Azərbaycan Respublikası adından HÖKM Naftalan şəhəri İş № 1(052)-6/2023 27.04.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X9 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx.xx.1982-ci ildə Qobustan rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Qobustan rayonu, Nərimankənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrı bükümlərdə təmiz çəkiləri 5.70 qram və 0.65 qram olmaqla, ümumulikdə 6.35 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib bir ədəd şəffaf sellofan kəsiyi bükümündə və bir ədəd ağ rəngli salfet bükümdə qablaşdırıb, həmin bükümləri əynindəki gödəkçəsinin sağ yan cibində siqaret qutusunun içərisində gizlədib daşıyarkən, Naftalan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 03 yanvar 2023-cü il tarixdə saat 18:15 dəqiqədə Naftalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Firəddin ailəvi istirahət mərkəzi”ndə polis əməkdaşları tərəfindən saxlanılaraq şəhər polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman qanunsuz olaraq əldə edib saxlayaraq, əynindəki gödəkçənin sağ yan cibində gizlətdiyi bir ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 5.70 qram və bir ədəd ağ rəngli salfet bükümdə təmiz çəkisi 0.65 qram, ümumilikdə təmiz çəkisi 6.35 qram şəxsi istehlak miqdarından artıq miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək qeyd etdi ki, bir neçə ildir narkotik vasitə olan marixuanadan istifadə edir. Əvvəllər Naftalan şəhər sakini X1 ilə ailəli olmuş, daha sonra ailə problemləri ilə bağlı ayrılmalı olmuşlar. Həmin nikahdan doğulmuş uşağı hazırda anasının yanında yaşayır. 02 yanvar 2023-cü il tarixdə övladı ilə görüşmək üçün yaşadığı Qobustan rayonundan çıxaraq Naftalan şəhərinə gəlmişdir. Bu zaman cibində əvvəlcədən Bakı şəhəri, Yasamal rayonunda tanımadığı şəxsdən aldığı və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyi narkotik vasitə marixuanna olmuşdur. 03 yanvar 2023-cü il tarixdə Naftalan şəhəri, H.Əliyev prospektində yerləşən Firəddinin kafesinə gedərək orada çay içmək istəmişdir. Bu zaman polis əməkdaşları yaxınlaşaraq onu Naftalan şəhər polis şöbəsinə dəvət etmişlər. O da, polis əməkdaşları ilə birlikdə Naftalan ŞPŞ-nə getmişdir. İnzibati binada olarkən müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilərkən könüllü olaraq özünün istifadəsi üçün gödəkçəsinin sağ yan cibində saxladığı marixuananı çıxararaq masanın üzərinə qoymuşdur. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Himayəsində bir nəfər azyaşlı uşağı vardır. Bu səbəbdən məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Afiq oğlu ifadə verərək bildirdi ki, Naftalan şəhər polis şöbəsində baş inspektor-kriminalist vəzifəsində çalışır. 03 yanvar 2023-cü il tarixdə, təxminən saat 20:00 radələrində Qobustan rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olması ilə bağlı üzərində axtarış keçirilməsi və çəkilişin aparılması üçün baş təhqiqatçının otağına dəvət edilmişdir. Çəkiliş aparan zamanı təhqiqatçı tərəfindən şübhəli şəxsdən üzərində narkotik vasitənin olub-olmaması soruşulmuş, o da, könüllü olaraq üzərində olan narkotik vasitəni çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin vasitəni 01 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadə verərək bildirdi ki, Naftalan ŞPŞ-də əməliyyat müvəkkili vəzifəsində çalışır. 03 yanvar 2023-cü il tarixdə ona Qobustan rayonunda yaşayan, mütəmadi olaraq Naftalan şəhərinə gələn Təqsirləndirilən şəxs şəhər ərazisində olması və üzərində narkotik maddələr daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs 03 yanvar 2023-cü il tarixdə saat 18:15 dəqiqədə Naftalan şəhəri, H.Əliyev prospektində yerləşən kafedə saxlanılmış və üzərində şəxsi axtarış aparılması üçün Naftalan ŞPŞ-nə dəvət edilmişdir. Orada Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə çəkiliş aparılmaqla könüllü olaraq gödəkçəsinin sağ yan cibində olan siqaret qutusunun içərisindəki bir ədəd polietilein bükümdə olan narkotik vasitə olan marixuananı və bir ədəd salfet bükümdə olan siqaret tütünü ilə birlikdə olan marixuananı çıxararaq masanın üzərinə qoymuşdur. Təqdim etdiyi narkotik vasitəni bir neçə gün əvvəl Bakı şəhərindən tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Şahid3 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: CD diskdə olan videogörüntüyə baxış keçrililərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs könüllü olaraq gödəkçəsinin sağ yan cibində olan siqaret qutusunun içərisindəki bir ədəd polietilein bükümdə olan narkotik vasitə olan marixuananı və bir ədəd salfet bükümdə olan siqaret tütünü ilə birlikdə olan marixuananı könüllü təqdim edərək, 01 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 70 manata aldığını bilidirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 bölməsi tərəfindən təqdim edilmiş 04 yanvar 2023-cü il tarixli, 16/8 nömrəli rəydə qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlələr.” sözləri və imzalar olan kağız paketdəki; - 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 5.70 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. - 1 (bir) ədəd ağ rəngli salfet bükümün içərisində tütün hissəcikləri və təmiz çəkisi 0.65 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. (Marixuananın təmiz çəkiləri – 5.70 qr, 0.65 qr. Tədqiqata sərf edildi -0.04 qr, qalıq 5.68 qr, 0.63 qr. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən və qərarların surətindən görünür ki, Səmədov X3 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Qobustan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmiş və ona qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(003)-318/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilmiş və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(003)-1411/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 05 (beş) ay 05 (beş) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 175 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. 03 yanvar 2023-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 yanvar 2023-cü il tarixdə saat 19:45-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün tutulmuşdur. Şübhəli şəxs qismində tutulmuş şəxsin azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Qobustan Rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 yanvar 2023-cü il tarixli, 186 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Qobustan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 oktyabr 2009-cu il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2009-cu il tarixdə anadan olmuşdur. Atası Təqsirləndirilən şəxsdur. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, həmçinin işin digər halları ilə təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən cəza təyin edərkən X2 şəxsiyyətini pis səciyyələndirməklə təyin olunacaq cəzanın şəxsin islah olunması yönümündə yetərli olmasını nəzərə alaraq daha sərt cəza yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını CMnin 59.1.4-cü, əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Onun əməlində cinayətin residivi vardır. Cinayətin residivi Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikasının Cinayət Məcəlləsinin 65.2ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs 03 yanvar 2023-cü il tarixdən 05 yanvar 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan mərhum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsində qeyd edilmişdir ki, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzanın çəkilmə müddətinin əvvəli 27 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə isə müvafiq ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Naftalan Şəhər Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 5,68 qram və 0,63 qram olmaqla, ümumilikdə təmiz çəkisi 6.31 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülməsini özündə əks etdirən CD iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs 32.40 (otuz iki manat, qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübutun məhv edilməsi hissəsini icrası Naftalan Şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351- 353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 yanvar 2023-cü il tarixdən 05 yanvar 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan mərhum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 32.40 (otuz iki manat, qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Naftalan Şəhər Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan ümumilikdə təmiz çəkisi 6.31 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən CD iş materiallarında saxlanılsın. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Naftalan Şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi vaxtdan, təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Səlimov
Məhkəmə qərarları › İş №1(052)-6/2023
Naftalan Şəhər Məhkəməsi Hökm — İş №1(052)-6/2023
27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver