Məhkəmə qərarları › İş №1(052)-8/2023

Naftalan Şəhər Məhkəməsi Hökm — İş №1(052)-8/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naftalan şəhəri İş № 1(052)-8/2023 25.05.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X8 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Naftalan Şəhər Məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Heydər Əliyev prospekti, ev 265-də qeydiyyatda olan, ünvan 2-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 450 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı bir ədəd qara polietilən paketə qablaşdırılmış halda qanunsuz olaraq əldə edib saxlayaraq həmin polietilen paketi əynindəki gödəkçəsinin sağ qoltuq hissəsində gizlədib daşıyarkən Naftalan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 14 fevral 2023-cü il tarixdə saat 18:50 dəqiqədə Naftalan şəhəri, Qarabağ prospektində polis əməkdaşları tərəfindən saxlanılaraq şəhər polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman qanunsuz olaraq əldə edib saxlayaraq, üzərində gəzdirdiyi qara rəngli polietilen paketdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 450 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin oktyabr ayında Naftalan şəhərində olmuş, bu zaman yolun kənarında yerləşən “Nar bağı” adlanan ərazinin qarşısından keçərkən orada marixuana kollarının yetişdiyini görmüşdür. Oraya yaxınlaşaraq həmin kolları biçmiş, istifadə etmək məqsədi ilə quruması üçün qara rəngli sellofan paketə qoymuş, paketi isə orada yerləşən tunelə bənzər tikilinin altında gizlətmişdir. 14 fevral 2023-cü il tarixdə gizlətdiyi narkotik vasitə olan marixuananı götürmək üçün Gəncə şəhərindən Naftalan şəhərinə gəlmişdir. Gizlətdiyi marixuananı üzərində gətirdiyi qara rəngli sellofana yığmış və gödəkçəsinin sağ iç tərəfində gizlətmişdir. Bir qədər sonra Naftalan şəhər polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, bu səbəbdən Naftalan şəhər polis şöbəsinə getməsini təklif etmişlər. Üzərində olan narkotik vasitəni polis əməkdaşları yanında olduğu üçün ata bilməmiş, bu səbəbdən paketi gödəkçəsinin içərisindən çıxararaq əlində saxlamış və həmin vəziyyətdə polis şöbəsinə getmişdir. Şöbəyə gəldikdən sonra ona müdafiəçi təyin olunmuş və narkotik maddələrin saxlanılmasında şübhəli olduğu və üzərində şəxsi axtarış aparılacağı bildirmişdir. Bundan sonra çəkiliş aparılmaqla üzərində hər hansı narkotik vasitənin olub-olmaması ondan soruşulmuş, o da, əlində olan qara rəngli sellofan paketi masanın üzərinə qoyaraq, içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Himayəsində 1 nəfər azyaşlı və 1 nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadə verərək bildirdi ki, Naftalan ŞPŞ-nin cinayət axtarış bölməsinin rəisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin gəzdirilməsində və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədi ilə həmin gün əməliyyat müvəkili X2 ilə birlikdə məlumatda qeyd edilən ünvana yaxınlaşmışlar. Naftalan şəhəri Qarabağ prospektində Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim etmiş və onu üzərinə baxış keçirilməsi üçün Naftalan ŞPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs isə onlara heç bir etirazını bildirməmişdir. Şöbədə təhqiqatçı Rüfət Məmmədov şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə varsa təqdim etməsini təklif etmiş, Fuad isə əlində saxladığı qara rəngli polietilen torbanı təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Fuad həmin narkotik vasitəni Naftalan şəhəri ərazisində Nar bağı adlanan yerdən 2022-ci ilin oktyabr ayının əvvəlində şəxsi istifadəsi üçün topladığını, orada olan körpünün altında gizlədərək saxladığını və qurutduğunu, daha sonra marixuananı oradan götürərək aparmaq istəyən zamanı polis əməkdaşlarının onu tutuduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 və Şahid1 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 14 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:45-də şübhəli şəxs qismində tutulmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsi tərəfindən təqdim edilmiş 15 fevral 2023-cü il tarixli, 16/220 nömrəli rəydən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd qara rəngli polietilen paketdə təmiz çəkisi 450 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (Marixuananın təmiz çəkisi 450 qram, tədqiqata sərf edildi – 0.02 qram, qalıq – 449.98 qram) “Tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə” 16 fevral 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 29 mart 2023-cü il tarixli, 522 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Gəncə Şəhəri İcra hakimiyyəti başçısının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 13 nömrəli Xidmət Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Gəncə Şəhəri İcra hakimiyyəti başçısının Mənzil-Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin 13 nömrəli Xidmət Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişidir ki, Təqsirləndirilən şəxs anası, atası, oğlu X4 və qızı X3 ilə birgə Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi bina 121, mənzil 29-da kirayədə yaşayır. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X3 19 yanvar 2012-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X5 02 fevral 2008-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, həmçinin işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını CMnin 59.1.4-cü, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin ediləcəyi təqdirdə də, təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 fevral 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi nəzərə alınmaqla cəza təyin etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuni hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə isə müvafiq ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Maddi subut kimi tanınaraq Naftalan Şəhər Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 449.98 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Naftalan Şəhər İcra və Probasiya şöbəsinə, cəzanın icrasına nəzarət isə Gəncə Şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu 14 fevral 2023-cü il tarixdən 16 fevral 2023-cü il tarixədək olan 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Naftalan Şəhər Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalan 449.98 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Naftalan Şəhər İcra və Probasiya şöbəsinə, cəzanın icrasına nəzarət isə Gəncə Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar