyət yaradır, boynuna al, səni də buraxaq çıx get evinə. O, ona verilən əzablardan, fiziki təsirdən qurtarmaq üçün, həm də polis əməkdaşlarının vədinə inanaraq qeyd etdikləri televizoru oğurladığını dedi. Bundan sonra polis şöbəsində ona bir televizor göstərib dedilər ki, oğurladığın televizor bu televizordur. Daha sonra tanımadığı və heç vaxt görmədiyi bir evə aparıb, evin yanında, içərisində şəklini çəkdilər ki, guya oğurladığı televizorun yerini, evi göstərir. Sonra isə onu prokurorluğa apardılar və həqiqətən də, prokurorluqdan evə buraxdılar. Elə başa düşdü ki, bununla da iş qurtardı. Sonradan məlum oldu ki, onun televizor oğurluğuna görə barəsində cinayət işi var. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxsə məlumat verilmiş, o, iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişdir. Zərərçəkmiş şəxs iş üzrə əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, Mingəçevir şəhər Gülşən bağ massivində tək yaşayır, oğlu Elvin Bakı şəhərində yaşayır və il ərzində 1-2 dəfə ona baş çəkmək üçün həmin ünvana gəlir. 18.10.2020-ci il tarixdə səhər 07:30 radələrində yaşadığı evdən balıq ovlamaq məqsədilə Kür çayının kənarına getdi, evdən çıxarkən evin açarını hər zaman qoyduğu yerə-evin giriş qapısının qarşısında yerləşən ayaqaltının altına qoymuşdur ki, qardaşı Eldəniz ona baş çəkmək üçün gələndə onu qapıda gözləməsin, açarı həmin yerə qoyması barədə yalnız qardaşı bilirdi. Təxminən saat 12:00 radələrində yaşadığı ünvana qayıtdı və açarı qoydu olduğu yerdən götürərək evə daxil oldu. Bu zaman 3-4 il əvvəl təxminən 500 manata aldığı, 82 ekran, qara rəngli, “Eurolux” markalı televizorun oğurlandığını gördü. Bu barədə əvvəlcə qardaşı Eldənizə, sonra isə Mingəçevir şəhər polis şöbəsinə məlumat verdi. Bir müddət sonra polis əməkdaşları ona məxsus evdən 1 ədəd televizorun Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını bildirdilər. O, Mingəçevir ŞPŞ-nə gələn zaman polis şöbəsində olan 1 ədəd televizorun həqiqətəndə ona məxsus evdən oğurlanmış qara rəngli, 82 ekran, “Eurolux” markalı televizor olduğunu gördü. Təqsirləndirilən şəxsə qanun daxilində cəza verilməsini xahiş edir. Şahid1 Zəkəriyyə oğlu məhkəmə iclasında ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Qardaşı Zərərçəkmiş şəxs Mingəçevir şəhər, Gülşən bağ massivində tək yaşayır. O, teztez Elbrusa baş çəkmək üçün onun yanına gedir. O, həmin ünvana gələn zaman Elbrus evdə olmayanda qapıda gözləməsin deyə qardaşı Elbrus evinin açarını evin girişində yerləşən ayaqlatının altına qoyur. Həmin açarın oraya qoyulmasını yalnız o və qardaşı Elbrus bilirdi. 18.10.2020-ci il tarixdə səhər saat təxminən 12:00 radələrində qardaşı Elbrus ona zəng edərək yaşadığı evdən televizorun oğurlanması barədə ona məlumat verdi. Daha sonra isə Elbrus bu barədə Mingəçevir şəhər polis şöbəsinə məlumat verdi. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhər polis şöbəsində CAB-m baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 18.10.2020-ci il tarixdə Zərərçəkmiş şəxs polis şöbəsinə ərizə verərək bildirmişdir ki, yaşadığı Mingəçevir şəhəri Gülşən bağ evindən 1 ədəd “Eurolux” markalı, 82 ekran televizoru oğurlanmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edildi ki, həmin cinayət əməli Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 A №li evin, 14 №li mənzilində yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir.Həmçinin, keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən oğurladığı 01 ədəd “Eurolux” markalı, 82 ekran televizoru yaşadığı ünvanda saxlaması müəyyən edildi. Şahid2 Şöhəddin oğlu məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhər polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 18.10.2020-ci il tarixdə Zərərçəkmiş şəxs polis şöbəsinə ərizə ilə müraciət edərək həmin gün evdə olmadığı müddətdə yaşadığı Mingəçevir şəhəri Gülşən bağ evindən 1 ədəd “Eurolux” markalı, 82 ekran televizoru oğurlandığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs evindən televizoru Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 A №li evin, 14 №li mənzilində yaşayan Təqsirləndirilən şəxs oğurlayıbdır. Həmçinin, keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs oğurladığı həmin televizoru yaşadığı ünvanda saxlaması müəyyən edilmişdir. Məhkəmənin təşəbbüsü ilə dindirilmiş Mingəçevir şəhər PŞ-nin İB-nin müstəntiqi X7 məhkəmə iclasında bildirdi ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi onun icraatında olmuşdur. Təqsirləndirilən şəxs 06 yanvar 2021ci il tarixdə polis şöbəsində təqdim etdiyi 1 ədəd “Eurolux” markalı, 82 ekran televizora hal şahidlərinin iştirakı ilə baxış keçirilərək protokol tərtib edilməklə götürülmüşdür. O, həmin telezoru PŞ-də görmüş, orada da protokol tərtib edilərək götürülmüşdür. Dövlət ittihamçısının vəsatəti ilə məhkəmə iclasında şahid kimi ifadə vermiş Mingəçevir ŞPŞnin CAB-nin rəisi vəzifəsində işləyən X6 ifadəsində bildirdi ki, Mingəçevir şəhər “Gülşən” bağ massivində yaşayan Zərərçəkmiş şəxs PŞ-ə ərizə ilə müraciət edərək bildirdmişdi ki, onun evindən “Eurolux” markalı 82 ekran televizor oğurlanıbdır. O, əvvəllər bir neçə dəfə oğurluq cinayəti törətmiş Təqsirləndirilən şəxs oğlundan şübhələndiyi üçün, Afiqi 2020-ci ilin noyabr ayında, ancaq saat, gün yadında deyil, polis şöbəsinə dəvət etdi. Təqsirləndirilən şəxs televizoru oğurlamasını əvvəl etiraf etmədi, lakin aralarında yaranmış səmimi söhbətdən sonra Afiq Zərərçəkmiş şəxs evindən televizoru oğurladığını və hazırda onda olduğunu bildirdi. O, Afiqə dedi ki, televizoru polis şöbəsinə gətirsin. Afiq gedəndən 1-2 saat sonra televizoru polis şöbəsinə gətirdi. Məhkəmə təqsirləndirilən şəxsə istinad olunan ittihamın qanuniliyini və əsaslılığını həm ibtidai istintaq orqanı tərəfindən əldə olunması, həm də məhkəmə istintaqında müəyyən edilən sübutlarla əlaqəli şəkildə təhlil edib araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-nin Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət təkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Qanunçuluq prinsipini təsbit edən Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 10.5-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 10-cu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 33.1 və 32.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətlədirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPMnin 125, 144, 146-cı maddələrinin tələblərinin pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.2.1ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı bir yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq oğurluq etməsində təqsirləndirilir. İttihama əsasən Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi özünün ibtidai istintaqda vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, iş üzrə tanınmış maddi sübutla əsaslandırılmışdır ki, lakin bu əsaslar məhkəmə istintaqı zamanı mötəbər sübutlarla təsdiq olunmadı. Belə ki, şahidlər, Mingəçevir şəhər PŞ CAB-nin əməliyyat müvəkkilləri ifadələrində Zərərçəkmiş şəxs evindən oğurlanmış televizorun Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını, eləcə də Təqsirləndirilən şəxs həmin televizoru özünün yaşadığı M.Ə.Rəsulzadə küçəsi 1 “A” №li evin 14 №li mənzilində saxlamasını müəyyən etdiklərini bildirsələr də öz ifadələrini əsaslandıra bilmədilər, yəni oğurlanmış televizorun Təqsirləndirilən şəxs evində saxlamasını təsdiq edən hər hansı bir sənəd, maddi sübuta baxış, götürmə və sair olması aşkar edilmədi. Ona görə də məhkəmə həmin şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul etmir. Mingəçevir şəhər PŞ İB-nin müstəntiqi X7 məhkəmə iclasında bildirdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən oğurladığı “Eurolux” markalı 82 ekran televizoru 06 yanvar 2021-ci ildə polis şöbəsində təqdim etdi. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs evindən televizor 18 oktyabr 2020-ci ildə oğurlanmışdır. Həqiqətən də, Təqsirləndirilən şəxs televizoru 06 yanvar 2021-ci ildə polis şöbəsində müstəntiqə təqdim etmişdirsə, təqsirləndirilən şəxsin oğurladığı həmin televizoru 3 aya müddətdə televizoru harada saxlaması müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə iclasında iş üzrə şahid kimi ifadə vermiş Mingəçevir şəhər PŞ CABnin rəisi Qafar Şərifov ifadəsində birdirdi ki, o, 2020-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs PŞə dəvət etmiş, onunla səmimi söhbətindən sonra Afiq televizoru oğurladığını etiraf etmiş və televizoru gətirmişdir. Müstəntiqin və CAB-nin rəisi Qafar Şərifovun sözlərindən belə görünür ki, Təqsirləndirilən şəxs PŞ-də saxlanc yeri və ya otağı vardır ki, o, televizoru noyabr ayında PŞ-ə gətirir, yanvar ayında da oradan götürüb müstəntiqə təqdim edir. Lakin bu da həqiqətə uyğun deyil. Bundan əlavə işin 69-cu vərəqində olan “Maddi sübut kimi tanınma və saxlanca verilmə” haqqında 27 yanvar 2021-ci il tarixli qərarda göstərilir ki, “Aparılmış istintaq zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs oğlunun oğurladığı Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd “Eurolux” markalı televizoru X2 aşkar olunaraq həmin televizor ondan götürülmüşdür” Lakin cinayət işi materiallarından görünür ki, X1 müəyyən edilməmiş, ondan ifadə, izahat alınmamış və yaxud qanunvericiliyin tələbinə uyğun olaraq ondan maddi sübutun götürülməsi təmin edilməmişdir. Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayında polis şöbəsinə gətirilmiş, ona televizor oğurlamasını boynuna almasını bildirilmiş,o, etiraz etdikdə isə ona fiiki təsir gstərilmiş, sonra onu inandırmışlar ki, bu cinayət işi deyil, xırda talamadır, əgər boynuna alsa evə buraxacaqlar, o da həm verilən əzabdan yaxa qurtarmaq, həm də inandığı üçün televizoru oğurlamağı boynuna almış, bundan sonra onu prokurorluğa aparmışlar və həqiqətən də, onu prokurorluqdan buraxmışlar. İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2021-ci ildə tutulmuş Mingəçevir şəhər prokurorunun 09.02.2021-ci il tarixli qərarı ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan rədd edilmiş, həmin tarixdə də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. İşin 61-ci vərəqində olamn Mingəçevir şəhər PŞ İB-nin müstəntiqinin 28 yanvar 2021-ci il tarixli qərarından görünür ki, istintaq hərəkətlərində iştirak etməsi və istintaqdan yayınmasının qarşısının alınıb istintaqın gedişatına mane olmaması üçün Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması qərara alınmışdır. İşin 21-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulması” barədə 07 fevral 2021-ci il tarixli (saat göstərilməmişdir) protokolda göstərilir ki, Təqsirləndirilən şəxs oğlu Mingəçevir şəhər H.Əliyev prospekti “Araz” marketin qarşısında saxlanılaraq, polis şöbəsinə gətirilib, Mingəçevir ŞPŞ-nin MSY-nə təhvil verilmişdir. Ancaq iş materiallarında Təqsirləndirilən şəxs polisə, müstəntiqin yanına dəvət olunması, polis şöbəsinə və ya müstəntiqin yanına gəlməkdən boyun qaçırmasını, istintaqdan gizlənməsini təsdiq edən hər hansı bir sənəd yoxdur. Əgər Təqsirləndirilən şəxs, həqiqətən də, oğurlanan televizoru 2020-ci ilin noyabr ayında və ya 2021-ci ilin yanvar ayının 6-da polis şöbəsində təqdim etmişdirsə, istintaqdan yayınması real deyildirsə, gizlənməmişdirsə, onun barəsində axtarış elan edilməsi, axtarış işi açıldıqdan qısa müddət ərzində tutulması, 2 gün MSY-də saxlanıldıqdan sonra buraxılması səbəbi də qeyri-müəyyəndir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ittihamın sübut olunması üçün şübhələr vardır və həmin şübhələri hər hansı sübutla aradan qaldırmaq mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını, qanunvericiliyin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübut olunmadı. Beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair əsas sənədlərdə, o cümlədən İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində, Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik presumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. «Barbera, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı Avropa Məhkəməsinin qərarında göstərilir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsi təsbit edir ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin halların arasında CPM-nin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə ona istinad edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün ona həmin maddə ilə bəraət hökmü çıxrılmalıdır. Azərbaycan Respublikası CPM-nin 42.1.4 və 42.2.4-cü maddələrinin tələblərinə görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun barəsində bəraət hökmü çıxarılır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməlidir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci olan 50 (əlli) manat dövlət büdcəsinə aid edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd qara rəngli, 82 ekran “ Eurolux” markalı televizor Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 126 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 42.1.4, 42.2.4, 346-350, 352-353, 356 və 385-ci maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci olan 50 (əlli) manat dövlət büdcəsinə aid edilsin. İş üzrə maddi sübut olan 1 ədəd qara rəngli, 82 ekran “ Eurolux” markalı televizor Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 126 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-80/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-80/2021
10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver