Məhkəmə qərarları › İş №1(052)-6/2024

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №1(052)-6/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 1(052)-6/2024 12.06.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X33 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, onun nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 Qalib Xanoy oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətçi Naftalan Şəhər Mərkəzi Xəstəxanasında həkim terapevt vəzifəsində çalışır. İşlədiyi müddət ərzində hər hansı xoşagəlməz, qanunsuz hərkəti, pozuntusu və sair hərəkətləri olmamışdır. Kollektivin arasında sayılıb-seçilən, hörmət edilən həkimlərdən biridir. Xəstəxananın həkimkardioloqu X21 onun bilmədiyi hansısa bir səbəbdən onunla prinsip aparır. X21 bir neçə dəfə xəstəxanada işçilərin arasında ona şər və böhtan atmış, işçilər, kollektiv arasında dəfələrlə onu təhqir etmişdir. Belə ki, Qalib ona işdə işçilərin arasında dəfələrlə bildirmişdir ki, “sən həkim deyilsən, sənə diplom verən..., sən neçə-neçə adamın ölümünə səbəb olmusan, sən nəinki, həkim deyilsən, sən heç insan deyilsən, sən direktor əvəzi işlədiyin müddətdə həddən artıq qanunsuzluqlara yol vermisən, sən pozğunsan, q...bsən və sair sözlərlə” onu təhqir etmişdir. Qeyd edilən hərəkətlər etməklə onu kollektivdə, işçilər arasında təhqir edir və nüfuzdan salır. Ona dəfələrlə demişdir ki, “gör sənin başına nə oyun açacam, səni burda işləməyə qoymaram, səni burdan iti qovan kimi qovduracam”. Bu sözləri Qalib Bağırov ona xəstəxananın işçiləri olan X4, X7, X11, X2, X5, X9 və X8 yanında demişdir. O, çalışdığı qədər Qalibin bu sözlərinə fikir verməmiş və onun barəsində hər hansı dövlət orqanına müraciət etməmişdir ki, bu söz-söhbət böyüməsin, həyat yoldaşı və oğlu bu barədə bilməsin. Qalib dəfələrlə işçilər arasında ona şər və böhtan atmaq, təhqir etmək ilə kifayətlənməyərək, 2024-cü ilin aprel ayında yenidən ona şərt atmaqla, barəsində təhqir və böhtan xarakterli ərizə ilə Azərbaycan Respublikası Baş Prokuroruna ərizə ünvanlamışdır. Yuxarıda qeyd edildiyi kimi işçilərin yanında dediyi sözlərdən bir neçəsini Qalib Bağırov ərizəsində də göstərmişdir. Belə ki, o, ərizəsində qeyd edir ki, Sara Əliyeva adlı şəxs xx.xx.2024-cü il tarixdə xəstəxanaya gəlmiş, guya ki, o, xəstəyə səhv diaqnoz qoymuş və bunun nəticəsində xəstə ölmüşdür. Qalib Bağırov dolayısı ilə Sara Əliyevanın ölümündə onu suçlayır. Bundan əlavə olaraq Qalib Bağırov ərizəsində ona böhtan ataraq onun qanunsuz işləməsini və pozğun hərəkətlərinin olmasını qeyd etməklə, onun şərəf və ləyaqətini alçaltmışdır. Guya ki, o, qanunsuz və pozğun hərəkətləri olduğu üçün iş yoldaşları tərəfindən döyülüb və söyülərək işdən uzaqlaşdırılmışdır. O, bu yazdıqlarından dəfələrlə artığını, çoxunu yuxarıda qeyd etdiyi kimi bir neçə dəfə xəstəxanada işçilərin yanında ona demişdir. Qalib Bağırovun bu yazdığı ərizə Azərbaycan Respublikasınin Baş Prokurorluğundan araşdırılması üçün Goranboy Rayon Prokurorluğuna, Goranboy Rayon Prokurorluğundan isə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X29 göndərilmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X25 də, Naftalan Şəhər Mərkəzi Xəstəxanasına göndərilmişdir. X17 ərizəsi Naftalan Şəhər Mərkəzi Xəstəxanasınada həmkarlar ittifaqında müzakirəyə çıxarılmış, həmkarlar ittifaqının iclasında düşünmüşdür ki, Qalib Bağırov etdiyi əməldən peşiman olaraq, ondan üzr istəyəcəkdir. Lakin, o, iclasda da həmin sözləri həmişə dediyini, düzgün olaraq dediyini, bundan sonra da deyəcəyini israrla bildirməklə, ona yenidən müxtəlif şər-böhtan atmaqla, nalayiq sözlər deməklə yenidən onun şərəf-ləyaqətini alçaltmışdır. X26 işlədiyi xəstəxanada işçiləri arasında ona şər-böhtan atmaqla, onun şərəf və ləyaqətini alçatmaqla, işgüzar nüfuzuna xələl gətirməklə onu təhqir etmişdir. Artıq onun bu hərəkəti dözülməz hala çatmışdır. Bütün bu olanlara görə o, məcburiyyət qarşısında qalaraq hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qalib Bağırovun onun barəsində yazdığı bu ərizə bir sıra dövlət orqanlarında adının hallanması, müzakirəyə çıxarılması, işlədiyi müəssisədə həmkarlar ittifaqının müzakirəsinə çıxarılması, iş yoldaşları arasında ona dediyi sözlər onu psixoloji cəhətdən sarsıtmışdır. Bütün bunlar onun şərəfini, ləyaqətini, nüfuzunu ləkələyir. Düzdür, onu hər kəs tanıyır. Lakin, Qalibin əməlləri onun psixikasında izsiz getmir, həyacan, stress əsəblərini tarıma çəkir. Onun bu əməlləri cəzasız qala bilməz. Ədalət mühakiməsi bunun qarşısını almalı və onu layiqli cəzalandırmalıdır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi (vəkil) Nümayəndə şikayəti əsalandıraraq bildirdi ki, tərəflər iş yoldaşı olmuşlar. X6 xanımı səbəbsiz yerə gözü götürməmiş və bundan irəli gələn səbəbdən onunla prinsip aparamağa başlamışdır. İlk vaxtlar onun özü ilə münasibətlərini korlamağa başlamış, bundan sonra İlhamə xanım barəsində xəstəxana kollektivi arasında müəyyən şayiələr yaymış, barəsində təhqiramiz ifadələr işlətmiş, onun pozgun olması kimi sözlər işlətməyə başlamışdır. Bundan başqa İlhamə xanımın xəstəxananın direktoru işlədiyi vaxtlarda müxtəlif qanunsuz əməllərə yol verdiyini, hərəkətləri səbəbindən döyülərək işçilər tərəfindən qovulduğunu kimi xoşagəlməz söhbətlər etmişdir. Lakin, İlhamə xanım hər dəfəsində keçər gedər düşünmüş, iş yoldaşı olmasını, həyat yoldaşı və övladının olanları bilməsin deyə hər dəfəsində susmuş və boş verməyə çalışmışdır. Buna baxmayaraq Qalib Bağırov olanlar ilə kifayətlənməyərək yenidən Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət etmiş, oradan isə həmin ərizə lazımi orqanlara, yəni Goranboy rayon prokurorluğuna, Təbibə və Naftalan mərkəzi xəstəxanasına ünvanlanmışdır. Daha sonra xəstəxanada bununla bağlı həmkarlar ittifaqının iclası keçirilmişdir. İlhamə xanım düşünmüşdür ki, Qalib Bağırov iclasda səhvini etiraf edərək ondan üzr istəyər və bununla da, məsələlər bitmiş olar. Lakin, Qalib Bağırov bu dəfə də iclasda İlhamə xanıma qarşı təhqirlər işlətməyə, ona qarşı şər və böhtanlar atmağa, bu vaxta kimi nə deyibsə düz dediyini, bundan sonra da deyəcəyini bildirmişdir. Hətta İlhamə xanımın həyat yoldaşı Qalib Bağırovla çörək kəsmiş olmasına baxmayaraq, baş verənlərdən sonra ona zəng edərək, nə üçün bu kimi hərəkətlərə yol verdiyini soruşduqda və bununla bağlı onu görüşə dəvət etdikdə Qalib Bağırov bununla bağlı DİN 102 xidmətinə zəng edərək guya təhdid edildiyi barədə şikayətini bildirmişdir. İlhamə xanım hər dəfəsində məsələni ört-basdır etməsində baxmayaraq, sonda bu formada mübarizə aparmağın mümkün olmadığını başa düşmüş və məhkəməyə müraciət etmişdir. Odur ki, şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 şikayəti əsaslandıraraq bildirdi ki, vəkilinin dedikləri ilə tam razıdır və dediklərini təsdiq edir. Əlavə olaraq bildirir ki, 1995-ci ildən Naftalan şəhər xəstəxanasında işləyir. Həm vətəndaşlar, həm də kollektiv arasında xüsusi nüfuza malik bir şəxsdir. Kollektiv arasında kimsə ilə münaqişə və ədavəti olmamışdır. Qalib Bağırov isə 2023-cü ildən xəstaxanaya kardioloq vəzifəsinə işə götürülmüşdür. Qalib Bağırov işə gəldiyi gündən ona məlum olmayan səbəblərdən barəsində həqiqətə uyğun olmayan nalayiq söhbətlər işlətməyə başlamışdır. Daimi onun barəsində savadsız, əxlaqsız və sair kimi sözlər işlətmişdir. Həmin sözləri Qalib Bağırov həm yoldaşlar arasında, həm də onun özünə şəxsən demişdir. Lakin, o, çalışıb həmin sözləri boş vermiş, üstündən keçmişdir. İstəməmişdir ki, yoldaşı və uşağı bu məsələ barəsində bilsin. Ona təsir edən budur ki, Qalib Bağırov Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə yazaraq, guya onun qanunsuzluqlara yol veridyini demişdir. Bu səbəbdən Qalib Bağırovun cəzalanmasını istəyir. Qalib Bağırov hər hansı səbəblər olmadan bu davranışlara yol vermiş, onun şərəf və ləyaqətini alçatmışdır. Biri var kiçik bir kollektiv içərisində ola, bu məsələ bütün Respublikada, Baş Prokurorluq, Təbib, Goranboy rayon prokurorluğuna kimi gəlib çıxmışdır. İlk olaraq düşünmüşdür ki, bəlkə Qalib Bağırov sərxoş olmuş, yaxud hər hansı başqa bir səbəbdən bu kimi şözləri ərizəsində yazmışdır. Yazılmış ərizənin müzakirəsi ilə bağlı həmkarların keçirilmiş iclasında ona etdiklərinin səbəbini açıqlaması bildirilmiş, lakin onun iclasda nə demək istədiyini heç cür başa düşməmişdir. Etdiyi hərəklərin heç cürə izahını verə bilməmiş, sadəcə olaraq nə edibsə düz etdiyini bildirmişdir. X31 bildirmişdir ki, guya o, xəstələri qəbul etmiş, etdiklərini səhv etmişdir. Məsələn, hər hansı xəstə xəstəxanaya gələrkən Qalibi bəyənməmiş, onun yanına gəlmişdirsə, Qalib bu kimi şeylərin üstündə onunla ədavət aparmışdır. 13 fevral tarixində xəstaxanaya ağır vəziyyətdə bir xəstə gəlmiş və xəstə vəziyyətdən çıxmadığı üçün daxil olduğundan 15 dəqiqə sonra ölmüşdür. Xəstənin ölümündən 1 saat sonra Qalib Bağırov işə gəlmiş, meyidin üstünü açmış, müayinə etmiş, təzyiqini ölçmüş, ürək massajı etmiş, adrenalin vurmuşdur. Hər kəs isə onun etdiklərinə baxaraq, bu nə edir demişdir. Qalib Bağırov isə, həmin xəstənin guya onun səhvi ucbatından öldüyünü bildirmişir. Həmin ərizədə də, Qalib Bağırov qeyd edilən halı yazmışdır. Guya o, xəstəyə səhv diqanoz qoymuş, bu səbəbdən xəstə ölmüşdür. Ümumiyyətlə o, əvvəllər nə baş vermişdirsə hər şeyin üstündən keçmişdir. Lakin, ona ən çox qıcıq verən bütün baş verənlərə baxmayaraq Qalibin ondan şikayət etməsi, şikayətdə qanunsuzluqlara yol verməsi, pozgunluq etməsi və guya kollektiv tərəfindən döyülüb-söyülərək işdən qovulması kimi sözlər yazması olmuşdur. Bunu əvvəllər də dəfələrlə demiş, sonra isə bunu yuxarı istansiyalara yazmaqla yaymışdır. Uzun müddət hər şeyin üstündən keçməsinə səbəb ailəsinin olanları bilməməsi, mübahisələrin yaranmaması və nəticədə hansınsa cinayətin baş verməsini istəməməsi olmuşdur. Qeyd edilənlərə əsasən Qalib Bağırov bundan sonra öz cəzasını çəkməlidir. Barəsindən xüsusi ittiham qaydasında şikayət verilmiş X15 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi və onun nümayəndəsini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçının dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-ci maddəsinə görə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilmişdir. 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) əks olunmalıdir. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmə qeyd edir ki, şikayətin məzmunu Cinayət-Prosessual Məcəllənin müvafiq maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyildir. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin adı “Qalib” olmasına baxmayaraq, ərizədə onun adı “Qabil” kimi göstərilmişdir. Bundan başqa Cinayət-Prosessual Məcəllənin 293.3.2-ci maddəsində törədilmiş cinayət barədə məlumatlar qeyd edilərkən, cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsinin dəqiq göstərilməli olması imperativ qeyd edilmişdir. Lakin, ərizədə qeyd edilən məlumatlar ümumi şəkildə, yəni əməlin nə vaxt və hansı formada törədilməsi dəqiq göstərilməmiş, əməlin “dəfələrlə”, “bir neçə dəfə” və “müxtəlif vaxtlarda” törədilmiş olması yazılmışdır. Həmçinin qeyd edilməlidir ki, X1 Qabil Xanoy oğlunun onun barəsində 2024-cü ilin aprel ayında şər, böhtan və təhqir xarakterli ərizə ilə Azərbaycan Respublikasının Baş Prokuroruna ərizə ünvanlamasını və onun bu hərəkətinin cinayət məsuliyyəti yaratdığını qeyd etsə də, o, «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilən müddəanı nəzərə almamışdır. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Odur ki, sadalananlar nəzər alınmaqla verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X34

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar