Məhkəmə qərarları › İş №1(051)-97/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-97/2021

18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-97/2021 18.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs oğlu – xx.xx.1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Mingəçevir şəhər məhkəməsinin 01 mart 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19.03.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi narkotik vasitələr heroini və tiryəki satış məqsədi olmadan özü ilə daşıyıb yaşadığı mənzilə aparıb həmin narkotik vasitələrdən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağız bükümündə təmiz çəkisi 0,654 qram olan və bir ədəd şüşə ampulada təmiz çəkisi 0.191 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini yaşadığı Mingəçevir şəhəri M.Maqomayev prospekti 12№-li evin 26№-li mənzilindəki yataq otağında olan masanın üzərində, bir ədəd yaşıl rəngli sellafon paketdə təmiz çəkisi 10,504 qram olan xaş-xaş bitkisindən kustar üsulu ilə hazırlanmış narkotik vasitə-tiryəki isə həmin otaqdakı çarpayının üzərindəki döşəyin altında gizlədərək saxlamış 20 yanvar 2021-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhər X2 Mübarizə Qrupunun əməkdaşları tərəfindən Mingəçevir şəhər Məhkəməsinin qərarı əsasında onun yaşadığı mənzilə baxış keçirilərkən həmin çəkidə narkotik vasitələr heroin və tiryək mənzildən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bldirdi ki, 2020-ci ilin noyabr ayının əvvəllərində Mingəçevir şəhəri M.Füzuli küçəsində yerləşən uşaq bağçasının yaxınlığından keçərkən yerdən bir ədəd yaşıl rəngli sellafon paket görüb götürdü. Açıb baxdıqda həmin bükümün içərisindəkinin narkotik vasitə tiryək olduğunu gördü. Çünki özü də narkotik vasitələrdən istifadə edir. Tapdığı həmin narkotik vasitə tiryəki üzərində daşıyaraq yaşadığı mənzilə aparıb mənzildəki yataq otağında olan çarpayının üzərindəki döşəyin altında gizlətdi. Həmin narkotik vasitə tiryəkdən bir qədərini özü istifadə etdi. Bundan başqa 18 yanvar 2021-ci il tarixdə saat təxminən 15 radələrində Mingəçevir şəhərinin 20 Yanvar küçəsindəki yaşayış binalarının qarşısından keçərkən yerdə bir ədəd siqaretin gümüşü kağız bükümünü görüb götürdü. Açıb baxdıqda içərisindəkinin narkotik vasitə heroin olduğunu gördü. 20.01.2021-ci il tarixdə saat 17 radələrində yaşadığı mənzildə olarkən tapdığı narkotik vasitə heroinin üzərindən bir miqdarda götürüb şüşə qaba tökərək daha sonra isə üzərinə limon duzu əlavə edib sonra onu su ilə qaynatdı və şiprisə çəkib damarına vurdu. Bir qədəri isə qabda qaldı. Bir qədər sonra isə dostu Şahid2 yaşadığı mənzilə gəldi. Birlikdə özünün yataq otağında əyləşib söhbət edərkən mənzilin qapısı döyüldü və qapını açdıqda qapının qarşısında dayanan polis əməkdaşlarını gördü. Polis əməkdaşları özlərini təqdim edərək onun, eləcə də dostu Anarın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə polis şöbəsində məlumat olduğunu bildirib mənzilə baxış keçirilməsi üçün Mingəçevir şəhər Məhkəməsinin qərarı ilə onu tanış etdilər. O da mənzilinə baxış, eləcə də üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədi. Həmçinin mənzilə baxış keçirilərkən videoçəkilişdən də istifadə ediləcəyi bildirildi. O da videoçəkilişdən istifadə edilməsinə etiraz etmədi. Daha sonra isə onun üzərinə şəxsi axtarış keçirildi, şəxsi axtarış zamanı onun üzərindən saxlanılması qanunla qadağan edilmiş əşya və ya maddə aşkar olunmadı. Bundan sonra mənzilə baxış keçirildi. Mənzilə baxış zamanı onun yatdığı otaqda masanın üzərindən içərisində heroin olan bir ədəd siqaretin gümüşü kağız bükümü, dörd ədəd narkotik vasitələri damarına vurmaq üçün özü istifadə etdiyi şiprislər, iki ədəd isə narkotik vasitələri damarına vurmaq üçün hazırladığı şüşə qablar, yatdığı çarpayının üstündə olan döşəyin altından isə içərisində tiryək olan büküm aşkar olunaraq götürüldü. Bundan sonra həmin narkotik vasitələr elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 0,84 qram, tiryəkin çəkisi isə 10,88 qram olmuşdur. Sorğu zamanı aşkar olunmuş maddələrin narkotik vasitə heroin və tiryək olduğunu, həmin narkotik vasitələri Mingəçevir şəhər ərazisindən tapdığını, özü istifadə etmək məqsədi ilə yaşadığı mənzildə gizlədərək saxladığını bildirdi. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, o, hazırda Mingəçevir şəhəri ərazisində fəaliyyət göstərən 7 saylı marşrut avtobusunda sürücü vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun övladıdır. Bəxtiyar narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün əvvəl azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 19 mart 2019-cu il tarixdə cəzasının sonu ilə əlaqədar olaraq azad olunubdur. Bəxtiyar bir müddət narkotik vasitələrdən istifadə etməsə də sonradan yenə də narkotik vasitələrdən istifadə etməyə başladı. 2020-ci ilin iyul-avqust ayında Bəxtiyar ona müalicə olunmaq istədiyini bildirdi. O da Bəxtiyarı Mingəçevir şəhəri rayonlararası Narkoloji Dispanserə yerləşdirdi və 25 günlük müalicə başlanılmışdır. Müalicənin 17-ci günündə Bəxtiyar ona səhhətinin normal olduğunu və artıq müalicəyə ehtiyacı olmadığını bildirərək Dispanseri tərk etdi. Lakin elə həmin gün də narkotik vasitənin təsiri altında yaşadıqları mənzilə gəldi. Bəxtiyar 20 yanvar 2021-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığı müddətədək narkotik vasitələrdən istifadə edirdi. Bəxtiyar narkotik vasitələri daima öz yaşadığı otaqda istifadə edirdi. Lakin Bəxtiyarın narkotik vasitələri haradan əldə etməsi barədə onun hər hansı məlumatı olmamışdır. Şahid2 məhkəmə iclasında ifadəsində bildirdi ki, 2021-ci ilin yanvar ayının əvvəllərində günorta saatlarında Mingəçevir şəhəri R.Rza küçəsində yerləşən yaşadığı binanın arxasından keçərkən yerdə 1 ədəd siqaretin gümüşü kağız bükümünü görüb götürdü. Açıb baxdıqda həmin bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu bildi. Çünki özü də narkotik vasitələrdən istifadə edir. Həmin bükümü əynindəki göy rəngli cins şalvarın arxa sol cibinə qoyaraq gizlətdi. 20.01.2021-ci il tarixdə saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs yaşadığı mənzilə getdi. Tapdığı narkotik vasitə də üzərində idi. Bəxtiyarla Bəxtiyarın narkotik vasitələrdən istifadə etməsi barədə onun məlumatı vardır. Masanın üzərində siqaretin gümüşü kağız bükümünü gördü. Lakin o, həmin bükümdə nə olduğunu görməmişdir. Mənzildə olarkən qapının döyüldüyünü eşidib Bəxtiyar qapını açdıqda gələn şəxslərin polis əməkdaşları olduğunu gördülər. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra və Bəxtiyarın eləcə də onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirərək mənzilə baxış keçirilməsi üçün Mingəçevir şəhər Məhkəməsinin qərarı ilə Bəxtiyarı tanış etdilər. O, isə mənzilin digər otağında gizləndi. Baxış zamanı mənzildən nə aşkar olunmasını görmədi. Mənzilə baxış keçirildikdən sonra polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirdilər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədi. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirildi, o da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etmədi. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirildi. O da əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, sol cibindən bir qutu siqaret və bir ədəd alışqanı, əynində olan göy rəngli cins şalvarının sol cibində özünə məxsus şəxsiyyət vəsiqəsi və bir ədəd bank kartını, şalvarının arxa sol cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümünü polis əməkdaşlarına təqdim etdi. Təqdim etdiyi bir ədəd siqaretin gümüşü bükümü açılıb baxıldıqda bükümdə olan kütlənin narkotik vasitə olduğu müəyyən edildi. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirdi ki, həmin narkotik vasitəni 2021-ci ilin yanvar ayının əvvəllərində Mingəçevir şəhəri R.Rza küçəsində yerləşən yaşadığı binanın arxasından keçərkən yerdən siqaretin gümüşü kağız bükümündə tapdı. Şahid3 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin baş əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, şəhər sakini kimi tanıyır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün cinayət məsuliyyətinə cəlb edilmişdir. Son dövrlər də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mütəmadi olaraq məşğul olması və yaşadığı mənzildə narkotik vasitələri qəbul etməsi barədə əməliyyat məlumatları daxil oldu. Bu səbəbdən də Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsinə icazə verilməsi üçün vəsatət və təqdimatla Mingəçevir şəhər Məhkəməsinə müraciət edildi. Mingəçevir şəhər Məhkəməsinin 20 yanvar 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri M.Maqomayev küçəsi 12 saylı evin 26 saylı mənzilinə baxış keçirilməsinə icazə verildi. 20 yanvar 2021-ci il tarixdə Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid4, Şahid5, Şahid6 və o, birlikdə Təqsirləndirilən şəxs yaşadığı mənzilə getdilər. Qapını döyüb Bəxtiyar qapını açdıqdan sonra Bəxtiyara narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib, Mingəçevir şəhər Məhkəməsinin qərarı əsasında yaşadığı mənzilə baxış keçiriləcəyi bildirildi. Həmin vaxt mənzildə Bəxtiyardan başqa Mingəçevir şəhər sakini Şahid2 da olmuşdur. İlkin olaraq Təqsirləndirilən şəxs üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirildi, Təqsirləndirilən şəxs da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədi. Eləcə də şəxsi axtarış keçirilərkən videoçəkilişdən istifadə ediləcəyi də bildirildi. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o, da üzərində saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxsıı üzərindən saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin yataq otağına baxış keçirilməyə başlanıldı. Mənzilin yataq otağına baxış keçirilərkən otaqdakı masanın üzərindən içərisində heroin olan bir ədəd siqaretin gümüşü kağız bükümü, dörd ədəd narkotik vasitələri damarına vurmaq üçün istifadə edilmiş şiprislər, iki ədəd isə narkotik vasitələri damarıma vurmaq üçün hazırladığı şüşə qablar, yatdığı çarpayın üstündə olan döşəyin altından isə içərisində tiryək olan büküm aşkar olunaraq götürüldü. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş maddələrin narkotik vasitə heroin və tiryək olduğunu, həmin narkotik vasitələrin Mingəçevir şəhər ərazisindən tapdığını, özü istifadə etmək məqsədi ilə yaşadığı mənzilə aparıb gizlədərək saxladığını bildirdi. Şahidlər Şahid4 və Şahid6 da məhkəmə iclasında Şahid3 ifadəsinə uyğun ifadə verdi. Təqsirləndirilən şəxs əməli digər Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 33-34-cü vərəqlərində olan 20 yanvar 2021-ci il tarixli mənzilə baxış və götürmə keçirilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilərkən masanın üzərinə baxış zamanı orada bir ədəd siqaretin gümüşü rəngli kağız bükümü, dörd ədəd istifadə edilmiş şpris, iki ədəd başı qırılmış və içərisində qəhvəyi rəngə çalan maddələr olan üzərində “Novakain…” sözləri yazılmış şüşə qab, bir ədəd açılmış limon duzu aşkar olundu. Həmin kağız büküm açıldıqda içərisində olan kütlə spesifik iyindən narkotik vasitə-heroinə bənzər kütlə olması aşkar olundu. Daha sonra həmin otaqda, sağ tərəfdə olan çarpayının üzərindəki döşəyi qaldırdıqda isə onun altında bir ədəd açıq yaşıl rəngə çalan sellofan büküm aşkar olundu, həmin büküm açıldıqda isə içərisində olan kütlə spesifik iyindən narkotik vasitə tiryəkə bənzər kütlə olması aşkar olundu. İşin 48-51-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 21 yanvar 2021-ci il tarixli, 17/56 saylı rəyində göstərilir ki, üzərində “Vət. Təqsirləndirilən şəxs oğlunun yaşadığı mənzildən aşkar olunmuş narkotik…” sözləri yazılmış 01(bir) ədəd zərfin içərisindəki; - 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,654 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, - 01 (bir) ədəd başlığı qırıq şüşə ampulada, təmiz çəkisi - 0,191 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinlərin ümumi çəkisi -0,845 qram, tədqiqata sərf edildi- hər obyekdən 0,050 qram, qalıq cəmi -0,745 qram. - 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 10,504 qram olan maddə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tiryəkin təmiz çəkisi - 10,504 qram, tədqiqata sərf edildi-0,100 qram, qalıq-10,404 qram. - 01 (bir) ədəd başlığı qırıq şüşə ampulanın və 04 (dörd) ədəd 2 ml-lik şprislərin içərisində cüzi miqdarda olan maddə hissəcikləri-heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, 01 (bir) ədəd başlığı qırıq şüşə ampulanın içərisində olan heroinlər və digər 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə olan heroin tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd şüşə ampulanın və 04 (dörd) ədəd 2 ml-lik şiprislərin içərisində olan heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin obyektlərin 02 (iki) ədəd qızılı-ağ rəngli kağız bükümlərdə və 01 (bir) ədəd başlığı qırıq şüşə ampulanın içərisində olan heroinlərin müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. İşin 108-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 299 saylı 25 mart 2021-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs oğlu narkotik vasitə olan heroindən epizodik istifadı etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Nakomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhər görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi narkotik vasitələr heroini və tiryəki satış məqsədi olmadan özü ilə daşıyıb yaşadığı mənzilə aparıb həmin narkotik vasitələrdən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağız bükümündə təmiz çəkisi 0,654 qram olan və bir ədəd şüşə ampulada təmiz çəkisi 0.191 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini yaşadığı Mingəçevir şəhəri M.Maqomayev prospekti 12№-li evin 26№-li mənzilindəki yataq otağında olan masanın üzərində, bir ədəd yaşıl rəngli sellafon paketdə təmiz çəkisi 10,504 qram olan xaş-xaş bitkisindən kustar üsulu ilə hazırlanmış narkotik vasitə-tiryəki isə həmin otaqdakı çarpayının üzərindəki döşəyin altında gizlədərək saxlamış 20 yanvar 2021-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhər X2 Mübarizə Qrupunun əməkdaşları tərəfindən Mingəçevir şəhər Məhkəməsinin qərarı əsasında onun yaşadığı mənzilə baxış keçirilərkən həmin çəkidə narkotik vasitələr heroin və tiryək mənzildən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs əməli özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və iş materialları ilə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 01.03.2017-ci il tarixli, 1(051)- 31/2017 saylı hökmündən və 88-89-cu vərəqlərində Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Mingəçevir şəhər məhkəməsinin 01.03.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2(iki) il 4(dörd) ay müddətinə azadlıqdan məhtumetmə cəzasına məhkum edilmiş, 19.03.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan cəza təyin olunmasına əsas verən hallar yoxdur. Təqsirləndirilən şəxs oğlu cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşin 19-cu vərəqində olan şübhəli şəxsi tutma haqqında 20 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cəzasının əvvəli tutulduğu vaxtdan, 20 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 10,404 qram tiryək, 0,745 qram heroin, 1 ədəd başlığı qırılmış içərisində heroin hissəcikləri olan şüşə ampula, 4 ədəd içərisində heroin hissəcikləri olan 2ml-lik şprislər Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Vəkil Hüseynov Müsaqif Səfər oğluna ibtidai istintaqda göstərdiyi hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli, tutulduğu gündən 20.01.2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs alınıb, dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 10,404 qram tiryək, 0,745 qram heroin, 1 ədəd başlığı qırılmış içərisində heroin hissəcikləri olan şüşə ampula, 4 ədəd içərisində heroin hissəcikləri olan 2ml-lik şprislər məhv edilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar