Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-96/2023 06.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 11, mənzil 61-də qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Şəfa bağ massivində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs boşanma ərəfəsində olduğu Zərərçəkmiş şəxs ilə son zamanlar aralarında yaranmış gərgin ailə münasibətlərinə aydınlıq gətirmək üçün xx.xx.2023-cü il tarixdə səhər saat 06:30 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi «Hundai Elantra» markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, Şəfa bağ massivinə getmiş, yol boyu və Şəfa bağ massivində avtomobilin salonunda ailə və şəxsi münasibətlər zəminində onunla mübahisə etmiş, sonra özü Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sükanı arxasına keçmiş, Zərərçəkmiş şəxs təkidi ilə avtomobili ünvan 1 ünvanda yerləşən, sonuncunun işlətdiyi «Beyaz Wedding» adlanan gözəllik salonuna gəlmiş, avtomobili gözəllik salonunun qarşısında saxladıqdan sonra, həmin ünvana gələnədək yol boyu ərzində avtomobilin salonunda onun təhqirlərinə məruz qalan Zərərçəkmiş şəxs, ondan yaxa qurtarmaq üçün qəfil olaraq avtomobilin sağ ön oturacağından düşmüş, gözəllik salonunun içərisinə qaçaraq onun salona daxil olmasının qarşısının alınması məqsədi ilə orada işləyən əməkdaşlara salonun qapısını arxadan bağlamağı tapşırdığı üçün o, Zərərçəkmiş şəxs ondan qaçdığını və onunla söhbət etmək istəmədiyini anlayaraq avtomobildən düşmüş, Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq ifadələr və söyüşlərdən istifadə edərək, salonun şüşədən ibarət olan giriş qapısını açmağa cəhd etmiş, lakin qapının arxadan bağlı olduğunu görüb bir qədər də qəzəblənərək əl və təpik zərbələri ilə salonun qapısını var güclə itələyib, yerə düşürtməklə və bununla da qapını sındırıb, Zərərçəkmiş şəxs 600 (altı yüz) manat məbləğdə maddi ziyan vuraraq salonun içərisinə daxil olmuş, özünü gözəllik salonunda olan Şahid1, Şahid3, X2 və Şahid2 fövqündə qoymaqla, habelə onlara qarşı etinasızlıq və laqeydlik nümayiş etdirməklə, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə, ümumi qəbul edilmiş davranış qaydaları və etik normalarına zidd davranış nümayiş etdirmiş, salonda şəxsi otağında qapını arxadan bağlayaraq ondan qorunan Zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi hədəsi ilə, habelə ona məxsus 600 manat dəyərində əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, xx.xx.2011-ci il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən onların Murad adlı uşaqları doğulmuşdur. Evli olduqları müddətdə də aralarında söz-söhbətlər olmuşdur. Təxminən 3-4 il narkotik vasitələrdən istifadə etmiş, 1 il olar ki, narkotik vasitələrdən istifadə etmir. Təxminən 7-8 ay əvvəl işləmək üçün Bakı şəhərinə getmiş və orada sahibkar kimi çalışan Ziya adlı şəxsin ailə sürücüsü kimi çalışmışdır. Həftə sonları Mingəçevir şəhərinə gəlib, uşağına baş çəkir və arvadı Zərərçəkmiş şəxs ilə mütəmadi olaraq əlaqə saxlamışdır. Bir müddət sonra Zərərçəkmiş şəxs uşağını ona göstərmədiyinə, habelə zənglərinə cavab vermədiyinə görə xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək, şikayət etmişdir. Təxminən 2023-cü ilin fevral ayının 8-9-da 10 günlük Mingəçevir şəhərinə gəlmişdir. Bu müddətdə isə bir neçə dəfə arvadı və uşağının yaşadığı Mingəçevir şəhəri, V.Abdullayev küçəsi 5 saylı binanın qarşısından keçən zaman arvadının idarə etdiyi “Hundai Elantra” markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilin həyətdə olduğunu görmüş, lakin arvadı Xəyalə ilə əlaqə saxlamamışdır. 7-8 ay əvvəl Bakı şəhərinə işləməyə gedərkən Xəyalədən boşanmaq istədiyini ona demişdir. 2023-cü ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs yaşadığı binanın qarşısından keçərkən, Xəyalənin avtomobildən düşdüyünü görmüş və ona yaxınlaşaraq ondan boşanmaq istədiyini demişdir. Buna cavab olaraq Xəyalə də ondan boşanmaq istədiyini, lakin birgə nikah dövründə əldə etdikləri əmlakın bölünməsi ilə əlaqədar boşanma prosesi uzanmışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, 3 ünvanında yerləşən gözəllik və gəlinlik salonu açmışlar və salonun açılması üçün o, ünvan 2 ünvanında yerləşən mağazanı satıb gəlinlik salonunun açılışı üçün xərcləmişdir. Lakin Xəyalə əmlakdan ona pay vermək istəmədiyi üçün, xx.xx.2023-cü il tarixdə onunla görüşüb, bu haqda yekun söbhət etməklə bağlı danışmışlar. Beləliklə, həmin ərəfədə yaşadığı Mingəçevir şəhəri, Şəfa bağ massivi, 7-ci küçədə yerləşən fərdi yaşayış evindən xx.xx.2023-cü il tarixdə Xəyalə ilə yekun olaraq danışmaq üçün piyada şəhərə gəlmiş, lakin görüşməklə bağlı razılaşdıqları yerdə gözləsə də, Xəyalə ona zəng etməmişdir. Həmin vaxt Xəyalənin yaşadığı evin qarşısından keçərkən onun evdə olduğunu görmüşdür. Həftə sonları toy və digər şadlıq mərasimləri ilə əlaqədar Xəyalənin səhər tezdən salona getdiyini bildiyi, habelə Xəyalənin onunla görüşmək istəmədiyini anladığı üçün xx.xx.2023-cü il tarixdə səhər saat 04 radələrində Xəyalənin yaşadığı Mingəçevir şəhəri, V.Abdullayev küçəsi, 5 saylı binanın qarşısına getmiş, bir qədər gözlədikdən sonra Xəyalə evdən düşmüş, bundan sonra ona yaxınlaşaraq, ona boşanma ilə bağlı danışmaq istədiyini, nə səbəbə görə onunla danışmaqdan qaçdığını soruşmuşdur. Ona cavab olaraq Xəyalə həmin gün toya gəlin bəzəməli olduğunu, işini qurtardıqdan sonra isə təxminən saat 11-də görüşüb danışacağını bildirmişdir. Xəyalənin onunla danışmaq istəmədiyini görüb, əsəbləşərək üzərində saxladığı bıçağı çıxararaq onu öldürəcəyini demişdir. Bundan sonra Xəyalə ondan qorxub, onunla bir qədər kənarda söhbət edəcəyini bildirib, avtomobillə başqa yerə getməyi təklif etmişdir. Onun təklifini qəbul edib, ondan avtomobili yaşadığı Mingəçevir şəhəri, Şəfa bağ massivinə sürdürmüşdür. Yolda Xəyaləyə boşanma ərizəsini verməyi, bununla bağlı mediasiya xidmətinə müraciət etməsini demişdir. Lakin Zərərçəkmiş şəxs ona vacib işinin olduğunu, saat 11-də boşanma məsələsini müzakirə edəcəklərini, həmin vaxta qədər isə onu salonda da gözləyə biləcəyini demişdir. Şəfa bağ massivinə çatdıqdan sonra Xəyalə ilə aralarında yenidən mübahisə yaranmış və o, əsəbləşərək əlində olan bıçaqla Xəyaləni yenə də öldürəcəyi ilə hədələmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona saat 11-də görüşüb söhbət edəcəyinə dair söz verdiyi üçün onun təklifini qəbul etmiş və ona gözəllik salonuna getməyə icazə vermişdir. Lakin həmin vaxt özü sükan arxasına keçmiş, Xəyalə isə avtomobilin sağ qabaq oturacağına əyləşmişdir. Avtomobili oradan birbaşa Xəyalənin işlətdiyi gözəllik salonunun qarşısına sürüb salonun qarşısında saxlamış və onu saat 11-dək avtomobildə gözləyəcəyini bildirmişdir. Bundan sonra Xəyalə qəfil olaraq açarları götürmədən avtomobildən düşüb, gözəllik salonuna keçmiş, onun arxasınca isə salonda işləyən şəxslər qapını bağlamışlar. Bundan sonra o, salona yaxınlaşıb, orada çalışan, tanıdığı Lalə adlı qadını çağıraraq ondan Xəyaləni çağırmasını tələb etmiş, lakin Lalə Xəyaləni çağırmağa getsə də, onun qayıtmadığını görüb, salonda işləyən şəxslərdən dərhal qapını açmalarını tələb etmiş, lakin sonuncuların qapını açmadığını görüb, salona olan şüşə qapının dəstəyindən tutaraq bir neçə dəfə irəli və geriyə itələmiş, nəticədə şüşə qapı tamamilə yerindən çıxaraq yerə aşmışdır. Bundan sonra o, içəri daxil olmuş və Xəyalənin otağına tərəf getmiş, lakin həmin vaxt Xəyalənin otağının qapısının arxadan bağlı olduğunu görmüşdür. Ona görə də qapıya bir neçə dəfə ayaqla zərbə endirib Xəyalədən çölə çıxmasını tələb etdikdə, Xəyalə saat 11-də onunla əlaqə saxlayacağını demişdir. Həmin vaxt üzərində saxladığı bıçağı çıxarsa da, onu kiməsə qarşı tətbiq etməmiş, habelə salonun şüşələrini həmin bıçaqla sındırmamışdır. Xəyalənin bu sözlərindən sonra o, özünə siqaret və su almaq üçün Xəyalədən icazə almadan onun idarə etdiyi «Hundai Elantra» markalı avtomobili işə salaraq yaşadığı fərdi yaşayış evinin yerləşdiyi küçədən 1 küçə kənarda yerləşən əraziyə getmiş və avtomobili orada saxlamışdır. Orada olan zaman nənəsi ona zəng edərək polis əməkdaşlarının onu axtardıqlarını bildirmiş, o da polis avtomobillərinin bağ massivi ərazisində olduğunu görüb Xəyaləyə zəng edərək nə üçün ondan şikayət etdiyini soruşduqda, Xəyalə şikayətinin olmaması ilə bağlı yenidən DİN-nin 102 xidmətinə müraciət edərək, şikayətini geri götürdüyünü ona bildirmişdir. Bundan sonra o, Xəyaləyə tanışı Fəqanı onun arxasınca göndərəcəyini dedikdə, Xəyalə onun təklifini qəbul etmişdir. Bundan sonra tanışı Fəqana zəng edib Xəyalə ilə barışdığını və hazırda özü şəhərdə olmadığı üçün Fəqandan Xəyaləni gözəllik salonundan götürərək, dediyi ünvana gətirməsini xahiş etmişdir. Bundan sonra o, yenidən Xəyaləyə zəng edib, Fəqanın salona gəldiyi vaxt Fəqanla birlikdə onun dediyi yerə gəlməsini tapşırmışdır. Xəyalə də onunla razılaşaraq onun dediyi yerə gələcəyinə dair söz vermişdir. Həmin vaxt o, qayınanasına məxsus «Hundai Elantra» markalı avtomobillə Yevlax rayonu, Xaldan şossesi istiqamətində hərəkətdə olmuş, Fəqan gözəllik salonunun qarşısına çatdıqda isə ona zəng edib, salonun qarşısında olduğunu demişdir. Bundan sonra Xəyaləyə zəng edib, Fəqanın salonun qarşısında onu gözlədiyini bildirmişdir. Xəyalənin Fəqanın idarə etdiyi avtomobilə əyləşdiyini bildirdikdən sonra o, Fəqana zəng edib Xəyaləni Yevlax rayonu, Xaldan qəsəbəsinə gətirməsini demiş, Fəqan isə ona avtomobilində yetərincə yanacağın olmadığı üçün uzaq məsafədə gələ bilməyəcəyini bildirmişdir. Ona görə də, Fəqan avtomobili Mingəçevir şəhəri, «Ala Qapı» deyilən yerə, 8 nömrəli avtobus marşrutunun sonuncu dayanacağına gəlməsini tapşırmışdır. Razılaşdıqları yerə çatan zaman Fəqanın avtomobilinin orada dayandığını görmüşdür. Lakin idarə etdiyi «Hundai Elantra» markalı avtomobillə Fəqanın avtomobili saxladığı yerə yaxınlaşan zaman, sonuncunun avtomobilinin salonunda Fəqanla Xəyalədən savayı üzdən tanıdığı polis əməkdaşının olduğunu görmüşdür. Həmin polis əməkdaşı avtomobildən düşüb, onun idarə etdiyi avtomobilə yaxınlaşan zaman o, avtomobili arxaya vermiş, həmin vaxt ehtiyatsızlığı ucbatından avtomobilin arxası dirəyə çırpılmış, istiqamətini düzəldərək Yevlax rayonu, Xaldan qəsəbəsi istiqamətində sürüb, oradan uzaqlaşmışdır. Bundan sonra o, Xəyaləyə zəng edib nə səbəbə görə polisə məlumat verdiyini soruşduqda, Xəyalə ondan qorxduğu üçün polis əməkdaşları ilə birgə onunla görüşə gəldiyini bildirmişdir. Bundan sonra o, Xəyalə ilə telefonda mübahisə etmiş, təxminən 1 saat sonra Xəyalə ilə yenidən telefonla danışıb, onunla görüşmək və ciddi şəkildə söhbət etmək istədiyini bildirib, ondan polis əməkdaşları ilə birlikdə deyil, görüşə tək gəlməsini tələb etmişdir. Xəyalə onun təklifini qəbul etdikdən sonra hara gələcəyini soruşduqda o, Xəyaləyə taksiyə əyləşib Yevlax rayonu, Xanabad qəsəbəsi istiqamətində gəlməsini tapşırmışdır. Həmin vaxt Yevlax rayonu, Xanabad qəsəbəsində magistral yolun yaxınlığında «Hundai Elantra» markalı avtomobilə əyləşmiş və Xəyalə ilə yolboyu mobil telefonla danışmışdır. Bir qədər sonra Xəyalənin markasını xatırlamadığı ağ taksi ilə onun dediyi ünvana çatan zaman avtomobili həmin avtomobilin yanında saxlamışdır. Xəyalə həmin taksidən düşüb, könüllü halda onun idarə etdiyi «Hundai Elantra» markalı avtomobildə sağ arxa oturacaqda əyləşmişdir. Bundan sonra o, magistral yol ilə Şəki rayonu istiqamətində hərəkət etməyə başlamış və avtomobili idarə edərkən Xəyaləyə hansı səbəbdən bundan öncəki görüşə polis əməkdaşları ilə birlikdə gəldiyini soruşub, mübahisə etməyə başlamışlar. Həmin vaxt avtomobilin yan güzgüsünə baxdıqda polis əməkdaşlarının onu təqib etdiyini, görüşə gəlməmişdən əvvəl Xəyalənin yenə də polisə məlumat verdiyini anlayıb hiddətlənərək, cibindəki bıçağı çıxardaraq, Xəyaləni qorxutmaq məqsədi ilə əlindəki bıçaqla Xəyalə istiqamətində çevirən zaman Xəyalə anidən avtomobilin arxa qapısını açıb özünü avtomobildən yerə atmışdır. Bundan sonra dərhal avtomobili saxlayıb, asfaltda yerdə yıxılmış vəziyyətdə olan Xəyalənin yanına qaçmış, həmin vaxt Xəyalənin bədəni üzərində xəsarətlərin olduğunu görmüşdür. Xəyalə həmin xəsarətləri yerə yıxıldığı zaman almışdır. Həmin vaxt Xəyalədən ayağa qalxıb, avtomobilə əyləşməsini tələb edən zaman Xəyalə yerdən qalxmamışdır. Elə həmin vaxt polis əməkdaşlarının yaxınlaşdığını görüb, avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Qısa müddət sonra avtomobilin yanacağı bitdiyindən avtomobili saxlamış, polis əməkdaşları ona çatıb, onu Mingəçevir ŞPŞ-yə aparmışlar. O, xx.xx.2023-cü il tarixdə Xəyaləni öldürməklə hədələmiş, onun idarə etdiyi avtomobili icazəsiz olaraq gözəllik salonunun qarşısından sürüb, getmişdir, Yevlax rayonu ərazisində olarkən və orada Xəyaləni öldürməklə hədələməsinə baxmayaraq, həmin vaxt öldürmək niyyətində olmamışdır, onu öldürmək istəmiş olsaydı bunu əvvəl də avtomobildə edə bilərdi. Həmin günü Xəyalə özünü avtomobildən atdıqdan sonra Xəyaləni asfalt yoldan qaldırıb avtomobilə əyləşdirmək istəyən zaman Xəyalə onunla birgə gəlmədikdə o, avtomobilə qayıdıb əyləşən zaman əlindəki bıçaq yerə düşmüşdür. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Ona dəymiş ziyanı ödəmiş ona görə də zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2011-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Birgə nikahlarından bir nəfər uşaqları doğulmuşdur. Ailə qurduqdan 1 il sonra aralarında mübahisələr yaranmışdır. Mübahisəyə səbəb Şəhriyarın narkotik vasitələrdən istifadə etməsi və mütəmadi olaraq müəyyən şəxslərə borclu olması olmuşdur. 2022-ci ilin sentyabr ayından Şəhriyardan ayrı yaşamağa başlasa da, rəsmi qaydada boşanmamışlar. Bundan sonra Şəhriyar birlikdə yaşadıqları evi tərk edərək, Bakı şəhərinə köçüb getmişdir. Şəhriyar hər həftənin sonunda uşağını görmək üçün Bakı şəhərindən Mingəçevir şəhərinə gəlib-getmişdir. Həmin vaxtlar aralarında yenə də mübahisələri yaranmışdır. Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, 3 saylı binanın altında özünə məxsus gəlinlik obyekti var. Obyektin bir tərəfində toy mərasimi üçün gəlinləri bəzəyir. Əksər vaxtı bazar günləri səhər saat 05-06 radələrində işə gedir. xx.xx.2023-cü il tarixdə səhər saat 05-də evdən çıxıb, anasına məxsus «Hundai Elantra» markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib mühərriki işə salmış, qısa müddət sonra Şəhriyar avtomobilin sağ qapısını açıb avtomobilə əyləşmişdir. Şəhriyardan gəlməyinin səbəblərini soruşduqda, Şəhriyar ona münasibətlərinə aydınlıq gətirmək üçün onun yanına gəldiyini bildirmişdir. Lakin o, işə tələsdiyini, ona görə də sonra görüşüb, söhbət etməyi Şəhriyara təklif etmişdir. Lakin Şəhriyar onun təklifini qəbul etməyib, bu dəfə cibindən bıçaq çıxarmış, onunla təcili olaraq danışmaq istədiyini bildirmişdir. Yaşadığı binanın qarşısında Şəhriyarla söhbət etmək istəmədiyi üçün ona başqa yerə getməyi təklif etmişdir. Bundan sonra Şəhriyar ona avtomobili yaşadığı Mingəçevir şəhəri, Şəfa bağ massivi istiqamətində sürməyi demişdir. Bundan sonra o, avtomobili Şəfa bağ massivi istiqamətində sürmüş, massivə çatdıqdan sonra Şəhriyar hazırda xatırlamadığı yerdə olan zaman ona avtomobili saxlamağını bildirmişdir. O, avtomobili saxlayan kimi Şəhriyar avtomobilin mühərrikini söndürüb, açarı çıxartmışdır. Həmin vaxt Şəhriyar ona “bilirsən səni bura hansı səbəbdən gətirmişəm” sözlərini deyib, üzərində saxladığı bıçağı çıxarmış, onu yenə də hədələməyə başlamışdır. O, Şəhriyardan onu hansı səbəbə görə gətirdiyini soruşduqda, Şəhriyar ona Şəfa bağ massivində sahibsiz torpaq sahəsi olduğunu və onu orada öldürüb basdıracağını bildirmişdir. Yalvararaq, Şəhriyardan səbirli olmasını, işə getməli olduğunu, müştərinin salonda onu gözlədiyini, saat 11-12 radələrində işini bitirdikdən sonra Şəhriyarla hara desə, gedəcəyini bildirmişdir. Nəhayət, Şəhriyarı dilə tutmuş və Şəhriyar onunla razılaşmış, lakin Şəhriyar avtomobilin özü tərəfindən idarə olunacağını deyərək, sükan arxasına keçmişdir. Sonra Şəhriyar avtomobili ona məxsus Mingəçevir şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Beyaz Vedding” gözəllik salonuna sürmüşdür. Salona çatdıqdan sonra Şəhriyar ona yuxusuz olduğunu, çıxana kimi salonun qarşısında avtomobildə gözləyəcəyini, lakin mobil telefonu və çantanı avtomobildə qoymasını tələb etmişdir. O, avtomobildən düşən kimi çantanı və mobil telefonu götürüb, qaçaraq salona girmiş və salonda onunla birgə işləyən şəxslərə, yəni Laləzar, Güllü, Arzu və Cəlaləyə salonun qapılarını bağlamağı tapşırmışdır. Salonun qapıları şüşə olduğu üçün salonun qapılarının kilidi qapının aşağısında olur. Güllü qapını bağlamışdır. O, salona daxil olan kimi Şəhriyarın onun arxasınca gəlib içəri daxil olacağını bildiyi üçün öz şəxsi otağına gedib qapını arxadan bağlamışdır. Otaqda köməkçisi Arzu olmuşdur. Bir neçə dəqiqə sonra Şəhriyarın salonun şüşə qapılarını sındırıb içəri daxil olduğunu eşitmişdir. Sonra Şəhriyar onun gizləndiyi və qapısını arxadan bağladığı otağa gəlib qapını təpiklə vurmağa başlamış və ünvanına nalayiq kəlimələr işlətmişdir. Şəhriyar salonun qapısını sındırıb, içəri girən və onun ünvanına ucadan söyüşlər söydüyü zaman salonda işçiləri Laləzar, Güllü, Arzu və Cəlalə olmuşdur. Şəhriyarı sakitləşdirmək üçün getməsini xahiş edərək saat 11-də onunla görüşəcəyinə dair söz vermişdir. Lakin Şəhriyar israrla ondan çölə çıxmasını tələb etmiş, lakin onun çıxmayacağını görüb, anasına məxsus «Hundai Elantra» markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobili onun icazəsi olmadan sürüb getmişdir. Bundan sonra o, AR DİN 102 xidmətinə müraciət etmiş, qısa müddət keçdikdən sonra Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları ona məxsus salona gəlmişlər. Polis əməkdaşları salonda olarkən Şəhriyar yenidən ona zəng edib, saat 11-də onunla görüşməli olduğunu demişdir. Həmin vaxt salonda olan polis əməkdaşlarının işarəsi ilə Şəhriyar ilə görüşməyə razılıq vermişdir. Şəhriyar saat 11-də tanışını onun arxasınca göndərəcəyini bildirmişdir. Şəhriyarın təklifini qəbul etmiş və salona gələn Rövşən adlı polis əməkdaşı ilə birgə orada Şəhriyarın tanışının gəlməsini gözləməyə başlamışlar. Rövşən adlı polis əməkdaşı mülki geyimdə olmuşdur. Saat 11 radələrində Şəhriyar ona zəng edib, dostunun salonun arxa qapısında onu gözlədiyini bildirmiş, həmin vaxt polis əməkdaşı Rövşən və o, salonun arxa qapısına çıxan zaman ağ rəngli avtomobilin dayandığını görmüşlər. Avtomobilə diqqət yetirdikdə Şəhriyarın keçmiş tanışı Fəqan adlı şəxsin avtomobilin salonunda əyləşdiyini görmüşdür. Polis əməkdaşı Fəqana yaxınlaşaraq, ondan Şəhriyarın harada olduğunu soruşduqda Fəqan Şəhriyarın yerini bilmədiyini demişdir. Bundan sonra o və polis əməkdaşı Rövşən Fəqanın avtomobilində arxa oturacaqda əyləşmişdir. X8 Şəhriyara zəng edib, görüş təyin etməsini, lakin onun avtomobildə olması barədə Şəhriyara heç bir söz deməməyi tapşırmışdır. Fəqan Rövşənin dediklərinə əməl edib, Şəhriyara zəng edib, onu götürdüyünü və haraya gəlməli olduğunu Şəhriyardan soruşmuşdur. Şəhriyar isə onu Yevlax rayonu, Xaldan qəsəbəsinə gətirməyi Fəqana demişdir. Lakin bu vaxt Fəqan Şəhriyara atası ilə dalaşdığını və şəhər ərazisini tərk edə bilməyəcəyini dedikdə, Şəhriyar Fəqana 8 nömrəli avtobusun sonuncu duracağına gəlmələrini xahiş etmişdir. Bundan sonra Fəqan avtomobili 8 nömrəli marşrut avtobusunun Mingəçevir şəhəri ərazisində “Ala Qapı”deyilən tərəfdən sonuncu duracağına sürüb saxlamışdır. Təxminən 5 dəqiqə sonra Şəhriyar «Hundai Elantra» markalı avtomobil ilə onlara tərəf gəlmiş, Fəqanın avtomobilində olan polis əməkdaşı Rövşən avtomobilin salonunda gizlənmək istəsə də Şəhriyar Rövşəni görüb, avtomobili saxlamış, qısa müddət sonra isə avtomobili geriyə verib qaçmağa hazırlaşmış, həmin vaxt avtomobilin arxa və ön hissəsini dirəyə vurub oradan uzaqlaşmışdır. Bundan sonra o və Rövşən polis şöbəsinə gəlmişlər. Şəhriyar ona zəng edib, polis əməkdaşı ilə birlikdə onunla görüşə gəlməkdə səhv etdiyini bildirib, onunla istənilən halda təkliklə görüşməli olduğunu israrla tələb etməyə davam etmişdir. Həmçinin Şəhriyar onunla həmin gün görüşməyəcəyi təqdirdə avtomobilini yandıracağı ilə hədələmişdir. Polis əməkdaşlarının yanında Şəhriyar ilə görüşməyə razılıq vermişdir. Şəhriyar ona taksiyə əyləşib Yevlax rayonu, Xaldan qəsəbəsinə gəlməyi tapşırmışdır. Təxminən saat 13 radələrində o, taksi sifariş vermiş, taksiyə əyləşib, Şəhriyarın dediyi istiqamətə tərəf getmiş, həmin vaxt polis əməkdaşları onun arxasınca özlərinə məxsus mülki avtomobil ilə yola düşmüşlər. Yevlax rayonu, Xaldan qəsəbəsinə çatan zaman Şəhriyar ona zəng edib. Yevlax rayonu, Xanabad qəsəbəsinə gəlməsini demişdir. Bir qədər gəldikdən sonra Şəhriyar yenidən ona zəng edib, yolda quraşdırılmış «Radarı» keçdikdən sonra dayanmağı tapşırmışdır. Taksi yolun kənarında avtomobili saxladıqdan sonra o, taksidən düşmüş, bundan sonra taksi çıxıb getmişdir. Şəhriyar isə orada olan qəbiristanlığın ara yolundan çıxıb, avtomobili onun yanına sürmüş və qapını açaraq, salonda ön oturacaqda əyləşməsini tələb etmişdir. O isə ön oturacaqda deyil, arxa oturacaqda əyləşəcəyini bildirmiş və könüllü şəkildə sağ tərəfdən arxa oturacaqda əyləşmişdir. Bundan sonra Şəhriyar avtomobili Şəki rayonu istiqamətində idarə etməyə başlamışdır. Həmin vaxt Şəhriyar bir əli ilə sükanı tutaraq, sağ əlində isə bıçaq saxlamışdır. Həmin vaxt Şəhriyar qəfil olaraq arxadan polis əməkdaşlarının mülki avtomobillərini görüb, ona “sən yenə də polislə gəlmisən?” sualını verib, bıçağın düyməsini basıb, onun tiyəsini açmış və avtomobili idarə edə-edə bıçağı ona tərəf tutub, öldürməklə hədələmişdir. Həmin vaxt bıçağın ucu onun sağ çənə nahiyəsinə dəymiş və o, Şəhriyarın ona xəsarət yetirəcəyini düşünüb, hərəkətdə olan avtomobilin qapısını açaraq, özünü yerə atmışdır. Düşdüyü yerdə asfaltda yumbalandıqdan sonra dayanmışdır. Həmin vaxt Şəhriyar avtomobili saxlayaraq yerə düşmüş və ondan avtomobilə əyləşməsini tələb etmişdir. Lakin onu müşahidə edən polis əməkdaşlarının yaxınlaşdığını görüb, ona tərəf gəlmədən yenidən avtomobilə əyləşib, avtomobili oradan sürüb getmişdir. O isə polis əməkdaşlarının idarə etdiyi avtomobilə əyləşmiş, bir qədər sonra polis əməkdaşları Şəhriyarı irəlidə saxlayıb, polis şöbəsinə aparmışlar. Özünü avtomobildən yerə atan zaman sol əli, qolu, bel nahiyəsi və ayaqlarından xəsarət almışdır. Həmçinin onun məhkəmə-əmtəəşünaslıq ekspertizasının ona məxsus Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi 3 saylı binanın birinci mərtəbəsində yerləşən “Beyaz Vedding” gözəllik salonunun şüşə qapılarının sınması ilə bağlı ona dəymiş maddi ziyanın 600 manat dəyərində olması ilə bağlı rəyə heç bir etirazı olmamışdır. Ona dəymiş ziyan məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2022-ci ilin may ayından etibarən Zərərçəkmiş şəxs ilə birlikdə gözəllik salonu işlədirlər. xx.xx.2023-cü il tarixdə o, səhər saat 05-də Mingəçevir şəhər, İ.Qayıbov küçəsi 3 saylı binanın altında yerləşən «Bəyaz Vedding» gözəllik salonuna işə gəlmiş, saat 06:30-da salonun qarşısında Xəyalənin avtomobili dayanmışdır. Həmin vaxt Xəyalə avtomobildən çıxıb qaçaraq salona girmiş və onlara qapını arxadan bağlamağı tapşırmışdır. Bundan sonra salonda onlarla birgə işləyən Güllü adlı şəxs salonun şüşə qapılarını arxadan bağlamışdır. Bundan sonra Xəyalə qaçaraq öz otağına keçib qapının kilidini bağlamışdır. Qısa müddət sonra Xəyalənin əri Şəhriyar salonun giriş qapısına yaxınlaşıb, onu açmaq istəmiş, lakin onun arxadan bağlı olduğunu görüb, şüşə qapını təpikləmişdir. Sonra qapının sınmadığını görüb, hər iki əli ilə qapının dəstəklərindən tutaraq qapını yerindən möhkəm tərpətmiş, bundan sonra qapı çərçivədən çıxaraq içəriyə doğru düşüb sınmışdır. Şüşə qapı qırıldıqdan sonra Təqsirləndirilən şəxs içəri daxil olmuş, salonun içərisində səs-küy salaraq, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək cibindən bıçaq çıxarmış, lakin bıçağın tiyəsini açmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs ondan gizləndiyi otağın qapısına yaxınlaşıb, ondan otağın qapısını açmasını tələb edərək onu hədələmiş və ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Zərərçəkmiş şəxs otaqdan səslənərək Şəhriyardan getməsini xahiş etmiş, işlərini yekunlaşdırdıqdan sonra onunla görüşüb münasibətlərinə aydınlıq gətirəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir qədər sakitləşərək salondan çıxıb, Zərərçəkmiş şəxs avtomobilinə oturub çıxıb getmişdir. Sonra isə Zərərçəkmiş şəxs polis əməkdaşlarına zəng edərək hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs gözəllik salonunun içərisində üzərindən bıçaq çıxartsa da, həmin bıçaqla hər hansı bir əmlakı zədələməmiş və məhv etməmiş, bıçağın tiyəsini açmamışdır, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi barədə hədə-qorxu gəlməmiş, habelə həmin vaxt gözəllik salonunda olan digər işçilərə qarşı da bıçaqdan istifadə edərək hər hansı bir hədə-qorxu gəlməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və X2 da Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid3 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 da Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış aparılması haqqında protokoldan görünür ki, Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi 3 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən «Beyaz Vedding» gözəllik salonuna həmin salonun sahibi Zərərçəkmiş şəxs iştirakı ilə baxış aparılmış və baxış zamanı müəyyən edilmişdir ki, «Beyaz Vedding» gözəllik salonunun giriş qapıları şüşədən ibarətdir, həmin şüşə qapıların yerə düşüb qırılması nəticəsində giriş hissədə yalnız şüşə qapıları saxlayan qızılı rəngli çərçivə qalmışdır. Hadisə yerinə baxış keçirilən zaman artıq şüşə qırıntıları zərərçəkmiş şəxs tərəfindən təmizlənmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Əzizova Hicran Əsgər qızına məxsus “Hundai Elantra” markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanla bağlı olaraq baxış keçirilən zaman “Hundai Elantra” markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa farasının sağ yan tərəfinin şüşəsinin sınmasının, sağ arxa buferinin yerində olmaması və arxa kupotun sağ tərəfdən içəri batmış vəziyyətdə olan əziyinin olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 05 mart 2023-cü il tarixli və 10 mart 2023-cü il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması barədə protokollardan görünür ki, ifadənin yerində yoxlanması zamanı iş üçün əhəmiyyət kəsb edəcək heç nə müəyyən edilməmiş və götürülməmişdir. Cinayət işinin materiallarında olan 28 aprel 2023-cü il tarixli və 30 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması barədə protokollardan görünür ki, ifadənin yerində yoxlanması zamanı iş üçün əhəmiyyət kəsb edəcək heç nə müəyyən edilməmiş və götürülməmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 108 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 111 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: -alt çənədə yara, deşici-kəsici əşyanın təsirindən, sol said, sol bud, sol sağrı, sol diz və sol əl nahiyyələrində sıyrıqlar, hərəkətdə olan avtomobildən yıxılma zamanı əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/3152 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən əşyaların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin fevral ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1080,0 manat müəyyən edilmişdir. 2011-ci il buraxılışlı Hyundai Elantra markalı avtomobilin sağ arxa farası dəyəri 80 manat, 2011-ci il buraxılışlı Hyundai Elantra markalı avtomobilin sağ arxa buferi dəyəri 150 manat, 2011-ci il buraxılışlı Hyundai Elantra markalı avtomobilin arxa kapotu dəyəri 250 manat, 2.80 metr hündürlüyü, 3.50 metr eni olan şüşədən ibarət olan giriş qapısı dəyəri 600 manat olmaqla, cəmi 1080,0 manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs talama məqsədi olmadan qaçırtdığı qaynanası Əzizova Hicran Əsgər qızına məxsus “Hundai Elantra” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Əzizova Hicran Əsgər qızı xx.xx.2023-cü il tarixdə ona məxsus “Hundai Elantra” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir ŞPŞ-nin müstəntiqi, polis kapitanı X1 iştirakı ilə Mingəçevir ŞPŞ-nin həyətindən təhvil götürmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Əzizova Hicran Əsgər qızına məxsus “Hundai Elantra” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir ŞPŞ-nin müstəntiqi, polis kapitanı X1 iştirakı ilə Mingəçevir ŞPŞ-nin həyətindən təhvil götürmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 134, 185.1 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi, cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 134 və 185.1-ci maddələri ilə iş üzrə icraata bəraətverici əsaslar olmadan, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmaqla hissəvi xitam verilmsəi qərara alınmış, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.3–cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilərək, ona həmin maddə ilə yenidən ittiham elan edilmiş və xx.xx.2023-cü il tarixdə Mingəçevir Şəhər Məhkəməsi tərəfindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 29, 120, 144.2.4, 144.2.5, 145, 185.2.2, 185.2.3, 185.2.4, 186.1 və 228.4-cü maddələri ilə cinayət təqibinin başlanılmasının rədd edilmiş və Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati icraatın başlanılmasının rədd edilmiş, Hicran Əzizovaya məxsus “Hundai Elantra” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut qismində tanınaraq zərərçəkmiş şəxsə qaytarılmasının nəzərə alınmış və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə iş üzrə icraata xitam verilməsi ilə əlaqədar Əzizova Hicran Əsgər qızının zərərçəkmiş şəxs statusuna xitam verilmişdir. Cinayət işinin materiallarında olan cinayət işi üzrə icraata hissəvi xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 134 və 185.1-ci maddələri ilə iş üzrə icraata hissəvi xitam verilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Rayonlararası Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş 723 №-li xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Mingəçevir Psixo-Nevroloji Dispanserində qeydiyyatda durmur və müraciət etməmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş 867 №-li xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən xx.xx.2019-cu il tarixdən Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatdadır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs özünü gözəllik salonunda olan Şahid1, Şahid3, X2 və Şahid2 fövqündə qoymaqla, habelə onlara qarşı etinasızlıq və laqeydlik nümayiş etdirməklə, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə, ümumi qəbul edilmiş davranış qaydaları və etik normalarına zidd davranış nümayiş etdirmiş, salonda şəxsi otağında qapını arxadan bağlayaraq ondan qorunan Zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi hədəsi ilə, habelə ona məxsus əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 221.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” cinayət olmaqla, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin hadisələrin təsadüfi axarı zəminində ilk dəfə “böyük ictimai təhlükə törətməyən” cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində bir nəfər azyaşlı uşağın olmasını, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun barəsində cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il tarixdə doğulmuş bir nəfər Murad adlı azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, hazırda təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(051)-17/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 134, 185.1 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlanma müddəti 3 (üç) ay həddində müəyyən edilməsi, həbsdə saxlanma müddətinin əvvəli tutulduğu vaxtdan, xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Qərar xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3 (üç) ay müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 6 (altı) ay müddət, təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Əzizova Hicran Əsgər qızına məxsus “Hundai Elantra” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 150 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344– 349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, 6 (altı) ay müddət, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Əzizova Hicran Əsgər qızına məxsus “Hundai Elantra” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 150 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-96/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-96/2023
06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver