Məhkəmə qərarları › İş №1(052)-3/2025

Naftalan Şəhər Məhkəməsi Hökm — İş №1(052)-3/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naftalan şəhəri İş № 1(052)-3/2025 24.04.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X6 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 uşaq atası, "xxxx" MMC-də sosial işçi vəzifəsində Naftalan KTİB-ə təhkim edilməklə işləyən, Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, ev 19, mənzil 22-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20:20 radələrində ünvan 1 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə arasında ailə və şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyyəsinə əliylə və bədəninin digər nahiyyələrinə ayağıyla zərbə vurmaqla hər iki gözətrafı nahiyənin dərialtı hematoması və qançırı, hər iki gözün ağlı qişasına yayılmış qansızma, burun belinin şişkinliyi və qançırı, sol budun yuxarı 1\3-nin yan-arxa səthinin və sağ baldırın orta 1\3-nin yan səthinin iri ölçülü qançırları ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək qeyd etdi ki, o, ailəsi ilə birlikdə Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, ev 19, mənzil 22-də yaşayır. xx.xx.2025-ci il tarixdə axşam saatlarında oğlu Alim ilə Naftalan şəhəri Qaşaltı kəndi yolunda skuter sürmək və gəzmək üçün çıxmışlar. Bu zaman arvadı Aytac ona zəng edərək “haradasız, nə vaxt gəlirsiz” soruşmuşdur. Daha sonra oğlu ilə çay içmək üçün əyləşmiş. Həmin ərəfədə də, arvadı eyni qaydada iki dəfə zəng edərək harada olduqlarını soruşmuşdur. Bir müddət sonra oğlu Şahid2la birlikdə X.Tağıyev küçəsi, ev 34A ünvanın yerləşən bağ evlərinə getmişlər. Qapıya yaxınlaşan zaman qapının açarının açıq olduğunu, lakin darvazanın içəri tərəfdən bağlandığını görmüşdür. Həmin vaxt evə kiminsə oğurluğa girdiyindən şübhələnmişdir. Daha sonra arvadı Aytacın telefonuna zəng etmiş və onun evdə olub-olmadığını soruşmudur. Aytac bildirmişdir ki, evdə olan odur və indi qapını açacaqdır. Lakin Aytac qapının aradan 20 dəqiqə keçdikdən sonra açmışdır. O, evə daxil olduqdan sonra evdə başqa bir şəxsin olduğundan şübhələnmiş, lakin heç bir söz deməmişdir. Daha sonra Aytac getmələrini demiş, evin qapısını bağlamış, oğlu və Aytac darvazadan çıxmışlar. O isə şübhələndiyi üçün qayıtmış və evə girərək axtarmağa başlamışdır. Evi axtararkən evdən kişi ətrinin qoxusunu hiss etmışdir. Yataq otağının işığını yandırmış və kiminsə çarpayının yan tərəfindən yerə uzandığını görmüşdür. Yaxınlaşarkən həmin şəxsin Şahid1 olduğunu görmüş və dərhal onun yaxasından tutmuş, nə üçün onun evində olduğunu soruşmuşdur. Anar isə hər şeyin onun bildiyi kimi olmadığını, evə söhbət etmək üçün gəldiyini demişdir. O da əsəbləşmiş və Anarı yumruq ilə vurmuşdur. Aytac həmin vaxt araya girmiş və Anarı evin təmiri barədə danışmaq üçün özünün çağırdığını və aralarında heş bir şey olmadığının bildirmişdir. Bu zaman Anar fürsətdən istifadə edərək evdən qaçıb getmişdir. O isə Aytacdan niyə ona xəyanət etdiyini soruşmuş, Aytac isə xəyanət etmədiyini, Anarı evə usta kimi çağırdığını demişdir. Əsəbi olduğu üşün Aytacı itələmış, həmçinin onu təpik ilə vurmuş, bu zaman Aytacın başı qapıya dəymişdir. Evdə çölə çıxdıqdan sonra isə özünü saxlaya bilməmiş və Aytacı şillə ilə vurmuş və onu döymüşdür. Sonra o, Anarın yaşadığı evə getmiş, onu evdə tapmamış və yoldaşından Anarın harda olduğunu soruşmuşdur. Anarın yoldaşı onun işdə olduğunu bildirmiş, o isə ona Anarı Aytacla birgə evdə tutduğunu bildirmişdir. Hazırda zərərçəkmiş şəxs ilə barışmamışdır. Lakin onu döyməsinə və xəsarət yetirməsinə görə peşmandır. Qeyd edilənlərə əsasən məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, o, ailəsi ilə birlikdə Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, ev 19, mənzil 22-də yaşayır. ünvan 1 ünvanında olan həyət evlərinin təmirə ehtiyacı olmuşdur. Bu məqsədlə əvvəllər iş yoldaşı olmuş Şahid1 telefonla zəng edərək demişdir ki, o, qaynı Elbarizə desin ki, gəlib evə baxsın və evi təmirə başlasın. Bu söhbətdən hətta Anarın həyat yoldaşının xəbəri olmuşdur. Anar ona demişdir ki, qaynının vaxtı yoxdur. O, da Anardan özünün evə gələrək baxmasını xahiş etmişdir. Bu səbəbdən xx.xx.2025-ci il tarixdə Anar onun evinə gəlmişdir. Həmin vaxtı əri ona zəng edərək harada olduğunu soruşmuş, sonra sözünü yarımçıq qoyaraq telefonu sondürmüşdür. O, ərinə Anarı çağırdığını deməmişdir. Rəşad Anar gəldikdən 5 dəqiqə sonra oğlu Alimlə birlikdə evə gəlmişdir. Onlar həyətdə söhbət etmiş, daha sonra Rəşad evə girmişdir. Rəşad Anarı evdə görüb, səs-küy salmışdır. Anar Rəşada məsələnin fikirləşdiyi kimi olmadığını izah etmək istəmiş, lakin Rəşad onun üstünə gedib yaxasından tutmuş, onu vurmaq istəmişdir. O, araya girmiş və Anar evdən çıxıb getmişdir. Rəşad isə onu təhqir etmiş, daha sonra başından tutaraq qapıya doğru itələmış, alnından yumruq ilə zərbə vurmuşdur. Həmin vaxt o, huşunu itirmişdir. Daha sonra özünə gəlsə də, Rəşad yenidən şillə və təpiklə onu döymüşdür. Daha sonra o, 102 Xidmətinə zəng etmiş və şikayətini bildirmişdir. Təqsirləndirilən şəxs ilə barışmamışdır. Belə ki, təqsirləndirilən şəxs ona dəymiş maddi ziyan ödəməmişdir. Bu səbəbdən ondan şikayətçidir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir tanımışdır. Onunla Çinar adlanana oteldə bir yerdə işləmişdir. Zərərçəkmiş şəxs ona “evimi təmir etdirmək istəyirəm, qaynına de gəlsin təmir etsin” demişdir. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs ona zəng edərək “gəl evimə bax, nə lazımdı alım gətirim, sonra işə başlayar” demiş, buna görə o, Zərərçəkmiş şəxs X.Tağıyev küçəsi, ev 34A ünvanında yerləşən evinə getmiş, evin yarımçıq təmirli olduğunu, bir otaqda ümumiyyətlə təmir olmadığını və ona “mən dəqiq bilməyəcəm, qaynıma deyərəm gəlsin baxsın” söyləmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs zəng gəlmiş, Zərərçəkmiş şəxs “ərim Rəşad gəlir, səni evdə mənimlə bir yerdə görsə səhv başa düşər, dava salar, sən evdə otur, o skuteri qoyub gedəcək” söyləmişdir. Təqsirləndirilən şəxs gəlmiş, Zərərçəkmiş şəxs çölə çıxmış, özü evin içində qalmışdır. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs içəri girmiş, onu evdə çarpayının yanında ayaqüstə divara söykənmiş vəziyyətdə tutmuş, ona “fikirləşdiyin kimi deyil, izah edə bilərəm” demişdir. Təqsirləndirilən şəxs onun üstünə gəlib yaxasından tutmuş, o isə Təqsirləndirilən şəxs itələyib qaçıb getmişdir. Zərərçəkmiş şəxs araya girərək “onu evə təmir məsələsi üçün çağırmışam” söyləmiş, daha sonra baş verənləri və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını görməmişdir. Həmçinin Təqsirləndirilən şəxs onu vurmadığını, ondan şikayətinin olmadığını, qeyd edilən ünvanda 15-20 dəqiqə olduğunu, münaqişənin saat 20:20 radələrində baş verdiyini, orada başqa digər şəxslərin olmadığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında atası Təqsirləndirilən şəxsla birlikdə X.Tağıyev küçəsi, ev 34A ünvanındakı bağ evlərinə getmişlər. Bu zaman anası Zərərçəkmiş şəxs orada olmuşdur. Atası evin içərisinə girmiş, daha sonra özü içəri girəndə Şahid1 divanda oturduğunu görmuşdür. Atası ilə Anar mübahisə etmiş, anası araya girərək “təmir üçün gəlib” demiş. Həmin şəxsin çıxıb getmiş, atası isə anasının üzərinə gələrək yumruqla alnına, təpiklə qarın nahiyyəsinə vurmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 23 mart 2025-ci il tarixli, 121 nömrəli «canlı şəxsin məhkəmə -tibbiekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - hər iki gözətrafı nahiyənin dərialtı hematoması və qançırı, hər iki gözün ağlı qişasına yayılmış qansızma, burun belinin şişkinliyi və qançırı, sol budun yuxarı 1\3-nin yan-arxa səthinin və sağ baldırın orta 1\3-nin yan səthinin iri ölçülü qançırları küt alətin-alətlərin (əşyanın) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilmə nəticəsində törənir. Qeyd edilən xəsarətlər səhhətin qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. 02 aprel 2025-ci il tarixli raportdan görünür ki, VMAS “X3” Təqsirləndirilən şəxs barəsində məhkumluq müəyyən edilməmişdir. Naftalan KTİB tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli, 33 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixdə sosial işçi kimi müqavilə bağlamış və Naftalan KTİB-ə təhkim edilmişdir. O, işlədiyi dövrdə özünü son dərəcə intizamlı işçi kimi aparmış, rəhbərliyin tapşırıqlarını vaxtı-vaxtında və məsuliyyətlə yerinə yetirmişdir. Təqsirləndirilən şəxs işə qəbul olunduğu vaxtdan bu günə kimi heç bir xəbərdarlıq və töhmət almamışdır. "xxxx" MMC-in 16 aprel 2025-ci il tarixli,3-17-7/2-Ə-15214/2/2025 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən 11 fevral 2021-ci il tarixdən "xxxx" MMC-də Naftalan şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışır və onun aylıq əmək haqqısı 400 manatdır. Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X1 xx.xx.2007-ci il tarixdə və Şahid2 xx.xx.2013-cu il tarixdə anadan olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq edilərək sübuta yetirilmiş, ibtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Bu səbəbdən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını CMnin 59.1.4-cü, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət hesab edilən əməli törətməsini və əməlindən səmimi peşman olmasının CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş hadisənin səbəblərini, eləcə də onun barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları nəzərə alıb, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum olunmasını əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksyasında daha yüngül cəza növləri olan cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aylıq qazancından dövlət nəfinə müəyyən məbləğdə pul tutulmaqla müəyyən müddətə islah işləri növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs ona təyin olanacaq islah işləri cəzasını iş yeri üzrə çəkməli, cəzaçəkməsinin başlanğıcı qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut, müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul vəsaiti tutulmaqla, 1 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu aydan (gündən) hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naftalan şəhər İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar