Məhkəmə qərarları › İş №1(051)-83/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-83/2021

27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-83/2021 27.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi–Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1968-ci ildə Rusiya Federasiyasının Dərbənd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, işsiz, məhkum olunmamış, Ağdam rayonunun Qalayçılar kəndində qeydiyyatda olmaqla, faktiki ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində yayılmış yeni növ «Koronavirus COVİD-19» infeksiyasına yoluxmasının müəyyən edilməsi ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə verdiyi laboratoriya müayinələri nəticəsində koronavirus infeksiyasına yoluxma faktının təsdiq edilməsi barədə xx.xx.2020- ci il tarixdə olduğu yerdə təcrid olunma haqqında məlumat aldıqdan sonra, yaşadığı ünvan 1 ünvanında karantinə alınmasına və Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma “Qaydaları”-nın 4.5.5 və 4-1-ci maddələrinin tələbinə əsasən 14 gün müddətinə yaşadığı mənzili tərk etməməli olduğu halda xx.xx.2020-ci il tarixdə saat 11 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı mənzili tərk edərək ünvan 2 ünvanında yerləşən “Şəfa” Diaqnostika Mərkəzinə getməklə özündə aşkar olunan yeni növ «Koronavirus COVİD-19» infeksiyasının qonşuların, “Şəfa” Diaqnostika Mərkəzində işləyən tibb işçilərinin və digər şəxslərin arasında yayılması üçün real təhlükə yaratmışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə özünü narahat hiss etdiyi üçün öz təşəbbüsü ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına gedərək, orada “Covid- 19” infeksiyasma yoluxub-yoluxmamağını müəyyən etmək məqsədi ilə test yəni (yaxma) vermişdir. xx xxxxxx 2020-ci il tarixdə istifadəsində olan mobil telefon nömrəsinə “Covid- 19” infeksiyasma yoluxmağı ilə bağlı bildiriş sms-i gəlmiş, həmin mətni oxuduqda verdiyi testin nəticəsinin «pozitiv» olması və bununla əlaqədar olaraq küçəyə çıxmamağı qeyd olunmuşdur. Bütün bunları düzgün başa düşsə də, başladığı müalicənin heç bir faydası olmadığından, həmçinin ərinin də vəziyyətinin pisləşdiyindən, xx xxxxxx 2020-ci il tarixdə əri ilə birlikdə Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən “Şəfa” X3 getmək və orada əri ilə birlikdə müayinə olunmaq qərarına gəlmişdir. Çünki ərinin testi neqativ çıxsa da, vəziyyəti yaxşı olmamışdır. Həmin gün saat 11:00 radələrində sözügedən mərkəzə daxil olarkən polis əməkdaşları yaxınlaşaraq şəxsiyyət vəsiqəsini istəmişlər. Şəxsiyyət vəsiqəsini təqdim etdikdə, polis əməkdaşları ona “Covid-19” infeksiyasma yoluxduğunu və buna görə də, evdə qalmaqla təcrid olunma qaydalarını pozduğunu demiş, o da polis əməkdaşlarına özünü narahat hiss etdiyi üçün müayinəyə gəldiyini bildirmişdir. Daha sonra oraya təcili tibbi yardım və sanitar epidemiologiya avtomobilləri gəlmiş, video çəkiliş həyata keçirilərək profilaktiki söhbətlər aparıldıqdan sonra isə evinə yola salınmışdır. Yola salınarkən müalicə həkimini tapıb onunla əlaqə yaratmağı məsləhət bilinmişdir. Hadisədən 2-3 gün sonra onun ərazi üzrə müalicə həkimi Şahid1 ona zəng edərək təngnəfəsliyi, ağrısı olub-olmamasını soruşmuş, həkimə artıq səhhətinin nisbətən yaxşı olduğunu və hazırda heç bir ağrı hiss etmədiyini demişdir. Həkim Şahid1 “Covid-19” infeksiyasına yoluxmağı ilə bağlı müalicə almalı olduğunu deyərək resept yazmış, həmçinin 14 gün müddətinə bayıra çıxmamağmı tövsiyyə etmişdir. Müalicə ərəfəsində Şahid1 onunla mütamadi telefon əlaqəsi saxlamışdır. Müalicəni başa vurduqdan 2 həftə sonra sağalmağı barədə bildiriş sms-i gələndə artıq karantin müddətinin bitməsini və küçəyə çıxa biləcəyini demişdir. Əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, o, xəstəxananın 2-ci Ailə Sağlamlıq Mərkəzində ailə həkimi vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs səhhətində yaranmış narahatlıqlarla bağlı ona müraciət etmiş, o da onu müayinə edəndən sonra yeni növ «COVİD-19» infeksiyasına yoluxub-yoluxmamağını müəyyən etmək üçün analiz (yaxma) verməsini, ona analizin cavabı çıxana qədər evi tərk etməməsini göstəriş vermişdir. O cümlədən ondan laborator nümunə götürülən zaman da, evi tərk etməməsi, karantin rejimi qaydalarına riayət etməklə özünü təcrid etməsi, bunlara əməl etməyəcəyi halda isə qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıması barədə elan olunan iltizamla tanış olub imzalamışdır. xx.xx.2020-ci il tarixdə Mingəçevir ŞMX-n Ailə-Sağlamlıq mərkəzinə Təqsirləndirilən şəxs yeni növ “Covid-19” infeksiyasına yoluxması barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan nəzarətində olan əraziyə daxil olmasa da, onu laborator nümunə (analiz) verməyə göndərdiyi üçün xəstənin müalicəsi ona tapşırılmışdır. xx.xx.2020-ci il tarixdə saat 11:20 radələrində Təqsirləndirilən şəxs telefon nömrəsinə zəng edərək ona “Covid- 19” infeksiyasına yoluxduğunu, bu səbəbdən də, 14 gün müddətinə yaşadığı mənzili tərk etməməli olmasını, əgər ağrıları olarsa, ona məlumat verməli olduğunu nəzərinə çatdırarkən, o, xx.xx.2020-ci il tarixdə saat 11 radələrində “Şəfa” Diaqnostika Mərkəzinin qarşısında polis əməkdaşlarının onu saxladıqlarını bildirdikdə ona bayıra çıxmasına görə irad tutmuş, bir daha belə hallara yol verməməsini, ona müvafiq dərman preparatlarını aldırıb qəbul etməsini tövsiyyə etmiş, bundan sonra mütəmadi olaraq Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, bir qayda olaraq onun vəziyyəti və təyin etdiyi dərman preparatlarını qəbul edib-etməməsi ilə maraqlanmışdır. 14 günlük müddət bitdikdən sonra isə ona artıq yaşayış yerini tərk etməsinə icazə verilməsi barədə bildiriş sms-i vasitəsi ilə nəzərinə çatdırlmışdır. Təqsirləndirilən şəxs yeni növ «COVİD-19» infeksiyasına yoluxmağı ilə bağlı test (yaxma) verərkən karantin rejimi qaydalarını pozmaması, yaşadığı mənzildə təcrid olunması ilə bağlı ona heç bir tibb işçisi məlumat verməməsi, analiz (yaxma) götürülən zaman ona bu barədə iltizamı oxumağa imkan vermədən imza etdirilməsini deməsi özünü müdafiə xarakteri dayışır. Ona analiz (yaxma) götürüləndə və iltizama imza ediləndə yuxarıda qeyd edilən məhdudiyyətlərin hamısı onun və tibb işçiləri tərəfindən təfsilatı ilə başa salınmasına baxmayaraq qanuna riayət etməyərək özbaşına mənzilini tərk etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər polis şöbəsində PPXB-nün manqa komandiri vəzifəsində, polis baş serjantı xüsusi rütbəsində xidmət edir. xx.xx.2020-ci il tarixdə Mingəçevir ŞPŞ-nin PPXB-ün polis nəfəri Şahid4la birlikdə “Covid-19” infeksiyasına yoluxmuş Mingəçevir şəhər sakinlərinin karantin rejimi qaydalarına riayət edibetmədiklərini yoxlamaq məqsədi ilə Mingəçevir şəhəri A.Məmmədov küçəsində xidmət aparan zaman saat 11 radələrində orada bir nəfər qadının “Şəfa” Diaqnostika Mərkəzində çıxmasını görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənəd istədikdə özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Planşet vasitəsi ilə sistemi yoxlayan zaman onun “Covid-19” infeksiyasna yoluxduğunu və xx.xx.2020-ci il tarixdən etibarən yaşadığı ünvan 3 ünvanında karantinə alınmasına baxmayaraq, karantin rejimi qaydalarını pozaraq küçəyə çıxması barədə şöbənin növbətçi hissəsinə məlumat vermişlər. Daha sonra oraya əməliyyat-istintaq qrupu və Mingəçevir ŞPŞ- nin İTB-nin YYÇPİÜQ-nun sabiq baş inspektoru Şahid2 gəlmişdir. X4 Təqsirləndirilən şəxs “Covid-19” infeksiyasna yoluxduğunu, ev şəraitində karantinə alındığını, karantin qaydalarını pozduğunu elan etdikidən sonra hadisə yerinə Mingəçevir şəhər Sanitar-Epidemiologiya və Gigiyena İdarəsinin əməkdaşları və təcili tibbi yardım avtomobili dəvət olunmuş, Təqsirləndirilən şəxs iştirakı ilə video çəkiliş aparılaraq onunla profilaktiki söhbət aparıldıqdan sonra yaşadığı mənzilə yola salınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər polis şöbəsinin X1 baş inspektoru vəzifəsində xidmət edir, Mingəçevir ŞPŞ-nin İTB-nin YYÇPİÜQ-nun baş inspektoru vəzifəsində xidmət edərkən xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində Mingəçevir şəhəri A.Məmmdov küçəsində yerləşən “Şəfa” Diaqnostika Mərkəzindən çıxan yeni növ «COVİD-19» infeksiyasına yoluxmuş şəxsin saxlanıldığı müəyyən olunduğundan əməliyyat istintaq qrupunun üzvləri ilə birlikdə həmin küçəyə getmişdir. Oraya çatdıqda saxlanılan şəxsin “Covid-19” infeksiyasna yoluxmuş, xx.xx.2020-ci il tarixdən etibarən yaşadığı ünvan 5 ünvanında karantina alınmasına baxmayaraq karantin rejimi qaydalarını pozaraq küçəyə çıxmış Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin vaxt X4 Təqsirləndirilən şəxs “Covid-19” infeksiyasma yoluxduğunu, ev şəraitində karantinə alındığını, karantin qaydalarını pozduğunu elan etmişdir. Daha sonra hadisə yerinə Sanitar- Epidemiologiya və Gigiyena İdarəsinin əməkdaşları və təcili tibbi yardım avtomobili dəvət olunmuş, Təqsirləndirilən şəxs ilə profilaktiki söhbətlər aparıldıqdan sonra o, yaşadığı mənzilə yola salınmışdır. Bütün bunlardan sonra şəhər polis şöbəsinə gələrək Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün şöbə rəhəbərliyinə raportla müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 da şahidlər Şahid2 və Şahid3 ifadələrinə uyğun ifadə verdi və onların göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli DVD diskə baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “COVİD-19” virusu ilə əlaqədar olaraq labarator müayinə (yaxma) olunmuş, xx.xx.2020-ci il tarixdə müayinənin nəticəsi pozitiv olmuş, buna baxmayaraq Təqsirləndirilən şəxs karantin rejimini tələblərini pozaraq xx.xx.2020-ci il tarixdə küçəyə çıxıb xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il və xx.xx.2021-ci tarixli diskə baxış keçirliməsi barədə protokollardan görünür ki, Bakcell mobil opertorlardan daxil olmuş mobil telefon məlumatlarını özündə əks etdirən CD disklərə baxış keçirilən zamanı xx.xx.2020-ci il tarixdə saat 17:44 dəqiqədə və 20:54 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə İcbari Tibbi Sığorta.Gov.Az-dan 4 ədəd bildiriş mesajı, xx.xx.2021-ci il tarixdə isə saat 11:21 dəqiqədə isə ailə həkimi Şahid1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən zəng daxil olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından daxil olmuş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “COVİD-19” virusu ilə əlaqədar olaraq labarator müayinə (yaxma) olunmuş və müayinənin nəticəsi pozitiv olmuşdur. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından daxil olmuş iltizamdan görünür ki, Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydalarının 4.5.5 və 4-1-ci maddələrinin tələbinə əsasən Təqsirləndirilən şəxsnm yeni növ «COVİD-19» infekiyasına yoluxub-yoluxmamasmı müəyyən etmək üçün ondan test (yaxma) götürülən zaman ona testin cavabı çıxana qədər karantin qaydalarına əmələ edərək özünün və ailə üzvlərinin mənzili tərk etməməsi barədə iltizam elan olunmuş və sonuncu da iltizamla tanış olaraq imza etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 11 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı mənzili tərk edərək ünvan 2 ünvanında yerləşən «X6»nə getməklə özündə aşkar olunan yeni növ «Koronavirus COVİD-19» infeksiyasını qonşuların, «X6»nə işləyən tibb işçilərinin və digər şəxslərin arasında yayılması üçün real təhlükə yaratmaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində yayılmış yeni növ «Koronavirus COVİD-19» infeksiyasına yoluxmasının müəyyən edilməsi ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə verdiyi laboratoriya müayinələri nəticəsində koronavirus infeksiyasma yoluxma faktının təsdiq edilməsi barədə xx.xx.2020- ci il tarixdə olduğu yerdə təcrid olunma haqqında məlumat aldıqdan sonra yaşadığı ünvan 6 ünvanında karantinə alınmasına və Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma “Qaydaları”-nın 4.5.5 və 4-1-ci maddələrinin tələbinə əsasən 14 gün müddətinə yaşadığı mənzili tərk etməməli olduğu halda xx.xx.2020-ci il tarixdə saat 11 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı mənzili tərk edərək ünvan 7 ünvanında yerləşən “Şəfa” Diaqnostika Mərkəzinə getməklə özündə aşkar olunan yeni növ «Koronavirus COVİD-19» infeksiyasının qonşuların, “Şəfa” Diaqnostika Mərkəzində işləyən tibb işçilərinin və digər şəxslərin arasında yayılması üçün real təhlükə yaratmışdır. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 139- 1.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarının 4.1-ci bəndinə əsasən Təmasda olmuş şəxslərin dairəsi Nazirliyin gigiyena və epidemiologiya mərkəzlərinin mütəxəssisləri tərəfindən 12 (on iki) saat ərzində müəyyən edilir və onlar barədə tibbi müşahidənin aparılması üçün ərazi ambulator-poliklinika müəssisəsinə, yaxud tabeliyində sanitariya nəzarətini həyata keçirən tibb müəssisələri olan orqanlara məlumat verilir. Həmin qərarın 4.2-ci bəndinə əsasən Bu Qaydaların 4.1-ci bəndində göstərilən şəxslərin dairəsinin müəyyən edilməsinə daxili işlər orqanları da cəlb olunurlar. Həmin qərarın 4.3-ci bəndinə əsasən Yoluxucu xəstəliyə yoluxmuş şəxslə təmasda olan şəxslər son təmasdan sonra bu Qaydaların 3.1-ci bəndi ilə müəyyən edilmiş müddətdə yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülürlər. Həmin qərarın 4.5-ci bəndinə əsasən yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir. Həmin qərarın 4-1.2-ci bəndinə əsasən yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq tibbi müşahidə həyata keçirilir. Həmin qərarın 4-1.3-ci bəndinə əsasən yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların 4.5-ci bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs iltizamı imzalamaqdan imtina etdikdə, bu barədə (ona qanunda nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq edildiyi göstərilməklə) 2 (iki) nüsxədə akt tərtib edilir. Aktın bir nüsxəsi yoluxucu xəstəliyə tutulma faktı təsdiq edilmiş şəxsə verilir, digər nüsxəsi tibb müəssisəsində qalır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2–ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, ona təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla, Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılması səbəb olan və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratmaqla əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmində ilk dəfə az ağır cinayət törətməsini, eləcə də Həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin xx xxxxxx 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Qaçqınlar və Məcburi Köçkünlər işlər üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı Komitəyə heç bir şikayət narazılıq daxil olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1.-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1– ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Bununla bağlı da məhkəmə qeyd edir ki, cinayət işi üzrə hər hansı məhkəmə xərcləri yaranmamışdır. Vəkil X7 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN:**********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilməsin. Vəkil X7 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN:**********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar