Azərbaycan Respublikası adından HÖKM Naftalan şəhəri İş № 1(052)-7/2024 18.07.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X5 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə. xx.xx.2003-cü ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Naftalan şəhəri, İ.Həsənzadə küçəsi ev 17, mənzil 13-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 09 aprel 2024-cü il tarixdə axşam radələrində Naftalan şəhərində tanışı Şahid4 satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuna əldə edib üzərində saxlayaraq daşımış, 10 aprel 2024cü il tarixdə saat 18:50 dəqiqədə yaşadığı Naftalan şəhəri, İslam Həsənzadə küçəsində yerləşən 17 saylı çoxmənzilli yaşayış binasının yaxınlığında Naftalan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Naftalan ŞPŞ-nə gətirilib, şöbənin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman qanunsuz olaraq əldə edib əynində olan şalvarın sol yan cibində saxlayaraq daşıdığı xeyli miqdarda təmiz çəkisi 9,78 qram olan bir ədəd şəffaf sellofan bükümdə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qudurulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək qeyd etdi ki, təxminən iki ilə yaxın müddətdir narkotik vasitə olan marixuana istifadə edir. Hazırki cinayət işi üzrə üzərindən aşkar edilmiş marixuananı Naftalan şəhərində yerləşən “Şəhidlər Xiyabanı” adlanan ərazinin yaxınlığında yerləşən işıq transformatorunun yanından tapmış və şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Lakin, ona qarşı irəli sürülən ittihamda marixuananı guya tanışı Şahid4 aldığı yazılmışdır. O, Azər ilə birlikdə marixuana istifadə etmiş olsa da, Azər ona marixuana verməmişdir. Tutularaq polis şöbəsinə gətirilən vaxt da, o, narkotik vasitəni yerdən tapdığını demişdir. Ümumiyyətlə əməlindən səmimi peşmandır. Məsuliyyətsiz davranışı səbəbindən başına belə bir iş gəlmişdir. Əvvəlki cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Hesab edir ki, atası və anasını uşaq yaşlarından itirdiyi üçün nəzarətsiz qalmış olması baş verən hadisələrin əsas səbəbidir. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadə verərək bildirdi ki, təqsirləndirilən şəxs ilə yaxın münasibətləri vardır. Hadisədən bir neçə gün qabaq başqa bir dostu ilə marixuana aldığı üçün üzərində olmuş və Təqsirləndirilən şəxs ilə birlikdə həmin marixuanadan çəkmişlər. Lakin, Baloğlana əlavə marixuana verməmiş, həmçinin Baloğlanın üzərində marixuana olduğunu görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadə verərək bildirdi ki, Naftalan şəhər polis şöbəsinidə baş inspektor-kriminalist vəzifəsində işləyir. Təqsirləndirililən şəxs Təqsirləndirilən şəxs ilə arlarında hər hansı ədavət və düşmənçilik yoxdur. 10 aprel 2024-cü il tarixdə axşam saatlarında əməliyyat tədbiri olmuş və bununla bağlı təhqiqatçının otağında çəkiliş aparılması ilə bağlı oraya dəvət olunmuşdur. Şöbədə olarkən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən qurudulmuş marixuana aşkar edilmişdir. Baloğlan həmin narkotik vasitəni Fəqan adlı şəxsdən Azər adlı şəxs vasitəsi ilə Mingəçevir şəhərindən aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadə verərək bildirdi ki, Naftalan şəhər polis şöbəsində cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. Cinayət işi üzrə ilk olaraq Naftalan şəhər sakini Şahid4 saxlanılmış və polis şöbəsinə gətirilmişdir. Onun üzərinə baxış keçirilən zaman üzərindən narkotik vasitə marixuana aşkar edilmişdir. Daha sonra ona məxsus vhapsat şəbəkəsi ilə aparılan danışıqlara baxış keçirilmiş, onun Fəqan və Baloğlan adlı şəxslərlə danışıqlar apardığı müəyyən olunmuşdur. Bundan sonra ilk olaraq Mingəçevir şəhərində Fəqan Aliyev, daha sonra isə Naftalan şəhərində Təqsirləndirilən şəxs saxlanılmış və şöbəyə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman isə onun üzərindən narkotik vasitə olan marixuana aşkar edilmişdir. Şöbədə olarkən hər üç şəxsin vermiş olduğu ifadələr ilə müəyyən olunmuşdur ki, Baloğlan azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyindən Naftalan şəhərinin ərazisini tərk edə bilmədiyi üçün dostu Azər Mingəçevir şəhərinə gedərək, oradan Fəqan adlı şəxsdən marixuana almış və Baloğlana vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 Salmaz oğlu ifadə verərək bildirdi ki, Naftalan ŞPŞ-nin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxsi əvvəllər tanımamış, baş vermiş cinayət hadisəsi ilə əlaqədar tanımışdır. Onunla ədavəti və düşmənçiliyi yoxdur. 2024-cü ilin aprel ayının 9-da Naftalan şəhər sakini Şahid4 qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərində daşımaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar Şahid4 10 aprel 2024-cü il tarixdə saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Bu zaman onun üzərindən 4 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Azər həmin marixuananı Mingəçevir şəhər sakini Fəqan adlı şəxsdən aldığını demişdir. Həmin gün Təqsirləndirilən şəxs Naftalan şəhərində yerləşən 17 saylı binanın qabağında saxlanılaraq şöbəyə gətirilmiş, üzərinə baxış keçirilərkən üzərindən şəffaf sellofana bükülmüş marixuana aşkar edilmişdir. Həmin narkotik vasitənin bir hissəsini Azər adlı şəxs vasitəsi ilə Fəqan adlı şəxsdən aldığını, bir hissəsini isə Naftalan şəhərində yerləşən parkdan tapdığını bildirmişdir. Lakin keçirilmiş ekspert rəyi ilə həm Azərin, həm də Baloğlanın üzərindən aşkar edilmiş narkotik vasitənin ümumilikdə eynitərkibli olması müəyyən edilmişdir. Bu isə onu deməyə əsas verir ki, Baloğlanın üzərindən aşkar edilmiş narkotik vastiəni ona Azər vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə” 10 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2024-cü il tarixdə, saat 20:55də şübhəli şəxs qismində tutulmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsi tərəfindən verilmiş 11 aprel 2024-cü il tarixli, 16/437 nömrəli rəydə qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “......şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlə” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 9.78 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. (Marixuana təmiz çəkisi 9,78 qram, tədqiqata sərf edildi 0,04 qr, qalıq-9,74 qr. Tədqiqata təqdim olunmuş üzərlərində “......şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlə”, “......şübhəli şəxs qismində tutulmuş, X3 üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilmiş qara rəngli poletilen paketdə qablaşdırılmış narkotik vasitə marixuanaya bənzər kütlə .......”, Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Şahid4 üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər bitki mənşəl kütlə .......” yazılar olan kağız paketlərdəki qurudulmuş marixuanalar, tərkiblərinə görə eynidirlər. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılan zaman çəkilmiş videogörüntüyə baxış keçirilən zaman aydın olur ki, Təqsirləndirilən şəxs könüllü olaraq şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan paketdə olan narkotik vasitə marixuanaya bənzər kütləni təqdim edərək içərisində marixuana olduğunu, həmin marixuananın bir hissəsini Naftalan şəhərindən yerdən tapdığını, bir hissəsini isə Azər adlı şəxsin ona verdiyini bildirmişdir. Gəncə Şəhəri Narkoloji Dispanserin verdiyi xx.xx.2024-cü il tarixli, 903 saylı rəydə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1; 177.2.3; 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-238/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1,177.2.3,177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Naftalan Şəhər Məhkəməsinin 12 aprel 2024-cü il tarixli, 4(052)-03/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmış və həbsin əvvəli 10 aprel 2024-cü il tarixdən hesablanmışdır. Naftalan şəhər İcra və probasiya şöbəsinin 04 iyul 2024-cü il tarixli, 03/2024 saylı məktububdan görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-238/2023 №-li, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 01 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkum xx.xx.2023-cü il tarixdə Naftalan Şəhər icra və probasiya şöbəsində qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs yeni cinayət törətdiyi üçün barəsində Naftalan Şəhər Məhkəməsi xx.xx.2024-cü il tarixli, 4(052)-3/2024 saylı qərarı ilə 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Odur ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə kimi azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) ay 11 (on bir) gününü çəkmiş, cəzanın 01 (bir) il 04 (dörd) ay 19 (on doqquz) gün hissəsi isə çəkilməmiş qalmışdır. Naftalan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 may 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, həmçinin işin digər halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 sentyabr 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında iki növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxs əvvəllər (yetkinlik yaşına çatmamış) qəsdən cinayət törətməyə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsə də, o, islah olunmamış, cəza çəkdiyi dövrdə yenidən qəsdən cinayət törətmişdir. Bu hal əvvəlki cəzanın təqsirləndirilən şəxsi islah etmədiyini və onun cinayət törətməyə meyilli şəxs olmasını göstərir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. İş materialları ilə müəyyən olunur ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-238/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 04 (dörd) ay 19 (on doqquz) gün hissəsi çəkilməmiş qalmışdır. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanır. Beləliklə Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(009)-238/2023 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01(bir) il 04 (dörd) ay 19 (on doqquz) gün hissəsi azadlıqdan məhrum etmə cəzasına hesablanmalı və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 aprel 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 10 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə isə müvafiq ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübut kimi tanınaraq Naftalan Şəhər Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 9,72 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın həmçinin Şahid4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə maddi sübut olması nəzərə alınmalı, narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülməsini özündə əks etdirən CD iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs bioloji ekspertizanın dəyəri olan 60.80 (altmış manat, səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-238/2023 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının cəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 19 (on doqquz) gün hissəsinin hər iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 08 (səkkiz) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına əvvəlki hökm ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsi olan 08 (səkkiz) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilsin və qəti olaraq 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Cəzaçəkmənin əvvəli 10 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 60.80 (altmış manat, səksən qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Naftalan Şəhər Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 9,72 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın həmçinin Şahid4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə maddi sübut olması nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən CD iş materiallarında saxlanılsın. Hökmdən elan edildiyi vaxtdan, təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №1(052)-7/2024
Naftalan Şəhər Məhkəməsi Hökm — İş №1(052)-7/2024
18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver