Məhkəmə qərarları › İş №1(052)-11/2023

Naftalan Şəhər Məhkəməsi Hökm — İş №1(052)-11/2023

14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naftalan şəhəri İş № 1(052)-11/2023 14.09.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X11 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Naftalan Şəhər Məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Goranboy rayonu, Qaşaltı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2023-cü ilin may ayının əvvəlində istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarını Naftalan şəhəri Qaşaltı Qaraqoyunlu kəndinin ərazisində sahibsiz ərazidə qanunsuz olaraq xeyli miqdarda, 9 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisini əkib, aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, 28 iyun 2023-cü il tarixdə, saat 11:30 dəqiqədə Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Naftalan şəhəri Qaşaltı Qaraqoyunlu kəndinin ərazisində, qeyd olunan əraziyə baxış keçirilərkən təmiz çəkisi 550 qram olan xeyli miqdarda 9 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. Nadir hallarda narkotik vasitə olan marixuanadan istifadə edir. Lakin marixuanadan asılılığı yoxdur. 44 günlük müharibədə könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, döyüş gedən ərazidə qarşısına çıxan çətənə bitkisinin toxumlarından toplayaraq özündə saxlamışdır. Həmin toxumları satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əkmiş və yetişdirmək istəmişdir. Əkdiyi yer isə Naftalan şəhər, Qaşaltı Qaraqoyunlu kəndində olmaqla yaşadığı evdən təxminən 300-400 metr məsafədə istifadəsiz sahə olmuşdur. 28 iyun 2023-cü il tarixdə günorta saatlarında iş yerində olarkən polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edərək onun narkotik vasitələrin dövriyyəsində şübhəli olmasını bildirdirmiş və onu polis şöbəsinə dəvət etmişlər. Şöbədə olarkən vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, lakin üzərindən qadağan olunmuş hər hansı maddə aşkar edilməmişdir. Bu zaman o, Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən sahibsiz ərazidə narkotik tərkibli çətənə bitkiləri əkdiyini etiraf etmişdir. Həmin gün əraziyə baxış keçirilmiş və orada əkilmiş 9 ədəd çətənə bitkisi aşkar edilmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Himayəsində iki nəfər azyaşlı uşağı vardır. Bu səbəbdən barəsində yümgül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, Naftalan şəhər polis şöbəsinin kriminalistik təhqiqatlar qrupunun əməkdaşıdır. 28 iyun 2023-cü il tarixdə təxminən saat 11 radələrində Naftalan şəhər, Qaşaltı Qaraqqoyunlu kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olması ilə bağlı üzərində axtarış keçirilməsi və bunun video lentə alınması məqsədi ilə təhqiqatçının otağına dəvət edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər şəxslərin iştirakı ilə axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, bu zaman İlyas üzərində heç bir narkotik vasitənin olmadığını, lakin Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kəndində yerləşən evinin yaxınlığındakı ərazidə çətənə kolları əkdiyini bildirmişdir. Bundan sonra çətənə bitkilərinin əkildiyi Naftalan şəhər, Qaşaltı Qaraqoyunlu kəndinin yuxarı hissəsində yerləşən sahibsiz əraziyə baxış keçirilmiş, orada 9 ədəd çətənə bitkisinə bənzər bitki aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri təxminən 2 ay əvvəl şəxsi istifadəsi üçün əkdiyini və qulluq etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadələri elan edilməklə tədqiq edilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermiş olduğu müəyyən edildi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirdi ki, Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kəndinin icra nümayəndəsi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs kənd sakini kimi yaxından tanıyır. Onunla düşmənçiliyi və ya ədavəti yoxdur. 28 iyun 2023-cü il tarixdə günorta saatlarında Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları ona zəng edərək, Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kəndində yerləşən sahibsiz əraziyə baxış keçiriləcəyini, Təqsirləndirilən şəxs İsgəndər oğlunun narkotik bitkilərin əkib-becərməsində şübhəli olduğunu, baxış zamanı onun da iştirak etməsinin zəruri olduğunu bildirmişlər. O da, bununla razılaşmış və deyilən saatda baxış keçiriləcək yerə getmişdir. Qeyd edilən yerə polis əməkdaşları və digər şəxslərin iştirakı ilə baxış keçirilərkən orada 9 ədəd sıra ilə düzülmüş çətənə bitkilərinin əkildiyi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kolları təqdim edərək 2023-cü ilin may ayının əvvəllərində əkdiyini və onlara qulluq edərək yetişdirdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək bildirdi ki, Naftalan şəhər Kommunal Təsərrüfat İstehsalat Birliyinin aqranomu vəzifəsində işləyir. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. 28 iyun 2023-cü il tarixdə Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının dəvəti ilə şöbəyə gəlmiş, orada Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkməsi şübhəsinin olmasını, onun yaşadığı evinin yaxınlığında narkotik tərkibli çətənə bitkilərinin əkməsinə əsaslı şübhələrin olmasını, bu səbəbdən həmin əraziyə baxış keçiriləcəyini, baxışda onun da iştirakının vacibliyini bildirmişlər. O da, baxışda iştirak etməyə razılıq vermişdir. Həmin gün Naftalan ŞPŞ-nin əməkdaşları, Təqsirləndirilən şəxs və onun vəkilinin iştirakı ilə Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kəndinə getmişlər. Qeyd edilən sahibsiz əraziyə baxış keçirilərkən orada 9 ədəd çətənə bitkisinə bənzər bitki kolu aşkar edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, bitkilərin əkildiyi ərazi əvvəlcədən şumlanmış, çətənə bitkiləri səliqəli şəkildə bir sıra ilə əkilmiş və davamlı olaraq suvarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X8 bölməsinin 29 iyun 2023-cü il tarixli, 16/686 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus narkotik tərkibli çətənə bitkisinə oxşar aşkar edilmiş 9 ədəd kol” yazı və imzalar olan 1 (bir) ədəd sintetik kisə bağlamadakı, ümumi sayı 9 (doqquz) ədəd, ümumi təmiz çəkisi 550 qam olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. (çətənə bitkisi 9 ədəd, ümumi çəkisi 550 qram, tədqiqata istifadə olundu cəmi-0,18 qram, qalıq-549,82 qram) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri X1 X7 Yoxlamanın nəticələrinə dair 21 iyul 2023-cü il tarixli, 1229 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 28 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “Şübhəli şəxs qismində tutulmuş şəxsin azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə” 30 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış 10 iyul 2023-cü il tarixli tələbnaməyə cavab arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan Naftalan Şəhər İcra Hakimiyyəti başçısının Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşaığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Naftalan Şəhər İcra Hakimiyyəti başçısının Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 128 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qaşaltı Qaraqoyunlu kəndində yaşayır və ailə tərkibi arvadı X5, oğlu xx.xx.2009-cu il tarixli X3 və qızı xx.xx.2010-cu il tarixli X2 ibarətdir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını CMnin 59.1.4-cü, ilk dəfə cinayət törətməsini, peşman olmasını, əməlini səmimi etiraf etməsini, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin ediləcəyi təqdirdə də təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 iyun 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naftalan şəhəri və Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Odur ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsdən narkoloji ekspertizanın dəyəri olan 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut kimi tanınaraq Masallı RPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 549,82 qram çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işində olan 02 (iki) ədəd “CD” iş materiallarında saxlanılmalıdır. Hökmün icrası Naftalan Şəhər İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu 28 iyun 2023-cü il tarixdən 30 iyun 2023-cü il tarixədək olan 02 (iki) gün müddətin hər 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naftalan şəhəri və Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Naftalan Şəhər Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalan 549,82 qram çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 (iki) ədəd “CD” iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Naftalan Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduqdan 20 (iyirmi) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar