Məhkəmə qərarları › İş №1(052)-4/2024

Naftalan Şəhər Məhkəməsi Hökm — İş №1(052)-4/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naftalan şəhəri İş № 1(052)-4/2024 30.05.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X9 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Naftalan Şəhər Məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu olmayan, Naftalan şəhəri, H.Əliyev küçəsi ev 21, mənzil 06-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, şəraitdə və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə hesab olunan tiryək əldə edib üzərində saxlamış, 07 fevral 2024-cü il tarixdə saat 11:05 dəqiqədə Naftalan şəhəri, Habil Əliyev küçəsində yerləşən “Naftalan Mall” adlı mağazanın qarşısında hərəkətdə olan zaman Naftalan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Naftalan ŞPŞ-nə gətirilmiş, şöbənin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman qanunsuz olaraq əldə edib saxlayaraq, sağ ayağına geyinmiş olduğu corabın içərisində gizlətdiyi 1 ədəd göy rəngli sellefon paketin içərisində 1 ədəd şəffaf sellefon kəsiyi bükümündə təmiz çəkisi 11,811 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan tiryək aşkar olunaraq götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitələr marixuanna və heroindən istifadə etdiyi üçün ümumilikdə üç dəfə məhkumluğu olmuşdur. Lakin, sonuncu məhkumluğundan sonra narkotik vasitələrdən istifadə etməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan tiryəki yerdən tapmış və üzərində saxlamışdır. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılmış və şöbəyə dəvət edilmişdir. Şöbədə üzərində gəzdirdiyi tiryəki polis əməkdaşlarına təhvil vermişdir. Əməlindən səmimi peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək bildirdi ki, Naftalan şəhər polis şöbəsində baş inspektor vəzifəsində işləyir. Təqsirləndirilən şəxsi Naftalan şəhər sakini kimi tanıyır, onunla düşmənçiliyi və ədavəti yoxdur. 07 fevral 2024-cü il tarixdə saat 11 radələrində Naftalan şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsində şübhəli olması ilə bağlı şöbəyə gətirilmiş, bu səbəbdən onun üzərində axtarış aparılan zaman videoçəkilişin aparılması üçün təhqiqatçının otağına dəvət olunmuşdur. Orada olarkən Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan narkotik vasitəni corabının iç tərəfindən çıxararaq polis əməkdaşlarına təhvil vermiş, həmin narkotik vasitəni Naftalan şəhərində yerləşən Şəhidlərin abidəsi adlnana yerin yaxınlığından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadə verərək bildirdi ki, Naftalan şəhər polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 07 fevral 2024-cü il tarixdə Naftalan şəhər sakini Təqsirləndirilən şəxs Naftalan şəhəri ərazisində üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında ŞPŞ-nin rəhbərliyinə raportla müraciət edilmişdir. Daha sonra polis kapitanı Şahid2la birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 07 fevral 2024-cü il tarixdə saat 11:05 dəqiqədə Naftalan şəhər H.Əliyev küçəsində yerləşən 27 nömrəli binanın yaxınlığında saxlanılmış və şöbəyə dəvət edilmişdir. Şübhəli şəxs şöbədə dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmuş, müdafiəçinin iştirakı ilə video və foto çəkiliş vasitəsi ilə hüquq və vəzifələri ona izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs sağ ayağına geyindiyi corabın iç tərəfindən göy rəngli sellofan bükümü çıxararaq təqdim etmiş, həmin bükümün içərisində isə Naftalan şəhəri ərazisindən tapdığı və şəxsi istifadəsi üçün üzərində saxladığı narkotik vasitə tiryək olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 digər Şahid3 ilə eyniməzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 07 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:10-da şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsi tərəfindən təqdim edilmiş 08 fevral 2024-cü il tarixli, 16/188 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “B.Quliyevin üzərindən aşkar edilmiş naroktik vasitə” yazılar və imzalar olan kağız paketdəki, 1(bir) şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 11.811 qram maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir (Tiryəkin ümumi təmiz çəkisi - 11,811 qram, tədqiqata sərf edildi - 0.1 qram, qalıq - 11, 711 qram) “Tutulmuş şəxsin azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə” 09 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən cəzadan şərti olaraq vaxtından 02 ay 28 gün əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 12 mart 2024-cü il tarixli, 420 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan Tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 fevral 2024-cü il tarixli xasiyyətnamə və arayışdan görünür ki, Quluyev X1 şəhəri, H.Əliyev küçəsi, ev 21 ünvanında arvadı X4, qızı xx.xx.2003-cü il təvəllüdlü X2 və qızı xx.xx.2006-cı il təvəllüdlü X3 ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, həmçinin işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında iki növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə həmin cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və daha ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə anoloji cinayətin törədilməsinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, o, islah olunmamış, bir müddət sonra yenidən qəsdən cinayət törətmişdir. Bu hal təqsirləndirilən şəxsin islah olunmadığını və onun cinayət törətməyə meyilli şəxs olmasını deməyə bir daha əsəs verir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 fevral 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs 07 fevral 2024-cü il tarixdən 09 fevral 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan mərhum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzanın çəkilmə müddətinin əvvəli 30 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalından həbs edilməli və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Müvafiq ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Maddi subut kimi tanınaraq Naftalan şəhər polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 11,711 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Naftalan şəhər İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 fevral 2024-cü il tarixdən 09 fevral 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan mərhum etmə cəzasından çıxılsın və üzərində 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan mərhum etmə cəzası saxlanılsın. Cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Cəzaçəkmə müddətinin əvvəli 30 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 32.40 (otuz iki manat, qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Maddi sübut kimi tanınaraq Naftalan şəhər polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 11,711 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Naftalan şəhər İcra və probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi vaxtdan, təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar