Məhkəmə qərarları › İş №1(052)-5/2024

Naftalan Şəhər Məhkəməsi Hökm — İş №1(052)-5/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naftalan şəhəri İş № 1(052)-5/2024 20.06.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X14 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Naftalan şəhər, İ.Həsənzadə küçəsi ev 13, mənzil 16-da yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, şəraitdə və tarixdə, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroin, qurudulmuş marixuna və metadon həbi əldə edib üzərində və idarə etdiyi “İnfinity FX37” markalı, **- CE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində saxlayaraq daşımış, 05 mart 2024-cü il tarixdə saat 13:35 dəqiqədə idarə etdiyi nəqliyyat vasitəsini Naftalan-Səfikürd avtomobil yolunun Naftalan şəhərindən keçən 1-ci kilometrliyində yol kənarına verib saxlayaraq avtomobilin içərisində mobil telefonla danışan zaman Naftalan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Naftalan ŞPŞ-nə gətirilib, şöbənin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman qanunsuz olaraq əldə edib əynində olan şalvarın sol yan cibində saxlayaraq daşıdığı xeyli miqdarda təmiz çəkisi 0,757 qram olan bir ədəd gümüşü kağız bükümdə olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 ədəd üzərində “FARAN Methadone 40” əmtəə yazısı olan kəsilmiş konvalyut yuvacığında zavod üsulu ilə hazırlanmış 1 ədəd, boz rəngli, dairəvi formalı, üzərində “FM 40” yazısı olan metadon təsireci maddəsinin miqdarı xeyli miqdarda 0,04 qram olan metadon həbi, polis şöbəsinin həyətində Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “İnfinity FX37” markalı, **-CE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış zamanı nəqliyyat vasitəsinin qabaq sağ oturacağının üzərində 1 ədəd polietilen torbacıqda təmiz çəkisi 3,13 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd polietilen torbacıqda xeyli miqdarda təmiz çəkisi 0,393 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, barəsində cinayət işinin başlanmasına səbəb polis əməkdaşları ilə münasibətinin yaxşı olmaması olmuşdur. Belə ki, bir müddət əvvəl Naftalan şəhərində öz maşını ilə hərəkətdə olarkən 4-5 maşın onu əhatəyə alaraq saxlatmış, maşınlardan mülki geyimdə olan şəxslər düşərək, ondan maşından düşməsini tələb etmiş və ona qarşı təzyiqlər etmişlər. O da, qorxduğu üçün maşından düşməmiş və öz maşını ilə onların maşınlarını əzərək oradan uzaqlaşmışdır. Əslində o, həmin şəxslərin polis əməkdaşları olduqlarını bilməmişdir. O, hesab etmişdir ki, həmin şəxslər Naftalan şəhərində yaşayan və onunla ailəvi düşmənçiliyi olan şəxslərdir. Bir müddət sonra isə polis əməkdaşları onu Naftalan-Safıkürd yolunda saxlamış və döyərək Naftalan şəhər polis şöbəsinə gətirmişlər. Bu zaman ona məlum olmuşdur ki, bir müddət əvvəl onu əhatəyə alan mülki geyimli həmin şəxslər polis əməkdaşları olmuşlar. Polis şöbəsində üzərinə axtarış keçirilən zaman isə gödəkcəsinin cibində olan metadon həbi cibindən aşkar edilmişdir. Həmin həb həqiqətən də, ona məxsus olmuş, əvvəllər istifadə etdiyi üçün almış, sonradan istifadə etmək fikrindən çıxmış və cibində qalmışdır. Maşından və üzərindən aşkar edilmiş digər narkotik vasitələr isə ona aid olmamış, onu döyərək cibinə qoymuşlar. Maşınında ümumiyyətlə heç bir narkotik vasitə olmadığı halda, polis əməkdaşları ona maşına yaxşı bax deyə təzyid göstərmiş və maşından ona aid olmayan narkotik vasitələr çıxarmışlar. Həmçinin, xidməti otaqda yenə onu məcbur etmişlər ki, ciblərinə yaxşı baxsın. O, nə qədər desə də ki, cibində heç bir maddə yoxdur, polislərin təzyiqi ilə yenidən ciblərini yoxlamış, hansı ki, şöbəyə gələn zaman üzərində olmayan “kakos” deyilən maddə cibindən çıxmışdır. Həmin maddələrin ona məxsus olmasını etiraf etməyəcəyi təqdirdə isə avtomobilindən silah çıxacağı ilə hədələnmiş, o da, məcbur qalaraq boynuna almışdır. Belə ki, əvvəllər qanunsuz silah saxlamağa görə məhkum olunduğu üçün bu dəfə də üzərindən şər atılaraq silah çıxarılmasını istəməmişdir. Odur ki, üzərindən aşkar edilmiş metadon həbinə görə özünü təqsirli bilsə də, avtomobilindən və üzərindən aşkar edilmiş marixuanna və heroinə münasibətdə özünü təqsirli bilmir. Əməlindən peşmandır. İki nəfər azyaşlı uşağının, yataq xəstəsi atasının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün qismən etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək bildirdi ki, təqsirləndirilən şəxsi hadisədən əvvəl tanımamışdır. 2024-cü ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs barəsində polis şöbəsinə əməliyyət tədbiri ilə bağlı məlumat daxil olmuş, bununla bağlı əməlliyyət-istindaq qrupu yaradılmışdır. Əməliyyat zamanı yol kənarında dayanmış avtomobilin içərisində oturan Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və ona narkotik vasitələrin dövriyyəsində şübhəli olması bildirilmişdir. Təqsirləndirilən şəxs bununla bağlı şöbəyə dəvət edilmiş və ona müdafiəçi təyin edilmişdir. Şöbədə üzərinə baxış keçirilmiş, baxış zamanı gödəkcəsinin iç cibindən həb və əynində olan göy rəngli cins şalvarın cibindən isə narkotik vasitəyə oxşar qəhvəyi rəngi olan toz kütləsi aşkar edilmişdir. Həmçinin Elvinə məxsus avtomobilə baxış keçirilmiş, oradan isə iki ədəd şəffaf sellofanda marixuana və qəhvəyi rəngdə narkotik vasitəyə oxşar toz şəklində maddə aşkar edilmişdir. Bu zaman Elvin özü səmimi olaraq narkotik vasitələrin ona məxsus olduğunu etiraf etmişdir. Şöbədə Elvinə polis əməkdaşları tərəfindən hər hansı formada zor tətbiq edildiyinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadə verərək bildirdi ki, təqsirləndirilən şəxsi əməliyyat keçirilən zaman tanımış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. 2024-cü ilin mart ayının 5-də şöbəyə narkotik vasitə istifadəçisi olan Təqsirləndirilən şəxs Naftalan şəhərində olması və üzərində psixotrop və ya narkotik vasitə olması ehtimalı bardə məlumat daxil olmuşdur. Əməlliyyət-istindaq qrupu yaradılmış və Naftalan-Safıkürd kənd yolunun 1-ci km-nə getmişlər. Bu zaman Təqsirləndirilən şəxs yolun kənarında dayanmış özünə məxsus avtomobilin içərisində olmuşdur. Yaxınlaşaraq özlərini təqdim etmiş və Elvini şöbəyə dəvət etmişlər. Şöbədə olarkən isə müdafiəçinin iştirakı ilə baş təhqiqtçı Adəm İsgəndərov ilə birlikdə Elvinin üzərinə baxış keçirilmiş, bu zaman Elvinin gödəkcəsinin cibindən bir ədəd tabletka dərman və bir ədəd bükülmüş qəhvəyi rəngli narkotik vasitə aşkar olunmuşdur. Daha sonra Elvinin avtomobilinə baxış keçirilmiş, avtomobilin qabağ sağ oturacağının üzərindən isə iki ədəd şəffaf sellofan torba aşkar edilmişdir. Torbalardan birində marixuanaya bənzər kütlə, digərində isə yenə qəhvəyi rəngdə kütlə aşkar olunmuşdur. Həmin vaxt video çəkiliş aparılmış və görüntülər qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək bildirdi ki, Naftalan şəhər polis şöbəsində inspektor-kriminalist vəzifəsində işləyir. 05 mart 2024-cü il tarixdə çəkiliş aparması üçün təhqiqatçı Adəm İsgəndərovun iş otağına çağırılmışdır. Buna səbəb şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi olmuşdur. Baxış zamanı Elvinin üzərindən bir ədəd həb və bir büküm heroinə bənzər narkotik vasitə aşkar edilmiş, daha sonra isə ona məxsus avtomobilin içərisinə baxış keçirilmişdir. Avtomobilin içərisindən isə marixuana və heron aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin ona aid olduğunu könüllü olaraq etiraf etmişdir. Video çəkilişlərin hər ikisi onun tərəfindən aparılmışdır. Elvinin Şirəliyevin şöbənin əməkdaşları tərəfindən döyüldüyünü isə görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə” 05 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:20-də şübhəli şəxs qismində tutulmuşdur. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(052)-2/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığı qətimkan tədbirinin əvvəli 05 mart 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X10 bölməsinin 06 mart 2024-cü il tarixli, 16/307 nömrəli rəyində aşağıdaklar müəyyən edilmişdir: Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilmiş narkotik vasitə və ya psixotrop maddəyə bənzər kütlələr” yazı və imzalar olan kağız paketdəki: 1 (bir) ədəd gümüşü kağız bükümdəki təmiz çəkisi 0,757 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 1 (bir) ədəd üzərində “FARAN Methadone 40” əmtəə yazısı olan kəsilmiş konvalyut yuvacığında 1 (bir) ədəd, boz rəngli, dairəvi formalı üzərində “F M 40” yazısı olan həb, zavod üsulu ilə hazırlanmış – metadon həbidir, təsiredici maddənin miqdarı 0,04 qram təşkil edir. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs sahibliyində olan, idarə etdiyi İnfinity FX 37 markalı maşına baxış keçirilən zaman aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələr” yazı və imzalar olan kağız paketdəki: 1 (bir) ədəd polietilen torbacıqda, təmiz çəkisi 3,13 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 1 (bir) ədəd polietilen torbacıqda təmiz çəkisi 0,393 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Marixuananın təmiz çəkisi - 3,13 qram, tədqiqata sərf edildi - 0,04 qram qalıq-3,09 qram. Heroin təmiz çəkiləri - 0,757 qr, 0,393 qr, tədqiqata sərf edildi - 0,1 qr (hər birindən 0,05 qr) qalıq - 0,707 qr və 0,343 qr Metadon həbi - 1 ədəd, tədqiqata sərf edildi-1/2 hissə, qalıq 1/2 hissə. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 228.1 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 09 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 13 mart 2024-cü il tarixli, 452 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən və heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 may 2024-cü il tarixli 436 nömrəli xasiyyətnamə və həmin tarixli 437 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında daimi pasport qeydiyyatındadır və ailə üzvüləri atası xx.xx.1966-cı il təvəllüdlü X9, anası xx.xx.1967-cı il təvəllüdlü X2, qardaşı xx.xx.1991-ci il təvəllüdlü X7, həyat yoldaşı xx.xx.1992-ci il təvəllüdlü X1, qızı xx.xx.2016-cı il təvəllüdlü X5 və oğlu xx.xx.2017-cı il təvəllüdlü X3r, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxsin üzərində və avtomobilində axtarış aparılan zaman çəkilmiş videogörüntüyə baxış keçirilən zaman müəyyən olundu ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin ona aid olduğunu etiraf etmişdir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin qismən etirafı, şahidlərin ifadələri, həmçinin işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı həmçinin ona məxsus avtomobildən aşkar edilmiş və ümumi təmiz çəkisi 3.13 qram olan qurudulmuş marixuanaya görə ittiham irəli sürülmüşdür. Lakin, nəzərə alınmalıdır ki, həmin çəki xeyli miqdar hesab edilmədiyindən, cinayət məsuliyyəti yaratmır. Odur ki, həmin hissə ittihamdan xaric edilməlidir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını CMnin 59.1.4-cü, əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini qismən etiraf etməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında iki növ, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə həmin cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və daha ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxs əvvəllər də, anoloji cinayətin törədilməsinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, o, islah olunmamış, bir müddət sonra yenidən qəsdən cinayət törətmişdir. Bu hal təqsirləndirilən şəxsin cinayət törətməyə meyilli şəxs olmasını deməyə bir daha əsəs verir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət (CPM-nin 158.2.1-ci maddəsi); ev dustaqlığında saxlanıldığı müddət (CPM-nin 158.2.2-ci maddəsi) daxildir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti CPM-nin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlama saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəli 05 mart 2024-cü il tarixdən hesablanmalı, ibtidai istintaq zamanı barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı, o, məhkəmə iclas zalından həbs edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Müvafiq ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 60.80 (altmış manat, səksən qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Maddi subut kimi tanınaraq Naftalan şəhər polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,707 qram və 0,343 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 1/2 hissə metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitələrin aşkar edilməsini özündə əks etdirən 02 (iki) dədə CD iş materiallarında saxlanılmalıdır. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Naftalan şəhər İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Cəzanın çəkilmə müddətinin əvvəli 05 mart 2024-cü il tarixdən hesablansın. Cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 60.80 (altmış manat, səksən qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Maddi sübut kimi tanınaraq Naftalan şəhər polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,707 qram və 0,343 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 1/2 hissə metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən narkotik vasitələrin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 02 (iki) ədəd "CD" iş materiallarında saxlanılsın. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Naftalan şəhər İcra və probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi vaxtdan, təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar