Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-86/2023 15.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs X8 hüquqi varisi X6 iştirakı ilə xx.xx.1991-ci tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürəni vəzifəsini icra edən, daxili xidmət çavuşu, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Mingəçevir şəhəri, Bozdağ küçəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 13 radələrində BC dərəcəli sürücülük vəsiqəsi ilə ayıq halda idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan, özünə məxsus “Vaz 21120” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhərinin Bozdağ küçəsi ilə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna əməl etməyərək, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub, əməlin ictimai təhlükəli xarakterini dərk edərək, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görüb, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə 65 km/saat sürətlə hərəkətini davam etdirərək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, şəhərin Bozdağ küçəsində asfalt yolda ehtiyat torpaq sahədən avtomobil yoluna çıxıb yolu sağ tərəfdən sol tərəfə keçmək istəyən, piyada 2020-ci il təvəllüdlü, azyaşlı X9 idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə vuraraq sonuncuya dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan, hərəkətdə olan minik avtomobilin hərəkətdə olan piyadanı vurması nəticəsində əmələ gələn və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan qapalı kəllə beyin travması, baş beyin toxumalarının əzilməsi, baş beyin toxumasının ödemi, sağ bud sümüyünün qapalı yerdəyişən sınığının əmələ gəlməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmiş, nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X8 baş beyin toxumalarının əzilməsi nəticəsində inkişaf edən baş beyin toxumalarının travmatik ödemindən xx.xx.2023-cü il tarixdə saat 09:40 radələrində Respublika 1 saylı X17 ölümünə səbəb olmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, “Vaz 21120” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyətində olmaqla özünə məxsusdur. Avtomobilləri idarə etməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsini xx.xx.2019-cu ildən etibarən müvafiq icra hakimiyyəti orqanından əldə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində idarə etdiyi avtomobili şəhərin Bozdağ küçəsində yerləşən dəmir yolunu keçib yola hərəkətə başlayarkən, hərəkəti istiqamətində asfalt yolda azyaşlı uşaqlar oynadığını görmüş, avtomobili saxladıqdan sonra yolunu asta sürətlə davam etdirməyə başlamışdır. Asfalt yola birləşən küçələr arası yoldan qəflətən bir nəfər azyaşlı uşaq avtomobil yoluna kənardan çıxmaq istədiyini gördüyü andan tormozdan istifadə etsə də, hadisənin qarşısını ala bilməmişdir. Həmin azyaşlı uşaq idarə etdiyi avtomobilin sağ qabaq kənar hissəsinə dəyib yerə yıxılmışdır. Dərhal avtomobildən bayıra çıxıb azyaşlını avtomobilə əyləşdirib Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparmış və orada azyaşlıya tibbi yardım göstərilmişdir. Daha sonra isə polis əməkdaşları ilə birlikdə hadisə yerinə qayıdaraq hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Azyaşlının səhhətində problem yaşandığından o, Respublika 1 saylı Kliniki Tibb mərkəzinə köçürülmüş, orada lazımı tibbi proseduralar icra edilməsinə baxmayaraq, azyaşlı X11 yol nəqliyyat hadisəsi zamanı aldığı bədən xəsarətləri səbəbindən xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. O, şəhər daxilində 60-80 km/saat sürətlə avtomaşını sürməmişdir, həmin vaxt maşını 30-40 km/saat sürətlə sürmüşdür. Bununla belə o, məhkəməyədək icraat zamanı X8 atası Ayaz Kərimovla barışıb ona və ailəsinə mənəvi dəstək olmuş, həmçinin dəymiş ziyanın aradan qaldırılması istiqamətində ona maddi yardım göstərmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Ona görə də məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, ona bəraət verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, X2 onun övladıdır. 2001-ci ildə X7 ilə rəsmi nikaha daxil olub ailə qurmuşdur. Birgə nikahdan 8 uşağı olmuşdur. X2 onun kiçik uşağı olmuşdur. xx.xx.2022-ci il tarixdə qayını Səxavət mobil telefon vasitəsi ilə ona zəng edərək övladı Elgünü avtomobilin vurmasını bildirdiyindən, dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına getmişdir. Xəstəxanada məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində yaşadığı evin yaxınlığında avtomobil yolunda Təqsirləndirilən şəxs Nəriman oğlu idarə etdiyi “Vaz 21120” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə yolu sağdan sola keçmək istəyən piyada azyaşlı övladı 2020-ci ildə anadan olmuş X9 vurmuş, nəticədə Elgün xəsarət alaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir. Mingəçevir şəhər X3 ilkin tibbi yardım göstərildikdən sonra onun səhhəti pisləşdiyi üçün Bakı şəhəri 1 saylı X20 yerləşdirilmişdir. Lakin göstərilmiş tibbi yardımlara baxmayaraq övladı Elgün almış olduğu xəsarətlərdən xx.xx.2023-cü il tarixdə Bakı şəhərində yerləşən 1 saylı X13 ölmüşdür. Eyni zamanda oğlu Elgün Kərimovun ölümünə səbəb olmuş yol-nəqliyyat hadisəsini törətmiş Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs oğlunun yas mərasimini təşkil etməyə yardım göstərmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə almasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Mingəçevir şəhər X14 X18 Yol Patrul Xidməti inspektoru vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Mingəçevir şəhər X14 X18 Yol Patrul Xidməti inspektoru Ceyhun Novruzovla birlikdə xidmətdə olarkən Polis Şöbəsinin növbətçi hissəsindən şəhərin Bozdağ küçəsində piyadanın vurulması ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat alıb hadisə yerinə getmişlər. Orada məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs “Vaz 21120” markalı avtomobili ilə Mingəçevir şəhərinin Bozdağ küçəsi ilə hərəkət edərkən həmin zaman avtomobil yoluna çıxıb yolu sağdan sola keçmək istəyən piyada X9 idarə etdiyi avtomobillə vurmuş, daha sonra idarə etdiyi avtomobillə piyadanı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına apararaq xəstəxanaya yerləşdirdikdən sonra hadisə yerinə qayıdaraq sonradan hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Daha sonra Təqsirləndirilən şəxs müayinə edilməsi üçün Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserə aparılmış, orada Təqsirləndirilən şəxs müayinə olunmuş və hadisə zamanı ayıq olduğu, yəni sərxoş olmadığı müəyyən edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 Namiq oğlu Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları tam təsdiq etdi. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxsin hüquqi varisi Ayaz Kərimov kürəkənidir. xx.xx.2022-ci il tarixdə günorta vaxtı idi, evdə idi, həyətdə uşaqların qışqırıq səsini eşitmişdir. Səs-küyə gəlib çatanda görmüşdür ki, Ayazın oğlu Elgünü maşın vurub, qudası Səkinə Kərimova uşağı qucağına alıb təqsirləndirilən şəxsin maşınına oturmuşdur ki, xəstəxanaya getsinlər. Onların dalınca da o, oğlu ilə birlikdə başqa maşınla xəstəxanaya getmişlər. Hadisə yerinə Səkinə ondan əvvəl çatmışdır, hadisə necə baş verdiyini görməmişdir. Məhkəmə, ittihamın qanuni həll edilməsi üçün Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, həmçinin məhkəmə iclası zamanı verdiyi ifadələrlə işin həqiqi halları arasında ziddiyyətin olmasını nəzərə alaraq, onun ifadələrini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər mötəbər sübutlarla müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində avtomobili 20-30 km/saat sürətlə, məhkəmə istintaqı zamanı 30-40 km/saat sürətlə idarə etməsi, hadisə baş verən vaxt uşağın qaçaraq onun avtomobilinə dəyməsi ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzi yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası rəyinin əsaslandırıcı hissəsində hadisə yerində qalmış 21 metr tormoz izinə uyğun olaraq nəqliyyat vasitəsinin hərəkət sürətinin mövcud yol şəraitində 65 km/saat olduğu, həmçinin piyada vurulana qədər qət etdiyi yolu keçməyə başladığı anda nəqliyyat vasitəsinin piyadanın vurulma yerindən 231.4 metr aralı məsasfədə olduğu müəyyən edilmişdir. Göründüyü kimi nəqliyyat vasitəsinin surətinin 20-30 km/saat və yaxud 30-40 km/saat olması, həmçinin uşağın qaçaraq onun avtomobilinə dəyməsi, yəni onun avtomobili saxlamaq imkanın olmaması ekspert rəyində öz təsdiqini tapmamışdır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı avtomobili 30-40 km/saat sürətlə idarə etməsi, uşağın qaçaraq onun avtomobilinə dəyməsi ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı verdiyi ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin həmin hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri - Mingəçevir şəhərinin Bozdağ küçəsidir, qurudur, yolun eni 6 metr olan düz asfalt beton örtüklüdür. Həmin asfalt yola ehtiyat torpaq sahələrindən çıxan köməkçi yollar vardır. Asfalt yolun sol tərəfində işıq dirəkləri, sağ tərəfində kənd tipli tikililər mövcuddur. Asfalt yol üzərində hadisə yerində “Vaz 21120” markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə məxsus 21 metr uzunluğunda tək tormoz izi mövcuddur. Piyada vurulma nöqtəsinə qədər 7 metr məsafə qət etmişdir. Avtomobilin arxasında olan yolun sol yan kənarında qədər olan məsafə 4.3 metr təşkil edir. Cinayət işinin materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin 779 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yol–nəqliyyat hadisəsi törədən zaman ayıq olmuşdur. Cinayət işinin materiallarında olan AF 403403 nömrəli sürücülük vəsiqəsindən görünür ki, xx.xx.2019-cu il tarixdə DİN BDYPİ Qİİ/Mingəçevir ASAN xidmət mərkəzi tərəfindən Təqsirləndirilən şəxs verilmiş, xx.xx.2029-cu il tarixədək etibarlıdır və BC kateqoriyalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş X24 İdarəsinin Yevlax RQİ və TBŞ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-13-16-11/2-2276/23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə DİN BDYPİ Qİİ/Mingəçevir ASAN xidmət mərkəzi tərəfindən etibarlıq xx.xx.2029-cu il tarixədək olan AF 403403 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. DİN-in informasiya sistemində olan məlumata əsasən onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. Cinayət işinin materiallarında olan AD 965259 saylı Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21120” markalı ** BM *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2023-cü il tarixli, 04 nömrəli rəyindən görünür ki, 2020-ci il təvəllüdlü X8 meyitinin müayinəsi zamanı meyidtndə aşkar olunmuş xəsarətlər:baş-beyin toxumalarının əzilməsi, sağ bud sümüyünün qapalı yerdəyişən sınığı ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə, xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddirlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni hərəkətdə olan minik avtomobilinin hərəkətdə olan piyadanı vurması nəticəsində əmələ gələ bilərdi, onun almış olduğu xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır. 2020-ci il təvəllüdlü X8 ölümünə səbəb, baş-beyin toxumalarının əzilməsi nəticəsində inkişaf edən baş-beyinin toxumalarının travmatik ödemi olmuşdur. 2020-ci il təvəllüdlü X8 ölümü xx.xx.2023-cü il tarixdə saat 09:40 dəqiqədə baş vermişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 28 mart 2023-cü il tarixli 8/658 nömrəli rəyindən görünür ki, mövcud şəraitdə hadisə yerində qalmış tormoz izinə uyğun nəqliyyat vasitəsinin sürəti 65 km/saat olmuş, “Vaz 21120” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq, yəni 65 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50–ci maddəsinin 2–ci hissəsinin 1–ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi barədə 03 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş yaşayış məntəqəsində qanunla nəzərdə tutulmuş sürət həddini 10-20 km/saat həddində aşmadığına görə, yəni onun xx.xx.2022-ci il tarixdə yaşayış məntəqəsində istifadəsində olan nəqliyyat vasitəsini 65 km/saat idarə etməsi inzibati məsuliyyət yaratmadığından Təqsirləndirilən şəxs barəsində inzibati icraatın başlanması rədd edilmiş, hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21120” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası CPM-in 131.1.4-cü maddəsinin tələbinə əsasən mülkiyyətçi Təqsirləndirilən şəxs verilməsi nəzərə alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 13 radələrində BC dərəcəli sürücülük vəsiqəsi ilə ayıq halda idarə etdiyi xüsusi mülkiyyətində olan “Vaz 21120” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhərinin Bozdağ küçəsi ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və həmin pozuntu nəticəsində yol-nəqliyyat hadisəsi törətməklə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs 2020-ci il təvəllüdlü, azyaşlı X1 həyat üçün təhlükəli olan ağır zərər vurmaqla, onun ölümünə səbəb olan ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 13 radələrində BC dərəcəli sürücülük vəsiqəsi ilə ayıq halda idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olmaqla xüsusi mülkiyyətində olan “Vaz 21120” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhərinin Bozdağ küçəsi ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə əməl etməyərək, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub, 65 km/saat sürətlə hərəkətini davam etdirərək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, şəhərin Bozdağ küçəsində asfalt yolda ehtiyat torpaq sahədən avtomobil yoluna çıxıb yolu sağ tərəfdən sol tərəfə keçmək istəyən, piyada 2020-ci il təvəllüdlü, azyaşlı X9 idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə vuraraq sonuncuya dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan, hərəkətdə olan minik avtomobilin hərəkətdə olan piyadanı vurması nəticəsində əmələ gələn və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan qapalı kəllə beyin travması, baş beyin toxumalarının əzilməsi, baş beyin toxumasının ödemi, sağ bud sümüyünün qapalı yerdəyişən sınığının əmələ gəlməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmiş, nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X8 baş beyin toxumalarının əzilməsi nəticəsində inkişaf edən baş beyin toxumalarının travmatik ödemindən xx.xx.2023-cü il tarixdə saat 09:40 radələrində Respublika 1 saylı X17 ölümünə səbəb olmuşdur. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 263.2–ci maddəsi ilə tövsif edilməli və onun barəsində ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə yekun qərar (ittiham hökmü) çıxararkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013–cü il tarixli qərarının izahlarını rəhbər tutmuşdur. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş, məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmiş məhkəmə yol–nəqliyyat hadisələri ekspertinin rəyi ilə təsdiq edilir ki, mövcud şəraitdə hadisə yerində qalmış tormoz izinə uyğun nəqliyyat vasitəsinin sürəti 65 km/saat olmuş, “Vaz 21120” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Eləcə də, sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq, yəni 65 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50–ci maddəsinin 2–ci hissəsinin 1–ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Təqsirləndirilən şəxs “Vaz 21120” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, lazımi diqqətlilik və ehtiyatlılıq göstərməməklə, “Yol hərəkəti haqqında” Qanunun tələləblərini pozmaqla cinayət hadisəsi törətmiş və ehtiyatsızlıqdan zərərçəkmiş şəxs 2020-ci il təvəllüdlü, azyaşlı X8 ölümünə səbəb olan yol–nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında tam şəkildə sübut edildi ki, zərərçəkmiş şəxsin ölümündən ibarət olan ictimai təhlükəli nəticə, məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş yol–nəqliyyat hadisəsi nəticəsində baş vermişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50–ci maddəsinin 1–ci hissəsinin tələbinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanununun 50–ci maddəsinin 2–ci hissəsinin 1–ci bəndinin tələbinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində–saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə əsas və əlavə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol–hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X10 tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, hazırda onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş 9 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 9 saylı MİS-ə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza və azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli və cəzanın icrası yerinə onun göndərilməsi Cəzaların İcrası Məcəlləsinin 68.1–ci maddəsinə əsasən icra məmurunun təqdim etdiyi göstəriş əsasında həyata keçirilməlidir. Cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Əlavə cəzanın müddəti isə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə ibtidai istintaq zamanı maddi sübut kimi tanınmış “Vaz 21120” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçi Təqsirləndirilən şəxs verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 85 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti azadlıqdan məhrum etmə növündə təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə həmin əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəzanın icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ibtidai istintaq zamanı maddi sübut kimi tanınmış “Vaz 21120” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxs verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-86/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-86/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver