Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-91/2021 20.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx.xx.1957-ci ildə Göyçay rayonunun Qarabağlar kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, pensiyaçı, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs dünya ölkələri arasında, o cümlədən Azərbaycan Respublikası ərazisində yayılmış yeni növ «Koronavirus COVİD-19» infeksiyasına yoluxmasının müəyyən edilməsi ilə əlaqədar olaraq 25.11.2020-ci il tarixdə verdiyi laboratoriya müayinələri nəticəsində koronavirus infeksiyasına yoluxma faktının təsdiq edilməsi barədə 29.11.2020-ci il tarixdə olduğu yerdə təcrid olunma haqqında məlumat aldıqdan sonra yaşadığı ünvan 2 ünvanında karantinə alınmasına və Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları»nın 4.5.5 və 4-1-ci maddələrinin tələbinə əsasən 14 gün müddətinə yaşadığı mənzili tərk etməməli olduğu halda 30.11.2020-ci il tarixdə saat 12 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı mənzili tərk edərək Mingəçevir şəhəri M.Maqomayev prospekti 81 B ünvanında yerləşən «X7»nə gedərkən özündə aşkar olunan yeni növ «Koronavirus COVİD-19» infeksiyasının qonşuların, Mingəçevir şəhərinin girəcəyində quraşdırılan karantin postunda xidmət aparan polis əməkdaşlarının və digər şəxslərin arasında yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 25.11.2020-ci il tarixdə mədə-bağırsaq sistemində narahatlıq yarandığına görə özünü narahat hiss etdiyi üçün öz təşəbbüsü ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına getmək istəsə də, qohumlarının təkidi ilə fikrini dəyişib həmin gün səhər saatlarında Mingəçevir şəhəri «Nərgiz» klinikasında işləyən İlham adlı həkimin yanına gəlmişdir. Onun göndərişi ilə Zöhrə adlı həkimin yanında ultra səs müayinəsindən keçərək nəticə barədə sənədi İlham həkimə təqdim etmiş, həkim ona resept yazandan sonra evə qayıtmışdır. Lakin, yenə də, ehtiyatdan həmin gün Göyçay Mərkəzi xəstəxanasında “Covid-19” infeksiyasına yoluxub-yoluxmamağımla bağlı test yəni (yaxma) vermiş, xəstəxana işçilərindən testin nəticəsini soruşsa da, testin nəticəsi bəlli olan kimi ona SMS vasitəsi ilə məlumat veriləcəyi bildirilmişdir. Orada cavabı bildiriş SMS-i vasitəsi ilə almaq üçün istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini analiz (yaxma) götürənlərə verdikdən sonra evə qaydaraq İlham həkimin yazdığı müalicə kursuna başlamışdır. Müalicə kursunu davam etdirsə də, heç bir səmərəsi olmadığından 29 noyabr 2020-ci il tarixdə Zöhrə həkimlə telefon əlaqəsi yaradaraq müalicənin səhhətinin yaxşılaşmasına heç bir müsbət təsir göstərmədiyini deyəndə o, səhəri yəni, 30 noyabr 2020-ci il tarixdə yenidən Mingəçevir şəhərinə gəlməyi məsləhət görmüşdür. Həmin gün yəni, 29 noyabr 2020-ci il tarixdə saat 16 radələrində mobil telefonuna gələn bildiriş SMS-ni 6cı sinifdə oxuyan nəvəsi Şahid3 oxuyaraq verdiyi analizin nəticəsinin «pozitiv» olmasını demişdir. Nəvəsinin deməsi ilə kifayətlənərək həmin SMS-i oxumayaraq «pozitiv» anlayışının «yaxşı» mənasında olmasını təsəvvür etmişdir. 30 noyabr 2020-ci ilə tarixdə səhər 08:00 radələrində əri Bəxtiyar Yusifovla birlikdə tanıdığı taksi sürücüsü X2 idarə etdiyi «VAZ-2106» markalı avtomobilə əyləşərək Mingəçevir şəhəri istiqamətində hərəkətə başlamışdır. Yevlax rayonunun Xaldan qəsəbəsi istiqamətindən gələrək təxminən saat 12 radələrində Mingəçevir şəhərinə daxil olmaq istəyən zaman şəhərin girişində qurulmuş karantin postunda polis əməkdaşları yaxınlaşaraq avtomobili saxlatmışlar. Hər üçünün şəxsiyyət vəsiqələrini yoxlayan zaman polis əməkdaşları onun “Covid-19” infeksiyasına yoluxduğunu və buna görə də, evdə qalmaqla təcrid olunma qaydalarını pozduğunu demişlər. Daha sonra oraya təcili tibbi yardım və sanitar epidemiologiya avtomaşınları gəlmişlər. Orada iştirakı ilə video çəkiliş həyata keçirildikdən sonra isə gəldiyi avtomaşınla geri qayıtmışlar. Oradan birbaşa Göyçay rayon xəstəxanasında işləyən ailə həkimi Şahid1 yanına getmiş, Şahid1 isə onu digər Sevinc adlı həkim yanına göndərmişdir. Sevinc həkim təngnəfəsliyi, ağrıları olub-olmamasını soruşduqda səhhətinin yaxşı olduğunu, heç bir ağrısı olmadığını demişdir. Həkim ona “Covid-19” infeksiyasına yoluxmağı ilə bağlı müalicə almalı olduğunu deyərək resept yazmışdır. O, da gedib müalicə olunmuşdur. Onunla mütəmadi olaraq telefon əlaqəsi yaradılmış, müalicəni başa vurduqdan 2 həftə sonra sağalmağı barədə bildiriş SMS-i gəlmişdir. Bildiriş SMS-ni nəvəsi Nicat Tağıyev oxusa da, bildiriş SMS-nə əhəmiyyət verməmişdir. Testin cavabı və başqa şeylər barədə gələn SMS-lər kənar müdaxilə olmadan mobil telefonundan silinmişdir. Əməlindən peşmandır. Buna görə də ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər polis şöbəsinin X4 baş inspektoru vəzifəsində xidmət edir, polis mayoru xüsusi rütbəsindədir. Mingəçevir ŞPŞ-nin İTB-nin YYÇPİÜQ-nun baş inspektoru vəzifəsində xidmət edərkən 30.11.2020-ci il tarixdə saat 12 radələrində Mingəçevir şəhərinin Xaldan şossesi istiqamətində olan giriş hisəsində qurulmuş karantin postunda yeni növ «COVİD-19» infeksiyasına yoluxmuş şəxsin saxlanıldığı müəyyən olunduğundan əməliyyat istintaq qrupunun üzvləri ilə birlikdə həmin karantin postuna getmişdir. Oraya çatdıqda saxlanılan şəxsin ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin vaxt müstəntiq Şəmsəddin Balayev Təqsirləndirilən şəxs “Covid-19” infeksiyasına yoluxduğunu, ev şəraitində karantinə alındığını, karantin qaydalarını pozduğunu elan etdikdən sonra hadisə yerinə Sanitar-Epidemiologiya və Gigiyena İdarəsinin əməkdaşları və təcili tibbi yardım avtomobili dəvət olunmuşdur. Təqsirləndirilən şəxs ilə profilaktiki söhbətlər aparılandan sonra o, yaşadığı rayona yola salınmışdır. Bütün bunlardan sonra şəhər polis şöbəsinə gələrək Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün şöbə rəhbərliyinə raportla müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir ŞPŞ-nin YPXB-nün YNH üzrə inspektoru vəzifəsində polis kapitanı xüsusi rütbəsində xidmət edir. 30.11.2020-ci il tarixdə saat 09:00 radələrində Mingəçevir şəhərinin Xaldan şossesi istiqamətində olan giriş hisəsində qurulmuş karantin postunda 12 saatlıq növbəni qəbul etmişdir. Elə həmin gün yəni, 30.11.2020-ci il tarixdə saat 12 radələrində postdan keçən avtomobilləri yoxlayan zaman yeni növ «COVİD-19» infeksiyasına yoluxmuş, M.Hüseynzadə küçəsi 35 ünvanında yaşayan Təqsirləndirilən şəxs saxlayıb şöbənin növbətçi hissəsinə məlumat verdikdə oraya əməliyyat istintaq qrupunun üzvləri ilə birlikdə oraya Mingəçevir ŞPŞ-nin İTB-nin YYÇPİÜQ-nun sabiq baş inspektoru vəzifəsində xidmət edən Şahid4 da həmin karantin postuna gəlmişdir. Oraya çatdıqda müstəntiq X12 Yusifovaya “Covid-19” infeksiyasına yoluxduğunu, ev şəraitində karantinə alındığını, karantin qaydalarını pozduğunu elan etdikdən sonra hadisə yerinə Sanitar-Epidemiologiya və Gigiyena İdarəsinin əməkdaşları və təcili tibbi yardım avtomobili dəvət olunmuş, Təqsirləndirilən şəxs ilə profilaktiki söhbətlər aparılandan sonra o, yaşadığı Göyçay şəhərinə yola salınmışdır. Bütün bunlardan sonra xidmətinə davam etmiş, saat 21:00da isə növbəni digər əməkdaşlara təhvil verərək istirahətə buraxılmışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 göstərmişdir ki, 1981-ci ildən Göçay rayon mərkəzi xəstəxanasında sahə həkimi, 2017ci il tarixdən isə xəstəxananın Ailə və Sağlamlıq Mərkəzində ailə həkimi vəzifəsində işləyir. Ailə həkimi olaraq Göyçay şəhəri M.Hüseynzadə küçəsi, Natəvan, M.F.Axundov və sair küçələrə nəzarət edir. 30 noyabr 2020-ci il tarixdə saat 11:00 radələrində işdə olarkən ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs yeni növ «COVİD-19» infeksiyasına yoluxması barədə məlumat daxil olmuş, həmin məlumatı qeydə alaraq dərhal sahənin tibb bacısı Şahid2 həmin xəstənin anket məlumatlarından telefon nömrəsini götürüb ona bu haqda məlumat verməyi göstəriş vermişdir. Şahid2 onun göstərişi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə saat 11:20 radələrində ***-***-**-** mobil telefon nömrəsindən zəngedərək ona “Covid-19” infeksiyasına yoluxduğunu, bu səbəbdən də, 14 gün müddətinə yaşadığı mənzili tərk etməməli olmasını, 29 noyabr 2020-ci il tarixdə artıq bu haqda ona bildiriş SMS-i gəlməsini, onun verdiyi testin nəticəsinin «pozitiv» olması səbəbindən ailə üzvlərinin yaşadıqları ünvanı tərk etməməli olduqlarını, üstəlik onun ailə üzvlərinin də həmin virusa yoluxub-yoluxmadıqlarını müəyyən etmək üçün analiz (yaxma) verməli olduqlarını, ağrıları olarsa, məlumat verməli olduğunu nəzərinə çatdırmışdır. O, isə bütün tapşırıqlara əməl edəcəyini demişdir. Bundan sonra 30.11.2020-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs Ailə və Sağlamlıq mərkəzinə gələrək Mingəçevir şəhərində yerləşən «X7»nə gedən zaman Mingəçevir şəhərinin girişində qurulan karantin postunda saxlanılmasını bildirmişdir. Ona bu cür nöqsanlara verməsinə görə irad tutmuşdur. Ona müalicə olunmalı olduğunu dedikdə digər müalicə həkimi Sevinc həkim tanışı olduğundan onun yazıdığı respetə uyğun müalicə alacağını demişdir. Lakin, buna baxmayaraq o və tibbi bacısı Şahid2 onunla müntəzəm olaraq telefon əlaqəsi saxlayıb öskürəyi, hərarəti, təngnəfəsliyi olub-olmaması və dərman prepartlarını qəbul edib-etmədiyi ilə maraqlanmışlar. 14 gün müddət bitdikdən sonra isə ona artıq yaşayış yerini tərk etməsinə icazə verilməsi bildiriş SMS-i vasitəsi ilə nəzərinə çatdırılmış və portaldan aktiv xəstə siyahısından çıxarılmışdır. Ona yeni növ «COVİD-19» infeksiyasına yoluxmağı ilə bağlı test (yaxma) verərkən karantin rejimi qaydalarını pozmaması, yaşadığı mənzildə təcrid olunması ilə bağlı tibb işçiləri tərəfindən ətraflı məlumat verilsə də, bütün bunlara baxmayaraq qanuna riayət etməyərək özbaşına mənzilini tərk etmiş və xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarında olan 01.12.2020-ci il tarixli DVD diskə baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25.11.2020-ci il tarixdə “COVİD-19” virusu ilə əlaqədar olaraq laborator müayinə (yaxma) olunmuş və 29.11.2020-ci il tarixdə müayinənin nəticəsi pozitiv olmuş, buna baxmayaraq Təqsirləndirilən şəxs karantin rejimini tələblərini pozaraq 30.11.2020-ci il tarixdə küçəyə çıxıb xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Cinayət işi materiallarında olan 15.03.2021-ci tarixli baxış protokolundan görünür ki, “Azercell” mobil opertorundan daxil olmuş mobil telefon məlumatlarını özündə əks etdirən CD diskə baxış keçirilən zaman 29.11.2020-ci il tarixdə saat 16:27 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə İcbari Tibbi Sığorta.Gov.Az-ın ***-***-**-** mobil telefon nömrəsindən 3 ədəd bildiriş mesajı, 30.11.2021-ci il tarixdə isə saat 11:21 dəqiqədə isə onun yaşadığı sahənin ailə həkimi Şahid1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən zəng daxil olduğu müəyyən edilmişdir. Cinayət işi materiallarında olan Göçay rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 03.02.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 25.11.2020-ci il tarixdə “COVİD-19” virusu ilə əlaqədar olaraq labarator müayinə (yaxma) olunmuş və 29.11.2020-ci il tarixdə müayinənin nəticəsi pozitiv olmuşdur. Cinayət işi materiallarında olan Göçay rayon Mərkəzi Xəstəxanasından daxil olmuş aktdan görünür ki, Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları»nın 4.5.5 və 4-1-ci maddələrinin tələbinə əsasən Abidə Yusifvanın yeni növ «COVİD-19» infekiyasına yoluxub-yoluxmamasını müəyyən etmək üçün ondan test (yaxma) götürülən zaman ona testin cavabı çıxana qədər karantin qaydalarına əmələ edərək özünün və ailə üzvlərinin mənzili tərk etməməsi barədə ona iltizam elan olunsa da, sonuncu iltizamla tanış olmaqdan və imza etməkdən imtina etdiyindən bu barədə müvafiq akt tərtib edilmişdir. Cinayət işinə əlavə edilmiş DİN BƏSİİ-nin 06.02.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə olunmuş Göyçay mənzil istismar sahəsindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay şəhəri M.Hüseynzadə küçəsi mənzil 35-də qeydiyyatdadır. Qeydiyyatda olduğu müddət ərzində bina sakinləri tərəfindən Mənzil İstismar Sahəsinə Təqsirləndirilən şəxs haqqında heç bir şikayət ərizəsi daxil olmamışdır. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs dünya ölkələri arasında, o cümlədən Azərbaycan Respublikası ərazisində yayılmış yeni növ «Koronavirus COVİD-19» infeksiyasına yoluxmasının müəyyən edilməsi ilə əlaqədar olaraq 25.11.2020-ci il tarixdə verdiyi laboratoriya müayinələri nəticəsində koronavirus infeksiyasına yoluxma faktının təsdiq edilməsi barədə 29.11.2020-ci il tarixdə olduğu yerdə təcrid olunma haqqında məlumat aldıqdan sonra yaşadığı ünvan 2 ünvanında karantinə alınmasına və Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları»nın 4.5.5 və 4-1-ci maddələrinin tələbinə əsasən 14 gün müddətinə yaşadığı mənzili tərk etməməli olduğu halda 30.11.2020-ci il tarixdə saat 12 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı mənzili tərk edərək Mingəçevir şəhəri M.Maqomayev prospekti 81 B ünvanında yerləşən «X7»nə gedərkən özündə aşkar olunan yeni növ «Koronavirus COVİD-19» infeksiyasının qonşuların, Mingəçevir şəhərinin girəcəyində qurraşdırılan karantin postunda xidmət aparan polis əməkdaşlarının və digər şəxslərin arasında yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-in 139- 1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olmasını və yaşayış yerində müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Göyçay rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Göyçay rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmalı və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Göyçay rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətiimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Göyçay rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM : Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-91/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-91/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver