Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-86/2020 17.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs - xx.xx.1985-ci ildə Ermənistanın, Əzizbəyov rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Mingəçevir şəhəri M.Müşfiq küçəsi ev 9, mənzil 2-də qeydiyyatda olan və orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq 1(bir) ədəd ağ rəngli sellofan bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 46,163 qram olan narkotik vasitə tiryəki istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və xx xxxx 2020-ci il tarixdə saat 21:00 radələrində Mingəçevir ŞPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri M.Ə.Sabir küçəsin də yerləşən 9 saylı orta məktəbin yaxınlığında saxlanılıb Mingəçevir şəhər ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə-tiryək Mingəçevir şəhəri polis şöbəsinin əməkdaşları tərəfindən əynində olan qara parça gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 15:00 radələrində Mingəçevir şəhəri Y.Muradov küçəsində yerləşən 18 №li orta məktəbin yaxınlığında gəzərkən yerdən bir ədəd sellofana bükülmüş büküm tapdı. Bükümün içərisinə baxdıqda içərisindəkinin narkotik vasitə olan tiryək olduğunu gördü.Çünki özü narkotik vasitə olan tiryəkdən istifadə etmişdir. O, bükümü əynində olan qara qəngli gödəkçənin cibinə qoyaraq gizlətdi. xx.xx.2020-ci il tarixdə saat 21:00 radələrində Mingəçevir şəhəri M.Ə.Sabir küçəsində yerləşən 9 №li orta məktəbin yaxınlığından keçərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Polis şöbəsinə vəkil dəvət edib, onun iştirakı ilə üzərinə video çəkiliş aparmaqla baxış keçirmək istədiklərini bildirdilər. O da üzərinə baxış keçirilməsinə etiraz etmədi. Onun üzərinə video çəkiliş aparmaqla baxış keçirildi. Baxış zamanı onun əynində olan qara qəngli gödəkçənin sol yan cibindən tapdığını içərisində tiryək olan sellofan bükümü polis əməkdaşları tərəfindən aşkar olunaraq götürüldü. Bu barədə protokol tərtib olundu, o da protokola imza etdi. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Mingəçevir şəhər polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə saat 21:00 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2 və o Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 9 №li orta məktəbin yaxınlığından keçən zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Polis şöbəsində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə axtarış keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirildi. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi. Bundan sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi və baxış zamanı onun əynində olan qara rəngli parça gödəkçənin sol yan cibindən bir ədəd sellefona bükülmüş büküm aşkar olundu. Aşkar olunmuş həmin büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində tiryəkə oxşar narkotik vasitə olan kütlə müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 ədəd sellofona bükülmüş bükümün içərisindəkinin tiryək olduğunu, həmin tiryəki özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə təxminən saat 15:00 radələrində Mingəçevir şəhəri Y.Muradov küçəsində yerləşən 18№li orta məktəbin yaxınlığından piyada keçərkən yerdən taparaq əynindəki gödəkçənin cibinə qoyub üstündə saxladığını bildirdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş Mingəçevir şəhər PŞ-nin CAB-in baş əməliyyat müvəkkili işləyən Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verdi. İşin 23-24-cü vərəqlərində olan xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli parça gödəkçənin sağ yan cibindən bir ədəd ağ rəngli “Nokia” markalı mobil telefon, bir ədəd “Vest” adda siqaret qutudu, sol yan cibindən isə ağ sellofana bükülmü bükümü təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ sellofana bükülmüş bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə-tiryəkə oxşar kütlə olması müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş içərisində narkotik vasitətiryəkə oxşar kütləni xx.xx.2020-ci il tarixdə saat 15:00 radələrində Mingəçevir şəhəri Y.Muradov küçəsində yerləşən 18 №li orta məktəbin yaxınlığında gəzərkən yerdə ağ sellofana bükülmüş büküm tapdığını, həmin bükümün içərisində olan kütlənin narkotik vasitə tiryək olduğunu, əvvəllərdə tiryək istifadə etdiyi üçün tanıdığını, özünün istifadə etməsi məqsədilə götürərək əynindəki qara rəngli gödəkçənin sol yan cibinə qoyaraq orada saxladığını bildirdi. İşin 35-37-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-cu il tarixli, 17/206 saylı rəyində göstərilir ki, üzərində « Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş …» sözləri və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-46,163 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir.Tiryəkin təmiz çəkisi 46,163 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 46,063 qram. İşin 96-cı vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 440 saylı xx xxx 2020ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Tərkibində narkotik vasitə olan tiryək alkaloidlərləri sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşin 80-ci vərəqində olan Mingəçevir şəhər Rayonlarası Narkoloji Dispanserindən verilmiş xx.xx.2020-ci il tarixli, 479 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildən “opoidlərin qəbulu nəticəsində psixi davranış pozuntusu asıllıq sindromu” diaqnozu ilə dispanserdə qeydiyyatda durur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq 1(bir) ədəd ağ rəngli sellofan bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 46,163 qram olan narkotik vasitə tiryəki istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və xx xxxx 2020-ci il tarixdə saat 21:00 radələrində Mingəçevir ŞPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri M.Ə.Sabir küçəsin də yerləşən 9 saylı orta məktəbin yaxınlığında saxlanılıb Mingəçevir şəhər ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə-tiryək Mingəçevir şəhəri polis şöbəsinin əməkdaşları tərəfindən əynində olan qara parça gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməlin törətməsi özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 82-84-cü vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 1(051)-54/2019 saylı hökmündən və 92-93-cü vərəqlərində Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2(iki) il 5 (beş) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 353/3-3 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 1(bir) il 7 (yeddi) ay 29 (iyirmi doqquz) günü icra edilməmiş qalmışdır. İşin 95-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlindən peşiman olmasıyaşayış yerdən müsbət xarakterizə olunması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli tutulduğu vaxtdan xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1 və 93.2-ci maddələrinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 46,063 qram narkotik vasitə- tiryək məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 69,10 (altmış doqquz manat on qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 132 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Mingəçevir şəhər məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 7 (yeddi) ay 29 (iyirmi doqquz) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü 1 günə hesablamaqla 9 (doqquz) ay 29 (iyirmi doqquz) gün CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirməklə üzərində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan xx xxxx 2020-ci il tarixdən hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun . Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 69,10 (altmış doqquz manat on qəpik) manat Təqsirləndirilən şəxs alınıb, dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 46,063 qram narkotik vasitə- tiryək məhv edilsin. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 132 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-86/2020
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-86/2020
17.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver