Məhkəmə qərarları › İş №1(052)-7/2023

Naftalan Şəhər Məhkəməsi Hökm — İş №1(052)-7/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naftalan şəhəri İş № 1(052)-7/2023 22.06.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X10 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Mustafayeva (Abbasova) Ləman Heydər qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə. xx.xx.1979-cu ildə Goranboy rayonu Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 29 dekabr 2011-ci il tarixdən hesablanmaqla 13 may 2006-cı il təvəllüdlü X2 və 06 mart 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 30,00 manat olmaqla, cəmi 60,00 manat sabit pul məbləğində alimentin tutularaq Mustafayeva (Abbasova) Ləman Heydər qızına verilməsinə dair Naftalan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(052)-28/2012 saylı, 27 yanvar 2012-ci il tarixli, habelə qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 13 may 2006-cı il təvəllüdlü X2 və 06 mart 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 120,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində alimentin tutularaq Mustafayeva (Abbasova) Ləman Heydər qızına verilməsinə dair Naftalan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(052)-120/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Naftalan Şəhər Məhkəməsinin 08 yanvar 2014-cü il tarixli 3(052)-1/2014 saylı, 15 iyul 2016-cı il tarixli 3(052)-35/2016 və 01 oktyabr 2021-cü il tarixli 3(052)-51/2021 saylı qərarları ilə müvafiq olaraq hər üç halda 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2014-cü il, xx.xx.2016-cı il və sonuncu dəfə xx.xx.2021-ci il tarixlərdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək Naftalan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(052)-28/2012 saylı, 27 yanvar 2012-ci il tarixli qətnaməsi üzrə 920,00 manat, Naftalan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(052)-120/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən isə 3840,00 manat, cəmi 4760,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Mustafayeva (Abbasova) Ləman Heydər qızına maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2005-ci ildə faktiki nikaha girmiş, nikahlarını 2008-ci ildə rəsmiləşdirmişlər. Nikahlarından 13 may 2006-cı il təvəllüdlü X5 və 06 mart 2008-ci il təvəllüdlü X6 adında iki nəfər uşaqları anadan olmuşdur. Bir müddət birlikdə yaşadıqdan sonra münasibətləri pozulmuşdur. Naftalan Şəhər Məhkəməsinin qərarı ilə ondan uşaqların saxlanılması üçün alimentin tutulması qət edilmişdir. Daha sonra isə tutulan alimentin məbləği artırılmışdır. Aliment borclarını ödəyə bilmədiyi üçün isə bir neçə dəfə inzibati qaydada həbs edilmişdir. Borcunu ödəyə bilməməsinə səbəb işsiz olması olmuşdur. Hazırda Bakı şəhərində yerləşən restoranlardan birində aşbazlıq edir. Yaranmış aliment borcunu tam şəkildə ödəmək iqtidarında deyildir. Yalnız zərərçəkmiş şəxs onunla barışarsa və o, azad olunarsa işləyərək yaranmış borclarını hissə-hissə olmaq şərti ilə ödəyə bilər. Əks halda borcunu ödəyə bilməyəcəkdir. Əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Mustafayeva (Abbasova) Ləman Heydər qızı ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs artıq uzun illərdir uşaqların saxlanılmasında ona maddi yardım etmir. Uşaqları özü təkbaşına böyüdür. Ramin qətnamə ilə müəyyən edilmiş aliment borclarını ödəmədiyindən uşaqların saxlanılmasında böyük çətinliklər çəkir. İcra məmuru tərəfindən dəfələrlə xəbərdar edilməsinə və inzibati qaydada həbs edilməsinə baxmayaraq, Ramin aliment üzrə öhdəliyini yerinə yetirmir. Ramin hətta dəfələrlə onun yaxın qohumlarına zəng edərək onları təhdid etmiş, aliment borclarının ondan tələb ediləcəyi təqdirdə onu cəzalandıracağını demişdir. Raminin ona ümumilikdə 10000 manata yaxın ödənilməmiş aliment borcu vardır. Hazırda təqsirləndirilən şəxs ilə barışmamışdır. Mövcud aliment borclarının tam şəkildə ödənilməsini təqsirləndirilən şəxsdən tələb edir. Odur ki, təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Naftalan Şəhər İcra və probasiya şöbəsinin rəisi Şahid ifadə verərək bildirdi ki, Naftalan Şəhər Məhkəməsinin müvafiq qətnamələri ilə Təqsirləndirilən şəxs xx.xx.2006-cı ildə anadan olmuş X5 və xx.xx.2008-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün alimnetin tutulması qət edilmişdir. İcra sənədləri üzrə icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs aliment üzrə öhdəliklərinin icrası tələb edilmişdir. Borcluya dəfələrlə xəbərdarlıqlar еdilməsinə və icra şöbəsinə çağırılmasına baxmayaraq o, aliment borclarını tam şəkildə ödəməmiş və çağırışlara gəlməkdən yayınmışdır. Borclu barəsində dəfələrlə axtarış elan edilmiş, yalnız bundan sonra o, polis əməkdaşlarının köməyi ilə icra şöbəsinə məcburi qaydada gətirilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokollara əsasən Naftalan Şəhər Məhkəməsinin müvafiq qərarları ilə X6 bir neçə dəfə inzibati qaydada həbs edilmişdir. Borclu aliment borclarını ödəyə bilməməsinin səbəbini isə maddi imkanının olmaması ilə izah etmişdir. İnzibati qaydada həbs edildikdən sonra borcluya yeni müddət verilməklə ona hüquq və vəzifələri, icra sənədinin icrasından yayınacağı halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmiş olsa da, heç bir nəticə əldə edilməmişdir. Hazırda borclunun hər iki icra sənədi üzrə cinayət təqibi başlanan müddətə ümumilikdə 4760 manat aliment borcu vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Naftalan Şəhər Məhkəməsinin 2(052)-28/2012 saylı, 27 yanvar 2012-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 13 may 2006-cı ildə anadan olmuş X2 və 06 mart 2008-ci ildə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 60 manat pul aliment olaraq alınıb uşaqların anası X3 verilməsi qət edilmişdir. Naftalan Şəhər Məhkəməsinin 2(052)-120/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən Naftalan Şəhər Məhkəməsinin 2(052)-28/2012 saylı, 27 yanvar 2012-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, 13 may 2006-cı ildə anadan olmuş X2 və 06 mart 2008-ci ildə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay, hər uşaq üçün 120 manat, cəmi 240 manat miqdarında aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 3(052)-1/2014 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2015-cü il tarixli, 3(052)-43/2015 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 3(052)-35/2016 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(052)-51/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. “Axtarışda olan şəxsin saxlanılması barədə” 11 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının CM-nin 306-cı maddəsi ilə başlanmış cinayət işi üzrə 670103/23 saylı axtarış işi açılmış, bununla bağlı Təqsirləndirilən şəxs 11 aprel 2023cü il tarixdə Ramana Sovxozunda saxlanılaraq Yasamal RPİ-nə təhvil verilmişdir. Müvəqqəti saxlanma yerindən azad edilmə barədə 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçildiyindən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. “Qətimkan tədbiri seçmə haqqında” 12 aprel 2023-cü il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Naftalan Şəhər Məhkəməsinin 1(052)-7/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Naftalan Şəhər Polis şöbəsindən daxil olmuş 30 may 2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının CM-nin 306-cı maddəsi ilə cinayət işi üzrə barəsində axtarış işi açılmış Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq aidiyyəti üzrə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə cavab arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Naftalan şəhər İcra Hakimiyyəti başçısının 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 05 aprel 2022-ci il tarixli, 254 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanununun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pleniumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, «CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-in 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır.» Həmin qərarda həmçinin qeyd edilir ki, «CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: Məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir.» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» 18 dekabr 2014cü il qərarında inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və ilk dəfə cinayət əməli törətməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün cinayət işi üzrə icraat dayandırılmaqla barəsində axtarış elan edilmiş, o, 11 aprel 2023-cü il tarixdə tutularaq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmiş, 12 aprel 2023-cü il tarixdə isə barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilməklə müvəqqəti saxlam yerindən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi nəzərə alınmaqla cəza təyin etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsində göstərilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə cəzanın çəkilmə müddətinin hansı tarixdən hesablanması məsələsinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 28 may 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 aprel 2023-cü il tarixdən 12 aprel 2023-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilmə müddətinin əvvəli 28 may 2023-cü il tarixdən hesablansın. Cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Hökmdən elan edildiyi vaxtdan, təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar