Məhkəmə qərarları › İş №1(051)-84/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-84/2025

15.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-84/2025 15.01.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Xüsusi ittihamçı X1 və nümayəndəsi Müdafiəçi1 iştirakı ilə X6 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X6 və X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində təqsirli bilinərək, onların həmin maddələrin sanksiyasında göstərilən azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhəri M.Maqomayev prospektində yerləşən “Tamstore” supermarketin daxilində kosmetik məhsulların satışı ilə məşğul olur. Mingəçevir şəhər sakini olan və kosmetik vasitələrin satışı ilə məşğul olan X6 isə özünün kosmetika mağazasının “ns_beaty_1” profili ilə İnstagram sosial şəbəkəsində dəfələrlə paylaşımlar edərək və canlı yayım açaraq ona böhtan atmış, təhqir edərək şərəf və ləyaqətini alçaltmış, eləcə də mağazasında olan məhsulların keyfiyyətinin aşağı olmasını, qiymətlərin baha olmasını bildirərək müştərilərini azaltmağa çalışmışdır. Həmçinin həmin paylaşımlar və canlı yayımlar zamanı Saidə Şirinovanın anası X4 da onun və övladının barəsində şərəf və ləyaqəti alçaldan, təhqiredici ifadələr işlətmişdir. Bu haqsızlığın və qeyri-qanuni hərəkətlərin qarşısının alınması, ədalətin öz yerini tapması, bu cür şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuza xələl gətirən böhtan xarakterli hərəkətlərə son qoyulması məqsədi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət verilməsi məcburiyyətində qalmışdır. İşə əlavə edilmiş fləşkartda olan video yazılardan da göründüyü kimi X7 sosial şəbəkəsində “ns_beaty_1” profili ilə canlı yayım açıb onu nəzərdə tutaraq “hürən itdir, tutağan it deyil”, “girənlik eləyən, yaltaq”, “nisyə mal alırdın, ayaq təmizləyirdin, siz mənim kopyalarımsınız” “bambılı”, “düdük”, “madmazelka”, “dubsuz”, .başdanxarabsız , “canına azzar”, “xəstəsiz, başları çatmır”, “kül başınıza”, “cırtdqozlar”, “rəis qızı camaatın ayağını təmizləyir” deyərək onu təhqir etmiş, həmçinin həyat yoldaşını işarə edərək təhqir edici sözlər deyərək ərini təhqir etmişdir. Bundan başqa Saidə Şirinovanın anası X4 ona və azyaşlı övladına böhtan atmış, təhqir etmiş, şərəf və ləyaqətlərini alçaltmışdır. Belə ki, canlı yayımın birində onun barəsində “Getsin o üstünün kirliliyindən danışsın. Hamı onun kirindən, uşağının iylənmişindən danışır. Keçən dəfə müəllimə deyir ki, onun hazırlaşdırırdım, iylənmişindən yaxın durmaq olmurdu, pulunu vaxtı vaxtında vermirdi” deyərək cəmiyyətdə onun və azyaşlı övladı barədə mənfi fikir yaratmağa çalışmışdır. Bundan başqa guya kiminsə haqqında danışdığını deyərək ona şər atmış, “həmin adama desəm Simanı yonub buraxacaq” deyərək ona hədə-qorxu gəlmişdir. Digər canlı yayımlarda isə guya onun malını pislədiyini, saxta, keyfiyyətsiz mal satdığını, guya onun bədəninin səpdiyini, özünün krem verdiyini, nisyə mal aldığını, işçilərin başına oyun açdığını, işçilərə çox maaş deyib az verdiyini deyərək ona böhtan atmışdır. Saidə Şirinovanın və anasının bu canlı yayım və paylaşımları etdiyi “ns_beaty_1” profili İnstagram sosial şəbəkəsində 19000 izləyicisi vardır. Bunların da əksəriyyəti Mingəçevir şəhəri sakinləridir və kosmetika alıcılarıdır. X6 və X2 ona və ailə üzvlərinə qarşı işlətdiyi böhtanlar, şərəf və ləyaqəti alçaldan ifadələr olan paylaşımlar yüzlərlə, minlərlə insan tərəfindən izlənilmiş və müzakirələrə səbəb olmuşdur. Sözügedən şəxslərin xüsusi ittihamçının, ailə üzvlərinin və onun sahibkarlığı barədə şəbəkələrdə dedikləri sözlər təhqir və böhtandır. Saidə Şirinovanın əməlindən peşiman olmamasını açıq aydın görmək olur. Belə ki, hər gün canlı açmaqla elədiklərinin hamısını qəsdən və bilərəkdən etməsini bildirir. Bunların hamısını sübut edə bilər və bu barədə açıq platformalarda, status və canlı yayımlarda çıxışları mövcuddur. Onların əməlləri hüquqa ziddir və mütləq bu barədə ciddi tədbir görülməklə Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət işinin açılmalı olması qənaətindədir. Bu yalan məlumatların sosial şəbəkələrdə yayılması, onun barədə həqiqəti əks etdirməyən məlumatların yayılması, təhqir olunmaları, qarayaxma kampaniyası və onların konstitusion hüquqlarının tapdanması haqsızlıqdır. Bundan əlavə yalan və həqiqəti əks etdirməyən ittihamların sosial şəbəkələrdə yayılması iki olan ananın təhqir olunması ilə yanaşı onun sahibkarlıq fəaliyyətinə də qarayaxma qiymətləndirilməlidir. Bu cür əsassız və böhtan dolu sözlərin qarşısının alınması mütləq qaydada cinayət işi açılmalı, Saidə Şirinova və Tərgül Şirinova barəsində müvafiq olaraq ciddi cəza verilməli, Azərbaycan vətəndaşını təhqir edən və ona böhtan atan bu kimi şəxslərə bir daha bu cür hərəkətlərə yol verməməli olması bildirilməlidir. Bu hadisələr nəticəsində normal iş rejimləri pozulmuş, şəhərdə qalmaqallı şəxs kimi baxılmış, sahibkarlığına ziyan dəymiş, əsassız olaraq kənar şəxslərin kinayəli baxışlarına məruz qalmış və bu əsassız böhtanlar səbəbindən cəmiyyətdə haqsız qınaq obyektinə çevrilmişlər. Haqlı olduqları halda bu gün sosial medianın geniş şəbəkəsindən istifadə edərək onların böhtan yaymasının qarşısının bu cür alınmasından başqa bir yol yoxdur. Bu hadisələr nəticəsində onlara saysız hesabsız mənəvi zərər vurulmuşdur. Belə ki, cəmiyyətdə, iş yerində, şəhər əhalisi içində, hətta ailədə belə bu əsassız böhtana görə güclü stres keçirirlər. Ailə üzvlərinə bu videonun göstərilməsi və onların sosial şəbəkələrdə qarşısına bu videoların çıxmasının, şərhlərdə hadisənin mahiyyətini bilməyən şəxslər tərəfindən olunun təhqirlərin fəsadlarını təsəvvür etmək belə mümkünsüzdür. Bunu heç bir maddiyyatla və ya üzrlə bərpa etmək mümkün deyil. Hətta əlavə etdiyi videolardan bir neçəsində S.Şirinova izləyicilərini onu təhqir etməyə vadar edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Saidə Şirinova və Tərgül Şirinovanın ona qarşı ifadə etdiyi böhtan və təhqir edici ifadələrə görə ətrafdakı şəxslərin ona qarşı fikirləri dəyişmişdir. Onun cəmiyyət içində sosial şəbəkələrdə təhqir olunmağı və barəsində olan böhtanlar depressiya halları yaradır və iş görmə qabiliyyətini də aşağı düşürmüşdür. Saidə Şirinova və Tərgül Şirinova bu cür hərəkətləri ona qarşı edir ki, yaşadığı ünvandan və işlədiyi kollektivdən başını götürüb getsin və o, öz istəyinə nail olsun. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxslər - Saidə Şirinova və Tərgül Şirinovanın AR CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Məhkəmə iclasında xüsusi ittihamçı X3 ərizə təqdim edərək, X6 və X4 barəsində verdiyi xüsusi ittiham qaydasında şikayətindən imtina etdiyini və işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X1 nümayəndəsi Müdafiəçi1 xüsusi ittihamçının imtina ərizəsinə əsaslanaraq işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

148. Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 315.5-ci maddəsinə əsasən xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı zamanı üzrsüz səbəblərə görə təkrarən məhkəmə iclasına gəlmədikdə, məhkəmənin qərarı ilə cinayət işinin məhkəmədə xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. 17-ci bəndində əsasən məhkəmələrə izah edilsin ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir. (CPM-nın 43.1.1 və 43.2-ci maddələri). Məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayət üzrə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla xitam verilməsi haqqında qərarın qəbul edilməsi zərərçəkmişin təkrarən eyni ittiham üzrə məhkəməyə müraciət etməsini istisna edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 fevral 2009-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Məhkəmənin mövqeyi: Xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayətindən imtina etməsi və cinayət təqibinə xitam verilməsi barədə ərizə təqdim etmişdir. Beləliklə, məhkəmə xüsusi ittihamçının ərizəsini nəzərə alaraq hesab edir ki, X6 və X2 cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında X3 tərəfindən verilmiş şikayət üzrə xüsusi ittihamçının şikayətdən imtina etməsi əsasında təqsirləndirilən şəxslərə qarşı cinayət təqibinə xitam verilməli və cinayət məsuliyyətindən azad edilməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq

Q Ə R A R A A L D İ:

X6 və X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair başlanmış cinayət təqibinə xitam verilsin və onlar, cinayət məsuliyyətindən azad edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar