Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-96/2021 17.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, xüsusi ittihamçı-X7 nümayəndəsi və vəkili X2, barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxs X3, müdafiəçisi Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 16.08.1984-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan X3 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Mingəçevir şəhəri, Muradov küçəsi ev 60, mənzil 28 ünvanında yaşayan, X9 26.12.2020-ci il tarixdən başlayaraq, mütəmadi olaraq, keçmiş arvadı, Azərbaycan Respublikası Dövlət X4 Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin Magistratura üzrə sektorunda aparıcı məsləhətçi vəzifəsində işləyən, X7 xidməti vəzifəsinin icrası ilə bağlı mətbuata müsahibələr verdiyi zaman internet informasiya ehtiyatında nümayiş olunan fotoşəkillərinin alt hissəsinə ağır formada nalayiq ifadələr yazaraq sosial şəbəkələrdə paylaşıb yaymaqla, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında X7 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs X9 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı məhkəməyə ünvanlandığı elektron ərizəsinə uyğun ifadə verdi və əlavə olaraq göstərdi ki, Aynur Bayramlının fotoşəklini http://youtube.com da paylaşmış, lakin bunun əsaslı səbəbləri vardır. Ailənin bərpa olunması ümüdü ilə yaşamışdır. Onun bir övladı var və onun qarşısında özünü həmişə günahkar hesab edir. Ona görə ki, ona Aynur kimi ana vermişdir. O, 10 ildən çoxdur ki, «Moy mir» adlı sosial şəbəkə üzərindən A.Bayramlıya barışmaq üçün mesajlar yazmışdır. Daha sonra hər şeyin bitdiyini qəbul etmişdir. Heç vaxt ikinci dəfə ailə qurmağı düşünməmişdir. Taleyindən çox utanır. Onun əsas istəyi, övladının onu tanıması və sevməsidir. A.Bayramlı onun uşaqla maraqlanmadığını iddia etsə də, o, uşağını çox istəyir. A.Bayramlı onu uşaqdan daima uzaq tutur, hətta məhkəmə sənədlərində də yaşadığı yeri doğru göstərməmişdir. Son günlərdə əzab çəkdiyi üçün bilmirdi nə etsin, artıq mesajlardan da aylarla cavab gəlmirdi. O, isə Aynur Bayramlının ona uşaqla bağlı xəbər verməsini istəmişdir. Ona görə də Aynur Bayramlının şəklini və videosunu Youtub internet kanalına yerləşdirmişdir. Birinci dəfə video söyüşsüz və təhqirsiz idi. Aynur videonu görər-görməz ona yazdı, lakin uşaqla görüşməyinə razı olmadı. Cavab verdiyi ərəfədə videonu silirdi. Bir müddət keçdikdən sonra yenə də telefonlarını açmırdı. Bu yolla ona yazarkən övladı üçün darıxdığını bildirmiş və yalvarmışdır. Bir gün bir nəfər oğlan onun evinə zəng edib Ərcandan, uşağından əlini üzməyi ondan tələb etmişdi. O, kimliyini gizli saxlayan bu şəxsi tapmaq və hansı haqla ondan övladı ilə maraqlanmamalı olduğunu tələb etdiyini öyrənmək, nəyə görə ailəni narahat etdiyini bilmək istəmişdir. Aynur Bayramlının şəkillərini paylaşaraq o insana onunla əlaqə saxlasın deyə bildirmişdi. Aynur isə anasını yatdığı yerdə evdən çıxardacaqlarını, əcəli ilə oynadığını bildirərək onu hədələmişdir. Polis orqanlarına müraciət edərək anasının nömrəsini verməklə daim onu da incitmişdir. Ona da mesajların gəlməsi yaşlı qadına hər gün əsəb vermişdi. Aynur Bayramlının hərəkətlərindən bezib polisə şikayət etdi. Onu bir neçə dəfə polis şöbəsinə çağırdılar, lakin onun şikayət ilə bağlı deyildi. O, şikayətini geri götürdü. A.Bayramlının özünü savadlı, ziyalı və tərbiyyəli bir adam kimi göstərməyə çalışması, əslində özünü çox dəyərli, savadlı və ondan üstün olduğunu göstərməsidir. Valideyinlərin həyatda tutduğu mövqe onların övladları üzərində olan haqlarını ləğv etmir. X14 ali təhsilli mühəndisdir, işləyir, anası Qənirə Məhərrəmova musiqi müəlliməsi olmuş, hazırda təqaüdçüdür. O, da ali təhsillidir . 4 il BP də 2 il Petrofac neft şirkətlərində çalışmışdır. Hərbi xidmət xaric hər il müxtəlif işlərdə çalışmışdır. Ən son olaraq X15 şirkətində texniki təhcizat mühəndisi kimi və daha sonra İstanbul su kanalizasiya idarəsində nəzarətçi mühəndis işləmişdir. Müharibə ehtimalını hiss etdiyi üçün vətənə dönmüş, lazım olduğu halda döyüşdən qaçmadığını göstərməyə çalışmışdır. Hal-hazırda onun işçi qrupu vardır və 8 ailənin evinə, ailəsinə, övladına, lazım olan pulu qazanmalarına yardım göstərir. Öz övladına da baxmağı bacarır. Aynurun Aqil onu söydüyü, ölümlə hədələdi dediyi sözlər əslində qarşılıqlı dialoq şəklində olmuşdur ki, o da eynisini ona etmişdir. Ona görə də onu ittiham olunduğu qanunlarla Aynur Bayramlıya da ittiham verilməlidir. Aynurla onun söz davası keçmişdə olsa da, bir ailə münaqişəsidir. Bu məsələdə uşaqdan mahircəsinə istifadə etməsi yolverilməzdir. Belə ki, o, şəxsi həyatında boşandıqdan sonra başqa kişilərlə ünsiyyət qurarkən, Ərcanın, bir uşağın şərəf və ləyaqətini düşünməmişdir. Ərcan bilsə ki, anası başqasının maşınında gəzir, onu öpür, əlindən tutur və sığallayır, o uşağın psixologiyası pozular. Aynur qətiyyən Ərcanı düşünmür və şərəfsiz, tərbiyyəsiz və nalayiq danışan biridir. O, həmişə öyrənibdir ki, Aqil məhkəmələrə getmir və bu qalib olur. İndidə bunu düşünərək daha dəhşətli zərbə vuracağını ümüd edir. Özünü səviyyəli, tərbiyəli, mədəni, savadlı göstərməyə çalışan, pərdə arxasında isə tam əksini sübut edən qadın, ingilis, alman dillərini bilməklə Azərbaycan Təhsilində daha savadlı uşaqlarada mənfi enerji və pis tərbiyyə verə bilər. Heç bir qərar onu övladından qopara bilməz. Aynurun “Aqil məni öldürər sözləri”, əslində Aynurun onu cinayətə məcbur etmək niyyətindən xəbər verir. O, Ərcanı sadəcə 1 saat görmək istəyir. Onu görmək üçün öz həyatını məhv edər. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında xüsusi ittihamçının nümayəndəsi qismində dindirilmiş X7 vəkili X8 ifadəsində göstərdi ki, A.Bayramlı 08.12.1989-cu ildə Cəbrayıl rayonu, Əmirvarlı kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur. Aynurun valideyinləri hər zaman dövləti, xalqı üçün savadlı bir mütəxəssis kimi yetişməsi üçün əllərindən gələni ediblər. Bir övlad kimi Aynur da valideyinlərinin etimadını hər zaman doğrultmağa çalışıb. Aynur Azərbaycan Dillər Universtitetinin dilçilik fakültəsinin 2007-2011-ci illərdə bakalavr pilləsini, 2012-2015ci ildə həmin Universtitetin magistr pilləsini bitirmiş, hazırda isə doktoranturada German dilləri üzrə təhsil alır. Müdafiə üzrə “omonimlərin struktur semantik xüsusiyyətləri” yəni bütün German dillərinin dil strukturlarını araşdırır. Müxtəlif dövlət orqanlarında, Misir-Ərəb Respublikasının Azərbaycandakı Səfirliyində tərcüməçi, “xxxx” MMC-də filmlərin dublyajnda tərçüməçi, XXİ-ci Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində, “İdrak” Liseyində, Azərbaycan Dillər Universtitetində ingilis dili fənnini tədris etmişdir. Həmçinin “BP” şirkətində işləyən neftçilərə “neft-qaz sənayesi” üzrə təlim keçmişdir. Hazırda 3 (üç) ildən çoxdur ki, Dövlət İmtahan Komissiyasında aparıcı məsləhətçi vəzifəsində çalışır, dövlət qulluqçusudur. Magistraturaya və doktoranturaya qəbul imtahanlarında imtahan test tapşırıqlarının ingilis dilində elmi-metodiki cəhətdən yazılması, redaktə olunması və imtahan üçün təqdim olunması onun funksional vəzifələridir. Bir dövlət qulluqçusu kimi öz vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirməyə çalışır. Barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi X11 ilə 2010-cu ildə rəsmi nikah bağlamaqla evlənmiş, birgə nikahlarından 23 oktyabr 2010-cu ildə Ərcan adlı uşaqları doğulmuşdur. Bir müddət bir yerdə yaşasalar da, qarşı tərəflə xasiyyətləri uyğun gəlməməsi səbəbi ilə nikahları Yasamal rayon Məhkəməsinin 07 fevral 2012-ci il tarixli qətnamsəi ilə pozulmuş, həmin tarixdən etibarən X10 əlaqələri tamamilə kəsilmişdir. Lakin bir müddət sonra Aqil Məhərrəmov onun mətbuat üçün imtahanlarla bağlı verdiyi müsahibələr zamanı çəkilmiş şəkillinin altından heç bir insanlığa sığmayan nalayiq ifadələr yazaraq sosial şəbəkələrdə paylaşaraq onu sözün əsl mənasında cəmiyyət arasında, işlədiyi kollektiv arasında nüfuzdan salmağa çalışmışdır. Bəzi şəkilləri silsə də, bir neçəsini əldə edə bilmişdir. Belə bir yazılar videolar yayımlandıqdan sonra Aynur dəfələrlə A.Məhərrəmovla, sonuncunun valideyinləri ilə əlaqə saxlayaraq təqribən 10 ildən sonra onun öz övladının anasını əxlaqsız bir qadın kimi sosial şəbəkələrdə təhqir etdiyini, niyə belə bir addım atdığını soruşduqda, valideyinləri öhdəsindən gələ bilmədiklərini, özü isə etdiyi əməllərindən zövq aldığını, istədiyi zaman yenə A.Bayramlının şəkillərini paylaşacağını və sonuncunun hara istəyirsə, müraciət etməsini bildirərək yenə də qeyri-etik ifadələr işlədərək onu təhqir etmişdir. Daha sonra isə Aynuru ölümlə hədələməyə başlamışdır. Aqil Məhərrəmov hazırda Mingəçevir şəhərində öz valideyinləri ilə birgə yaşayır, A.Bayramlı bir azərbaycan xanımı bir ziyalı kimi belə bir şəxs tərəfindən təhqir olunmasına dözə bilmir. A.Məhərrəmovun bu hərəkətləri Aynurun iş fəaliyyətinə də ciddi şəkildə təsir edir. Belə ki, bütün yayımlanan şəkillər iş yoldaşları, dost-tanışları, qohumları arasında onu çox çıxılmaz bir vəziyyətdə qoyur. Hər kəs ona bu xoşagəlməz hallara əhəmiyyət verməməsini, öz işi ilə, övladı ilə həyatına davam etməsini tövsiyyə etsə də, bu vəziyyət ona çox ağır gəlir. Övladı həmin görüntüləri görüb psixoloji travma almışdır. Aynur saatlarla övladı ilə söhbətlər aparıb bütün bu çirkinlikləri onun ağlından çıxarmağa çalışsa da, artıq son günlərdir ki, oğlunun üzü belə gülmür. A.Bayramlı bu gün oğlan övladı böyüdür. Hər dəqiqə həyacan içərisindədir ki, birdən kimsə övladına onun haqqında sosial şəbəkədə bu qədər əxlaqsız yazılar getdiyini deyər. Övladının utanıb özünə qəsd edəcəyindən çox qorxur. A.Bayramlının təhsillə bağlı verdiyi müsahibə zamanı çəkilmiş şəkillərin altından bu qədər iyrənc yazılar yazan, cavan rəhmətə getmiş anasının qəbrini, atasının, hətta kiçik övladını bu qədər aşağılayaraq dilə gətirə bilməyəcək söyüşlərlə təhqir etmişdir. Aqil Məhərrəmov danışdığı polis əməkdaşının nömrəsini ona ataraq başını kəsərək öldürəcəyi ilə hədələmişdir. Bu qədər şikayət etdiyini bildiyi və polis əməkdaşları tərəfindən bu barədə məlumatlandırıldığı halda, yeni Azər Mehdiyev adlı profil açaraq şəklini yerləşdirib və yenə də söyüşlər yazıb. A.Bayramlı yaşadığı ərazi üzrə Bakı şəhər 29-cu PB-nə müraciət etsə də, Aqil heç bir şəkildə öz əməllərindən əl çəkmir və yenə də yaşadığı Mingəçevir şəhərindən və Gəncə şəhərindən həm öz adına həm də başqa-başqa şəxslərin adından profil açaraq yenə də Aynurun şəklini paylaşaraq altınan nalayiq ifadələr yazır. Daha sonra isə Aynura “Whatsapp” proqramı vasitəsilə hədə-qorxu dolu mesajlar yazaraq onu və övladını da öldürəcəyi ilə hədələyir. X18 barəsində sosial şəbəkələrdə etdiyi paylaşımlar bu gün Aynurun həm dostları içində, həm işlədiyi kifayət qədər nüfuza malik DİM-də də çox ciddi şəkildə problemlər yaratmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmaq niyyəti yoxdur və xüsusi ittihamlı şikayətini müdafiə edir. Hesab edir ki, Aqil Məhərrəmovun islah olunması üçün onun barəsində azadlıqdan məhrum etmə cəzası tətbiq edilməlidir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş edir. Məhkəmə, həmçinin xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim edilmiş və təqsirləndirilən şəxs tərəfindən sosial şəbəkələrdə yazılmış söyüş dolu ifadələrini əks etdirən yazıları və foto şəkilləri də sübut növü kimi qəbul edir və nəzərə alır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 2(051)-59/12 saylı 07 fevral 2012-ci il tarixli qətnamədən görünür ki, X9 ilə X12 arasında 27.07.2010-cu il tarxdə Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan 05.03.2016-cı il tarixli, 123 nömrəli, nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X12 arasında olan nikah ləğv edilmişdir. İş materiallarında olan 04.01.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, X7 ərzəsi əsasında toplanmış 1 saylı HK-4468 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan müxtəlif profillərdə dərc edilmiş yazıların surətindən görünür ki, Aqil Məhərrəmov tərəfindən Aynur Bayramlının fotoşəkillərinin üzərinə ağır formada nalayiq ifadələr (küçə söyüşləri) yazılmış və həmin fotoşəkillər http://youtube.com da paylaşılmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X1 nümayiş etdirilən internet informasiya ehtiyatında X7 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı irəli sürülmüş ittihamda təqsirli olması, işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxs X3 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar xüsusi ittihamçı tərəfindən Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 15-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə işlərə baxarkən məhkəmələrin diqqəti zərər çəkmiş şəxsin irəli sürdüyü ittihamı müdafıə etmək hüququnun təmin edilməsinə dair prosessual normaların tələblərinə əməl edilməsinə yönəldilsin. Xüsusi ittiham qaydasında irəli sürülmüş ittihamın müdafıəsi zərər çəkmiş şəxsin məhkəmə iclasında iştirak edərək onun tərəfindən sübutların təqdim edilməsindən, vəsatətlər qaldırılmasından, müdafıə tərəfinin təqdim etdiyi sübutların tədqiqində, məhkəmə çıxışlarında iştirak etməkdən ibarətdir. Bu zaman xüsusi ittihamçı barəsində şikayət verilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan irəli sürdüyü ittihamı dəyişmək və ya ondan tamamilə imtina etmək hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, X9 26.12.2020-ci il tarixdən başlayaraq, mütəmadi olaraq, keçmiş arvadı, Azərbaycan Respublikası Dövlət X4 Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin Magistratura üzrə sektorunda aparıcı məsləhətçi vəzifəsində işləyən, X7 xidməti vəzifəsinin icrası ilə bağlı mətbuata müsahibələr verdiyi zaman internet informasiya ehtiyatında nümayiş olunan fotoşəkillərinin alt hissəsinə ağır formada nalayiq ifadələr yazaraq sosial şəbəkələrdə paylaşıb yaymaqla, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında X7 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs X9 26.12.2020-ci il tarixdən başlayaraq, mütəmadi olaraq, keçmiş arvadı, X7 xidməti vəzifəsinin icrası ilə bağlı mətbubata müsahibələr verdiyi zaman internet informasiya ehtiyatında nümayiş olunan fotoşəkillərinin üzərinə ağır formada nalayiq ifadələr yazaraq sosial şəbəkələrdə paylaşmış, bunula da o, X7 şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında qəsdən yaymışdır. Ona görə də X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin bütün əlamətləri mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndinə əsasən CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Məhkəmə, həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən X7 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan nalayiq ifadələrdən ibarət məlumatların kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yayılması, həm xüsusi ittihamçının birbaşa təhqir edilməsi, həm də onun şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndinə əsasən kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Odur ki, məhkəmə işin məhkəmə istintaqında müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X6 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X9 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, şəxsiyyətin ləyaqəti əleyhinə olan, qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq təqsirləndirilən şəxsin əməlini etiraf etməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. X3 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxs X6 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilsin. Hökmün icrasına nəzarət Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-96/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-96/2021
17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver