Məhkəmə qərarları › İş №1(052)-10/2024

Naftalan Şəhər Məhkəməsi Hökm — İş №1(052)-10/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naftalan şəhəri İş № 1(052)-10/2024 21.08.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X16 Aydın oğlunun sədrliyi, Əmrahov Elnur Qayim oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Qarayeva (Nəcəfova) Aysel Qiyasəddin qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Naftalan şəhəri, Ş.Qurbanov küçəsi ev 2, mənzil 36-da qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 15 oktyabr 2015-ci il tarixdən hesablanmaqla 24 avqust 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 108 (yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutularaq Qarayeva (Nəcəfova) Aysel Qiyasəddin qızına verilməsinə dair Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(012)-22/2016 saylı, 04 aprel 2016-cı il tarixli və qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla alimentin miqdarı artırılaraq 24 avqust 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq Qarayeva (Nəcəfova) Aysel Qiyasəddin qızına verilməsinə dair Naftalan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(052)-57/2022 saylı, 12 may 2022-ci il tarixli qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə İcra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Naftalan Şəhər Məhkəməsinin 3(052)-27/2023 saylı, 26 aprel 2023-cü il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 08 may 2023- cü il, 16 oktyabr 2023-cü il və 20 fevral 2024-cü il tarixlərdə rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə ilkin cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 22 yanvar 2020-ci il tarixdən sonuncu təqdimat verilən 28 mart 2024-cü il tarixədək olan müddətə 5.622,00 manat ödənməmiş aliment borcunu zərərçəkmiş şəxs Qarayeva (Nəcəfova) Aysel Qiyasəddin qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. Hazırda evlidir və ikinci evliliyindən bir nəfər Gülay adında azyaşlı uşağı vardır. Bakı şəhərində yerləşən Sədərək bazarı adlanan yerdə meyvə satır və gündəlik 10-15 manat qazanc əldə edir. Maddi imkanı olmadığından alimen üzrə hesablanmış borclarını ödəyə bilməmişdir. Əgər zərərçəkmiş şəxs ona möhlət verərsə, ödənilməmiş aliment borcundan 2000 manatını bir ay müddətində, qalan borcunu isə hissə-hissə olmaqla, hər ay 500 manatdan ödəmək fikri vardır. Əməlindən səmimi peşmandır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Qarayeva (Nəcəfova) Aysel Qiyasəddin qızı ifadə verərək bildirdi ki, borclu Təqsirləndirilən şəxs daha əvvəl aliment üzrə borclarını ödəmədiyindən barəsində cinayət işi açılmış və hökm üzrə cəzası şərti hesab edilmişdir. Daha sonra həmin borcu tam şəkildə hissə-hissə ödəmişdir. Hökm üzrə borcunu tam ödədikdən sonra isə aylıq aliment ödənişlərini ödəməkdən boyun qaçırmışdır. 3 ilə yaxın müddətdir Vasif ona aliment üzrə ödəniş etməmişdir. Hazırda Vasifin aliment borcundan 2000 manatını bir ay müddətində, qalan aliment borcunu isə möhlət verilərsə hər ay 500 manat ödəyəcəyi barədə dediyinə inanmır. Belə ki, Vasif onu dəfələrlə bu formada aldatmışdır. Hazırda mövcud borclarının tam şəkildə ödənilməsini təqsirləndirilən şəxsdən tələb edir. Odur ki, təqsirləndirilən şəxsə qanuni cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə şahid qismində dindirilən Naftalan şəhər İcra və probasiya şöbəsinin rəisi Şahid ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-22/2016 nömrəli, xx.xx.2016-cı il tarixli İcra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 108 manat məbləğində alimentin alınıb tələbkar X3 verilməsi qət edilmişdir. Naftalan Şəhər Məhkəməsinin 2(052)-57/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq 160 manat olması ilə bağlı yeni icra sənədi icraata daxil olmuşdur. Naftalan şəhər İcra və probasiya şöbəsində müvafiq olaraq xx.xx.2016-cı il və xx.xx.2022-ci il tarixlərdə başlanılmış icraat zamanı Təqsirləndirilən şəxs icra sənədləri üzrə tələbi təmin etməmiş, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Hər iki icra sənədi üzrə aliment borcu olduğu üçün borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Daha sonra aliment borcunu ödəməkdən qərəzli olaraq yayındığı üçün borclu borclu barəsində təqdimatla Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət olunmuş və Naftalan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 306.1ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, CM-nİn 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 il müddətinə şərti hesab edilmişdir. Aliment borcunun ödənilməsi məqsədi ilə borcluya dəfələrlə xəbərdarlıqlar edilməsinə və şöbəyə çağırılmasına baxmayaraq o, aliment borcundan ödəniş etməmiş və çağırışlara gəlməmişdir. Aliment üzrə yaranmış borcunu ödəmədiyi üçün Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Naftalan Şəhər Məhkəməsinə təqdim edilmiş və Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(052)-27/2023 saylı qərarı ilə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Həbsdən sonra yeni müddət verilməklə borcluya hüquq və vəzifələri, icra sənədinin icrasından yayınacağı halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıqlar edilmişdir. Borclu Təqsirləndirilən şəxs işsiz olduğunu bəhanə etmiş, borclunun işaxtaran və ya işsiz kimi qeydiyyatda olub-olmaması İlə bağlı X2 filialına müraciət edilmiş, lakin borclu Təqsirləndirilən şəxs işaxtaran və ya işsiz kimi qeydiyyatda olmadığı məlum olmuşdur. İnzibati həbs edildikdən sonra Təqsirləndirilən şəxs aliment borcunun ödənilməsi üçün dəfələrlə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı haqqında xəbərdarlıqlar edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə 2422,00 manat, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli icra vərəqəsi üzrə 3200,00 manat olmaqla, cəmi təqdimat verilən tarixə hər iki icra vərəqəsi üzrə 5.622,00 manat aliment borcu yaranmışdır. Göründüyü kimi icraat dövründə Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həbs növündə inzibati tənbeh olunmasından və ona məsuliyyəti elan olunmaqla xəbərdarlıqlar edilməsindən nəticə çıxarmamış, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə qətnamələrini icra etməməkdə davam etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 04 aprel 2016-cı il tarixli 2(012)-22/2016 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2011-ci il təvəllüdlü X8 18 yaşına çatanadək saxlanılması üçün hər ay 108 (yüz səkkiz) manat məbləğində alimentin tutularaq, X4 ödənilməsi qət edilmişdir. Naftalan Şəhər Məhkəməsinin 2(052)-57/2022 saylı, 12 may 2022-ci il tarixli qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 04 aprel 2016-cı il tarixli 2(012)-22/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş 24 avqust 2011-ci il təvəllüdlü X1 üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin miqdarının artırılaraq, 24 avqust 2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Təqsirləndirilən şəxs qətnamənin qanun qüvəyyə mindiyi tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmış, barəsində Azərbaycan Respublikası CM-nin 70ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 2 (iki) il sınaq müddətinə şərti hesab edilmışdır. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(052)-27/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cu il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. Naftalan şəhər İcra və Probasiya şöbəsinin 12 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü il təyin edilmiş 2 il sınaq müddəti xx.xx.2022-ci il tarixdə sona çatmış və Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə regional ədliyyə idarəsinin müstəntiqi X5 10 iyul 2024-cü il tarixli, 12/242950100 nömrəli qətimkan tədbiri secilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Naftalan şəhər İcra Hakimiyyəti başçısının 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 16 oktyabr 2023-cü il tarixli, 1047 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Elektron Məhkəmə sistemindən əldə olunmuş qohumluq məlumatından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu təvəllüdlü X11 adında azyaşlı uşağı vardır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərər çəkmiş şəxsin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddənin sanksiyasına uyğun cəzalanmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanununun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pleniumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, «CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-in 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır.» Həmin qərarda həmçinin qeyd edilir ki, «CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: Məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir.» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» 18 dekabr 2014cü il qərarında inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətdiyi üçün məhkum edilməsinə baxmayaraq, yenidən eyni cinayəti törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında bir neçə cəza növü nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə cəzanın çəkilmə müddətinin hansı tarixdən hesablanması məsələsinə münasibətdə qeyd edir ki, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 21 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 21 avqust 2024-cü il tarixdən hesablansın. Cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi vaxtdan, təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X17

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar