Məhkəmə qərarları › İş №1(051)-95/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-95/2020

05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-95/2020 05.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs- xx.xx.1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 19 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,378 qram və 0,316 qram, ümumilikdə təmiz çəkisi 0,694 qram olan iki ədəd göy-ağ rəngli kağız bükümlərdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və xx xxxxx 2020-ci il tarixdə saat 10:00 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Dostluq parkının yaxıınlığında polis əməkdaşları tərəfindən saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq həmin tarixdə saat 10:45 radələrində üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,378 qram və 0,316 qram, ümumilikdə təmiz çəkisi 0,694 qram olan iki ədəd göy-ağ rəngli kağız bükümlərdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, narkotik vasitə olan heroindən əvvəllər bir neçə dəfə istifadə etmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri “Dostluq” parkının içində piyada gəzən zaman yerdə səkinin üzərində sellofan büküm görüb götürdü. Həmin bükümü götürüb baxarkən içindəkinin narkotik vasitə olan heroin olduğunu tanıdı. Çünki özü narkotik vasitə olan heroindən istifadə etmişdi. Sonra özü istifadə etmək məqsədi ilə həmin bükümü əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibinə qoyaraq gizlətdi. xx.xx.2020-ci il tarixdə saat 10:00 radələrində Mingəçevir şəhəri “Dostluq” parkının yaxınlığında piyada gedirdi. Tapdığı narkotik vasitə də cibində idi. Polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Polis şöbəsində vəkilin iştirakı ilə üzərinə video çəkiliş aparmaqla baxış keçirdilər. Üzərinə baxış keçirilərkən tapdığı bükümləri əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən aşkar olunub götürüldü. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxx 2020-ci il tarixdə saat 10 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2la birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, “Dostluq” parkının yaxınlığında olan zaman görüb ona yaxınlaşdılar. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib polis şöbəsinə dəvət etdilər. Polis şöbəsinə vəkil də dəvət olundu. Təqsirləndirilən şəxs izah edildi ki, vəkilin də iştirakı ilə video-çəkilişdən istifadə edilməklə üzərində baxış keçiriləcəkdir. Təqsirləndirilən şəxs etiraz etmədi. Bundan sonra vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən iki ədəd siqaretin göy rəngli kağızına bükülmüş bükümləri, həmin gödəkçənin sağ yan cibindən bir ədəd “Argo” markalı siqaret qutusunu və bir ədəd “Samsung Duas” markalı mobil telefonu könüllü təqdim etdi. Aşkar olunmuş həmin bükümlər Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində heroinə oxşar narkotik vasitə olan kütlə müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 02 (bir) ədəd bükümlərdəki kütlənin heroin olduğunu, həmin heroini özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri “Dostluq” parkının içində piyada gəzən zaman səkinin üzərindən tapıb cibinə qoyub gizlədərək üstündə saxladığını bildirdi. Şahid2 da məhkəmə iclasında Şahid1 ifadəsinə uyğun ifadə verdi. İşin 23-24-cü vərəqlərində olan xx xxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən siqaretin göy rəngli kağızına bükülmüş ayrı-ayrılıqda iki ədəd bükümdə içərisində narkotik vasitə hesab olunan heroinə oxşar kütlələr , eyni zamanda həmin qış gödəkçəsinin sağ yan cibindən bir ədəd “Argo” markalı siqaret qutusu və bir ədəd “Samsung Duas” markalı mobil telefon aşkar olundu. İşin 36-39-cu vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 17/243 saylı rəyində göstərilir ki, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 02(iki) ədəd göyağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri –0,378 qram və 0,316 qram, ümumi təmiz çəkiləri – 0,694 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinlərin ümumi təmiz çəkisi-0,694 qram, tədqiqata sərf edildi 0,10 qram, qalıq 0,594 qram. İşin 83-cü vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 506 saylı xx xxxx 2020-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,378 qram və 0,316 qram, ümumilikdə təmiz çəkisi 0,694 qram olan iki ədəd göy-ağ rəngli kağız bükümlərdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və xx xxxxx 2020-ci il tarixdə saat 10:00 radələrində Mingəçevir ŞPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Dostluq parkının yaxıınlığında polis əməkdaşları tərəfindən saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq həmin tarixdə saat 10:45 radələrində üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,378 qram və 0,316 qram, ümumilikdə təmiz çəkisi 0,694 qram olan iki ədəd göy-ağ rəngli kağız bükümlərdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 71-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 81-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunması, əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, himayəsində iki nəfər azyaşlı uşaqları olmasını, cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək 2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxarılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dən 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tamamilə tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə ekspertiza xərci olan 102,12 (iki yüz iki manat on iki qəpik) manat Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,594qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 108 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialındaolan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 26 aprel 2020-ci il tarixdən 28 aprel 2020-ci il tarixədək-2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci olan 102,12 (iki yüz iki manat on iki qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,594 qram narkotik vasitə olan heroin məhv edilsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 108 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN:**********.Hesab № AZNAZ521BAZ ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar