Məhkəmə qərarları › İş №1(051)-91/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-91/2022

24.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-91/2022 24.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.1992-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci madələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının çəkib qurtarmış, məhkumluğu olan, Mingəçevir şəhər H.Əliyev prospekti ev 84/1, mənzil 45-də qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivi 10-cu küçədə yerləşən fərdi yaşayış evinin həyətinə hasardan qanunsuz olaraq daxil olaraq həyətdə olan bir ədəd BX6 -1000 markalı işlək vəziyyətdə, dəyəri 120 manat olan qaynaq aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 3 mart 2022-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşıb keçib, evin birinci mərtəbəsində yerləşən yataq otağının açıq vəziyyətdə olan giriş qapısından evə qanunsuz olaraq daxil olub evin yataq otağındakı paltar dolabının rəflərində sellofan torbada saxlanılan 1600 manat məbləğdə nəğd pulu və hər birinin çəkisi 4,58 qram olmaqla ümumi çəkisi 9,16 qram 583 əyarlı dəyəri 732 manat olan bir cüt sırğa, çəkisi 2,40 qram 583 əyarlı, dəyəri 192 manat olan bir ədəd qızıl üzük, çəkisi 2 qram 583 əyarlı 160 manat dəyəri olan bir ədəd qızıl üzük, çəkisi 4,16 qram 916 əyarlı dəyəri 520 manat olan qızıl klon, çəkisi 0,30 qram 583 əyarlı dəyəri 25 manat olan qızıl qulp, çəkisi 2,70 qram 585 əyarlı dəyəri 216 manat olmaqla ümmilikdə 1845 manat dəyərində qızıl zinət əşyalarına və qızıl zinət əşyalarının üzərində olan ümumi dəyəri 150 manat olan 1,5 sot çəkidə olmaqla 35 ədəd brilliant qaşları ilə birlikdə gizli talayıb Laləzar Əhmsdovaya ümümilikdə 3595 manat maddi ziyan vurmaqla oğurlamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2022ci il tarixdə saat 20 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində bir az spirtli içki qəbul etdikdən sonra hava almaq üçün evdən küçəyə çıxdı. Bir müddət küçədə gəzəgəzə Günəşli bağ massivində yerləşən “Poçt küçəsi” adlanan istiqamətə yollandı. Daha sonra “Poçt küçəsi” ilə üzü yuxarı dağ istiqamətinə doğru piyada getməyə başladı. Təxminən 200-300 metr piyada getdikdən sonra küçənin sol tərəfindəki fərdi yaşayış evinin dəmir qapısının açıq olduğunu gördü. O, həmin fərdi yaşayış evinin kimə məxsus olması barədə dəqiq məlumatı yox idi. Açıq qapıdan fərdi yaşayış sahəsinin içərisinə baxdıqda həyətdə heç kəsin olmadığını gördü, həmçinin qapısı açıq olan yaşayış sahəsinin içərisindəki evin eyvanında olan işıq çırağının işığı həyətə düşdüyü üçün həyətə diqqətlə baxdıqdan sonra həyətdə olan iki ədəd ağacın arasında qaynaq aparatının olduğunu gördü. İçkinin təsiri altında sərxoş vəziyyətdə, olduğundan habelə həyətdə heç kəsin olmaması qaynaq aparatını oğurlamaq üçün uyğun şərait olmasını düşünərək darvazadan həyətə daxil oldu. Həyətə girib qaynaq aparatını götürdükdən sonra darvazadan küçəyə çıxaraq oğurladığı qaynaq aparatı ilə birlikdə yaşadığı evə gəldi. Ailə üzvlərinin yaşadığı fərdi yaşayış evindən sonuncu dəfə o özü çıxdığı üçün qapı açıq vəziyyətdə idi və qapıdan öz həyətlərinə girdi. Buna görə də, ailə üzvlərindən kimsə onun qaynaq aparatı gətirməsindən məlumatı olmadı. Həyətdə olan ağ kisə vasitəsilə qaynaq aparatının üzərini bağladı ki, ailə üzvlərindən görüb-bilən olmasın. Növbəti gün xx.xx.2022-ci il tarixdə səhər 09 radələrində ailə üzvləri işə getdiyi üçün evdə heç kim yox idi. Həmin gün səhər saat 10 radələrində tanışı İsmayıl adlı şəxsin mobil nömrəsinə zəng edərək onunla işi olmasını deyərək, görüşmək istədiyini bildirdi və onun yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivində 11-ci küçədə yerləşən yaşayış evinə gəlməsini xahiş etdi. Həmin danışıqdan sonra İsmayıl özünə məxsus VAZ 2107 markalı avtomobil ilə gəldi. İsmayıl görüşməklərinin səbəbini ondan soruşduqda, İsmayıla Mingəçevir şəhəri, Kolxoz bazarı adlanan yerə yaxın yerdə işləmək üçün iş tapdığını barədə yalan məlumat verdi. Bunun üçün də, özünə məxsus olan qaynaq aparatını İsmayıla məxsus olan “Kolxoz bazarı”nda yerləşən anbarında saxlamasını xahiş etdi. İsmayıl onun usta kimi işləməsindən daha əvvəllər də məlumatlı olmuşdur. Buna görə də, İsmayıl ondan həmin qaynaq aparatının oğurluq olub-olmaması barədə hər hansı bir sual vermədi. O, da, İsmayıla qaynaq aparatının oğurluq olması barədə hər hansı məlumat vermədi. O, qaynaq aparatını İsmayıla məxsus olan Vaz 2107 markalı avtomobilin yük hissəsinə qoydu. Daha sonra İsmayıl ilə birlikdə Kolxoz bazarında yerləşən İsmayıla məxsus anbara gəldi və həmin qaynaq aparatını İsmayıla məxsus olan anbara qoydu. Sonra yaşadığı ünvan 3 -ci küçədə yerləşən yaşadığı evə gəldi. xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində İsmayıla məxsus anbara gələrək İsmayıla işə gedəcəyini, bunun üçün də qaynaq aparatını götürmək istədiyini bildirdi. İsmayıl isə heç bir narahatçılığı olmadığını bildirdi. Daha sonra qaynaq aparatını götürərək dəqiq xatırlamadığı taksilərdən biri ilə bacısının yaşadığı ünvan 3-ci küçədə yerləşən fərdi yaşayış evinə gətirdi. Təxminən saat 11 radələrində o, bacısının yaşadığı fərdi yaşayış evinə gəldi, evdə heç kim yox idi. Qaynaq aparatını evin arxasındakı, damın qarşısına qoydu. Daha sonra polis əməkdaşları tərəfindən həmin oğurluq müəyyən edildi. Bundan başqa xx.xx.2022-ci il tarixdə səhər saatlarında evdən çıxıb şəhər istiqamətinə gedərkən pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəldi. Lakin dəqiq olaraq haradan, yaxud hansısa mənzildən oğurluq etməyi planlaşdırmadı. Buna görə də Günəşli bağ massivində küçələri gəzdi. 3-cü küçə ilə gələrkən saat təxminən 08:30 radələrində gördü ki, bir nəfər yaşlı kişi özünə məxsus “Mercedes” markalı avtomobil ilə evin həyətindən küçəyə çıxdı, daha sonra həyətin darvazasını bağladı. Bu zaman avtomobilə diqqət yetirəndə avtomobildə bir nəfər də yaşlı qadın sağ arxa oturacaqda əyləşməsini gördü. Bu zaman ev sakinlərinin evdən çıxaraq getmələri və evdə kimsə olmaması qənaətinə gəldi. Hasardan evin həyətinə keçdi. Ev iki mərtəbəli idi. Birinci mərtəbə dəmir qapısı olan otağın qapısının açıq olmasını görüb həmin otağa daxil oldu. Otağın sağ tərəfində çarpayı, onun yaxınlığında masa və qapıdan girişlə üzbəüz köhnə tipli, dolab yerləşdi. Otaqda heç bir əşyanın yerini tərpətmədən birbaşa dolaba yaxınlaşdı. Tutacağı olmayan sağa va sola doğru qapıları açılan dolabın sağ tərəfdə yerləşən qapısını açdı. Dolabın sağ tərəfində yuxarı hissədə ağ rəngli aptek sellofanı gördü. Dolabın qapısını açdıqda həmin sellofanın içərisində pul gördü. Sellofanı götürüb içərisində baxanda 800 manat pul olduğunu gördü. Həmin ağ aptek sellofanının içərisində başqa bir sellofanın içərisində də yenə 800 manat pul olan bağlama var idi. Ümumilikdə 1600 manat pulu götürdü və sellofanda olan bir cüt yaşıl qaşlı qızıl sırğa, bir ədəd yaşıl qaşlı qızıl üzük, bir ədəd bənövşəyi rəngli qızıl üzük, bir ədəd sadə qızıl boyunbağı və boyunbağının üzərindən asılı olan bir ədəd qızıl klonu da götürdü və evdən çıxdı. Sonra küçədə kimsə olmamasını yoxladıqdan sonra oradan hasardan küçəyə keçərək çıxıb getdi. Bir neçə gün ərzində qızıl zinət əşyalarını üzərində saxladı. Bu barədə heç kimi, həmçinin ailə üzvləri ilə birlikdə yaşasa da onların da məlumatı olmadı. Oğurlayaraq əldə etdiyi 1600 manat puldan təxminən 200 manata qədər olan hissəsini özü üçün geyim paltarları alaraq xərclədi. 100 manata özü üçün gümüş üzük almış, dəqiq miqdarını bilməsə də təxminən 400-500 manat pulu mərkəzi bazarın yaxmlmda "poz qazan" lotoreyası alaraq xərclədi. Qalan pulu da hissə-hissə yeyib-içmək və sair borclarına verdi. xx.xx.2022-ci il tarixdə oğurladığı qızıl zinət əşyalarını satmaq qərarına gəldi. Lakin qızıl mağazalarına aparmaqdan ehtiyyat etdi. Orta məktəbdən tanışı qızıl alqı-satıqısı ilə məşğul olan Şahid1 onu tanıdığı üçün ona etibar edəcəyini və qızılı alacağını düşündü. Həmin gün Pərvinə zəng etmiş işlədiyi mağazaya gəlmək istədiyini dedikdə Pərvin həmin gün işdə olmadığını və evdə olmasını bildirdi. O, da Pərvinin yaşadığı Mingəçevir şəhər N.Nərimanov prospektində 1 nömrəli orta məktəbin yaxınlığında yerləşən binaya getdi. Pərvin aşağı düşdü, söhbət zamanı Pərvinə evin, yəni anasına məxsus qızılları satmaq istəməsini və evdə təcili pul lazım olmasını dedi. Pərvin də bu sözündən sonra ona inanıb başqa bir söz soruşmadı. Lakin ona bildirdi ki, sonra şəxsiyyət vəsiqəsini gətirib təqdim etsin ki, öz kitabında qeydiyyat aparsın. O da Pərvinlə razılaşdı. Pərvin ona bildirdi ki, hazırda pulu yoxdur, qızılların ümumi dəyəri 1100 manat təşkil edir və satmağa razılaşsa bir neçə saat ərzində pulu təmin edəcəkdir. O, da Pərvinlə razılşaraq çıxıb getdi. Təxminən bir saat sonra Pərvin ona zəng edərək pul hazır olmasını bildirdi və o, da 1 nömrəli məktəbin yaxınlığına getdi. 1100 manat pulu Pərvindən aldı. Həmin 1100 manat puldan da xərclədi, qalan 470 manat pulu isə pul kisəsində qaldı. xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində “Qələbə” meydanın yaxınlığında olarkən üzdən tanığı polis əməkdaşlarının onun arxasınca gəldiklərini görükdə qaçmağa başladı. Bu zaman daha əvvəlki qaynaq aparatı oğurladığına görə onu axtardıqlarını düşünərək hazırda üzərində 470 manat pul aşkar olunmaması üçün pul kisəsini “Qələbə” meydanı yaxınlığında yerləşən 5+ marketin yaxınlığında yerə ataraq qaçdı. Lakin onu saxladılar. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, təxminən 20 il müddətdir ki, Mingəçevir şəhərində usta fəaliyyəti ilə məşğuldur. 2021-ci ilin oktyabr ayında xırda-para işləri görmək üçün qaynaq aparatı almışdır. Həmin qaynaq aparatını tam işlək vəziyyətə gətirmək üçün təxminən 70-80 manat pul xərcləmişdir. xx.xx.2022-ci il tarixdə səhhətində narahatlıq yarandığı üçün işə getməmişdir. Evdə olmuşdur. Həmin gün evdə olduğu üçün ona məxsus olan qaynaq aparatı vasitəsilə həyətdəki vinti düzəltdikdən sonra qaynaq aparatını fərdi yaşayış evindəki pilləkənlərin alt hissəsinə qoydu. xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində qonşunun həyətində usta işləmək üçün getdi. Günorta saat 16 radələrində işdən çıxdıqdan sonra birbaşa yaşadığı evə qayıtdı.Yaşadığı evin həyətyanı sahəsinə daxil olan zaman təsadüfən pilləkənlərin altına baxdıqda qaynaq aparatının olmadığını bildi. Sonra Mingəçevir ŞPŞ-nə ərizə ilə müraciət etdi. Qaynaq aparatının oğurlanması nəticəsində ona 150 manat ziyan dəyməsini bildirmişdi. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində qaynaq aparatının 120 manat dəyər müəyyən edilməsinə etiraz etmədi. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 Əlpaşa qızı məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, əri X3 ilə birlikdə yaşayır. Yaşadıqları ev iki mərtəbəlidir. Evin birinci mərtəbəsində yerləşən otaqda daimi qalırlar. Həmin otağın iki pəncərəsi və bir qapısı vardır. Pəncərələrin üzərində dəmir barmaqlıqlar var, giriş qapısının taxta qapı hissəsinin qarşısında da dəmir qapı yerləşir. Dəmir qapını evdən çıxarkən qıfıl ilə kilidləyib çıxırlar. Kilidin açarları yalnız özündə və əri Akifdə olur. xx.xx.2022-ci il tarixdə saat 08:30-da o, işə getmək məqsədilə evdən çıxdı, əri Akif də onu avtomobili ilə işə apardı. Otaqdan çıxarkən dəmir qapının qıfılını unudub bağlamamışdır.Həmin gün saat 11:30-da Akif ilə birlikdə evə qayıtmışlar. Otağa daxil olduqda hər hansı dağınıqlıq və sair oğurluğa aid əlamətlər müşahidə etməmişdir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində əri Akif aptekdən dərman almağa gedərkən Akifə pul vermək məqsədilə pulu saxladığı paltar dolabına baxanda gördü ki, pul və qızıl zinət əşyalarını saxladığı sellofan torba yerində yoxdur. Sonra evi axtarsa da tapa bilmədi və bu zaman məlum olub ki, evdən pul və qızıl zinət əşyaları oğurlanmışdır. Sellofan torbanın içərisində 800 manat pul və həmin torabnın içərisində başqa bir sellofanın içərisində 800 manat pul olmaqla ümumilikdə 1600 manat pul, sellofanın içərisində qırmızı rəngli parça kisənin içərisində olan 1 cüt ortasında yaşıl qaşlı ətrafı brilliant qaşlı, 10 qram çəkili, təxmini dəyəri 600 manat olan qızıl sırğalar, bir ədəd qırmızı qaşlı, təxmini dəyəri 300 manat olan qadın üzüyü, bir ədəd ortası yaşıl qaşlı, kənarları ağ qaşlı, təxmini dəyəri 300 manat olan qadın üzüyü, bir ədəd 2-3 qramlıq, təxmini dəyəri 300 manat olan sadə boyunbağı və onun üzərində olan bir ədəd üzərində “Nikolay” şəkli olan təxmini dəyəri 500 manat olan 5-lik qızıl klon oğurlanmışdır. Evdən başqa hər hansı məişət texnikası oğurlanmamışdır. O,evindəki oğurluqla bağlı polis şöbəsinə ərizə verdi. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Təxminən 10 ilə yaxın müddətdir ki, qızıl alqı-satıqısı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə bazar günü olduğu üçün mağazanı açmamışdır. Həmin gün saat 17 radələrində evdə olarkən əvvəllər onunla orta məktəbdə oxumuş və buna görə tanışılığı olan Təqsirləndirilən şəxs ona zəng etdi. Telefon danışığı zamanı qızılı olmasını satmaq istədiyini bildirdi və buna görə də onunla görüşmək istədiyini bildirdi. Sahillə razılaşdı və onu yaşadığı evin yaxınlığına çağırdı. Təxminən 10-15 dəqiqə sonra Sahil ona yenidən zəng edərək binanın yaxınlığında olmasını bildirdi və o, da aşağı düşdü. Binanın qarşısında görüşdülər. Sahil ona bir ədəd qızıl boyunbağı, bir ədəd 5-lik qızıl klon, bir cüt ortası yaşıl brilliant qaşlı ətrafında kiçik ölçülü brilliant qaşları olan qızıl sırğa, iki ədəd birinin ortasında yaşıl rəngli qaşı olan digərinin isə bənövşəyi rənli qaşı olan üzükləri təqdim etdi. Sahil ilə eyni orta məktəbdə oxuduqları üçün onu tanıyıb etibar etdi və qeyd aparmadan qızıl zinət əşyalarını ondan götürdü daha sonra evə qalxdı və hər birini ayrılıqda tərəzidə çəkdi. Ümumilikdə qızıl zinət əşyalarının çəkisi 20 qram təşkil etdi. Buna görə də aşağı düşüb və Sahilə qızılın çəkisinin iyirmi qram olmasını bildirib, 1100 manat pul müqabilində ala billəcəyini ona bildirdi. Sahil də razılaşdı. Lakin həmin vaxt üzərində pul olmadığı üçün təxminən bir saat sonra gəlib pulu götürə biləcəyini bildirdi. Sahil də razılaşıb getdi. Təxminən 1 saat sonra Sahil zəng edərək pulu götürməyə gəldiyini bildirdi. O, özü də 1100 manat pul götürüb və 1 nömrəli məktəbin yaxınlığına getdi. Orada görüşüb və Sahilə 1100 manat pulu verdi. Həmin gün saat 18 radələrində qızıl mağazininə gəldi. Sahildən həmin qızıl zinət əşyalarını lom qızıl şəklində aldığına görə qeyd edilən zinət əşyalarının lom şəklində sata bilmək üçün qaşlarını sökdü. Bir ədəd boyunbağını satışa yararlı olmasını güman edib və onu satışa qoydu. Sökdüyü brilliant qaşları da özündə saxladı. Həmin gün polis əməkdaşları gəldi və oğurluq qızıl zinət əşyalarının Təqsirləndirilən şəxs tərəfindən onun mağazasına satılmasını bildirdikdə Təqsirləndirilən şəxs qızıl əşyaları satın almasını, lakin həmin əşyaların oğurluq olmasını bilmədiyini dedi. Təqsirləndirilən şəxs satın aldığı həmin qızıl zinət əşyalarını və brilliant qaşları polis əməkdaşlarına təqdim etdi. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur, birlikdə ünvan 1 ünvanda yaşayırlar. Oğlu Təqsirləndirilən şəxs qaynaq aparatı oğurlamasından məlumatı olmamışdır. 2022-ci ilin yanvar ayının 21-də evdə olarkən polis əməkdaşları gəldilər. Oğlu Sahilin qaynaq aparatı oğurlamasını və hazırda həmin mənzildə olmasını, baxış və götürmə keçiriləcəyini bildirdilər. O da etiraz etmədi və baxış keçirilməsinə etiraz etməməyi barədə ərizə vermişdir. Daha sonra baxış zamanı evin həyətində bir ədəd qırmızı rəngli qaynaq aparatı aşkar olundu və polis əməkdaşları onun oğurluq olmasını bildirib götürdülər. Bu barədə protokol tərtib olundu, o da iştirak etdiyi üçün protokolu imzaladı. İşin 49-51-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus işlək vəziyyətdə olan BX6-1000 markalı qaynaq aparatı Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhər Günəşli Bağ massivi 10-cu küçədə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən oğurlanmışdır. İşin 06-08-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 1600 manat nəğd pul və qızıl zinət əşyalarını Zərərçəkmiş şəxs2 yaşadığı Mingəçevir şəhər Bağçılıq Təsərrüfatı 3-cü küçə 32-də yerləşən evin 1-ci mərtəbəsində yerləşən yataq otağında paltar dolabından oğurlanmışdır. İşin 82-84-cü vərəqlərində olan xx.xx.2022-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və bacısı Arzunun yaşadığı ünvan 4 ünvanda saxladığı BX6-1000 markalı qaynaq aparatı aşkar edilərək götürülmüşdür. İşin 34-36-cıvərəqlərində olan xx.xx.2022-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 yaşadığı mənzildən oğurlanaraq Şahid1 satdığı qızıl zinət əşyaları götürülmüşdür. İşin 119-121-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli tanınma protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim edilmiş qaynaq aparatları arasından özünə aid olan və Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış BX6-1000 markalı qaynaq aparatını tanımışdır. İşin 37-38-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli tanınmaya təqdim etmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ona təqdim edilmiş qızıl zinət əşyalarını tanımışdır. İşin 190-192-ci vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 mart 2022-ci il tarixli, 9/1035 saylı rəyində göstərilir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd işlək vəziyyətdə olan BX6-1000 markalı qaynaq aparatının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 120,00 manat müəyyən edilir. İşin 210-213-cü vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 mat 2022-ci il tarixli, 9/3328 saylı rəyində göstərilir ki, hər birinin çəkisi 4,58 qram olmaqla ümumi çəkisi 9,16 qram 583 əyarlı dəyəri 732 manat olan bir cüt qızıl sırğa, çəkisi 2,40 qram 583 əyarlı, dəyəri 192 manat olan bir ədəd qızıl üzük, çəkisi 2 qram 583 əyarlı 160 manat dəyəri olan bir ədəd qızıl üzük, çəkisi 4,16 qram 916 əyarlı dəyəri 520 manat olan qızıl klon, çəkisi 0,30 qram 583 əyarlı dəyəri 25 manat olan qızıl qulp, çəkisi 2,70 qram 585 əyarlı dəyəri 216 manat olmaqla qeyd edilən qızıl zinət əşyalarının 2022-ci ilin mart yına olan orta bazar qiyməti ümumi dəyəri nəzəri qaydada təxminən 1845,00 manat müəyyən edilir. Qızıl zinət əşyalarının üzərində olmuş 35 ədəd olmaqla ümumi çəkisi 1,5 sot olan brilliant qaşların mənşəyi, çəkisi, keyfiyyəti və s. barədə məlumatlar olmadığından həmin qızıl zinət əşyaları üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivi 10-cu küçədə yerləşən fərdi yaşayış evinin həyətinə hasardan qanunsuz olaraq daxil olaraq həyətdə olan bir ədəd BX6 -1000 markalı işlək vəziyyətdə, dəyəri 120 manat olan qaynaq aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 3 mart 2022-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Mingəçevir şəhər Bağçılıq Təsərrüfatı 3 saylı küçə 32 №li fərdi yaşayış evinin həyətinə hasardan aşıb keçib, evin birinci mərtəbəsində yerləşən yataq otağının açıq vəziyyətdə olan giriş qapısından yaşayış sahəsi hesab olunan evə qanunsuz olaraq daxil olub evin yataq otağındakı paltar dolabının rəflərində sellofan torbada saxlanılan 1600 manat məbləğdə nəğd pulu və hər birinin çəkisi 4,58 qram olmaqla ümumi çəkisi 9,16 qram 583 əyarlı dəyəri 732 manat olan bir cüt sırğa, çəkisi 2,40 qram 583 əyarlı, dəyəri 192 manat olan bir ədəd qızıl üzük, çəkisi 2 qram 583 əyarlı 160 manat dəyəri olan bir ədəd qızıl üzük, çəkisi 4,16 qram 916 əyarlı dəyəri 520 manat olan qızıl klon, çəkisi 0,30 qram 583 əyarlı dəyəri 25 manat olan qızıl qulp, çəkisi 2,70 qram 585 əyarlı dəyəri 216 manat olmaqla ümmilikdə 1845 manat dəyərində qızıl zinət əşyalarına və qızıl zinət əşyalarının üzərində olan ümumi dəyəri 150 manat olan 1,5 sot çəkidə olmaqla 35 ədəd brilliant qaşları ilə birlikdə gizli talayıb Laləzar Əhmdovaya ümümilikdə 3595 manat maddi ziyan vurmaqla oğurlamışdır. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməlin törətməsi, özünün etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinə əlavə olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, onlara dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayətləri və tələbləri yoxdur. İşin 129-cu vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 133-134-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Hüseynli X2 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci madələri ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin 2-ci hissəsi tətbiq edilməklə təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunmuşdur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlini etiraf edib peşiman olması, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, yaşayış yerində müsbət xarakterizə olması, dəymiş ziyanı ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan cəza təyin olunmasına əsas verən hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İşin 71-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 23 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 114-115-ci vərəqlərində olan Mingəçevir şəhər Polis Şöbəsinin 24 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olumuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 23 yanvar 2022-ci il tarixdən 24 yanvar 2022-ci tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cəzasının əvvəli tutulduğu vaxtdan, 07 mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan 1 ədəd BX-6-1000 markalı qaynaq aparatı və 1845 manat dəyərində qızıl zinət əşyaları, həmçinin 470 manat pulun zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərcləri olan 100(bir yüz) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43,344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 yanvar 2022-ci il tarixdən 24 yanvar 2022-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2(iki) il 5(beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli tutulduğu vaxtdan, 07 mart 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd BX-6-1000 markalı qaynaq aparatı və 1845 manat dəyərində qızıl zinət əşyaları, həmçinin 470 manat pulun zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb, dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar