Məhkəmə qərarları › İş №1(052)-3/2024

Naftalan Şəhər Məhkəməsi Hökm — İş №1(052)-3/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naftalan şəhəri İş № 1(052)-3/2024 02.05.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X10 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx.xx.1998-ci ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşgul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan – barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 18 yanvar 2024-cü il tarixdə saat 19:39 dəqiqədə Naftalan şəhəri, Habil Əliyev küçəsində yerləşən “Topaz” adlı iaşə obyektinin yaxınlığında olan, ictimai yer hesab edilən “Çay evi”nin qarşısında Zərərçəkmiş şəxs İnqilab oğlu ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib dalaşaraq, sonuncunun ünvanına nalayiq söyüşlər söyərək, ictimai qaydanı kobud surətdə pozan, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafda olan şəxslərə qarşı əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına saymamazlıq göstərib ətrafda olan şəxslərin yanında özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə çayxananın mətbəxindən götürərək silah qismində istifadə etdiyi qayçı ilə Zərərçəkmiş şəxs kürək nahiyyəsinə bir neçə dəfə zərbə vurmuş, daha sonra Zərərçəkmiş şəxs yerə yıxıb başına və üz nahiyəsinə qəsdən yumruq və təpiklə çoxsaylı zərbələr vuraraq ictimai asayışın pozulmasına, ətrafda olan insanların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığı üçün təhlükə və həyacan yaranmasına səbəb olan, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan hərəkətlərə yol verib, həmin vaxt ictimai iaşə obyektinin qarşısında olan şəxslərin 10-15 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qərəzli hərəkətlər etməklə, Zərərçəkmiş şəxs sağ əlin kəsilmiş yaraları, alt dodağın iç səthinin qansızması ilə müşayiət olunan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etdi ki, 18 yanvar 2024-cü il tarixdə xəstəxanada yatan qardaşına baş çəkmək üçün Bakı şəhərindən Naftalan şəhərinə gəlmişdir. Həmçinin yanvar ayının 21-də isə bacısının ad günündə iştirak etmək məqsədi olmuşdur. Naftalan şəhərinə çatdıqdan sonra mübahisə baş verən çayxanaya daxil olmuş, təxminən 5 dəqiqə sonra isə Ziyafər ilə mübahisəsi yaranmışdır. Çayxanaya girməkdə məqsədi xəstəxanaya tək getməmək üçün özünə yoldaş tapmaq olmuşdur. Həmin vaxt Ziyafər orada oturmuş və stolda oturaraq pivə içmişdir. Ziyafər onu gördükdə “nə yaxşı Naftalana gəldiyini, hara getdiyini soruşmuş”, o da həmişəki kimi evinə gəldiyini demişdir. Bu zaman Ziyafər ona “məni tanıyırsanmı” sualını vermiş, o da tanıdığını demişdir. Bundan sonra Ziyafər təkrarən ona “sən məni tanımalısan”, “bundan da artıq tanımalısan” demiş və sonrasında ona qarşı nalayiq ifadələr işlətdiyi üçün çölə çıxaraq orada söhbət etmək qərarına gəlmişlər. Çöldə olarkən Ziyafər təkar onu söyməyə başlamış və yumruq ataraq onu vurmuşdur. O da, cavabında Ziyafəri vurmuş, daha sonra çayxanaya daxil olaraq oradan qayçı götürmüş, həmin qayçı ilə Ziyafərə zərbələr endirmişdir. Mübahisənin yaranmasında onun heç bir günahı olmamışdır. Mübahisənin yaranma səbəbi yalnız Ziyafərin onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi olmuşdur. Əsəbləri pozulmuş olduğu üçün ailə üzvlərinin ünvanına nalayiq sözlər işlədilən zaman özünü idarə edə bilmir. Lakin, Ziyafəri vurmasına görə peşmandır. Qardaşı müharibə iştirakçısı olmaqla onun himayəsindədir. Bu səbəbdən məhkəmədən barəsində ədalətli qərar verilməsini və azadlığa buraxılmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, hadisədən bir müddət əvvəl başqa bir yerdə spirtli içki qəbul etmiş və sərxoş olmuşdur. Daha sonra Topaz adlanan yerə gələrək orada pivə içməyə davam etmişdir. Oturub kafedə pivə içərkən Təqsirləndirilən şəxs oraya daxil olmuş, onlara salam verərək kafedən çıxmışdır. Daha sonra Elvin təkrar kafeyə daxil olaraq içəriyə baxmış, o isə Elvindən nə baş verdiyini soruşmuşdur. Elvin isə heç bir şey olmadığını demişdir. Bu zaman Elvin onunla bir qədər əsəbi danışmış və ona tərəf əsəbi baxmışdır. Bu səbəbdən söhbət etmək üçün çölə çıxmışlar. Bir qədər söhbət etdikdən sonra sözləri çəpləşmişdir. Daha sonra isə sərxoş olduğu üçün olanları xatırlamır. Hətta Elvini söyüb-söymədiyini də xatırlamır. Baş verənlərdən çox peşmandır. Hazırda Elvindən hər hansı bir şikayəti yoxdur, onunla barışmışdır. Ona hər hansı cəza verilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadə verərək bildirdi ki, tərəfləri tanıyır. Onlarla ədavət və düşmənçiliyi yoxdur. Hadisə baş verən zaman o, tanışları ilə birlikdə çayxanada olmuşdur. Çöldən mübahisə səsləri eşitdikləri üçün çölə çıxmış və bu zaman Elvinlə Ziyafərin mübahisə etdiklərini görmüşlər. Mübahisənin hansı səbəbdən yarandığını bilməmiş, yalnız mübahisə etdilklərini, daha sonra isə bir-birilərini vurduqlarının şahidi olmuşdur. Sonradan isə Elvin əlində olan qayçı ilə Ziyafərə zərbələr endirmişdir. Kənarda olan şəxslərin köməyi ilə davanı ayırmaq mümkün olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək bildirdi ki, tərəflər ilə ədavət və düşmənçiliyi yoxdur. Onları Naftalan sakini kimi tanıyır. Hadisə baş verən vaxt o da çayxanada olmuş, bir müddət sonra isə küçədən mübahisə səsləri eşitmişdir. Bu zaman mübahisə edənlərin Elvin ilə Ziyafər olduğunu görmüşdür. Ziyafər Elvinə nalayiq ifadələr işlətdiyi üçün mübahisə davaya çevrilmiş və onlar bir-birini vurmağa başlamışlar. Bundan sonra o, həmin yerdən kənarlaşmışdır. Bir müddət sonra oraya qayıtdıqda Elvinin Ziyafəri qayçı ilə vurduğunu orada olan şəxslərdən eşitmişdir. Lakin, özü şəxsən bunun şahidi olmamışdır. Həmçinin oraya qayıdan zaman yerdə müəyyən qan ləkələrinin olduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək bildirdi ki, hadisə vaxtı çayxanada oturub tanışları ilə domino oynamışdır. Həmin vaxt çayxananın çöl tərəfindən səs-küyün gəldiyini eşidərək cəld çölə çıxmışlar. Bu zaman Elvin ilə Ziyafərin dalaşdıqlarının şahidi olmuşdur. Həmin vaxt o da, onları ayırmağa çalışmışdır. Bundan sonra o, yaxınlıqda yerləşən Topaz məntəqəsinə tərəf getmişdir. Qaytdıqdan sonra isə çayxanada olanlar Elvinin Ziyafəri qayçı ilə vurduğunu ona demişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadə verərək bildirdi ki, tərəflər ilə ədavət və düşmənçiliyi yoxdur. Hadisə vaxtı çayxanada qonaqları ilə oturmuşdur. Orada olan tanış uşaqlar bayırda mübahisə düşdüyünü ona demişlər. İlk olaraq hansısa azyaşlı uşaqların mübahisə etdiyini düşünmüş, bu səbəbdən çölə çıxmaq istəməmişdir. Daha sonra mübahisənin böyüdüyünü eşidərək çölə çıxmışdır. Həmin vaxt Ziyafər ilə Elvinin dalaşdığını, kənarda olan şəxslərin isə onları ayırmağa çalışdıqlarını görmüşdür. Mübahisə zamanı Elvinin əlində olan qayçı ilə Ziyafərə zərbələr endirdiyinin şahidi olmuşdur. Mübahisənin hansı səbəbdən yarandığını isə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadə verərək bildirdi ki, tərəflər ilə ədavət və düşmənçiliyi yoxdur. Hadisə vaxtı o da, çayxanada olmuşdur. Həm Elvin, həm də Ziyafər həmin vaxt içkili vəziyyətdə olmuşlar. Aralarında yaranan sözlü mübahisə bir anda davaya çevrilmişdir. İlk olaraq yumruq davası olsa da, sonradan Elvin kafenin içərisindən qayçı götürərək çölə çıxmış və həmin qayçı ilə Ziyafəri vurmağa başlamışdır. Mübahisədən əvvəl tərəflər arasında hansı söhbətin olduğunu isə bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: CD diskdə olan videogörüntüyə baxış keçirilərkən müəyyən olundu ki, ilk olaraq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yumruq ilə zərbə endirir, daha sonra isə Təqsirləndirilən şəxs qarşılığında Zərərçəkmiş şəxs həm yumruq və təpik ilə, həm də əlində olan əşya ilə çoxsaylı zərbələr endirir. 20 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2024-cü il tarixdə saat 17:00-da Azərbaycan Respublikası CM-in 221.3-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün tutulmuşdur. Naftalan Şəhər Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli 4(052)-1/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli 20 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsi tərəfindən verilmiş 22 yanvar 2024-cü il tarixli 50 nömrəli rəydə qeyd edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət(lər) a) sağ əlin kəsilmiş yaraları kəsici alətin(lərin) qayçı ilə b) alt dodağın iç səthinin qansızması KÜT əşyanın o cümlədən yumruqla vurulma zamanı əmələ gələ bilərdi. Qeyd olunan bu xəsarətlər qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən qayçı ilə vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Naftalan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 19 yanvar 2024-cü il tarixli, 48 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, bina 19, mənzil 50-də atası X2, anası X1, qardaşı X4 və basıcı X5 ilə birlikdə yaşayır Naftalan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 19 yanvar 2024-cü il tarixli, 49 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. 30 yanvar 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, göy rəngli plastik tutacağı olan 1 ədəd qayçı maddi sübut kimi tanınaraq saxlanması üçün Naftalan Şəhər Polis Şöbəsinə məsul saxlanca təhvil verilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını CM-nin 59.1.12-ci maddəsinə, ilk dəfə az ağır cinayət törətməsini, səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona həmin Məcəllənin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi daha məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 20 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Naftalan şəhər polis şöbəsində saxlanılan göy rəngli plastik tutacağı olan 01 (bir) ədəd qayçı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət hadisəsinin baş verməsini özündə əks etdirən 01 (bir) ədəd CD iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351- 353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın çəkilmə müddətinin əvvəli 20 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Naftalan şəhər polis şöbəsində saxlanılan göy rəngli plastik tutacağı olan 01 (bir) ədəd qayçı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət hadisəsini özündə əks etdirən 01 (bir) ədəd CD iş materiallarında saxlanılsın. Hökmdən elan edildiyi vaxtdan, təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar