Azərbaycan Respublikası adından HÖKM Naftalan şəhəri İş № 1(052)-10/2023 06.07.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X3 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Naftalan Şəhər Məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Naftalan şəhəri, Ş.Qurbanov küçəsi döngə 3, ev 6-da qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdə saat 16:40 dəqiqədə Naftalan şəhərində yerləşən “Səməd Vurğun” adına parkda skamyanın üzərindən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla hazırlanmış, təmiz çəkisi 0.219 qram psixotrop maddə olan metamtefamini taparaq əynində olan şalvarının sol yan cibinə qoyaraq qanunsuz olaraq əldə edib üzərində saxlamaqla, həmyerlisi Şahid4 taksi fəaliyyəti ilə məşğul olduğu VAZ 2106 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sərnişin qismində əyləşib yaşadığı evə gedərkən yolda polis əməkdaşlarını görüb üzərində olan psixotrop maddə olan metamfetamini avtomobilin ön sağ oturacağının altına atmış, Naftalan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 20 aprel 2023-cü il saat 16:50 dəqiqədə Naftalan şəhəri Ş.Qurbanov küçəsində sərnişin qismində əyləşdiyi nəqliyyat vasitəsi saxlanılıb Naftalan ŞPŞ-nə aparılaraq, üzərində şəxsi axtarış aparılmış və saxlanıldığı VAZ 2106 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Naftalan şəhər polis şöbəsinin inzibati binasının həyətində baxış keçirilərkən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edib üzərində daşıdığı və avtomobilin sağ ön oturacağının altına atdığı bir ədəd siqaret qutusunun içərisindəki, şəffaf sellofan bükümündə təmiz çəkisi 0.219 qram psixotrop maddə olan metamtefamin aşkar olunaraq götürülmüşdür Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək qeyd etdi ki, əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. Nadir hallarda psixotrop maddə olan metamfetamindən istifadə edir. 20 aprel 2023-cü il tarixdə yaşadığı ünvana getmək üçün yaxından tanıdığı Şahid4 məxsus avtomobilə əyləşmiş və Naftalan şəhəri, Şıxəli Qurbanov küçəsi istiqamətinə doğru hərəkətə başlamışlar. Yolda olarkən təbii ehtiyacını qarşılamaq üçün Akif Sülemanovdan maşını saxlamasını xahiş etmiş və maşından düşərək ağaclığa tərəf getmişdir. Qayıdarkən orada olan skamyanın üzərində bir ədəd siqaret qutusunu görmüş, onu götürmüşdür. Avtomobildə olarkən həmin siqaret qutusunu açmış, qutunun içərisində bir neçə ədəd siqaret və bir ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Bir qədər maşında hərəkət etdikdən sonra Naftalan şəhər polis şöbəsinin əməkdaşları maşını saxlayaraq, onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu polis şöbəsinə dəvət etmişlər. Maşını saxlamazdan əvvəl isə qorxduğu üçün siqaret qutusunu əyləşdiyi oturacağın alt tərəfinə atmışdır. Naftalan ŞPŞ-nin inzibati binasına gəldikdən sonra isə üzərində şəxsi axtarış aparılmış, lakin heç bir narkotik vasitə aşkar edilməmişdir. Şöbədə olarkən Şahid4 məxsus avtomobildə ona məxsus metamfetamin olduğunu etiraf etmişdir. Həmin avtomobilə baxış keçirilən zaman isə oradan siqaret qutusunun içərəsində olan sellofan bükümdə psixotrop maddə metamfetamin olduğu müəyyən edilmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Bu səbəbdən məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək bildirdi ki, Naftalan ŞPŞdə baş inspektor vəzifəsində işləyir. 20 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Naftalan ŞPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmişlər. Buna səbəb Naftalan şəhər Ş.Qurbanov küçəsində Şahid4 məxsus VAZ 2106 markalı avtomobildə onların birlikdə hərəkətdə olarkən saxlanılması olmuşdur. Şöbədə Təqsirləndirilən şəxs təhqiqatçı Rüfət Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuş, onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Lakin üzərindən heç bir narkotik vasitə aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs bu zaman bildirmişdir ki, Şahid4 maşınında ona məxsus metamfetamin maddəsi varıdır. Bu səbəbdən Namiqin, Akifin, onların müdafiəçiləri və onun iştirakı ilə Akifə məxsus VAZ2106 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, həmin vaxt Namiq ön sərnişin oturacağının altından bir ədəd siqaret qutusunu çıxararaq təqdim etmiş və içərisində metamfetamin olduğunu bildirmişdir. Həmin qutuya baxış keçirilərkən içərisindən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin və siqaretlər aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadə verərək bildirdi ki, o, Naftalan şəhərində yaşamaqla taksi fəaliyyəti ilə məşğul olur. 20 aprel 2023-cü il tarixdə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs ona zəng edərək işi olduğunu, bu səbəbdən Naftalan şəhərinin mərkəzinə gəlməsini xahiş etmişdir. Oraya gəldikdən sonra Namiq maşına əyləşmiş və onu avtovağzalın dairəsinə aparmağı xahiş etmişdir. Həmin yerə çatan zaman maşını saxlamış, Namiq maşından düşərək ağaclığa tərəf getmiş, bir neçə dəqiqədən sonra qayıdaraq təkrar maşına əyləşmiş və Naftalan şəhərinin mərkəzinə tərəf hərəkət etməsini xahiş etmişdir. Natalan şəhəri mərkəzi poçtunun yanı ilə hərəkət edən zaman isə polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitənin gəzdirilməsində şübhəli olduğunu bildirərək onları şöbəyə dəvət etmişlər. Şöbədə onların üzərinə baxış keçirilmiş olsa da, üzərilərindən heç bir qadağan olunmuş maddə aşkar edilməmişdir. Daha sonra ona məxsus VAZ 2106 markalı avtomobilə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs onun maşınının ön sağ oturacağının altından siqaret qutusunu götürərək polis əməkdaşına təqdim etmiş, qutunun içərisində metamfetamin olduğunu etiraf etmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, Naftalan ŞPŞ-nin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir, polis zabitidir. 20 aprel 2023-cü il tarixdə xidməti otağında olarkən Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 onun xidməti nömrəsinə zəng edərək Naftalan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitənin saxlanmasında, gəzdirilməsində və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmasını bildirmişdir. Həmin gün saat 16:50 radələrində, Naftalan ŞPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid3la birlikdə əvvəlcədən alınan məlumatda qeyd edilən ünvana getmişlər. Onlar Naftalan şəhəri Ş.Qurbanov küçəsində olarkən taksi fəaliyyəti ilə məşğul olan Naftalan şəhər sakini Şahid4 idarə etdiyi göy rəngli VAZ 2106 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğunu və Təqsirləndirilən şəxs həmin avtomobildə ön oturacaqda sərnişin qismində əyləşdiyini görmüşlər. Bundan sonra həmin avtomobili saxladıb, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində və saxlanmasında şübhəli olduğunu izah edib onların hər ikisini Naftalan şəhər Polis Şöbəsinə gətirmişlər. İlk olaraq Cavadov X1 ŞPŞ-nin TQ-in təhqiqatçısı Rüfət Məmmədov tərəfinən şübhəli şəxs qismində tutulmuş, onun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, bu zaman onun üzərindən heç bir narkotik vasitə, psixotrop maddə, onların qalıqları, prekursorları aşkar edilməmişdir. Üzərində olan digər əşyalar sübut əhəmiyyəti kəsb etmədiyindən özünə geri qaytarılmşdır. Lakin Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid4 maşınında ön oturacağın altına ona məxsus metamfetamin varıdr. Daha sonra Şahid4 məxsus VAZ 2106 markalı, mavi rəngli, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ön sərnişin oturacağının altından bir ədəd siqaret qutusunu çıxarıb təqdim edib içərisində metamfetamin olduğunu bildirmişdir. Həmin siqaret qutusunun içərisində bir ədəd sellofan kəsiyi bükümündə psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 5 ədəd siqaret olmuşdur. Bundan əlavə avtomobilə baxış zamanı, bir ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutusunun içərisində kibrit dənələri və iki ədəd boş falqa aşkar edilərək götürülmüşdür. Bundan sonra Şahid4 məxsus avtomobildən aşkar edilərək götürülmüş sellofan bükümdə metamfetaminə bənzər kütlə “QZ161” markalı tərəzidə çəkilmiş və ümuilikdə çəkisi 0.34 olmuşdur. Bundan sonra həmin metamfetaminə bənzər kütlə ekspertiza tədqiqinə verilməsi üçün götürülərək qablaşdırılmış və zərfin üzəri DİN-nin 148 nömrəli möhrü ilə möhürlənmiş, onlar da imza etmişdirlər. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid4 aşkar edilərək götürülmüş digər əşyalar sübut əhəmiyyəti kəsb etmədiyi üçün onların özlərinə qaytarılmışdır. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 Şahid2 ilə eyniməzmunlu ifadə vermiş olduğu müəyyən edildi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: CD diskdə olan videogörüntüyə baxış keçrililərkən müəyyən olundu ki, Cavadov Şahid4 məxsus VAZ 2106 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ön sərnişin oturacağının altından bir ədəd siqaret qutusunu çıxararaq təqdim etmiş və içərisində metamfetamin olduğunu bildirmişdir. Təqdim edilmiş siqaret qutusunun içərisindən bir ədəd sellofan kəsiyi bükümündə psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 5 ədəd siqaret olmuşdur. Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin metamfetamin olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 bölməsi tərəfindən təqdim edilmiş 21 aprel 2023-cü il tarixli, 16/434 saylı rəydə qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs...”yazı və imzalar olan kağız paketdəki, 1 (bir) şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0.219 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. (metamfetaminin təmiz çəkisi – 0,219 qr, tədqiqata sərf edildi -0.05 qr, qalıq 0,169 qr.) Naftalan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(052)-10/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(044)-21/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində “8 noyabr-Zəfər Günü münasibət ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilmiş və ona Naftalan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 01 ay 29 gün hissəsi 06 ay azaldılmışdır. Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(045)-12/2022 saylı hökmündən görünür ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2,177.2.3, 29.177.2.1; 29.177.22, 29.177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinmiş, CM-nin 66.2-ci maddəsi nəzərə alınaraq təyin edilmiş cəzalar qismən toplanımaqla ona qəti olaraq 03 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəza 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş, CMnin 66.5-ci maddəsinə əsasən təyin edilmiş cəza Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(044)-21/2022 saylı qərarı ilə üzərində saxlanılmış cəza ilə qismən toplanılmaqla, qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(003)-1843 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanın çəkilməmiş 4 (dörd) ay 3 (üç) gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cəza müddəti sonra çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 15 may 2023-cü il tarixli, 837 nömrəli rəydə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. 20 aprel 2023-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdə saat 16:50-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün tutulmuşdur. Şübhəli şəxs qismində tutulmuş şəxsin azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 22 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı yerdən azad edilmişdir. Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 may 2023-cü il tarixli, 357 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, şahidlərin ifadələri, psixotrop maddənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, həmçinin işin digər halları ilə təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini pis səciyyələndirməklə təyin olunacaq cəzanın şəxsin islah olunması yönümündə yetərli olmasını nəzərə alaraq daha sərt cəza yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Onun əməlində cinayətin residivi vardır. Cinayətin residivi Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdən 22 aprel 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan mərhum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsində qeyd edilmişdir ki, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzanın çəkilmə müddətinin əvvəli 06 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməməsi qənaətinə gəlir. Belə ki, müvafiq ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Odur ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Naftalan Şəhər Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,169 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, psixotrop maddənin aşkar edilməsini özündə əks etdirən CD iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs 32.40 (otuz iki manat, qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Naftalan Şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351- 353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdən 22 aprel 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan mərhum etmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan mərhum etmə cəzası saxlanılsın. Cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Cəzaçəkmə müddətinin əvvəli 06 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 32.40 (otuz iki manat, qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Naftalan Şəhər Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,169 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Psixotrop maddənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən CD iş materiallarında saxlanılsın. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Naftalan Şəhər İcra və probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi vaxtdan, təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №1(052)-10/2023
Naftalan Şəhər Məhkəməsi Hökm — İş №1(052)-10/2023
06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver