Azərbaycan Respublikası adından HÖKM Naftalan şəhəri İş № 1(052)-5/2023 09.03.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X6 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə. xx.xx.1984-cü ildə Goranboy rayonu, Səfikürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşul olan, Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdılması cəzasına məhkum edilmiş, Goranboy rayon Səfikürd kəndində qeydiyyatda olmaqla yaşayan, Naftalan Şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində 2 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 04 dekabr 2022-ci il tarixdə saat 20 radələrində Goranboy rayonu, Xanqərvənd kəndinin ərazisində, “Xan” şadlıq sarayının qarşısında tanışı Şahid8 50 manat pul verərək sonuncudan qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd kağız bükümdə, təmiz çəkisi 0.309 qram kustar üsulla hazırlanmış, psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 06 dekabr 2022-ci il tarixdə saat 21:45-də Naftalan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Naftalan-Səfikürd yolunun Naftalan şəhəri ərazisinə düşən hissəsində saxlanılaraq Naftalan şəhər polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibində olan “Samsung” markalı mobil telefonun arxasında gizlətdiyi bir ədəd kağız bükümdə, təmiz çəkisi 0.309 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək qeyd etdi ki, psixotrop maddə olan metamfetamindən qısa müddət istifadə etmişdir. Hazırda narkotik və psixotrop vasitələrdən heç bir asılılığı yoxdur. Avtomobil təmiri sexində fərdi qaydada fəaliyyət göstərir. Daha əvvəl Goranboy Rayon Məhkəməsinin hökmü ilə 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin cəzasının bitməsinə qısa müddət qalmış tutulmuşdur. 06 dekabr 2022-ci il tarixdə saat 21 radələrində həyətində yerləşən avtomobil təmiri sexində işləyərkən tanımadığı bir şəxs ona yaxınlaşmış və özünə məxsus maşının xarab olduğunu bildirərək ondan təmir etməsini xahiş etmişdir. O, həmin şəxsin xahişini nəzərə alaraq oğlu Emin ilə birlikdə həmin şəxsin gəldiyi “Vaz 2107” markalı avtomobilə əyləşərək avtomobilin yanına getmək istəmişdir. Yolda gedərkən Naftalan YPX-nin əməkdaşları avtomobili saxlatmışlar. Bu zaman sürücü və həmin şəxs maşından düşərək YPX əməkdaşlarına yaxınlaşmışlar. Daha sonra polis əməkdaşları maşına yaxınlaşaraq onu Naftalan şəhər polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinin inzibati binasında könüllü olaraq üzərində olan “Patı” adlanan metamfetamini polis əməkdaşlarında təqdim etmişdir. Metamfetamini təxminən 4-5 gün əvvəl axşam saatlarında Goranboy rayonu Xanqərvənd kəndi ərazisində, “Xan” şadlıq sarayının qarşısında Bərdə rayon sakini olan, adını Elzamin kimi bildiyi şəxsdən 50 manata almış, bir qədərini istifadə etdikdən sonra qalan hissəsini gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır. Törətdiyi cinayət əməlinə görə səmimi peşmandır. Himayəsində azyaşlı övladının və xəstə anasının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadə verərək bildirdi ki, Naftalan ŞPŞ-nin YPX inspektoru vəzifəsində çalışır. 06 dekabr 2022-ci il tarixdə axşam saatlarında Naftalan şəhəri ərazisində, Naftalan şəhər-Goranboy rayonu Səfikürd kənd avtomobil yolunun giriş hissəsində “VAZ 2107” markalı avtomobilin dövlət nömrə nişanı oxunmadığı üçün tərəfindən saxlanılmışdır. Avtomobilin sürücüsü Naftalan şəhər sakini Şahid7 və yanında oturmuş sərnişin maşından düşmüşdür. Bu zaman o, sürücü Şahid7 pozuntu ilə bağlı ona iradını bildirmişdir. Bu zaman avtomobilin arxa oturacağında daha iki nəfər şəxsin olduğunu görüb onlara yaxınlaşmış və həmin şəxslərin Təqsirləndirilən şəxs və Şahid6 olduğu məlum olmuşdur. Naftalan şəhər polis şöbəsində şəxsi heyət təlimatlandırılarkən Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində şübhəli olması bildirilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs xidməti maşına əyləşdirib Naftalan ŞPŞ-nə aparmış və bu barədə növbətçi hissəyə məlumat vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 Şahid3 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadə verərək bildirdi ki, Naftalan şəhər polis şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 06 dekabr 2022-ci il tarixdə Naftalan ŞPŞ-nin növbətçi hissəsindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs YPX-nin əməkdaşları tərəfindən şöbəyə gətirildiyi ona bildirilmiş, o da, həmin məlumatı aldıqdan sonra Naftalan ŞPŞ-nin inzibati binasına gəlmişdir. Təqsirləndirilən şəxs daha əvvəldən tanımış, onunla heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Şöbədə olarkən Təqsirləndirilən şəxs təhqiqatçı Rüfət Məmmədov tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zamanı Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir ədəd mobil telefonu çıxararaq telefonun arxa hissəsində, telefon kabrosunun içərisində saxladığı bir ədəd kağız bükümdə olan maddəni təqdim etmiş, həmin maddənin psixotrop maddə olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra həmin büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 Şahid4 ilə eyni məzmunlu ifadə vermiş olduğu müəyyən edildi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid7 ifadə verərək bildirdi ki, özünə məxsus “VAZ 2107” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 06 dekabr 2022-ci il tarixdə axşam saatlarında bir nəfər şəxs ona yaxınlaşaraq onu Goranboy rayonu Səfikürd kəndinə aparmasını xahiş etmiş, o da, həmin şəxs ilə razılaşmışdır. Oradan avtomobil ustası kimi tanıdığı Fariz və onun oğlu da avtomobilə əyləşmiş və birlikdə yola davam etmişlər. Naftalan-Səfikürd yolunda hərəkətdə olarkən Yol Patrul Xidmətinin əməkdaşları onun avtomobilini saxlamışlar. Bu zaman polis əməkdaşları avtomobilin qeydiyyat nişanının oxunmadığı üçün onu saxladıqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları Farizin də avtomobilin içərisində olduğunu görüb, yaxınlaşaraq onunla söhbət etməyə başlamış və onu polis şöbəsinə aparmışlar. Bundan sonra baş verənlərdən məlumatı yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Goranboy rayonu Səfikürd kəndində nənəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun atasıdır. O, atasına həyətlərindəki sexdə maşın təmiri işlərini görməkdə köməklik etmişdir. 06 dekabr 2022-ci il tarixdə saat 20 radələrində atası ilə birlikdə maşın təmir edərkən hərbi geyimli bir şəxs atasına yaxınlaşıb söhbət etmiş, o, atasından hərbçinin nə istədiyini soruşmuş, atası “Ural” markalı maşının Naftalan şəhərində xarab olub qaldığını bildirmişdir. Atası hərbçiyə ayağında elektron qandal olduğu üçün Naftalan şəhərinə gedə bilməyəcəyini demiş və maşını Goranboy rayonu Səfikürd kəndinə yaxınlaşdırdığı halda düzəldəcəyini demişdir. Təxminən 20-30 dəqiqə sonra həmin hərbçi tünd göy rəngli rəngli “VAZ 2107” markalı taksi ilə gəlib maşını Naftalan şəhərindən çıxarıb Goranboy rayonu Səfikürd kəndinə gətirdiyini bildirmişdir. Atası hərbçinin xahişini nəzərə alıb taksiyə əyləşmiş, o da atası ilə birlikdə taksiyə əyləşmiş, onlar dəqiq bilmədiyi istiqamətdə taksi ilə getmişlər. Atasının ayağında olan elektron qandal siqnal verməyə başlamış, həmin vaxt Yol-Patrul Xidməti onların olduğu maşını saxlamışdır. Yol Patrul Xidməti taksinin sürücüsü ilə söhbət edərkən onlar maşından düşmüş, polis əməkdaşları atasını Naftalan şəhər polis şöbəsinə aparmışlar. O isə gəldiyi taksi ilə evlərinə gəlmiş və baş vermiş hadisəni nənəsinə danışmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, əvvəllər Goranboy rayonu Ağcakənd qəsəbəsində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifəsində müqavilə əsasında xidmət etmiş, müqavilə müddəti bitdiyi üçün hazırda heç bir yerdə işləmir. Təxminən bir il altı aydır narkotik vasitələrdən istifadə edir, istifadə etmədiyi halda bədənində ağrılar əmələ gəlir. Psixotrop maddə olan “PATİ” adlanan maddədən istifadə edir. Təqsirləndirilən şəxs Goranboy rayonu Səfikürd kəndində yerləşən və ona məxsus olan maşın təmiri sexində maşınını düzəldərkən, təxminən 8-9 ay əvvəl tanımış, həmin vaxt Təqsirləndirilən şəxs onun narkotik vasitə istifadəçisi olduğunu bilmiş, bundan sonra onların münasibəti yaranmış, maşınını təmir etdirdikdən bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək, ağrıdığını, təcili “mal” lazım olduğunu bildirmiş, o, maşınını gec təmir etdiyi üçün Farizə yalan vəd verərək istədiyi “mal”dan tapacağına söz verib maaş kartına 50 manat ödətdirmiş, lakin Farizin istifadəsində olan mobil nömrəni qara siyahıya atmışdır. 02 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefondan onun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə “Vatsapp”la bir neçə dəfə zəng etmiş, lakin o, Farizə cavab verməmişdir. 04 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenə də ona“Vatsapp”la zəng etmiş, o, Farizin zənginə cavab vermiş, Fariz ona ağrıdığını, əlində heçnə olmadığını, təcili “mal” lazım olduğunu bildirmiş, o, Farizə maraqlanacığını, əgər olarsa əlaqə saxlayacağına söz vermişdir. Həmin vaxt o, əvvəllər tanıdığı Bərdə rayonu Türkman kəndində yaşayan Seymur adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib Seymurdan “daş” olub-olmamasını soruşmuş, Seymur cavabında onda “daş” olduğunu bildirmiş, bundan sonra o, Təqsirləndirilən şəxs zəng edərək “mal”ın olduğunu bildirmiş, Fariz ona 0.5 qram “patı” almağı, lakin ayağında “qandal” olduğuna görə gələ bilmədiyini demiş və “patı”nı gətirib ona çatdırmağı xahiş etmiş, o, “patı”nı alıb çatdırmaqla, taksi pulu ilə birlikdə 50 manat edəcəyini bildirmiş, Fariz həmin məbləği verəcəyini bildirdikdən sonra o, Seymura zəng edib 0.5 qram “patı” lazım olduğunu, bir azdan gəlib “patı”nı götürəcəyini bildirmiş, daha sonra o, tanışı Xəyyama zəng edib Tərtər rayonunun Sarov kəndinə getmək lazım olduğunu, buna görə 20 manat verəcəyini bildirmiş, Xəyyam onun təklifi ilə razılaşıb özünə məxsus “Vaz 21011” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhərinin “köhnə bazar” adlanan hissəsinə gəlib onu götürmüş, əvvəlcə o, maşını Bərdə rayonu Türkman kəndinə Seymurun yaşadığı evə sürdürmüş, maşından düşüb Seymurdan 0,5 qram “patı”nı 35 manata almış, həmin vaxt onların yanında heç kim olmamış, sonra taksiyə əyləşərək dostluq etdiyi “Matı” ləqəbli Çinarəni götürərək birlikdə Goranboy rayonu Xanqərvənd kəndinə gəlmişlər. Çinarə onun üzərində narkotik vasitə olduğunu bilməmişdir. Onlar Goranboy rayonu Xanqərvənd kəndinə gəlmiş, həmin kəndin ərazisində yerləşən “Xan restoranı”nın qarşısında maşını saxlatmış, Fariz maşına yaxınlaşıb 50 manat pul vermiş, o da Farizə bir ədəd ağ kağıza bükülmüş psixotrop maddə olan metamfetamin vermişdir. Həmin vaxt Fariz sərxoş halda olmuş və danışarkən üzərindən spirt iyi gəlmişdir. Bundan sonra onlar Bərdə rayonuna qayıtmışlar. Bir neçə gündən sonra anası ona zəng edərək, Goranboy rayonundan Fariz adlı ustanın tutulduğunu və Naftalan şəhər polis şöbəsinin əməkdaşlarının onu axtardığını bildirmiş, o, anasına Naftalan şəhər polis şöbəsinə gedəcəyini bildirsə də, polis əməkdaşları tərəfindən tutulacağından qorxub evə gəlməmişdir. 22 dekabr 2022-ci il tarixdə polis əməkdaşları onu Bərdə rayon polis şöbəsinin yaxınlığında saxlayıb Naftalan şəhər polis şöbəsinin inzibati binasına gətirmiş, şübhəli şəxs qismində tutulmuş, dövlət hesabına müdafiəçi ilə təmin olunaraq üzərində şəxsi axtarış aparılmış, üzərindən hər hansı narkotik vasitə və ya qadağan olunmuş əşya aşkar olunmamışdır. 04 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üçün metamfetamin alarkən həmin metamfetamindən bir hissəni özü üçün götürmüş, lakin Təqsirləndirilən şəxs bundan xəbəri olmamışdır. Naftalan şəhər polis şöbəsinə gətirilərkən və orada saxlanıldığı müddətdə heç bir polis əməkdaşı tərəfindən psixi və ya fiziki təzyiqə məruz qalmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, özünə məxsus **-TX-*** dövlət qeydiyyat nişanlı “VAZ 21011” markalı avtomobili ilə taksi faəliyyəti ilə məşğul olur, Şahid8 ilə təxminən 3-4 ay əvvəl Bərdə şəhərində tanış olmuşdur. 04 dekabr 2022-ci il tarixdə Şahid8 onun telefonuna zəng edərək, 20 manat müqabilində Tərtər rayonunun Sarov kəndinə gedib qayıtmağı təklif etmiş, o, Əlizaminin təklifi ilə razılaşmış, Bərdə şəhərində “köhnə bazar” adlanan yerdən Şahid8 götürmüşdür. Əlzaminin təklifi ilə əvvəlcə Bərdə rayonu Güloğullar kəndinə gedərək, “Matı” kimi tanıdığı qadını götürmüş, sonra Bərdə rayonu Türkman kəndinə gəlmişlər. Türkman kəndində Əlzamin kiməsə zəng edib olduğu yeri demiş, maşından düşmüş, bir müddət sonra maşına tərəf gəlib əyləşmiş və onlar Tərtər rayonu Sarov kəndinə gəlmişlər. Onlar Goranboy rayonunun Xanqərvənd kəndinə daxil olduqdan sonra Əlzamin maşından düşmüş, orada tanımadığı dolu bədənli, idman geyimli bir şəxslə görüşmüş, təxminən 2-3 dəqiqə söhbət etdikdən sonra Əlzamin maşına əyləşib Bərdə rayonuna sürməyi bildirmiş, o, avtomobilini idarə edərək Bərdə şəhəri, “köhnə bazar” adlanan ərazidə Əlzamini və “Matı”nı düşürmüş, Əlzamin ona 15 manat verərək, 5 manatını sonra verəcəyini bildirmiş, bundan sonra o, evinə gəlmişdir. Şahid8 narkotik vasitə istifadə edib-etmədiyi barədə onun məlumatı olmamışdır. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid10 Şahid9 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olundu. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə” 06 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 21:45-də şübhəli şəxs qismində tutulmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsi tərəfindən verilmiş 07 dekabr 2022-ci il tarixli, 16/1366 nömrəli rəydə qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində imzalar olan kağız paketdəki 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,309 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0.309 qram, tədqiqata sərf edildi 0.02 qram, qalıq 0.289 qramdır; Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılan zaman çəkilmiş videogörüntüyə baxış keçirilən zaman aydın olur ki, Təqsirləndirilən şəxs könüllü olaraq şalvarının sağ cibindən bir ədəd mobil telefonu çıxararaq təqdim etmiş və telefonun arxa hissəsində olan kağız bükümdə psixotrop maddə “patı” olduğunu bildirmişdir; Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1893 saylı rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Aslanov X2 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdılması cəzasına məhkum edilmişdir; Naftalan Şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 4(052)-06/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmış və həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu 06 dekabr 2022-ci il tarixdən hesablanmışdır; Goranboy Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 7(045)-99/2021 nömrəli qərarından görünür ki, Goranboy Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3cü maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi “08 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən bir il müddətinə azaldılmışdır. Goranboy rayon İcra və Probasiya Şöbəsinin 09 fevral 2023-cü il tarixli, 466/2021 saylı məktububdan görünür ki, Aslanov X2 Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmün icrası barədə göstəriş Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icratına qəbul edildikdən sonra Təqsirləndirilən şəxs 06 iyul 2022-ci il tarixdə qeydiyyata alınmış və həmin tarixdən cəzasını çəkməyə başlamışdır. “08 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Goranboy Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli Qərarı ilə məhkum Təqsirləndirilən şəxs cəzasının müddəti bir il azaldılmışdır. Təqsirləndirilən şəxs cinayət törətdiyi üçün Naftalan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərkən onun 24 (iyirmi dörd) gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Səfikürd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 27 dekabr 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, Aslanov X2 rayon Səfikürd kəndində qeydiyyatda olmaqla ailə üzvüləri anası 1963-cü il təvəllüdlü X3 və oğlu 2008-ci il təvəllüdlü Şahid6 ilə birlikdə yaşayır; Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Səfikürd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 27 dekabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur; Rusiya Federasiyasının pasportunun surətindən görünür ki, Şahid6 xx.xx.2008-ci il tarixdə Rusiya Federasiyası, Tula şəhərində anadan olmuşdur. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD disk, həmçinin işin digər halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 sentyabr 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CMnin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü, əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında iki növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsə də, o, islah olunmamış, cəza çəkdiyi dövrdə yenidən qəsdən cinayət törətmişdir. Bu hal əvvəlki cəzanın təqsirləndirilən şəxsi islah etmədiyini və onun cinayət törətməyə meyilli şəxs olmasını göstərir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. İş materialları ilə müəyyən olunur ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(045)-50/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 24 (iyirmi dörd) gün hissəsi çəkilməmiş qalmışdır. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanır. Beləliklə Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 1(045)-50/2021 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 24 (iyirmi dörd) gün hissəsi azadlıqdan məhrum etmə cəzasına hesablanmalı və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 dekabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 06 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə isə müvafiq ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından cinayət işi üzrə Naftalan Şəhər Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,289 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülməsini özündə əks etdirən CD iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 30.40 (otuz manat, qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübutun məhv edilməsi hissəsini icrası Naftalan Şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 1(045)- 50/2021 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının cəkilməmiş qalan 24 (iyirmi dörd) gün hissəsinin hər iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına əvvəlki hökm ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsi olan 12 (on iki) gün gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilsin və qəti olaraq 01 (bir) il 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 06 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 30.40 (otuz manat, qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Naftalan Şəhər Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,289 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən CD iş materiallarında saxlanılsın. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Naftalan Şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi vaxtdan, təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ayaz Səlimov
Məhkəmə qərarları › İş №1(052)-5/2023
Naftalan Şəhər Məhkəməsi Hökm — İş №1(052)-5/2023
09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver