Azərbaycan Respublikası adından HÖKM Naftalan şəhəri İş № 1(052)-3/2023 30.03.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X4 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 1(006)-62/2023 saylı hökmü ilə 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-102 ev 142, mənzil 18-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Nizamı rayonu, Ş.Bahəddin küçəsi döngə 1, ev 17-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 180 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Naftalan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 29 oktyabr 2022-ci il tarixdə saat 14:40 radələrində Naftalan-Səfikürd avtomobil yolunun 1-ci kilometrliyində, Naftalan şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq şəhər polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman qanunsuz olaraq əldə edib saxlayaraq, əynindəki gödəkçənin sağ qoltuq hissəsində gizlətdiyi qara rəngli politilein paketdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 180 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək qeyd etdi ki, uzun müddətdir narkotik vasitələrdən asılılığı vardır. Bu səbəbədn mütəmadi olaraq onlardan istifadə edir. 29 oktyabr 2022-ci il tarixdə günorta saatlarında Naftalan şəhər mərkəzi xəstəxanasının yaxınlığında piyada hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşmış, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu ona bildirmiş və onu Naftalan şəhər polis şöbəsinə dəvət etmişlər. O isə hər hansı etirazını bildirmədən polis əməkdaşları ilə birlikdə şöbəyə getmişdir. Şöbədə müdafiəçi ilə təmin edilmişdir. Bu zaman ona üzərində hər hansı narkotik varsa könüllü təqdim etməsi təklif olunmuş, o da, üzərində gəzdirdiyi qara rəngli polietilen paketin içərisində olan narkotik vasitə olan marixuananı çıxararaq təqdim etmişdir. Həmin narkotik vasitəni yol kənarından taparaq şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Törətdiyi cinayət əməlinə görə səmimi peşmandır. Bu səbəbdən ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadə verərək bildirdi ki, Naftalan ŞPŞ-nin Cinayət Axtarış Bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 oktyabr 2022-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs Naftalan şəhər ərazisində olduğu və narkotik vasitələrin istifadəsində və gəzirilməsində şübhəli olduğu barədə ona məlumat verilmişdir. O, polis əməkdaşı Şahid3lə birlikdə Naftalan şəhərindən Goranboy rayon Səfikürd kəndi istiqamətində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs Naftalan-Səfikürd yolunda hərəkətdə olduğunu görərək ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, onu polis şöbəsinə dəvət etmişlər. Bu zaman şübhəli şəxs etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Naftalan şəhər Polis Şöbəsində baş təhqiqatçı Adəm İsgəndərov tərəfindən müdafiəçi Sərvər Mustafayev və digər şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ alt tərəfindən qara rəngli paketi çıxararaq təqdim etmiş, həmin paketin içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmiş, narkotik vasitəni yol kənarından tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 Şahid2 ilə eyniməzmunlu ifadə verdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, Naftalan polis şöbəsində baş inspektor vəzifəsində işləyir. 29 oktyabr 2022-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs şöbənin əməkdaşları tərəfindən saxlanılaraq Naftalan şəhər polis şöbəsinə gətirilmişdir. Həmin şəxsin üzərinə şəxsi axtarış və götürmə hərəkətlərinin aparılmasının çəkilişinin həyata keçirilməsini isə o həyata keçirmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ alt tərəfindən qara rəngli paketi çıxararaq təqdim etmiş, içərisində olan maddənin marixuana olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadə verərək bildirdi ki, Naftalan ŞPŞ-də Dəftərxana müdiri vəzifəsində işləyir. Naftalan ŞPŞ-nin təhqiqatçısı Adəm İsgəndərov iş vaxtı onun xidməti otağına zəng edərək bildirmişdir ki, şübhəli şəxs qismində şöbəyə gətirilmiş şəxs qadındır və onun üzərində şəxsi axtarış və götürmənin həyata keçirilməsində onun iştirakı zəruridir. Bu səbəbdən o da, təhqiqatçının otağına gəlmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ alt tərəfindən qara rəngli paketi çıxararaq təqdim etmiş, paketin içərisində olan maddənin marixuana olduğunu qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması barədə 29 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2022-ci il tarixdə, saat 16:05-də şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs qismində tutulmuş şəxsin azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 31 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılan zaman çəkilmiş videogörüntüyə baxış keçirilən zaman aydın oldu ki, Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki gödəkçənin sağ qoltuq hissəsində gizlətdiyi qara rəngli politilein paketi təqdim etmiş və paketin içərisindəki maddənin narkotik vasitə-marixuana olduğunu bildirmişdir. Məhkəmə-bioloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 bölməsinin 30 oktyabr 2022-ci il tarixli, 16/1232 saylı rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “CM-nin 234-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd qara rəngli polietilen paketdə təmiz çəkisi 180 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi-180 qram, tədqiqata sərf edildi-0,2 qram, qalıq- 179.8 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 1711 saylı rəydə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Göygöl Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi 03 (üç) ay 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş,xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı Şəhəri Nəsimi Rayonu Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 1(006)- 62/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Gəncə şəhər Mənzil-İstismar hissəsinin 2 nömrəli Mənzil-İstismar sahəsi tərəfindən verilmiş 14 noyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD disk, həmçinin işin digər halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 sentyabr 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında iki növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxs əvvəllər də, qəsdən cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb edilmiş və hazırda barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkir. Bu isə onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. İş materiallarından görünür ki, Bakı Şəhəri Nəsimi Rayonu Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 1(006)-62/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.5-ci maddələrində nəzərdə tutulmuş qaydalar üzrə Təqsirləndirilən şəxs əvvəlki hökmlə təyin edilmiş cəza ilə hazırki iş üzrə təyin olunacaq cəza qismən toplanmalı və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Eyni Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbi baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, həmçinin onun Bakı Şəhəri Nəsimi Rayonu Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 1(006)-62/2023 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkməkdə olması nəzərə alınmalıdır. İş materiallarında əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayonu Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 1(006)-62/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 02 fevral 2023-cü il tarixdən hesablanmışdır. Odur ki, hazırki hökm ilə ona təyin ediləcək qəti cəzanın cəkilməsinin əvvəli də, qeyd edilən tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə isə müvafiq ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından cinayət işi üzrə Naftalan Şəhər Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 179.8 çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülməsini özündə əks etdirən CD iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxsdan narkoloji ekspertizanın dəyəri olan 30.40 (otuz manat, qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübutun məhv edilməsi hissəsini icrası Naftalan Şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayonu Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 1(006)-62/2023 saylı hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm ilə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 oktyabr 2022-ci il tarixdən 31 oktyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan mərhum etmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və onun hazırda Bakı Şəhəri Nəsimi Rayonu Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 1(006)-62/2023 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 30.40 (otuz manat, qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Maddi sübut kimi tanınaraq Naftalan Şəhər Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 179.8 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən CD iş materiallarında saxlanılsın. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Naftalan Şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi vaxtdan, təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ayaz Səlimov
Məhkəmə qərarları › İş №1(052)-3/2023
Naftalan Şəhər Məhkəməsi Hökm — İş №1(052)-3/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver