Məhkəmə qərarları › İş №1(051)-92/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-92/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-92/2025 29.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1992-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 109.1-ci bəndinə əsasən narkotik vasitə olan qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 5 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda 1 (bir) ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 6,94 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 15:06 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanda saat 15:08-dən 15:13-dək olan müddətdə üzəri yoxlanılarkən həmin çəkidə narkotik vasitə - əynindəki boz rəngli qış gödəkcəsinin sol yan cibindən bir ədəd kibrit qutusunda aşkar edilərək götürülmüşdür. Qeyd olunan əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, hazırda fərdi əməklə məşğuldur. Narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edirdi. Hadisə ilə əlaqədar olaraq göstərmişdir ki, xx.xx.2024-cü tarixdə saat 11 radələrində Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Güllü Bağ”ın dairəsində piyada hərəkət edən zaman yerdə 1 ədəd kibrit qutusunun olmasını görmüşdür. Maraqlı gəldiyi üçün kibrit qutusunu yerdən götürmüş və həmin qutunun içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olmasını görmüşdür. Belə ki, o, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyindən həmin bükümdə olan kütləni tanımışdır. Həmin narkotik vasitə olan qurudulmuş marixuananı gələcəkdə istifadə etmək üçün əynində olan boz rəngli qış gödəkçəsinin sol yan cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat 15:06 radələrində Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 25 saylı binanın yaxınlığında olan zaman polis əməkdaşları onu saxlayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib yaranmış zərurət ilə əlaqədar olaraq video çəkilişdən istifadə olunmaqla üzərinin yoxlanılacağını bildirmişlər. Həmçinin saxlanılan zaman ona qanunvericiliklə müəyyən olunmuş hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzəri yoxlanılan zaman əynindəki boz rəngli şalvarın sağ arxa cibindən 1 ədəd “Samsung” markalı telefon, əynindəki boz rəngli qış gödəkcəsinin sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş 1 ədəd kibrit qutusu elektron tərəzidə çəkilmişdir. Aşkar olunmuş 1 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananın çəkisinin 9,91 qram olması müəyyən olunmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Güllü Bağ”ın dairəsi deyə adlandırılan ərazidə tapdığını, həmin bükümdə olan kütlənin narkotik vasitə olmasını bildiyindən şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə tərəzidə çəkildikdən sonra onun və digər şəxslərin iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Sonra polis əməkdaşları üzərinə yoxlama zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Bundan sonra üzərində narkotik vasitə aşkar olunduğu üçün Mingəçevir ŞPŞ nin inzibati binasına gətirilmişdir. Polis şöbəsində X2 ona vəkil təyin olunmuş və ona hüquqlarını müdafiə edəcəyi izah olunmuşdur. Daha sonra vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində polis baş leytenantı xüsusi rütbəsində xidmət edən Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. Bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Mingəçevir ŞPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri, polis mayoru Şahid2 və polis leytenantı Şahid3 ilə birlikdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 25 saylı binanın yaxınlığında olan zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirib, üzərinin yoxlanılması zərurətinin yaranmasını bildirmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. Həmin yerdə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzəri yoxlanılmışdır. Yoxlama keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki boz rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin bir ədəd kibrit qutusu Təqsirləndirilən şəxs yanında açılarkən qutunun içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Həmin bir ədəd kibrit qutusu elektron tərəzidə çəkilmişdir. Narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 9,91 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuananı 10 dekabr 2024-cü il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Güllü Bağ”ın dairəsi deyə adlandırılan ərazidə 1 ədəd kibrit qutusunda taparaq əldə etdiyini, həmin bükümdəki narkotik vasitəni şəxsi istifadəsi üçün əynində olan boz rəngli qış gödəkçəsinin sol yan cibində saxladığını, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində isə polis əməkdaşları tərəfindən saxlanılmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlar tərəfindən Mingəçevir ŞPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Mingəçevir Vəkil Bürosunun növbədə olan vəkili X2 dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış və Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün üzərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin aşkar olunaraq götürülməsinə dair tərtib olunmuş video çəkiliş maddi sübutlarla birlikdə şəhər polis şöbəsinin təhiqatçısma təhvil verilmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında əvvəllər hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində polis mayoru xüsusi rütbəsində xidmət edən Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid3 məhkəmə iclasında iştirak etmədiyindən ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmiş və digər şahidlər ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilən zaman onun əynindəki boz rəngli gödəkçənin sol cibindən bir ədəd içərisində narkotik vasitə marixuana olan kibrit qutusu aşkar edilərək götürülmüşdür (i.v. 10-11). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:20-dən tutulmuş hesab edilmişdir (i.v. 26). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 17/909 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 76” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən götürülmüş kütlə...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,94 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. (i.v. 40- 41). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır (i.v. 52-53). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v. 73-74). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 75-76). “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, ekspertizadan sonra təmiz qalıq çəkisi 6,89 qram olan narkotik vasitə - qurudulmuş marixuana maddi sübut qismində tanınmış və saxlanılması üçün Mingəçevir Şəhər Polis Şöbəsinin saxlancına təhvil verilmişdir (i.v. 81-82). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron RPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3 və CM-nin 73.2-ci maddələrinə əsasən xitam edilmişdir (i.v. 85-86). xx.xx.2024-cü il tarixli 1663 nömrəli arayışa əsasən Əhmədov X1 Psixo-Nevroloji Dispanserdə “isterik tip psixopatiya, davamsız kompensasiya vəziyyətində” diaqnozu ilə xx.xx.2010-cu il tarixdən qeydiyyatdadır (i.v. 87). xx.xx.2024-cü il tarixli, 2667 saylı Mingəçevir Şəhər rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş arayışa əsasən Əhmədov X1 Şəhər rayonlararası Narkoloji Dispanserin narkoloji qeydiyyatında yoxdur (i.v. 88). Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, № 938 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyətin isterik tipli pozuntusu XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.4 xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədən vaxt, yəni xx.xx.2024-cü il tarixdə öz əməlinin faktiki xarakterini dərk etmək iqtidarında, yəni anlaqlı olmuşdur (i.v. 103-104). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, № 162 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (i.v. 105). xx.xx.2025-ci il tarixli 33 saylı arayışa əsasən Təqsirləndirilən şəxs həqiqətən də ünvan 3 ünvanında yaşayır (i.v. 111). xx.xx.2025-ci il tarixli 33a saylı xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 112). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertizadan sonra təmiz qalıq çəkisi 6,89 qram olan narkotik vasitə -qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanca verilmiş, təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə protokolu, şahid ifadələri, məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 17/909 №li, məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 938 №li və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 162 №li rəyləri sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 113-119). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. (CM-59.2) Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alaraq, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması 02 (iki) gününə bərabər tutulmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunu hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 91.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olub Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan təmiz qalıq çəkisi 6,89 qram olan narkotik vasitə - qurudulmuş marixuana Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər tutulmaqla, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 6,89 qram olan narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar