Azərbaycan Respublikası adından HÖKM Naftalan şəhəri İş № 1(052)-9/2023 08.06.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X3 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Naftalan Şəhər Məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs2 iştirakları ilə. xx xxxx 1998-ci il tarixdə Xocalı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, əvvəllər məhkum olunmamış, Xocalı şəhərində qeydiyyatda olmaqla Goranboy şəhəri, X2, ev 8, mənzil 39 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Naftalan şəhər Dövlət yanğından mühafizə hissəsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsində işlədiyi müddətdə iş yoldaşı Zərərçəkmiş şəxs1 istifadə etdiyi 41697377****0697 nömrəli "xxxx" ASC-yə məxsus “Birkart” plastik kredit kartının məlumatlarını ələ keçirib ünvan 2 ünvanında yerləşən Naftalan şəhər DYMH-nin inzibati binasında növbədə olarkən 05 may 2022-ci il tarixdə saat 02:24-də həmin kart hesabından 255 (iki yüz əlli beş) manat pul vəsaitini “10lineloto.com” internet saytında olan oyun hesabına köçürərək elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 08 may 2022-ci il tarixdə saat 08:54-də Naftalan şəhər DYMH-nin inzibati binasında növbədə olarkən iş yoldaşı Zərərçəkmiş şəxs1 istifadə etdiyi 41697377****0697 nömrəli "xxxx" ASC-yə məxsus “Birkart” plastik kredit kartının hesabından 250 (iki yüz əlli) manat pul vəsaitini “10lineloto.com” internet saytında olan oyun hesabına köçürərək elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq təkrar talayıb oğurlamışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 may 2022-ci il tarixdə saat 09 radələrində Naftalan şəhər DYMH-nin inzibati binasında növbədə olarkən iş yoldaşı Zərərçəkmiş şəxs1 istifadə etdiyi 41697377****0697 nömrəli "xxxx" ASC-yə məxsus “Birkart” plastik kredit kartının hesabından iki dəfə 100 manat, bir dəfə isə 250 manat olmaqla, ümumilikdə 450 (dörd yüz əlli) manat pul vəsaitini vahid niyyətlə “10lineloto.com” internet saytında olan oyun hesabına köçürərək elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq təkrar talayıb oğurlamışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 may 2022-ci il tarixdə saat 09 radələrində Naftalan şəhər DYMH-nin inzibati binasında növbədə olarkən iş yoldaşı Zərərçəkmiş şəxs1 istifadə etdiyi 41697377****0697 nömrəli "xxxx" ASC-yə məxsus “Birkart” plastik kredit kartının hesabından hər dəfə 250 manat olmaqla, ümumilikdə 3 dəfəyə 750 (yeddi yüz əlli) manat pul vəsaitini vahid niyyətlə “10lineloto.com” internet saytında olan oyun hesabına köçürərək elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə iş yoldaşı Zərərçəkmiş şəxs2 istifadə etdiyi 41697332****8641 nömrəli "xxxx" ASC-yə məxsus “Birkart” plastik kredit kartının məlumatlarını ələ keçirib Naftalan şəhər DYMH-nin inzibati binasında növbədə olarkən 30 iyun 2022-ci il tarixdə həmin kart hesabından saat 12:02-də 500 və saat 12:09-da 350 manat olmaqla ümumilikdə 850 (səkkiz yüz əlli) manat pul vəsaitini vahid niyyətlə “10lineloto.com” internet saytında olan oyun hesabına köçürərək elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq təkrar talayıb oğurlamışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə iş yoldaşı Zərərçəkmiş şəxs2 istifadə etdiyi 51030714****2930 nömrəli "xxxx" ASC-yə məxsus plastik əmək haqqı kartının məlumatlarını ələ keçirib Naftalan şəhər DYMH-nin inzibati binasında növbədə olarkən 07 iyul 2022-ci il tarixdə həmin kart hesabından saat 00:24-də 500 və saat 00:26-da 440 manat olmaqla ümumilikdə 940 (doqquz yüz qırx) manat pul vəsaitini vahid niyyətlə “10lineloto.com” internet saytında olan oyun hesabına köçürərək elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq təkrar talayıb oğurlamışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə iş yoldaşı Zərərçəkmiş şəxs3 istifadə etdiyi 41697414****0711 nömrəli "xxxx" ASC-yə məxsus plastik əmək haqqı kartının məlumatlarını ələ keçirib Naftalan şəhər DYMH-nin inzibati binasında növbədə olarkən 31 iyul 2022-ci il tarixdə saat 02:18-də həmin kart hesabından 500 (beş yüz) manat pul vəsaitini “10lineloto.com” internet saytında olan oyun hesabına köçürərək elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq təkrar talayıb oğurlamışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə iş yoldaşı Zərərçəkmiş şəxs4 istifadə etdiyi 41697332****8532 nömrəli "xxxx" ASC-yə məxsus “Birkart” plastik kredit kartının məlumatlarını ələ keçirib Naftalan şəhər DYMH-nin inzibati binasında növbədə olarkən 27 avqust 2022-ci il tarixdə saat 04:13-də həmin kart hesabından 435(dörd yüz otuz beş) manat pul vəsaitini “10lineloto.com” internet saytında olan oyun hesabına köçürərək elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq təkrar talayıb oğurlamışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə iş yoldaşı Zərərçəkmiş şəxs5 istifadə etdiyi 41697414****2618 nömrəli "xxxx" ASC-yə məxsus plastik əmək haqqı kartının məlumatlarını ələ keçirib Naftalan şəhər DYMH-nin inzibati binasında növbədə olarkən 03 dekabr 2022-ci il tarixdə saat 20:05-də həmin kart hesabından 500(beş yüz) manat pul vəsaitini “10lineloto.com” internet saytında olan oyun hesabına köçürərək elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq təkrar talayıb oğurlamışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə iş yoldaşı Zərərçəkmiş şəxs6 istifadə etdiyi 41697388****6672 nömrəli "xxxx" ASC-yə məxsus “Birkart” plastik kredit kartının məlumatlarını ələ keçirib Naftalan şəhər DYMH-nin inzibati binasında növbədə olarkən 21 dekabr 2022-ci il tarixdə saat 19:56-da həmin kart hesabından 500(beş yüz) manat pul vəsaitini “10lineloto.com” internet saytında olan oyun hesabına köçürərək elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq təkrar talayıb oğurlamışdır. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilərək qeyd etdi ki, 10 aprel 2019-cu il tarixdən Naftalan şəhər Dövlət Yanğından mühafizə hissəsində yanğınsöndürən vəzifəsində işləmişdir. İşə düzəldikdən bir müddət sonra isə “10lineloto.com” internet saytında qeydiyyatdan keçmiş, həmin saytda canlı loto oyunu oynamağa başlamış və orada müəyyən qədər pul vəsaitləri uduzmuşdur. Daha sonra oyundan asılılığı yaranmış və uduzduğu pulları geri qaytarmaq qərarına gəlmişdir. Bu məqsədlə gizli şəkildə əvvəldən iş yoldaşlarının bank kartlarının məlumatlarını oğurlayaraq orada olan pul vəsaitlərini oyunda olan hesabına köçürmüşdür. Törətmiş olduğu əməldən səmimi peşmandır. Zərəçəkmiş şəxslərə dəymiş ziyanı isə tam şəkildə ödəmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətləri törətməsi onun özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, eləcə də işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadə verərək bildirdi ki, o, 2018-ci ildən Naftalan şəhər Dövlət yanğından mühafizə hissəsində yanğınsöndürən vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun iş yoldaşı olmuşdur. Onunla daim eyni növbədə işləmişlər. Münasibətləri yaxşı olmuş, heç bir ədavət və düşmənçilikləri olmamışdır. 30 iyun 2022-ci il və 07 iyul 2022-ci il tarixlərində ona məxsus plastik kartlardan gizli şəkildə pul vəsaitləri çıxarılmışdır. Sonradan bunu edən şəxsin Allahverdi olduğu müəyyən olmuşdur. Hazırda təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam şəkildə ödəmişdir. Bu səbəbdən ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ifadə verərək bildirdi ki, o, 2017-ci ildən Naftalan şəhər Dövlət yanğından mühafizə hissəsində yanğınsöndürən vəzifəsində işləyir. 03 dekabr 2022-ci il tarixdə günorta saatlarında qohumu tərəfindən onun kartına 500 manat pul vəsaiti göndərilmişdir. Həmin gün bankomata yaxınlaşaraq pulu çıxarmaq istəyən zaman kartda yalnız ona məxsus 147 manat pulun olduğunu görmüşdür. Bundan sonra o, bank ilə əlaqə saxlamış, bank əməkdaşı onun kartına 500 manat pul vəsaitinin köçdüyünü, daha sonra isə həmin pul vəsaitinin sayt vasitəsi ilə çıxarıldığını bildirmişdir. Bu səbəbdən o, Naftalan şəhər polis şöbəsinə müraciət etmişdir. Aparılmış araşdırmadan sonra kartından pul vəsaitinin iş yoldaşı Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ona vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəmişdir. Odur ki, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 ifadə verərək bildirdi ki, o, 2017-ci ildən Naftalan şəhər Dövlət yanğından mühafizə hissəsində yanğınsöndürən vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onunla eyni növbədə işləmişdir. Həmçinin Allahverdi onun qonşusudur. 19 dekabr 2022-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs ilə birlikdə növbədən çıxıb evə qayıtmışlar. Yolda avtomobilin benzini qurtardığı üçün o, yanacaqdoldurma məntəqəsinə daxil olmuşdur. Həmin vaxt o, kartı ilə ödəniş etmiş və kartı avtomobilin ön tərəfinə ortaya qoymuşdur. 21 dekabr 2022-ci il tarixdə o, növbədə olarkən ona məxsus kartdan 500 manat məbləğində pul vəsaiti başqa hesaba köçürülmüşdür. O da, bununla bağlı Naftalan şəhər polis şöbəsinə müraciət etmişdir. Həmçinin hadisədən dərhal sonra kartını deaktiv etdirmişdir. Daha sonra məlum olmuşdur ki, ona məxsus kartdan oğurluğu Təqsirləndirilən şəxs etmişdir. Hazırda təqsirləndirilən şəxs ona vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəmişdir. Bu səbəbdən ona qarşı hər hansı şikayət və tələbi yoxdur. 25 may 2023-cü ildə keçirilmiş məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs1 yazılı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin növbəti iclaslarında iştirak edə bilməyəcəyini, bu səbəbdən iclasların onu iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin ərizəsində qeyd etmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir, ondan hər hansı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, o, 2017-ci ildən Naftalan şəhər Dövlət yanğından mühafizə hissəsində yanğınsöndürən işləyir. O, bir sutka, yəni 24 saat növbədə olur, növbəti 2 sutka, yəni 48 saat isə işə çıxmır. Təqsirləndirilən şəxs onun iş yoldaşı olmaqla həmişə eyni növbədə işləmişlər. Sonuncu ilə münasibətləri yaxşı olmuş, heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Təxminən 2 il əvvəl o, "xxxx" ASC-nin Naftalan şəhər filialından 4169-7377-0098-0697 nömrəli “Visa” tipli “Birkart” kredit kartı almışdır. Həmin kartın 5.000 manat kredit limiti olmuşdur. Həmin kartı mobil telefonunda olan “Birbank” tətbiqi vasitəsilə idarə etmişdir. Kartda 3D secure və SMS xəbərdarlıq sistemi aktiv olmamışdır. “Birbank” tətbiqində bəzən yeniləmələr olmuş və o, həmin yeniləmələri edə bilməmişdir. Ona görə də, bir-iki dəfə növbədə olduqları zaman Təqsirləndirilən şəxs telefonunu vermişdir ki, “Birbank” tətbiqində olan yeniləmələri quraşdırsın. Kredit kartı isə pulqabının içində olmuş və növbədə olanda kazarmada yatan zaman pulqabını çarpayının yanında kiçik dolabın üstünə, yaxud döşəyin altına qoymuşdur. 18 may 2022-ci il tarixdə “Birbank” tətbiqinə baxarkən müəyyən etmişdir ki, 2022-ci ilin may ayının 05-dən 17-dək olan müddət ərzində 8 dəfəyə, ümumilikdə kredit kartından 1705 manat pul naməlum hesaba köçürülmüşdür. Kartından pul may ayının 05-i, 08-i, 11-i və 17-i çıxarılmışdır və həmin günlərin hamısında o, növbədə olmuşdur. Bank kartının çıxarışı Goranboy rayon polis şöbəsinə təqdim etmişdir. İlk dəfə kartından 05 may 2022-ci il tarixdə 255 manat, daha sonra 08 may 2022-ci il tarixdə 250 manat, 11 may 2022-ci il tarixdə 3 dəfəyə 450 manat və 17 may 2022-ci il tarixdə 3 dəfəyə 750 manat pul çıxarılmışdır. Bank çıxarışında yalnız “Topupvs, Baku,Az”, yaxud “**********00380, Baku,Az” yazılmışdır. Pul vəsaitlərinin köçürüldüyü ünvan barədə başqa heç bir məlumat göstərilməmişdir. 25 may 2023-cü ildə keçirilmiş məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs3 yazılı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin növbəti iclaslarında iştirak edə bilməyəcəyini, bu səbəbdən iclasların onu iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin ərizəsində qeyd etmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir, ondan hər hansı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, o, 2019-cu ildən Naftalan şəhər Dövlət yanğından mühafizə hissəsində sürücü işləyir. O, bir sutka, yəni 24 saat növbədə olur, növbəti 2 sutka, yəni 48 saat isə işə çıxmır. Növbədə olduğu vaxt sürücü vəzifəsində işlədiyi üçün gecə saatlarında yat komandasına əsasən yatır. Gündüz vaxtları isə yeməkxana və s. naryadlara çıxır. 2022-ci ilin iyul ayında **********410711 nömrəli "xxxx" ASC-yə aid “Visa” əmək haqqı kartı almışdır. 29 iyul 2022-ci il tarixdə həmin əmək haqqı kartına 570 manat əmək haqqı köçürülmüşdür. Həmin ərəfələrdə iş yoldaşlarından bir neçəsinin bank kartından müxtəlif məbləğlərdə pul vəsaitləri naməlum şəkildə başqa hesaba köçürülmüşdür. 30 iyul 2022-ci il tarixdə saat 09:00-da o, növbəyə daxil olmuşdur. Həmin gün saat 23 radələrində o, yatmış və 31 iyul 2022-ci il tarixdə saat 07 radələrində oyanmışdır. Yatarkən o, telefonunu çarpayının yanında olan dolabın üzərinə qoymuşdur, paltarlarını isə çarpayının yanından asmışdır. Bütün sənədləri, həmçinin əmək haqqı kartı köynəyinin cibində olmuşdur. Telefonunun ekran kilidi olmamışdır. Səhər oyandığı zaman telefonuna baxmış və “Birbank” tətbiqindən bildiriş gəldiyini görmüşdür. Bildirişdə “Topupvs” sözlərini görmüşdür. Həmin sözü daha əvvəl digər iş yoldaşlarının bank kartlarından naməlum şəkildə pul vəsaitləri köçürülən zaman eşitmişdir. O, tətbiqə daxil olmuş və görmüşdür ki, əmək haqqı kartından 500 manat pul köçürülmüşdür. Tətbiqin içində olan qəbzin təsvir hissəsində yalnız “Topupvs” sözləri yazılmışdır. Bundan sonra o, aidiyyəti üzrə Naftalan şəhər polis şöbəsinə müraciət etmişdir. Əmək haqqı kartı istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə əlaqələndirilmişdir, həm 3D secure xidməti, həmdə SMS xəbərdarlıq xidməti aktiv olmuşdur, lakin ona heç bir mesaj gəlməmişdir. Hadisədən sonra kartı deaktiv edərək qırıb atmış və yeni kart almışdır. 25 may 2023-cü ildə keçirilmiş məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs4 yazılı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin növbəti iclaslarında iştirak edə bilməyəcəyini, bu səbəbdən iclasların onu iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin ərizəsində qeyd etmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir, ondan hər hansı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, 2010-cu ildən Naftalan şəhər Dövlət yanğından mühafizə hissəsində işləyir. xx.xx.2022-ci il tarixdə "xxxx" ASCnin Naftalan şəhər filialından 2.000 (iki min) manat kredit limiti olan 4169-7332-2165-85-32 nömrəli “Birbank” kredit kartı almışdır. Həmin kartdan bəzi hallarda istifadə etmiş, əmək haqqını aldığı zaman isə xərclədiyi pulu geri qoymuşdur. 2022-ci ilin may ayından etibarən bir neçə iş yoldaşlarının əmək haqqı və kredit kartlarından naməlum şəkildə pul vəsaitləri başqa hesaba köçürülmüşdür. 2022-ci ilin avqust ayında həmin kredit kartında təxminən 437 manat pul qalmışdır. O, 27 avqust 2022-ci il tarixdə günorta saatlarında Goranboy şəhərində mağazaların birində alışveriş etdikdən sonra kredit kartı ilə ödəniş etmək istəmiş, lakin posterminalda balansında kifayət qədər məbləğin olmadığı göstərilmişdir. Həmin vaxt o, istifadəsində olan mobil telefonla "xxxx" ASC-nin “Birbank” tətbiqinə girib kredit kartına baxmış və müəyyən etmişdir ki, 27 avqust 2022-ci il tarixdə gecə saat 04:13-də əvvəlcə 5 manat, daha sonra 430 manat pul başqa hesaba köçürülmüşdür. Tətbiqdə köçürmənin detalları hissəsinə daxil olduqda təsvir hissəsində “**********00380,BAKU,AZ” yazılmışdır. Bundan sonra o, aidiyyəti üzrə Goranboy rayon polis şöbəsinə müraciət etmişdir. 30 avqust 2022-ci il tarixdə o, "xxxx" ASC-nin Naftalan şəhər filialına yaxınlaşaraq çıxarış əldə etmişdir. Bankın çıxarışında da kredit kartından 435 manat pul vəsaitinin köçürülmə ünvanı kimi “**********00380,BAKU,AZ” göstərilmişdir. Bildiyi qədəri ilə kredit kartında “3D secure” xidməti aktiv olmuşdur, mobil nömrə isə ***-***-**-** olmuşdur. Onun mobil nömrəsinə 3D kod barədə mesaj gəlməmişdir. Hadisə zamanı kredit kartında “SMS xəbərdarlıq” xidməti aktiv olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadə verərək bildirdi ki, Allahverdi onun qohumudur. Allahverdinin mütəmadi olaraq online oyunlar oynadığını əvvəldən bilmişdir. Allahverdi bir neçə dəfə ona zəng etmiş və oyunlardan qazandığı pulları çıxarmaq istədiyini, bunun üçün onun leokart hesabından istifadə etmək istədiyini demişdir. O da, buna etiraz etməmiş, kartın şəklini ona göndərmişdir. Onun kart hesabına pul məbləğləri köçdükdən sonra isə o, həmin pulları Allahverdinin ona dediyi özünə məxsus kart hesabına göndərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 05 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:05-də şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsin həbsdən azad olunması və qətimkan tədbirinin seçilməsi barədə” 06 mart 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdən azad edilmiş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir; 05 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus 3 ədəd plastik bank kartı və 1 ədəd “Samsung Galaxy A32” markalı mabil telefon maddi sübut kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Goranboy Rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur; Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Goranboy Rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Əhmədli X1 rayonu X2 bina 8, mənzil 39-da (məcburi köçkün qəsəbəsində) müvəqqəti məskunlaşmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidin ifadəsi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq edilmiş digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini 59.1.13-cü, əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 mart 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi nəzərə alınmaqla cəza təyin etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuni hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzanın icrasına nəzarət Goranboy rayon İcra və probasiya şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi subut kimi tanınaraq Goranboy rayon prokurorluğunda saxlanılan 03 ədəd plastik bank kartı və 01 ədəd “Samsung Galaxy A32” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu 05 mart 2023-cü il tarixdən 06 mart 2023-cü il tarixədək olan 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Goranboy rayon İcra və probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi subut kimi tanınaraq Goranboy rayon prokurorluğunda saxlanılan 03 ədəd plastik bank kartı və 01 ədəd “Samsung Galaxy A32” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №1(052)-9/2023
Naftalan Şəhər Məhkəməsi Hökm — İş №1(052)-9/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver