Məhkəmə qərarları › İş №1(051)-88/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-88/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-88/2024 29.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1990-cı il tarixdə Yevlax şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Günəşli bağ massivi 7-ci küçədə yaşayan, barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(051)-88/2024 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 2-ci siyahının 118-ci bəndinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən psixotrop maddə metamfetaminin aşağı həddi üçün 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda ümumi çəkisi 1.171 qram olan küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən 2 (iki) ədəd gümüşü ağ rəngli kağız bükümdə təmiz çəkiləri 0,097 qram və 0,091 qram olan hissəsinin əynindəki qara rəngli şalvarın sol yan cibində, 3 (üç) ədəd sellofan bükümlərdə təmiz çəkiləri 0,352 qram, 0,308 qram və 0,323 qram olan hissəsini isə qara rəngli açar qabının içərisində əynində olan alt geyiminin iç hissəsində satış məqsədi olmadan saxlayaraq daşımış və 01 mart 2024-cü il tarixdə Mingəçevir şəhər X1 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Günəş küçəsində saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 14:30-dan 14:43-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən 2 (iki) ədəd gümüşü ağ rəngli kağız bükümlərdə təmiz çəkiləri 0,097 qram və 0,091 qram olan psixotrop maddə metamfetamin onun əynində olan qara rəngli şalvarın sol yan cibindən, 3 (üç) ədəd sellofan bükümlərdə təmiz çəkiləri 0,352 qram, 0,308 qram və 0,323 qram olan psixotrop maddə metamfetamin isə Mingəçevir şəhər X5 Saxlama Yerinin kamerasına yerləşdiriİməzdən əvvəl X6 əməkdaşları tərəfindən saat 18:10-dan saat 18:20-dək olan müddət ərzində üzərinə axtarış keçirilərkən əynində olan alt geyiminin iç hissəsindən qara rəngli açar qabının içərisindən aşkar edilib götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, hazırda da psixotrop maddə metamfetamindən istifadə edir. Psixotrop maddə metamfetamini sosial şəbəkələrdə tanış olduğu şəxsdən əldə edir. Belə ki, xx.xx.2024-cü il tarixdə o, həmin şəxsin istifadəsində olan +98 936 410 5185 mobil telefon nömrəsi ilə əlaqə saxladıqdan sonra həmin şəxsin kart hesabına 100 manat məbləğdə pul göndərmişdir. Daha sonra, yəni xx.xx.2024-cü il tarixdə günorta saatlarında həmin şəxs psixotrop maddə metamfetamini gizlətdiyi yerin şəklini çəkib ona göndərmiş, o da Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Socar" yanacaq doldurma məntəqəsinin yaxınlığına gedib oradan bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini götürmüşdür. Sonradan həmin psixotrop maddəni bükümləri özü istifadə etmək məqsədi ilə bükümlərə ayırmışdır. Bir qədərini də istifadə etmişdir. Həmin psixotrop maddəni limon duzu ilə qarışdırıb istifadə edir. Əldə etdiyi psixotrop maddə metamfetamindən 5 bükümü qalmışdır. Həmin 5 bükümdən 2 bükümünü əynində olan şalvarın sol yan cibinə, digər 3 ədəd bükümləri isə içərisində limon duzu olan bükümlərlə birlikdə qara rəngli dəri materialından olan açar qabına qoyub əynində olan alt paltarının iç hissəsinə saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 14 radələrində Mingəçevir şəhəri, Günəş küçəsində yerləşən şəhər qəbiristanlığının yaxınlığında olarkən əldə etdiyi psixotrop maddə metamfetaminlər də üzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər, o da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirmək istədiklərini bildirmişlər. Əvvəlcə onun üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa, çıxarıb təqdim etməyi ona bildirilmişdir. O da əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd mobil telefonu, sol yan cibindən müxtəlif əskinaslardan ibarət 160 manat məbləğdə pul, 1 ədəd alışqan, 1 ədəd dəmir boru, içərisində psixotrop maddə metamfetamin olan 2 ədəd gümüşü-ağ rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən üzərindən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar olunmamışdır. Əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar olunmuş 2 ədəd gümüşü-ağ rəngli kağız büküm digər iştirakçıların yanında açılarkən içərisində ağ rəngli, kəskin iyli kristallik kütlə, yəni psixotrop maddə metamfetaminə oxşar kütlə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş iki ədəd kağız bükümdə olan psixotrop maddəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, iki ədəd kağız bükümləri ilə birlikdə ümumi çəkiləri 0.31 qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin bükümlər onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Bundan sonra onun istifadə etdiyi Opel Astra markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış keçirilərkən avtomobilin salonunda olan ona məxsus gödəkcənin cibindən 1 ədəd bıçaq və psixotrop maddə metamfetamini qəbul etdiyi zaman istifadə etdiyi 1 manatlıq əskinas aşkar edilmişdir. Sorğu zamanı o, bıçaqdan məişətdə istifadə etdiyi üçün avtomobildə saxladığını bildirmişdir. Daha sonra polis şöbəsinin inzibati binasında izahatı alınmış, sonra o, Mingəçevir şəhər X5 Saxlama Yerinə yerləşdirilmişdir. X6 kamerasına yerləşdirilməzdən əvvəl otaqlardan birində onun üzərinə axtarış keçirilmiş, üzərinə axtarış keçirilərkən əynində olan alt paltarının iç hissəsindən 1 ədəd qara rəngli dəri materialından olan açar qabı aşkar edilmişdir. Açar qabı açılıb baxıldıqda içərisində 7 ədəd bükümlər olduğu müəyyən edilmişdir. O, həmin bükümlərdə psixotrop maddə metamfetamin və limon duzu olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə həmin bükümlər açılıb, büklümlərə baxılarkən bükümlərdə olan kütlələrin ağ rəngli kəskin iyli, kristallik maddələr olduğu müəyyən edilmişdir. Daha sonra həmin bükümlər elektron tərəzidə çəkilmiş, bükümlərlə birlikdə aşkar edilmiş maddələrin çəkisi 2.61 qram olmuşdur. Sorğu zamanı o, həmin maddələrdən psixotrop maddə metamfetamin olan hissəsini də sosial şəbəkələrdə tanış olduğu şəxsdən əldə etdiyini bildirmişdir. Daha sonra polis əməkdaşlarının iştirakı ilə protokol tərtib edilərək psixotrop maddələr ondan götürülmüş, bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla birlikdə o da imza etmişdir. Hazırda əməlindən peşmandır. Himayəsində bir nəfər azyaşlı uşağı vardır. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə almasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis Şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Mingəçevir şəhər PŞ-nin əməkdaşları Şahid2 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Günəş küçəsində yerləşən şəhər qəbiristanlığının yaxınlığında görüb ona yaxınlaşaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirilib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs də üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o da əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd mobil telefon, sol yan cibindən müxtəlif əskinaslardan ibarət 160 manat məbləğdə pul, 1 ədəd dəmir boru, 2 ədəd içərisində psixotrop maddə metamfetamin olan gümüşü-ağ rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş gümüşü-ağ rəngli bükümlərə açılıb baxıldıqda bükümlərdə olan kütlənin şəffaf rəngli, kəskin iyə malik kütlə, yəni psixotrop maddə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 2 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan psixotrop maddəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, 2 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlər ilə birlikdə ümumi cəmi çəkisi 0,31 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə olduğunu, həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə günorta saatlarında sosial şəbəkələrdə tanış olduğu şəxsdən həmin şəxsin kart hesabına pul göndərdikdən sonra, həmin şəxs psixotrop maddə metamfetamini gizlətdiyi yeri ona bildirdiyi Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən "Socar" yanacaq doldurma məntəqəsinin yaxınlığından əldə etdiyini və psixotrop maddənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçiriləcəyi Təqsirləndirilən şəxs bildirilərək, avtomobildə saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya vardırsa çıxarıb təqdim etməsi təklif edilmişdir. O da avtomobildə saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi Opel Astra markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonunda olan Təqsirləndirilən şəxs məxsus gödəkcənin cibindən 1 ədəd bıçaq və 1 ədəd 1 manatlıq əskinas aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bıçağın özünə məxsus olduğunu, 1 manatlıq əskinasdan isə psixotrop maddənin qəbulu zamanı istifadə etdiyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nin MSY-yə yerləşdirilərkən onun üzərindən əlavə 3 bükümdə olan psixotrop maddə metamfetamin aşkar edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə vermiş və onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Mingəçevir şəhər Polis Şöbəsində MSY-nin rəisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 18:10-da narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuş Hacıyev X3 şəhər X5 Saxlama Yerinin kamerasına yerləşdirilməsi üçün Mingəçevir ŞPŞ-nin MSY-yə daxil olmuşdur. DİN-in müvafiq təlimatına əsasən şübhəli şəxs qismində tutulmuş şəxs MSY-nin kameralarına yerləşdirilməzdən əvvəl onun üzərinə axtarış keçirilir. Ona görə də Təqsirləndirilən şəxs kameraya yerləşdirilməzdən əvvəl MSY-nin müvafiq otağında üzərinə MSY-nin əməkdaşları Şahid5 və Şahid4la birlikdə yoxlanış aparılarkən, Təqsirləndirilən şəxs əynində olan alt paltarının iç hissəsindən qara rəngli dəri materialından olan açar qabı aşkar olunmuşdu. Həmin açar qabı açılıb baxılarkən içərisindən 7 ədəd sellofan bükümlər olduğu müəyyən edilmişdir. Bundan sonra həmin bükümlər tərəflərindən açılıb baxılarkən bükümdə olan kütlələrin psixotrop maddə metamfetamin və limon duzları olduğunu bildirdi. Bundan sonra bu barədə müvafiq akt tərtib edildi və Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət edilmiş, daha sonra Təhqiqat Bölməsinin təhqiqatçısı polis kapitanı Rəşad Cəfərov MSY-nə gələrək Təqsirləndirilən şəxs aşkar olunmuş sellofan bükümlərə baxış keçirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş sellofan bükümlərə baxılarkən bükümlərdə olan kütlələrin şəffaf rəngli kristallik kütlələr olduğu müəyyən edilmişdir. Daha sonra bu barədə protokol tərtib edilərək Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlər götürülmüşdür. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 və Şahid4 da Şahid3 ifadəsinə uyğun ifadə vermişlər və onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli şalvarın sol yan cibində gizlədərək saxladığı iki ədəd gümüşü kağız bükümlərdə ümumi çəkisi 0.31 qram olan psixotrop maddə metamfetamin, bir ədəd turubka aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Opel Astra markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağı ilə arxa şüşəsinin arasında olan qara rəngli qış gödəkcəsinin sağ yan iç cibindən 1 ədəd bıçaq və 1 ədəd 1 manatlıq əskinas aşkar edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixdə Mingəçevir ŞPŞ-nin MYSdə baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilərkən arxa nahiyəsindən açar qabında gizlədərək saxladığı ümumi çəkisi 2.61 qram olan 7 ədəd büküm aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 2 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan psixotrop maddə metamfetamin, 1 ədəd dəmir boru aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi Opel Astra markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı Təqsirləndirilən şəxs məxsus qara rəngli gödəkcənin sağ yan iç cibindən 1 ədəd bıçaq və 1 ədəd bükülü halda olan 1 manatlıq əskinas aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan alt paltarının iç hissəsindən 1 ədəd açar qabının içərisindən 7 ədəd gümüşü-ağ rəngli kağız bükümünə bükülmüş psixotrop maddə metamfetamin aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/227 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlələr və istifadə üçün alət..." sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki: - 02(iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,097 qr., 0,091 qr., ümumi təmiz çəkisi – 0,188 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetaminlərdir, - 01(bir) ədəd başlığına gümüşü rəngli kağız bükülmüş kiçik metal borunun (turubkanın) üzərində olan cüzi miqdarda maddə hissəcikləri psixotrop maddə metamfetamin hissəcikləridir. Həmin metamfetamin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş bükülü halda 1 manatlıq əskinas..." sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd 1 manatlıq pul əskinasından hazırlanmış boruşəkilli bükülünün üzərində olan cüzi miqdarda maddə hissəcikləri psixotrop maddə metamfetamin hissəcikləridir. Həmin metamfetamin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlələr..." sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki: - 03(üç) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,352 qr., 0,308 qr., 0,323 qr., ümumi təmiz çəkisi-0,983 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetaminlərdir, - 04(dörd) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,375 qr., 0.141 qr., 0,239 qr., 0,234 qr., ümumi təmiz çəkisi – 0,989 qram olan limon duzuna oxşar maddələr narkotik vasitələrə və psixotrop maddələrə aid deyil. Tədqiqata təqdim edilmiş, 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə və 03 (üç) ədəd sellofan bükümlərdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib kompanentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd 1 manatlıq pul əskinasından hazırlanmış boruşəkilli bükülünün və 01 (bir) ədəd başlığına gümüşü rəngli kağız bükülmüş kiçik metal borunun (turubkanın) üzərində olan melamfetamin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin obyektlərlə 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə və 03 (üç) ədəd sellofan bükümlərdə olan metamfetaminlərin müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmadı. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 526 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/229 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, istifadəyə yararlıdır. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi barədə” xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-in 234.2 və 228.4cü maddələri ilə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində üzərində psixotrop maddə metamfetamin hissəcikləri olan 1 ədəd metal boru, 1 ədəd 1 manatlıq əskinas və 4 ədəd bükümlərdə limon duzu aşkar olunması xüsusatı üzrə cinayət təqibi rədd edilmiş, cinayət işi üzrə götürülmüş 5 (beş) ədəd gümüşü-ağ rəngli kağız və sellofan bükümlərdə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0,250 qram (hər ob.-0,050qram) psixotrop maddə kütlələrindən sonra yerdə qalan ümumi çəkisi 0,921 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində psixotrop maddə metamfetamin hissəcikləri olan 1 ədəd metal boru, 1 ədəd 1 manatlıq əskinas iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən metamfetaminləri əldə edib üzərində daşımaqla, ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda ümumi çəkisi 1.171 qram olan küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən 2 (iki) ədəd gümüşü ağ rəngli kağız bükümdə təmiz çəkiləri 0,097 qram və 0,091 qram olan hissəsinin əynindəki qara rəngli şalvarın sol yan cibində, 3 (üç) ədəd sellofan bükümlərdə təmiz çəkiləri 0,352 qram, 0,308 qram və 0,323 qram olan hissəsini isə qara rəngli açar qabının içərisində əynində olan alt geyiminin iç hissəsində satış məqsədi olmadan saxlayaraq daşımış və 01 mart 2024-cü il tarixdə həmin çəkidə psixotrop maddə metamfetamin onun üzərindən aşkar edilib götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən xx.xx.2024–cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il tarixdə doğulmuş Rəsul adlı azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 arasında xx.xx.2012-ci il tarixdə Yevlax rayon Qeydiyyat Şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 191 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Hacıyeva” soyadı verilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçmək və MSY-dən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024–cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, o, Mingəçevir ŞPŞ–nin MSY–dən azad edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(051)-88/2024 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və axtarışda olan şəxsin tutulması barədə protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə özünü könüllü olaraq Mingəçevir Şəhər polis Şöbəsinə təqdim etmişdir. Hazırki hökmün çıxarıldığı xx.xx.2024–cü il tarixədək Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 26 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 26 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 01 ay 22 gün müddət, təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhəri, Günəşli bağ massivi 7-ci küçədə yerləşən yaşayış yerini saat 22:00–dan 07:00– dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 526 saylı rəyinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməsi müəyyən edilmədiyindən, onun narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Bununla yanaşı, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Mingəçevir ŞPŞ–yə məsul saxlanca verilmiş, 1 ədəd 1 manatlıq əskinas dövlət nəfinə alınmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra ümumi çəkisi 0,921 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində psixotrop maddə metamfetamin hissəcikləri olan 1 ədəd metal boru hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekpertiza tədqiqatlarının dəyəri olan 102 manat 54 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum etməklə barəsində ittiham hökmü çıxarıldıqda, şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 24 (iyirmi dörd) gün, cəmi 26 gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq 1 ay 22 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 10 (on) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhəri, Günəşli bağ massivi 7-ci küçədə yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra ümumi çəkisi 0,921 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində psixotrop maddə metamfetamin hissəcikləri olan 1 ədəd metal boru hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd 1 manatlıq əskinas əvəzsiz olaraq Dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 102 manat 54 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar