Məhkəmə qərarları › İş №1(052)-5/2025

Naftalan Şəhər Məhkəməsi Hökm — İş №1(052)-5/2025

20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naftalan şəhəri İş № 1(052)-5/2025 20.10.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X7 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 27 may 2025-ci il tarixdə saat 20 radələrində Yevlax şəhəri Ə.Firdovsi küçəsi 13 nömrəli evin qarşısında X2 100 manata 2 ədəd konvalyut kəsiyində üzərində “F/M 40” yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formalı metadon təsiredici maddəsinin miqdarı xeyli miqdarda 0,08 qram olan metadon həblərini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 31 may 2025-ci il tarixdə saat 09:30 dəqiqədə Naftalan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində o, yaşadığı Naftalan şəhəri, Habil Əliyev küçəsində yerləşən 07 saylı çoxmənzilli yaşayış binasının yaxınlığında saxlanılaraq Naftalan ŞPŞ-nə gətirilib, şöbənin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib əynində olan şalvarın sağ yan cibində saxlayaraq daşıdığı bir ədəd şəffaf rəngli sellofan paketin içərisinə qoymuş olduğu bir ədəd şəffaf sellofan bükümün içərisindəki 2 ədəd üzərində “Methadone 40” əmtəə göstəricisi olan 2 ədəd konvalyut kəsiyində üzərində "F/M 40” yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formalı metadon təsiredici maddəsinin miqdarı xeyli miqdarda 0,08 qram olan metadon həbləri aşkar olunaraq götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilir. İbtidai istintaq dövründə vermiş olduğu ifadəsini təsdiq edir. Əlavə olaraq bildirdi ki, o, 2020-ci ildə 44 günlük X3 və Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır. Müharibə zamanı aldığı kontuziya ilə əlaqədar olaraq son zamanlar sakitləşdirici kimi metadon həbindən istifadə etmişdir. Naftalan şəhər polis şöbəsində üzərində axtarış zamanı aşkar olunan metadon həblərini Yevlax şəhərindən yaşayan Rasim adlı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadə verərək bildirdi ki, Naftalan şəhər polis şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 30 may 2025-ci il tarixdə X4 polis əməkdaşları tərəfindən saxlanılmış və o, saxlanılan zaman üzərindən 2 qram narkotik vasitə marixuana aşkar edilərək götürülmuşdür. Elşən həmin narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını və sübut kimi Təqsirləndirilən şəxs anasının bank kartına 15 manat pul göndərdiyini qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs Naftalan şəhərində saxlanılaraq şöbəyə gətirilmiş, şöbədə olarkən Təqsirləndirilən şəxs göy rəngli şalvarının sağ yan cibindən 2 ədəd metadon həbini çıxararaq könüllü təqdim etmiş və həmin maddəni Yevlax şəhər sakinindən aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs avtomobili ilə polis şöbəsinə gətirildiyi üçün, həmin avtomobiliə də baxış keçirilmiş, lakin avtomobildən qadağan edilmiş hər hansı vasitə aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadə verərək bildirdi ki, Naftalan şəhər polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 may 2025-ci il tarixdə əməliyyat keçirilmiş və X1. Bu zaman onun üzərindən 2 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülmuşdür. Elşən ifadəsində üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni Təqsirləndirilən şəxs adlı şəxsdən aldığını bildirdiyi üçün 31 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs da saxlanılmış və Naftalan şəhər polis şöbəsinə gətirilmişdir. Naftalan şəhər polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə onun müdafiəçisinin iştirakı ilə baxış keçirilərkən üzərindən 2 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin psixotrop maddənin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadə verərək bildirdi ki, Naftalan şəhər polis şöbəsində baş inspektor kriminalist vəzifəsində işləyir. 31 may 2025ci il tarixdə Naftalan şəhər polis şöbəsində cinayət törətməkdə şübhəli olan şəxsin üzərində şəxsi axtarış aparılan zaman videoçəkiliş aparılması üçün təhqiqatçının otağına dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərinə onun müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, bu zaman onun üzərindən 2 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətləri vardır. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə istifadə etməsindən məlumatı olmamış, xeyli müddət sonra bilmiş və onun müalicəsinə köməklik etmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs onun yanında olarkən narkotik vasitələrdən istifadə etməmişdir. Təxminən 27 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs onunla birlikdə Qəbələ rayonuna getmiş, qayıdan zaman isə Təqsirləndirilən şəxs Yevlax şəhərində tanımadığı şəxs ilə görüşdüyünü görmüşdür. Lakin Təqsirləndirilən şəxs həmin şəxsdən nə aldığını və həmin şəxsə nə verdiyini görməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair hərəkətlər icra edilən zamanı çəkilmiş videogörüntüyə baxış keçirilən zaman müəyyən olundu ki, Təqsirləndirilən şəxs şalvarın sağ yan cibində saxlayaraq daşıdığı bir ədəd şəffaf rəngli sellofan paketin içərisinə qoymuş olduğu bir ədəd şəffaf sellofan bükümün içərisindəki 2 ədəd həbi könüllü təqdim etmiş və özünə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyun 2025-ci il tarixli, 6/2053 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №148 dairəvi möhür əksi, “şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki, üzərində “Methadone 40” əmtəə göstəricisi olan 2 ədəd konvalyut kəsiyində üzərində F/M40 yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər narkotik maddə olan-metadon tərkibli həblərdir və 2 (iki) ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0.08 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0.04 qram metadon olmaqla) (2 ədəd həbdən 1 həb təqdiqata sərf edildi, qalıq 1 ədəd həb) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri Narkoloji Dispanserinin 08 iyul 2025-ci il tarixli, 1075 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metadondan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsin tutulması haqqında” 31 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxs qismində tutulmuş şəxsin azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi” barədə 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(052)-05/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş və qərar icra edilənədək cinayət işinin icraatı dayandırılmışdır. Naftalan şəhər polis şöbəsinin 25 sentyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş 24 sentyabr 2025-ci il tarixli 3-13-99/2-4657/2025 saylı məktubundan görünür ki, 17 sentyabr 2025-ci il tarixdə Naftalan ŞPŞ-də barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə axtarış işi açılmış, xx.xx.1995-ci ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum edilmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində Naftalan ŞPŞ-nin əməkdaşları tərəfindən tutularaq Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə cavab arayışında qeyd edilmişdir ki, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 24 gün müddətdə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 5-ci bəndinə əsasən hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il hissəsindən azad edilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2,177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 il 05 ay 26 gün hissəsi 01 il 02 ay 28 gün müddətində azadlıqdan məhrum etmə ilə əvəz edilmişdir. Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 26 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti sona çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Naftalan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xəsiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İ-3316 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 sentyabr 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini, müharibə veteranı olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında iki növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxs əvvəllər analoji cinayət törətməyə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə və sonradan cəzaçəkmə qaydalarını pozduğuna görə cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinə baxmayaraq, islah olunmamış, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Bu hal əvvəlki cəzanın təqsirləndirilən şəxsi islah etmədiyini və onun cinayət törətməyə meyilli şəxs olmasını göstərir. Odur ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 iyun 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs 31 may 2025-ci il tarixdən 02 iyun 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan mərhum etmə cəzasından çıxılmalıdır. Məhkəmə cəzanın çəkilmə müddətinin hansı tarixdən hesablanması məsələsinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 23 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Müvafiq ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Maddi subut kimi tanınaraq Naftalan şəhər polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 01 (bir) ədəd metadon tərkibli həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Naftalan şəhər İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 may 2025-ci il tarixdən 02 iyun 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Cəzanın çəkilmə müddətinin əvvəli 23 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Maddi sübut kimi tanınaraq Naftalan şəhər polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 01 (bir) ədəd metadon tərkibli həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Naftalan şəhər İcra və probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi vaxtdan, təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar