Məhkəmə qərarları › İş №1(051)-87/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-87/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-87/2024 02.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi– Mingəçevir Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Yevlax rayon Havarlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına, görə siyahıların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunun 1-ci siyahısının 182-ci bəndinə əsasən narkotik vasitə tiryəkin xeyli miqdarının aşağı həddi 0.5 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda qanunsuz olaraq əldə etdiyi l ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0.706 qram olan narkotik vasitə tiryəki üzərində saxlayaraq daşımış, 06 yanvar 2024-cü il tarixdə saat 19:00 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Az Dress qəsəbəsi Naxçıvan küçəsində yerləşən “Ağ Çiçəyim” mağazasının yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 19:45-dən 19:55-dək olan müddət ərzində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki tünd qırmızı rəngli köynəyinin sol döş cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0.706 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Mingəçevir şəhəri Qres qəsəbəsində piyada hərəkət edən zaman yerdə şəffaf sellafon bükümdə qara nəsə olduğunu görüb və maraqlı gəldiyi üçün açıb baxanda içərisindəkinin narkotik vasitə tiryək olduğunu görmüşdür. Bundan sonra həmin narkotik vasitə tiryəki özü istifadə etmək məqsədi ilə əynindəki qırmızı rəngli köynəyin sol yan cibinə qoymuşdur. Lakin, xx.xx.2024-cü il tarixdə təxminən saat 19:00 radələrində Mingəçevir şəhəri Naxçıvan küçəsində “Ağ Çiçəyim” mağazasının qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib, daha sonra dəvət edib Mingəçevir ŞPŞ-nə gətirmişlər. Mingəçevir ŞPŞ-nə gətirildikdən sonra şübhəli şəxs qismində tutulmuş daha sonra dövlət hesabına müdafiəçi Ləyin olunub növbədə olan vəkil X1 ona müdafiəçi qismində təqdim olunmuşdur. O, müdafiəçi və cinayət prosesinin digər iştirakçılarına etirazı olmamasını bildirmişdir. Bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilmiş və əynindəki köynəyin sol yan cibindəki şəffaf sellafon bükümü içərisindəki narkotik vasitə tiryəklə birlikdə təqdim etmiş və götürülmüşdür. Həmin kütlə onun iştirakı ilə elektron tərəzidə çəkilib və qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə tiryək olmasını, taparaq əldə etməyini və satış məqsədi olmadan üzərində saxlayaraq daşımasını bildirmişdir. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə tiryəki yerdən taparaq əldə etmiş, onu kimsədən pul müqabilində almamış yaxud kimsə ona qarşılıqsız olaraq verməmişdir. Həmin kütləni tapdıqdan sonra özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşımışdır. Onu satmaq yaxud kiməsə qarşılıqsız vermək məqsədi olmamışdır. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən göstərdiklərini nəzərə alaraq, ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Mingəçevir ŞPŞ-nin CAB-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 06 yanvar 2024-cü il tarixdə məxfi əməkdaşdan daxil olmuş əməliyyat məlumatında. Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində narkotik vasitə daşıyıb gəzdirməsi göstərilmişdir. Həmin məlumatın yoxlanılması çərçivəsində əməliyyat tədbirinə dair qərar qəbul olunmuş və müvafiq əmr hazırlanmışdır. Əməliyyat tədbirinin keçirilməsi nəticəsində NMQ-nun əməliyyat müvəkkili Şahid2 ilə birlikdə həmin gün saat 19 radələrində Mingəçevir şəhər Naxçıvan küçəsində yerləşən “AğÇiçəyim” mağazasının yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış, o və Şahid2 Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasına dair barəsində polis şöbəsinə məlumat daxil olması buna görə də polis şöbəsinə getməli olmaları izah olunmuşdur, Təqsirləndirilən şəxs də etiraz etməmiş birlikdə polis şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs barəsində prosessual araşdırma aparılaraq üzərinə şəxsi axtarış və götürmə keçirilməsi üçün raportla müraciət etmişlər və Təqsirləndirilən şəxs təhqiqat bölməsinə təqdim etmişlər. TB-nin təhqiqatçısı Elşən Şükürov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, ona dövlət hesabına müdafiəçi təyin olunmuş və həmin gün növbədə olan vəkil X1 təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçiyə və cinayət prosesinin iştirakçılarına etirazı olmamasını bildirdikdən sonra üzərinə video çəkilişlə təhqiqatçı Elşən Şükürov tərəfindən onların da iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki köynəyinin sol döş cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə tiryək aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə üzərindən aşkar olunmuş kütlə elektron tərəzidə çəkilərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Zərfi və tərtib olunmuş protokolu Təqsirləndirilən şəxs və müdafiəçisi Hüseyn Əsgərov imzalamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlənin narkotik vasitə tiryək olmasını, bir neçə gün əvvəl Mingəçevir şəhər Qres qəsəbəsində olarkən təsadüfi zəmində yol kənarından taparaq əldə etməsini və özü istifadə etmək məqsədilə üzərində saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid2 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 06 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:40 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 08 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Eyni tarixli qərarla təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Şəxsi axtarış və götürmə keçirilməsi barədə 06 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı üzərindəki qırmızı rəngli köynəyin sol yan döş cibində saxladığı və təqdim etdiyi 1 ədəd şəffaf sellofan bükümünü içərisində kütlənin narkotik vasitə tiryəkiyə bənzər vasitə müəyyən olundu. Şəffaf sellafon bükümün içərisində narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilən zaman ümumi çəkisinin 0,93 qram olması müəyyən edilmişdir. Bir ədəd “CD-R” diskdə olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 06 yanvar 2024-cü il tarixli protokola uyğun olmuşdur. İş üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizasının 07 yanvar 2024-cü il tarixli 17/21 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə oxşar kütlə.” sözləri, adlar və imzalar yazılmış olan zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi- 0,706 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -tiryəkdir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 16 mart 2024-cü il tarixli 472 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəkdən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Maddi sübut kimi tanımaq haqqında 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi ümumi 0.706 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0.606 qram olan narkotik vasitə tiryək maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞnin saxlanc otağına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İşdə olan Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Havarlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Havarlı kəndində yaşadığı müddətdə nümayəndəliyə barəsində yazılı və şifahi şikayət daxil olmamışdır. Sübutların qiymətləndirilməsi haqqında 24 mart 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-kimyəvi ekspertizasının 07 yanvar 2024-cü il tarixli 17/21 nömrəli və məhkəmə-narkoloji ekspertizasının 16 mart 2024-cü il tarixli 472 saylı rəyləri, 1 ədəd Disk və əldə olunmuş maddi sübut, sübut növü kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaqın gedişatında, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını (CM-nin 59.2) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 06 yanvar 2024cü il tarixdən 08 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı, 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024–cü il tarixdən xx.xx.2024–cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1(bir) günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Yevlax rayonu hüdudlarını tərk etməmək, Yevlax rayonunda yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məhsul saxlanca verilmiş 0,606 qram olan narkotik vasitə- tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar