Məhkəmə qərarları › İş №1(051)-99/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-99/2023

14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-99/2023 14.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi – Müdafiəçi iştirakı ilə xx.xx.1980-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib CM-nin 70-ci maddəsi tətbiq olunaraq 2 il sınaq müddəti müəyyən olunmaqla 2 il 7 ay 7 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 71.5-ci maddəsinə əsasən 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan 04 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib CM-nin 71.5-ci maddəsi tətbiq edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən təyin edilmiş cəzadan 04 (dörd) gün vaxtından əvvəl şərti azad edilməsinə, məhkumluğu ödənilməməsinə və qanunla müəyyən olunmuş qaydada üzərindən götürülməməsinə baxmayaraq islah olunmamış və istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda 12,91 (on iki tam yüzdə doxsan bir) qram çəkidə narkotik vasitə-qurudulmuş marixuananı əynindəki qara rəngli qış gödəkçəsinin sol iç yan cibində, şəffaf sellofan bükümün içərisində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 18:40 radələrində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Nizami küçəsindəki «Qədiroğlu» adlanan super marketinin yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 Ne-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada xx.xx.2023-cü il tarixdə saat 19:30-dan 19:45-dək olan müddət ərzində üzərinə şəxsi axtarış və götürmə keçirilərkən həmin 12,91 (on iki tam yüzdə doxsan bir) qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana onun əynində olan qara rəngli qış gödəkçəsinin sol iç yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə etmişdir. Əvvələr Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilmiş, 16 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərarı ilə 4 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmişdir. Hadisə ilə əlaqədar olaraq göstərmişdir ki, hal-hazırda fərdi əməklə məşğul olub ailəsini dolandırır. Tutulmazdan əvvəl 13 mart 2023-cü il tarixdə saat 20 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti 1-ci məcburi köçkün qəsəbəsindəki yol kənarında gəzişərkən orada yerdəki sellofan bükümü görüb gördüyündən əyilib götürmüşdür. Həmin büküm açıb içərisinə baxanda içərisindəkinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını müəyyən etmişdir. Narkotik vasitə - qurudulmuş marixuanadan istifadə etdiyinə görə bükümün içərisində olan narkotik vasitəni iyindən, quruluşundan, rəngindən tanımış və gələcəkdə istifadə etmək üçün əynindəki qara rəngli qış gödəkçəsinin sol iç yan cibinə qoyaraq oradan uzaqlaşıb evə qayıtmışdır. 14 mart 2023-cü il tarixdə saat 18:40 radələrində Mingəçevir şəhəri Nizami küçəsindəki «Qədiroğlu» adlanan super marketinin yaxınlığında dayanan zaman 13 mart 2023-cü il tarixdə saat 20 radələrində Mingəçevir əhən H.Əliyev prospekti 1-ci məcburi köçkün qəsəbəsindəki yol kənarında gəzişərkən oradan tapdığı narkotik vasitə olan qurudulmuş marixuana əynindəki qara rəngli qış gödəkçəsinin sol iç yan cibində olmuşdur. Həmin vaxt mülki paltarda olan şəxslər yaxınlaşıb saxlayaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deməklə onu polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Mingəçevir ŞPŞ-nə gəlmişdir. Polis şöbəsində müdafiəçi kimi X4 ona təqdim olunaraq hüquqlarım müdafiə edəcəyi bildirilmişdir. Polis şöbəsində xx.xx.2023-ci il tarixdə saat 19:30 dəqiqədə vəkil X2 iştirakı ilə üstündə şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunduqda üzərində axtarış aparılmasına etiraz etməmişdir. Üzərində axtarış aparılmazdan əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya olubolmaması soruşulmuş, olduğu təqdirdə isə çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən video çəkiliş aparmaqla üzərində axtarış aparılacağı halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edildikdən sonra video çəkiliş tətbiq etməklə üzərində axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd qara rəngli «T210» markalı mobil telefon və sol iç yan cibindən 1 ədəd sellofan bükümün içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bükümün içərisi polis əməkdaşları tərəfindən nəzərdən keçirilərkən içərisindəki kütlələrin iyindən və görünüşündən narkotik vasitə olan «qurudulmuş marixuana»ya oxşar kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı həmin kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildiyini, şübhəli şəxs qismində tutulmazdan əvvəl 13 mart 2023-cü il tarixdə saat 20 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti 1-ci məcburi köçkün qəsəbəsindəki yol kənarında gəzişərkən, əynindəki qara rəngli qış gödəkçəsinin sol iç yan cibində gizlədərək özü istifadə etmək məqsədi ilə saxladığını etiraf etmişdir. Həmin narkotik vasitəyə oxşar 01 (bir) ədəd qurudulmuş marixuana kütləsinin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 13.5 (on üç tam onda beş) qram qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin kütlə onun və digərlərinin iştirakı ilə zərfdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzərinə o, da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış və götürmə zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o, da imza etmişdir. Həmin narkotik vasitə barədə ailə üzvlərinə və ya digər şəxslərə hər hansı məlumat verməmiş, narkotik vasitəni saxlamaqda məqsədi özü istifadə etmək olmuşdur. Həmin narkotik vasitədən heç kimə satmaq və ya vermək məqsədi olmamışdır. Əməlindən peşmandır. Himayəsində iki yetkinlik yaşına çatmayan uşağı vardır. Odur ki, məhkəmədən onun barəsində daha yüngül cəzanın tətbiq edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Mingəçevir ŞPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 14 mart 2023-cü il tarixdə məxfi əməkdaşdan ona Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyataxtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2023-cü il tarixdə saat 18:40 radələrində Mingəçevir şəhər polis Şöbəsinin əməkdaşı Şahid2la birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Nizami küçəsindəki «Qədiroğlu» adlanan super marketinin yaxınlığında piyada hərəkətdə olmasını görüb ona yaxınlaşaraq saxlayıb barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nə gətirmişlər. Polis şöbəsinə vəkil X4 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə aparılacağı, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmənin keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmadığı izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşyanın olduğu halda, könüllü çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd qara rəngli «T210» markalı mobil telefon və sol iç yan cibindən 1 ədəd sellofan bükümün içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlələr aşkar edilərək götürülmüşdür. Bükümün içərisi nəzərdən keçirilərkən içərisindəki kütlənin iyindən və görünüşündən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin elektron tərəzidə çəkisi ölçülmüşdür. Həmin kütlənin ümumi çəkisi 13.5 (on üç tam onda beş) qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar 01 (bir) ədəd kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Qeyd olunan narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırımış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Roman Həsənovun özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmış, bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd şəffaf sellofan bükümün içərisində olan kütlənin narkotik vasitə “qurudulmuş marixuana” olduğunu, həmin “qurudulmuş marixuana”nı şübhəli şəxs qismində tutulmazdan əvvəl 13 mart 2023-cü il tarixdə saat 20 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti 1-ci məcburi köçkün qəsəbəsindəki yol kənarında gəzişərkən taparaq əynindəki qara rəngli qış gödəkçənin sol iç yan cibində gizlədərək özü istifadə etmək məqsədi ilə saxladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 15 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 14 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:20 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 14 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə saat 19:30-dan 19:45-dək olan müddət ərzində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd qara rəngli «T210» markalı mobil telefon və sol iç yan cibindən 1 ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə “qurudulmuş marixuana”ya oxşar kütlələr aşkar edilməsi müəyyən olunmuşdur. 16 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. 16 mart 2023-cü il tarixli Mingəçevir Şəhər Məhkəməsinin qərarından görünür ki, təqdimat və vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi qərara alınmışdır. xx.xx.2023-cü tarixdə Azərbaycan Respublikası DİN-nin X5 əməkdaşları tərəfindən çəkilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesini özündə əks etdirən DVD diskə baxış keçirilmiş, DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd qara rəngli «T210» markalı mobil telefon və sol iç yan cibindən 1 ədəd sellofan bükümün içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli, xüsusi görünüşlü və quruluşlu 13,5 (on üç tam onda beş) qram çəkidə narkotik vasitə “qurudulmuş marixuana”ya oxşar kütlələr aşkar edilməsi müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli qərarla təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 15 mart 2023-cü il tarixli 17\251 N°-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərinə “vət. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 1 (bir) ədəd bükümdə narkotik vasitəyə bənzər kütlə...” yazı və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 12,91 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd şəffaf sellofan bükümdə ilkin xalis çəkisi təmiz çəkisi 12,91 qram olmaqla çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadan məhkəmə-bioloji ekspertizasının tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalan qalıq 12,86 qram olan narkotik vasitə qurudulmuş marixuana iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli qərarla təyin edilmiş məhkəmə-narkoloji ekspertizasını 23 may 2023-cü il tarixli 898 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabionoidlərdən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli hökmlərindən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib CM-nin 70-ci maddəsi tətbiq olunaraq 2 il sınaq müddəti müəyyən olunmaqla 2 il 7 ay 7 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib CM-nin 71.5-ci maddəsinə əsasən Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilməklə təyin edilmiş cəzalar birləşdirilərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən təyin edilmiş cəzadan 04 (dörd) gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2022-ci il tarixdə cəzası başa çatmışdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin və şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 1 ədəd disk, məhkəmə-bioloji ekspertizası və məhkəmə-narkoloji ekspertizasının rəyləri sübut növü kimi tanınmışdır. 15 may 2023-cü il tarixli Mingəçevir Şəhər MKT Kombinatının 4 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, Hüseynov X3 şəhər 3-cü Naxçıvan döngəsi, ev 23A-da yaşayır. Təqsirləndirilən şəxs ilə bağlı nə qonşulardan, nə də ki, başqa şəxslərdən şikayət və narazılıq daxil olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanuna əsasən təmiz çəkisi 12,91 qram olan narkotik vasitə-qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.2.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 23 avqust 2017-ci il və 31 avqust 2018-ci il tarixli hökmləri üzrə olan məhkumluqları ödənilmədən hazırki cinayət əməlini törətdiyinə görə onun əməli cinayətlərin təhlükəli residivini yaratmışdır. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı 20 may 2099-cu il tarixli, AR KM Plenum qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 23 avqust 2017-ci il və 31 avqust 2018-ci il tarixli hökmləri ilə CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluqları ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu və yenidən qəsdən az ağır cinayət törətnəsini, yəni cinayətlərin təhlükəli residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının üçdə ikisindən az olmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin təhlükəli residivi nəzərə alınmalı, 14 mart 2023-cü il tarixdən 16 mart 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-nin 69.3), cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablanmalı (CPM-158.2.1), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan Mingəçevir ŞPŞ-də saxlanması üçün təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi tədqiqatdan sonra qalıq qalmış 12,86 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 35,97 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2(iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət (cəmi 2 gün) CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 2 (iki) il 2 (iki) ay azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 12,86 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar