Məhkəmə qərarları › İş №1(052)-9/2024

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №1(052)-9/2024

24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 1(052)-9/2024 24.10.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X15 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Xüsusi ittihamçı X1, onun nümayəndəsi (vəkil) Müdafiəçi1, təqsirləndirilən şəxs X4 və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx.xx.1973-cü ildə Gədəbəy rayonu Parakənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, Tovuz Rayon Mərkəzi Xəstəxanasında həkim işləyən, Bakı şəhəri X16 küçəsi ev 09, mənzil 60-da qeydiyyatda olmaqla, Tovuz rayonunda yaşayan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayəti üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X3 Bakı şəhəri S.Ə.Şirvani küçəsi ev 09, mənzil 60-da daimi qeydiyyatda olan, Naftalan Şəhər Mərkəzi Xəstəxanasında həkim-kardioloq vəzifəsində çalışan X5 ona qarşı törətdiyi təhqir və böhtan xarakterli məlumatları dəfələrlə iş yoldaşları arasında deməsi kimi əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə tövsif edilərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Naftalan Şəhər Mərkəzi Xəstəxanasında həkim terapevt vəzifəsində çalışır. İşlədiyi müddət ərzində hər hansı xoşagəlməz, qanunsuz hərkəti və pozuntusu olmamışdır. Kollektivin arasında sayılıbseçilən, hörmət edilən həkimlərdən biridir. Xəstəxananın həkim-kardioloqu X9 onun bilmədiyi hansısa bir səbəbdən onunla prinsip aparır. X9 bir neçə dəfə xəstəxanada işçilərin arasında ona şər və böhtan atmış, işçilər, kollektiv arasında dəfələrlə onu təhqir etmişdir. Belə ki, Qalib ona işdə işçilərin arasında dəfələrlə bildirmişdir ki, “sən həkim deyilsən, sənə diplom verən..., sən neçə-neçə adamın ölümünə səbəb olmusan, sən nəinki, həkim deyilsən, sən heç insan deyilsən, sən direktor əvəzi işlədiyin müddətdə həddən artıq qanunsuzluqlara yol vermisən, sən pozğunsan və sair sözlərlə” onu təhqir etmişdir. Qeyd edilən hərəkətlər etməklə onu kollektivdə, işçilər arasında təhqir edir və nüfuzdan salır. Ona dəfələrlə demişdir ki, “gör sənin başına nə oyun açacam, səni burda işləməyə qoymaram, səni burdan iti qovan kimi qovduracam”. Bu sözləri Qalib Bağırov ona xəstəxananın işçiləri olan Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid7 Hünbət oğlunun yanında demişdir. O, çalışdığı qədər Qalibin bu sözlərinə fikir verməmiş və onun barəsində hər hansı dövlət orqanına müraciət etməmişdir ki, bu söz-söhbət böyüməsin, həyat yoldaşı və oğlu bu barədə bilməsin. Qalib dəfələrlə işçilər arasında ona şər və böhtan atmaq, təhqir etmək ilə kifayətlənməyərək, 2024-cü ilin aprel ayında yenidən ona şərt atmaqla, barəsində təhqir və böhtan xarakterli ərizə ilə Azərbaycan Respublikası Baş Prokuroruna ərizə ünvanlamışdır. Yuxarıda qeyd edildiyi kimi işçilərin yanında dediyi sözlərdən bir neçəsini Qalib Bağırov ərizəsində də göstərmişdir. Belə ki, o, ərizəsində qeyd edir ki, Sara Əliyeva adlı şəxs xx.xx.2024-cü il tarixdə xəstəxanaya gəlmiş, guya ki, o, xəstəyə səhv diaqnoz qoymuş və bunun nəticəsində xəstə ölmüşdür. Qalib Bağırov dolayısı ilə Sara Əliyevanın ölümündə onu suçlayır. Bundan əlavə Qalib Bağırov ərizəsində ona böhtan ataraq onun qanunsuz işləməsini və pozğun hərəkətlərinin olmasını qeyd etməklə, onun şərəf və ləyaqətini alçaltmışdır. Guya ki, o, qanunsuz və pozğun hərəkətləri olduğu üçün iş yoldaşları tərəfindən döyülmüş və söyülərək işdən uzaqlaşdırılmışdır. O, bu yazdıqlarından dəfələrlə artığını, çoxunu yuxarıda qeyd etdiyi kimi bir neçə dəfə xəstəxanada işçilərin yanında ona demişdir. Qalib Bağırovun bu yazdığı ərizə Azərbaycan Respublikasınin Baş Prokurorluğundan araşdırılması üçün Goranboy rayon prokurorluğuna, oradan isə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 göndərilmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 də, Naftalan Şəhər Mərkəzi Xəstəxanasına göndərilmişdir. X7 ərizəsi Naftalan Şəhər Mərkəzi Xəstəxanasınada həmkarlar ittifaqında müzakirəyə çıxarılmış, həmkarlar ittifaqının iclasında düşünmüşdür ki, Qalib Bağırov etdiyi əməldən peşiman olaraq, ondan üzr istəyəcəkdir. Lakin o, iclasda da həmin sözləri həmişə dediyini, düzgün olaraq dediyini, bundan sonra da deyəcəyini israrla bildirməklə ona yenidən müxtəlif şər-böhtan atmaqla, nalayiq sözlər deməklə onun şərəf və ləyaqətini alçaltmışdır. X11 işlədiyi xəstəxanada işçiləri arasında ona şər-böhtan atmaqla, onun şərəf və ləyaqətini alçatmaqla, işgüzar nüfuzuna xələl gətirməklə onu təhqir etmişdir. Bütün bu olanlara görə o, məcburiyyət qarşısında qalaraq hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qalib Bağırovun onun barəsində yazdığı bu ərizə bir sıra dövlət orqanlarında adının hallanması, müzakirəyə çıxarılması, işlədiyi müəssisədə həmkarlar ittifaqının müzakirəsinə çıxarılması, iş yoldaşları arasında ona dediyi sözlər onu psixoloji cəhətdən sarsıtmışdır. Bütün bunlar onun şərəfini, ləyaqətini, nüfuzunu ləkələyir. Onun bu əməlləri cəzasız qala bilməz. Məhkəmə iclasında xüsusi ittihamçı X3 ərizə təqdim edərək bildirdi ki, o, X6 qarşı xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəmyə müraciət etmişdir. X9 onu təhqir etdiyi üçün səmimi peşman olduğunu bildirmiş və məhkəmə iclas zalında kollektivlərinin müəyyən üzvülərinin qarşısında ondan üzr istəmişdir. Bu səbəbdən onu bağışlayır və xüsusi ittiham qaydasında şikayətindən imtina edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X9 ifadə verərək bildirdi ki, X2 qarşı etdiyi hərəkətlərdən səmimi peşmandır. Həmin hərəkətləri etməməli idi. Bu səbəbdən ondan üzr istəyir və onunla barışmalarını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə xüsusi ittihamçı və təqsirləndirilən şəxsin ərizələrini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respubliası Cinayət-Prosessual Məcəlləsinin: 37.2. Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. 39.1. Aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.8. zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə); 39.1.9. zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə); 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə. 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. 321.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar çıxarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respubliası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X17

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar