Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-1/2023 12.07.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2anında yaşayan, 10 – 11 fevral 2023-cü il tarixləri üzrə tutulmuş, 11 fevral 2022-ci ildə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə məhkəməyə verilmişdir. Cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsində qeyd olunur ki, «Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ev 5-də qeydiyyatda olmaqla orada yaşayan Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona «Yuvam» mebel şirkətindən yataq və qonaq otağı mebel dəstlərini satmaq barədə yalan vəd verib inandıraraq etibardan suiistifadə etmə və aldatma yolu ilə sonuncudan vahid niyyətlə 20 may 2020-ci il tarixdə saat 21:44-də Neftçala şəhəri, M.Ə.Sabir küçəsində fəaliyyət göstərən «Nihat market»-də yerləşən Milli Ön ödəniş terminalı vasitəsi ilə 100 manat, 21 may 2020-ci il tarixdə Neftçala şəhəri, M.Ə.Sabir küçəsindəki evində 1900 manat, 22 may 2020-ci il tarixdə saat 21:44-də Neftçala şəhəri, M.Ə.Sabir küçəsində fəaliyyət göstərən «Nihat market»-də yerləşən Milli Ön ödəniş terminalı vasitəsi ilə 1000 manat, 11 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxs vasitəsi ilə 1000 manat, 14 sentyabr 2020-ci il tarixdə saat 09:39-da Neftçala şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən «Ruzi market»-də yerləşən E-manat ödəniş terminalı vasitəsi ilə 500 manat, 25 oktyabr 2020-ci il tarixdə saat 17:48-də Neftçala şəhəri, M.Ə.Sabir küçəsində fəaliyyət göstərən «Nihat market»-də yerləşən Milli Ön ödəniş terminalı vasitəsi ilə 1000 manat, ümumilikdə vahid niyyətlə 5500 manat məbləğində, xeyli miqdarda pulunu alıb ələ keçirərək dələduzluq etmişdir». İttiham aktında həmçinin qeyd olunur ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədib. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli bilməyərək qeyd etmişdir ki, 2020-ci ildə, təxminən 4 – 5 ay ərzində vaxtilə fəaliyyət göstərmiş «Yuvam» mebel mağazasında satıcı vəzifəsində işləyib. Mağazanın «İnstagram» səhifəsi var idi. Bəzi müştərilər həmin səhifədə yerləşdirilmiş telefon nömrələri vasitəsilə satıcılarla əlaqə saxlayıb sifariş verirdilər. Onun da satıcı kimi vəzifəsi müştərilərlə görüşüb, satış şərtlərini və alğı-satqı ilə bağlı digər məsələləri danışmaqla satışı təşkil etməkdən ibarət olmuşdur. Bir çox hallarda müştərilər pulu hissə-hissə satıcılara verir, sonuncular isə müştərilərdən aldıqları məbləğləri gətirib mağazaya təhvil verirdilər. Mağazada saxlanılan qovluqlarda müştərilərin və sifarişlərin qeydiyyatı aparılır, həmçinin ödənilmiş məbləğlər göstərilirdi. Müvafiq məlumatlar eyni zamanda kompüterdə qeydə alınırdı. Zərərçəkmiş şəxs həmin mağazada işlədiyi vaxtdan tanıyır. 2020-ci ilin may ayında Həqiqət xanım onun işlətdiyi ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək, nömrəni təsadüfən «İnstagram»dan tapdığını bildirmiş, onun «Yuvam» mebel mağazasının işçisi olduğunu dəqiqləşdirdikdən sonra mebel almaq istədiyini demişdir. Həqiqət xanıma bildirmişdir ki, əvvəlcədən 100 manat beh verəcəyi təqdirdə Neftçala rayonuna gəlib məsələni yerində müzakirə edərək razılaşa bilərlər. Həqiqət xanım bununla razılaşaraq 100 manat miqdarında pulu Neftçala şəhərindəki «MilliÖn» ödəmə aparatı vasitəsilə 20 may 2020-ci il tarixdə onun kart məlumatlarını verdiyi X11 adına olan kart hesabına köçürmüşdür. X15 «Yuvam» mebel mağazasının sahibi Şahid3 sürücüsü olub. Beləliklə, danışdıqları kimi, ertəsi gün saat 21 radələrində atası X16 ilə birlikdə, atasına məxsus «Mercedes-Benz» markalı 99SP188 dövlət qeydiyyat nişanlı avtomobillə Həqiqət xanımın Neftçala şəhərində yerləşən evinə getmişdir. Həqiqət xanıma mobil telefonunda və kitab kataloqlarında olan mebelləri göstərərək seçə biləcəkləri mebellərlə onu tanış etmişdir. Həqiqət xanım qızına cehiz kimi qonaq və yataq otaqları mebelləri almaq istədiyini bildirmiş və ümumi dəyəri 5.980 manat təşkil edən mebel seçmişdir. Seçim etdikdən sonra Həqiqət xanıma onun evdə olan Natiq adlı qohumunun yanında “Müştəri anketi”ni (bu anket möhürlənmiş şəkildə mağazanın rəhbərliyi tərəfindən satıcılara verilirdi) təqdim etmiş, daha sonra həmin anket doldurularaq satıcı qismində onun tərəfindən, alıcı qismində isə zərərçəkmiş şəxsin əri Şahid1 tərəfindən imzalanmışdır. O, Həqiqət xanımdan mebeli sifariş edib xaricdən yəni, Türkiyə Respublikasından gətizdirmək üçün mebelin pulunun bir hissəsini işlədiyi mağazaya ödəməsini istəmiş və Həqiqət xanım bu məqsədlə 1.900 manat pulu nağd şəkildə ona vermişdir. Eyni zamanda belə razılaşmışlar ki, pulun qalan hissəsi sifariş olunan mebel gələnədək hissə-hissə ödəniləcək. Bundan sonra o, və atası Fərhad Abasov Bakı şəhərinə qayıtmışlar. Sonradan Həqiqət xanım sifariş etdiyi mebellərin borclu qaldığı pulunu hissə-hissə ödəməyə başlamış və 22 may 2020-ci ildə 1.000 manat miqdarında pulu «Yuvam» mebel dükanının sahibi Şahid3 sürücüsü Rahib Cəfərovun kart hesabına ödəmişdir. Təqsirləndirilən şəxs həmçinin qeyd edir ki, zərərçəkmiş şəxs 11 sentyabr 2020-ci ildə «Yuvam» mebel dükanına gələrək sifariş etdiyi mebellər üçün parça seçib getmişdir. Elə həmin gün Həqiqət xanıma satılmalı olan mebellərlə bağlı Şahid3 ilə danışmış və zərərçəkmiş şəxsə zəng edərək bildirmişdir ki, dükanda kampaniya keçirilir və bu kampaniyaya düşməsi üçün müəyyən qədər nağd pul ödəməsi lazımdır. Ona görə də Həqiqət xanıma mağazaya qayıtmasını təklif etmişdir. Həqiqət xanım qayıda bilməyəcəyini dediyindən, ona təklif etmişdir ki, ödəməli olduğu pulu Lökbatan dairəsində yerləşən kafeyə versin. Həqiqət xanım bununla razılaşaraq, həmin kafeyə 1.000 manat miqdarında pul vermiş, o, isə axşamçağı gedib bu məbləği kafedən götürmüşdür. Daha sonra, yəni 14 sentyabr 2020-ci ildə Həqiqət xanım onun (təqsirləndirilən şəxsin) arvadı X6 adına olan kart hesabına daha 500 manat ödəyib. Həmçinin zərərçəkmiş şəxs onun təklifinə uyğun olaraq arvadı Pərvanə Abasovanın adına olan kart hesabına 25 oktyabr 2020-ci ildə 1.000 manat ödəmişdir. Təqsirləndirilən şəxs bildirir ki, X11 adına olan kart hesabına yuxarıda göstərilən tarixlərdə köçürülmüş 100 manat və 1.000 manat miqdarında pulu sonuncu «Yuvam» mebel mağazasının sahibi Şahid3 verib. O (təqsirləndirilən şəxs), da öz növbəsində zərərçəkmiş şəxsdən yuxarıda göstərilən tarixlərdə aldığı 1.900 və 1.000 manat miqdarında pulu şəxsən Şahid3 təqdim etmişdir. Təqsirləndirilən şəxs həmçinin qeyd edir ki, mebel mağazasında işlədiyi dövrdə Şahid3 ona 1.500 manat miqdarında əməkhaqqı borcu olub. Ona görə də bu məbləğlə bağlı Şahid3 ilə danışmış və sonuncunun razılığı ilə Həqiqət xanımın ödədiyi pulun 1.500 manatlıq hissəsini mağazadan almalı olduğu əməkhaqqı kimi özünə götürmüşdür. Zərərçəkmiş şəxs tərəfindən ödənilmiş pulların hamısının mağazaya ödənildiyini (mağazanın sahibi Şahid3 bilavasitə razılığı ilə əməkhaqqı kimi özünə götürdüyü 1.500 manat miqdarında pul da ödənilmiş sayılmalıdır) zərərçəkmiş şəxsin özü də bilir. Belə ki, o, daha bir dəfə mağazaya getmiş, orada işləyən Nərmin adlı xanımla görüşmüş və sonuncu ona müştərilərin qeydiyyatı aparılan göy rəngli qovluğun içərisindəki aidiyyəti sənədi göstərərək, etdiyi ödənişlərin hamısının orada əks olunduğunu bildirmişdir. Bununla yanaşı, Həqiqət xanım «İnstagram» vasitəsilə mağaza ilə əlaqə saxlamışdır. «İnstagram» vasitəsilə yazışmanın məzmunundan da görünür ki, ödənilmiş bütün məbləğlər mağazaya mədaxil olunub (təqsirləndirilən şəxs «İnstagram» vasitəsilə ünsiyyətin əks olunduğu kompakt diski məhkəməyə təqdim etmiş, həmin disk sübut növü kimi iş materiallarına əlavə olunmuşdur). Həqiqət xanım 2020-ci ilin noyabr ayından etibarən etdiyi mebel sifarişinin dalınca gəlməyib. Xeyli sonradan ona (təqsirləndirilən şəxsə) məlum olmuşdur ki, zərərçəkmiş şəxsin etdiyi sifarişlə maraqlanmamasının səbəbi sonuncunun qız övladının vəfat etməsi ilə bağlıdır. Həmin ərəfədə Həqiqət xanımın sifariş etdiyi mebel artıq mağazaya gəlmişdir. Ona görə də zərərçəkmiş şəxslə telefon əlaqəsi saxlamış və bildirmişdir ki, mebelləri gətirib quraşdıra bilərlər. Cavabında Həqiqət xanım bildirmişdir ki, evində hüzr olması səbəbindən mebellərin gətirilib quraşdırılması mümkün deyil. Zərərçəkmiş şəxs eyni zamanda təklif etmişdir ki, mebelləri qablaşdırılmış vəziyyətdə, yəni qutularda gətirib evin köməkçi sahəsinə yığsınlar. Zərərçəkmiş şəxsin bu təklifinə cavab olaraq mebellərin qutularda təhvil verilməsinə mağaza rəhbərliyi tərəfindən icazə verilmədiyini bildirmişdir. Belə ki, mebel açılıb quraşdırılarkən onun hər hansı qüsurunun olmadığı yəqinləşdirilir və qüsursuz vəziyyətdə müştəriyə təhvil verilir. Mebel qutularda təhvil verildiyi, yəni onun qüsurlu olmadığı həm satıcı həm də alıcı tərəfindən dəqiqləşdirlmədiyi halda isə sonradan müştəri ilə mübahisə yarana bilər. Ona görə də mebellər müştərilərə heç vaxt qutuda təhvil verilmir. Beləliklə, həmin vaxt mebelin zərərçəkmiş şəxsə təhvil verilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs yuxarıda göstərilənlərlə yanaşı bildirir ki, pandemiya ilə əlaqədar mağazanın fəaliyyətində ciddi problemlər yaranmışdır. Belə ki, mağazanın rəhbərliyi tərəfindən bir çox müştəridən pul alındığına baxmayaraq, sifarişlər icra olunmamışdır. Şahid3 müştərilərdən aldığı pulları da geri qaytarmırdı. Bu səbəbdən 100-dən çox müştəri polisə müraciət etmiş və müvafiq faktlarla bağlı cinayət təqibi başlanmışdır. Həmin cinayət təqibi çərçivəsində o, habelə mağazanın digər əməkdaşları da istintaqa cəlb olunmuş, lakin əməllərində cinayət tərkibi olmadığına görə onlar barəsində cinayət təqibinə xitam verilmişdir. Eyni zamanda araşdırma dövründə Şahid3 müştərilərin mütləq əksəriyyətinin tələbini təmin etmiş, bu səbəbdən onun barəsində olan təqibə də xitam verilmişdir. Həmin ərəfədə Həqiqət xanımın hüzrü düşdüyündən o, mağazaya gəlib-getməmiş, etdiyi sifarişlə ümumiyyətlə maraqlanmamışdır. Bəlkə də, Həqiqət xanım həmin ərəfədə gəlib şikayətini bildirsəydi, Şahid3 onun da tələbini təmin edərdi. Təqsirləndirilən şəxs eyni ərəfədə baş vermiş hadisələrlə bağlı qeyd edir ki, işdən mağaza bağlanmazdan əvvəl çıxıb. Müştərilər isə işdən çıxdıqdan sonra da sifarişlərinin icra olunmaması ilə bağlı onu tez-tez narahat edirdilər. Ona görə də telefonunu bağlamışdır. Telefonunun bağlı olması səbəbindən Həqiqət xanımla da əlaqəsi kəsilib. Lakin Həqiqət xanımın elə öz sözlərindən bilir ki, o (zərərçəkmiş şəxs), mağaza bağlandıqdan sonra bir dəfə gəlmiş, həmin vaxt mağazanın yanında dayanmış bir polis əməkdaşı ona mağazanın fəaliyyəti ilə bağlı cinayət işi başlandığını bildirmişdir. Təqsirləndirilən şəxs bildirir ki, zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmək və ya onu aldatmaq niyyəti olmamış, onun pulunu ələ keçirməmişdir. «Yuvam» mebel mağazasında satıcı kimi fəaliyyət göstərmiş və əmək funksiyalarını icra etmişdir. Buna baxmayaraq Şahid3 razılığı ilə özünə əməkhaqqı kimi götürdüyü 1.500 manat miqdarında pulun 1.000 manatlıq hissəsini zərərçəkmiş şəxsə ödəyib. Qeyd edir ki, əsassız cinayət təqibinə məruz qalması səbəbindən özü ilə yanaşı ailə üzvləri də sarsıntılara məruz qalmış, o cümlədən müvafiq dövrdə hamilə vəziyyətdə olmuş arvadı uşağı itirmişdir. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Neftçala Rayon Mədəniyyət Mərkəzində kütləvi işçi vəzifəsində işləyir. 2020-ci ilin may ayında qızına mebel almaq üçün sosial şəbəkələrdə araşdırma apararkən təsadüfən «İnstagram»da rastlaşdığı «Yuvam» mebel mağazasının malları ilə maraqlanmışdır. Həmin mebel mağazasının «İnstagram» səhifəsində firmanın nümayəndəsi kimi adı qeyd edilmiş Elşən adlı şəxsin ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək, ondan mebellər barədə məlumat almışdır. Elşən ona əvvəlcədən beh kimi 100 manat verəcəyi halda Neftçala rayonuna gələ biləcəyini və məsələni yerində onunla müzakirə edib razılığa gələ biləcəklərini. O, Elşənin dediyi kimi etmiş və 100 manat pulu Neftçala şəhərindəki «MilliÖn» elektron ödəmə sistemi vasitəsilə 20 may 2020-ci ildə Elşənin kart məlumatlarını ona verdiyi X11 adına olan «Kapital Bank» kartına köçürmüşdür. Ertəsi gün saat 21 radələrində Elşən onların yaşadıqları Neftçala şəhərindəki evlərinə yanında özündən yaşca böyük olan bir nəfər kişi ilə «Mercedes-Benz» markalı 99SP188 dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Avtomobili Elşənin yanında olan və ona «qoca» deyə müraciət etdiyi kişi sürürdü. Elşən evlərində mobil telefonda və kitab kataloqlarında olan mebelləri ona göstərərək seçə biləcəkləri mebellərlə onları tanış etmişdir. O, cehiz kimi qızına qonaq otağı və yataq otağı dəsti almaq istəyirdi. Onların evində həmin vaxt əri Şahid1 və bacısının oğlu Şahid2 olmuşlar. Elşən orada ona müştəri anketini təqdim etmişdir. Onlar həmin anketi doldurduqdan sonra həmin sənəd satıcı qismində Elşən tərəfindən, müştəri qismində isə əri Əkbər tərəfindən imzalanmışdır. Razılaşma əsasında o, Elşənə 5.980 manat pul verməli idi. Elşən orada ondan yenə də pul istəmiş və o, Elşənə həmin vaxt əlavə olaraq 1.900 manat pul vermişdir. Bundan sonra Elşən və onunla birlikdə gələn kişi çıxıb getmişlər. Elşənlə pulun qalan hissəsini onlara seçdikləri mebeli hissəhissə gətirənə kimi vermək barədə razılaşmışlar. Bundan sonra o, pulları hissə-hissə Elşənin ona dediyi bank kartlarına «MilliÖn» elektron ödəmə sistemi vasitəsilə yaşadığı Neftçala rayonundan köçürmüşdür. Belə ki, 22 may 2020-ci il tarixdə 1.000 manat X3 hesabına, 14 sentyabr 2020-ci il tarixdə 500 manat və 25 oktyabr 2020-ci il tarixdə 1.000 manat X6 adına olan «Kapital Bank» kart hesabına pul köçürmüşdür. Bundan əlavə 11 sentyabr 2020-ci il tarixdə Bakı şəhərində olarkən Lökbatan dairəsində yerləşən çayxanada Elşənlə mobil telefonla danışıb Elşənin özünün göstərişi ilə 1.000 manat məbləğində pulu da orada çayçı işləyən tanımadığı şəxsə Elşənə çatdırmaq məqsədilə vermişdir. Beləliklə, Elşənlə aralarında olan razılaşmaya əsasən sifariş etdiyi mebelin pulundan cəmi 480 manat borcu qalmışdır. 27 noyabr 2020-ci il tarixdə cavan qızı faciəli şəkildə vəfat etmiş və başı qarışıq olduğundan Elşən, alacağı mebel və verdiyi pullar yadından çıxmışdır. 2021-ci ilin may ayından etibarən yenidən bu işlə maraqlanmağa başlayanda ona məlum olmuşdur ki, Elşən Bakı şəhəri, Babək prospekti ərazisində olan satış yerində yoxdur. İstifadə etdiyi mobil telefon nömrəsi də bağlıdır, «WhatsApp» sosial şəbəkəsinə yazdığı və göndərdiyi bütün yazılar oxunmur. Bundan sonra o, Elşən tərəfindən aldadıldığını düşünmüş və məcbur olaraq hüquq-mühafizə orqanlarına rəsmi qaydada ərizə ilə müraciət edərək olanlar barədə bildirmişdir. Ona ümumilikdə 5.500 manat məbləğində maddi ziyan dəymişdir. O, bu işlə bağlı təkcə 2020-ci ilin may ayında «İnstagram»da tanış olduğu Təqsirləndirilən şəxs tanıyır. Zərərçəkmiş şəxs qeyd edir ki, sifariş etdiyi mebelə görə ödədikləri bütün pulları qeyd etdiyi yolla və vasitələrlə yalnız Elşənə çatdırmışdır. Elşənin isə həmin pulları firmanın hesabına ödəyib-ödəməməsini bilmir. Bildirir ki, firmaya məxsus mağazada mebel parçasının seçilməsi zamanı mağazanın əməkdaşı olan Nərmin adlı bir nəfər xanım tərəfindən ona bildirilmişdir ki, sistemdə onun adı yoxdur. Bu zaman Elşənə telefonla zəng edərək məsələni ona bildirmiş, Elşən də həmin xanıma məlumat vermişdir ki, müqavilə onun deyil, həyat yoldaşı Əkbərin adınadır. Bundan sonra ərinin adı ilə yoxladıqda müqavilənin mövcud olması məlum oldu. Zərərçəkmiş şəxs həmçinin bildirir ki, Elşən ona bir dəfə zəng edərək sifariş etdiyi mebellərin hazır olduğunu və onu quraşdırılması üçün ünvanına gətirmək istədiklərini bildirmişdir. Lakin həmin vaxt qızının yası ilə əlaqədar olaraq mebelin quraşdırılmasının mümkün olmadığını bildirib, Elşəndən həmin mebelləri bir müddət özlərində saxlamasını, yaxud da gətirsələr belə, bir müddətdən sonra quraşdırmalarını xahiş etmişdir. Elşən də cavabında ona demişdir ki, narahat olmasın, onların kifayət qədər böyük olan anbarları var və mebellərin bir neçə il orada saxlanması, habelə quraşdırılmasını istədikləri vaxt gətirib quraşdırmaları mümkündür. Elşənin bu sözündən sonra ona təşəkkür edərək onunla razılaşmışdır. Zərərçəkmiş şəxs bildirir ki, təqsirləndirilən şəxs ona 1.000 manat ödəyib. Vurulmuş zərərin qalan hissəsinin ödənilməsini tələb edir. Şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş şəxsin bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalasıdır. 2020-ci ilin may ayında xalası Həqiqət qızına mebel almaq üçün sosial şəbəkələrdə araşdırma apararkən təsadüfən «İnstagram»da rastlaşdığı, Bakı şəhərində yerləşən və orada fəaliyyət göstərən «Yuvam» mebelin malları ilə maraqlanmışdır. Daha sonra «Mercedes-Benz» markalı 99SP188 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən gələn «Yuvam» mebel mağazasının əməkdaşı Elşən adlı şəxsi xalasının xahişi ilə Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən «Neftçala Petrol» yanacaqdoldurma məntəqəsinin yaxınlığında qarşılayaraq xalasının evinə gətirmişdir. «Mercedes-Benz» markalı 99SP188 dövlət qeydiyyat nişanlı avtomobildə iki nəfər olub – biri Elşənin özü, digəri isə onun atası. Məhkəmə ittiham və müdafiə tərəfini, həmçinin şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Təqsirsizlik prezumpsiyası prinsipini təsbit edən Azərbaycan Respublikası CPM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır», «Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır», «Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən «Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır». Eyni Məcəllənin 349.5.1-ci maddəsinin məzmunundan görünür ki, məhkəmənin cinayət işi üzrə gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin yuxarıda istinad olunan və s. aidiyyəti müddəalarını rəhbər tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirini ittiham tərəfi sübuta yetirməli, bununla bağlı təqdim edilən sübutlar mötəbər olmalı, şəxsin təqsirliliyinə şübhə yaratmamalıdırlar. Cinayət işinin materialları, təqsirləndirilən və zərərçəkmiş şəxslərin, habelə şahidin bildirdikləri ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs X15 adlı şəxsin bank kartı hesabına 20 may 2020-ci il və 22 may 2020-ci il tarixlərində müvafiq olaraq 100 manat və 1.000 manat miqdarında, habelə təqsirləndirilən şəxsin arvadı X6 bank kartı hesabına 14 sentyabr 2020-ci il və 25 oktyabr 2020-ci il tarixlərində müvafiq olaraq 500 manat və 1.000 manat miqdarında pul köçürmüşdür. Təqsirləndirilən və zərərçəkmiş şəxslərin, habelə şahidin bildirdikləri ilə həmçinin müəyyən olunur ki, Zərərçəkmiş şəxs 21 may 2020-ci ildə Təqsirləndirilən şəxs 1.900 manat miqdarında pulu şəxsən təqdim etmiş, həmçinin 1.000 manat miqdarında pulu ona 11 sentyabr 2020-ci ildə Lökbatan dairəsi deyilən yerdə yerləşən kafedə (ittiham aktının nəticəvi hissəsində həmin yer «Bakı şəhəri, Səbail rayonu ərazisi» kimi göstərilib) işləyən şəxs vasitəsilə çatdırmışdır. Cinayət işinin materiallarından, təqsirləndirilən və zərərçəkmiş şəxslərin, habelə şahidlərin bildirdiklərindən görünür ki, Zərərçəkmiş şəxs yuxarıda göstərilən məbləğləri «Yuvam» mebel mağazasından mebel almaq məqsədilə ödəyib. Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan cinayət əməli obyektiv cəhətdən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmədə və ya əmlak hüquqlarını əldə etmədə ifadə olunur. Əməlin Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə tövsif edilməsi üçün təqsirkarın niyyətinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqlarını əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqlarını əldə etməyə yönəlmiş olsun. Bununla bağlı hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 11 iyun 2015-ci il tarixli Qərarında əks olunub. Həmin Qərarın 1-ci və 2-ci bəndlərində aşağıdakılar qeyd olunur: «Qeyd edilsin ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan suiistifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər», «Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər». Həmin Qərarın 27-ci bəndində aşağıdakılar göstərilir: «Məhkəmələrin nəzərinə çatdırılsın ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alğı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir». Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli olub-olmaması məsələsinin həlli üçün ilk növbədə onun niyyətinin nədən ibarət olması məsələsi araşdırılmalıdır. İşin faktik hallarından, o cümlədən təqsirləndirilən şəxsin ifadələrindən, həmçinin Şahid3 iş üzrə ibtidai istintaq dövründə verdiyi ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Şahid3 məxsus olmuş «Yuvam» mebel mağazasında satıcı vəzifəsində işləyib (Şahid3 öz yazılı ifadəsində təqsirləndirilən şəxsin mağazada «onlayn satış işlərinə baxdığını» bildirib). İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs ilə müvafiq əmək müqaviləsinin bağlanıb-bağlanmadığı araşdırılmamışdır (iş materiallarına belə bir müqavilə əlavə edilməyib). Bu səbəbdən təqsirləndirilən şəxsin əmək funksiyalarının konkret olaraq nədən ibarət olması iş materialları ilə müəyyən edilmir. İş materiallarına xüsusi formada çap olunmuş «Müştəri anketi» adlı sənəd əlavə olunub. Həmin sənəd zərərçəkmiş şəxsin əri Şahid1 adına tərtib edilmiş, orada müştəriyə satılmalı olan mebel dəstləri göstərilmişdir. «Müştəri anketi»ndə mebellərin satış qiyməti 5.980 manat, ödənilmiş məbləğ 2.000 manat, ödənilməli olan məbləğ 3.980 manat olmaqla göstərilmiş, o, təqsirləndirilən şəxs habelə müştəri tərəfindən imzalanmışdır. Həmin anket üzərində «Yuvam», «X4» (bu şəxsin kim olması ibtidai istintaq orqanı tərəfindən araşdırılmayıb) və VÖEN nömrəsi göstərilən möhürlə təsdiqlənib. «X4» adlı şəxsin kim olması ibtidai istintaq orqanı tərəfindən araşdırılmadığına baxmayaraq (ola bilər ki, həmin şəxs Şahid3 qardaşıdır), yuxarıda qeyd olunan «Müştəri anketi»nin həqiqi olmaqla «Yuvam» mebel mağazasına aid olması istər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı mübahisələndirilməmiş, onun «Yuvam» mebel mağazasına aid olmaması müəyyən edilməmişdir. Göstərilənləri və işin s. faktik hallarını, o cümlədən yuxarıda qeyd olunan «Müştəri anketi»nin təqsirləndirilən şəxs tərəfindən qeyri-qanuni yolla əldə olunduğuna dair iş materiallarında heç bir məlumatın olmadığını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, həmin anketin təqsirləndirilən şəxsə «Yuvam» mebel mağazasının rəhbərliyi (sahibi) tərəfindən təqdim olunması halını istisna etmək olmaz. Təqsirləndirilən şəxsin müvafiq dövrdə satıcı vəzifəsində işlədiyini, «Müştəri anketi»ndə «Məbləğ», «Ödənişi» və «Qalıq» bölmələrinin olmasını və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, mağaza rəhbərliyi tərəfindən təqsirləndirilən şəxsə müştərilərdən ödəniş almaq səlahiyyətinin verilməsi halı da istisna edilməməlidir. Göstərilənlər güman etməyə əsas verir ki, təqsirləndirilən şəxsə mağaza rəhbərliyi tərəfindən müştərilərdən pul almaq səlahiyyəti verilmişdir. Təqsirləndirilən şəxs də işin məhkəmə baxışı zamanı bildirmişdir ki, satılan mebellərin müqabilində müştərilərdən pul almaq səlahiyyəti ona mağazanın faktik sahibi Şahid3 tərəfindən verilib. Bu səbəbdən o, zərərçəkmiş şəxsdən nağd şəkildə və arvadı X6 bank kartına köçürülməsi yolu ilə ümumilikdə 4.400 manat miqdarında pul almış və bu məbləğin 2.900 manatlıq hissəsini Şahid3 şəxsən təqdim etmişdir. Qalan 1.500 manatı isə Şahid3 razılığı ilə sonuncunun ona olan əmək haqqı borcu hesabına özü götürüb (iş materiallarında təqsirləndirilən şəxsin yuxarıda qeyd olunan 1.500 manatla bağlı dəlilini, o cümlədən Şahid3 təqsirləndirilən şəxsə 1.500 manat miqdarında əməkhaqqı borcunun olması halını təkzib edə biləcək heç bir sübut yoxdur). Bununla yanaşı, zərərçəkmiş şəxs tərəfindən Şahid3 sürücüsü X11 bank kartına köçürülmüş 1.100 manat məbləğində pul vəsaiti də Rahib Cəfərov tərəfindən Şahid3 özünə təqdim olunub. Qeyd olunur ki, iş üzrə məhkəmə baxışı dövründə müdafiə tərəfi məhkəməyə kompakt disk təqdim edib. Sübut növü kimi iş materiallarına əlavə edilmiş həmin diskə ittiham və müdafiə tərəfinin iştirakı ilə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs ilə «Yuvam» mebel mağazasının əməkdaşı arasında «İnstagram» vasitəsilə müxtəlif vaxtlarda yazışma olub. Həmin yazışmalarda zərərçəkmiş şəxsin «Xanım yoxladınız onda? Ödənişlər qaydasındadır?» sualına mağazanın əməkdaşı olan şəxs tərəfindən «Bəli xanım narahat olmayın» cavabı verilmişdir. Bununla yanaşı yazışma vaxtı mağazanın əməkdaşının zərərçəkmiş şəxsin müvafiq sualına cavabından görünür ki, yazışma anı üçün zərərçəkmiş şəxsin mağazaya cəmi 280 manat miqdarında borcu qalıb. Bu hal mebelin qiymətinin (5.980 manat) 5.700 manatlıq hissəsinin yazışma anı üçün mağazaya artıq çatdırıldığını (ödənildiyini) və yaxud zərərçəkmiş şəxsə mağaza tərəfindən mebelin qiymətində 200 manat miqdarında güzəşt olunduğunu təsdiq edir. Yazışmanın məzmunundan həmçinin görünür ki, «Yuvam» mebel mağazasının əməkdaşı zərərçəkmiş şəxs tərəfindən edilmiş ödənişlərin və qalıq borcun miqdarını bildirməklə yanaşı, mebelin nə vaxt çatdırılmalı olduğunu soruşur. Zərərçəkmiş şəxs «Yuvam» mebel mağazasının əməkdaşı tərəfindən bildirilmiş ödəniş məbləği ilə bağlı heç bir etiraz etmir, əksinə mağazanın əməkdaşı ilə tam razılaşaraq mebelin ünvanına çatdırılmasının qızının vəfatı ilə əlaqədar müəyyən qədər ləngidilməsini xahiş edir. Qeyd olunmalıdır ki, iş üzrə ibtidai araşdırma dövründə X4, X15, X12, habelə təqsirləndirilən və zərərçəkmiş şəxslərin bildirdikləri Nərmin adlı şəxs, həmçinin yuxarıda qeyd olunan kompakt diskdə mağazanın əməkdaşı kimi yazışma aparmış şəxs istintaqa cəlb olunmamış və dindirilməmişlər. İşin məhkəmə baxışı dövründə ittiham tərəfinin müvafiq məzmunlu vəsatəti təmin olunaraq Şahid3 şahid qismində dindirilməsi qərara alınmış, o, məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq gəlməməsi səbəbindən barəsində iki dəfə məcburi gətirilmə haqqında qərar qəbul edilmiş, lakin məhkəmədə iştirakı aidiyyəti polis orqanları tərəfindən təmin olunmamışdır. Beləliklə, ittiham tərəfi məhkəməyə təqsirləndirilən şəxsin dəlillərini təkzib edə biləcək heç bir sübut təqdim etməyib. Yuxarıda göstərilənləri və təqsirləndirilən şəxsin bildirdiklərinin əksinin sübuta yetirilmədiyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, zərərçəkmiş şəxs tərəfindən ödənilmiş məbləğin hamısı mağazaya mədaxil edilib. Göstərilənlər təqsirləndirilən şəxsin niyyətinin zərərçəkmiş şəxsin pul vəsaitini əvəzsiz və qanunsuz olaraq ələ keçirməyə yönəlmədiyini təsdiq edir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən həmçinin aşağıdakıları qeyd edir. İş materiallarına Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş və Xətai rayon prokuroru tərəfindən təsdiq olunmuş “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə” 12 dekabr 2020-ci il tarixli qərarın surəti əlavə olunur. Qərardan görünür ki, müvafiq cinayət işi fakta görə Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə başlanıb. İstintaq zamanı müəyyən edilmişdir ki, Şahid3 Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 76c ünvanında yerləşən “Yuvam mobilya” adlı mebel mağazasına faktik sahibliyi həyata keçirərkən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə mebel dəstlərinin istehsalı ilə məşğul olduğuna dair elan yerləşdirmiş, həmin elan əsasında müraciət etmiş bir sıra şəxsə mebel dəstlərinin qısa müddətdə hazırlanaraq yaşadıqları evə çatdırılıb quraşdırılacağına dair yalan vəd verib tam etibarlarını qazandıqdan sonra bu adla onlardan pul alıb ələ keçirərək dələduzluq cinayətləri törətmişdir. Cinayət işi üzrə istintaqa Şahid3 ilə yanaşı, hazırkı iş üzrə Təqsirləndirilən şəxs habelə X7 və X5 cəlb olunmuşlar. İş üzrə ibtidai araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, X2 və X1 əməllərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, Təqsirləndirilən şəxs, X7 və X5 mebel sifarişi üçün müştərilər tərəfindən ödənilmiş pulların hamısını Şahid3 vermiş, onların Şahid3 müştəriləri aldatmaq niyyətində olmasından məlumatları olmamışdır. Göstərilənlərə əsasən yuxarıda qeyd olunan qərarla Təqsirləndirilən şəxs, X7 və X1 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmişdir. Bununla yanaşı, Şahid3 CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, o, bütün zərər çəkmiş şəxslərlə barışıq əldə etdiyindən və dəymiş ziyan tamamilə aradan qaldırıldığından iş üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən xitam verilmişdir. Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqinin 12 dekabr 2020-ci il tarixli qərarında göstərilən halları hazırkı işin faktik halları ilə müqayisəli şəkildə təhlil etdikdə görünür ki, hər iki işin faktik halları mahiyyət etibarilə eynidir. Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqinin 12 dekabr 2020-ci il tarixli qərarında göstərilənlər hazırkı işlə bilavasitə əlaqəli olmadığına baxmayaraq, bunlar hazırkı iş üzrə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkibinin olmamasını dolayısı ilə təsdiq edirlər. Məhkəmə işin faktik hallarını nəzərə alıb, Azərbaycan Respublikası CPM-nin yuxarıda istinad olunan 21.1, 21.2, 21.3-cü maddələrini rəhbər tutaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli sayıla bilməz. Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən «əməldə cinayət tərkibi olmadıqda» məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə bəraət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42, 344 – 350, 352, 353, 355, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri Azərbaycan Respublikası CPM-nin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilsin. Bəraət almış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsində nəzərdə tutulan hüquq və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış kompakt disk iş materiallarında saxlansın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-1/2023
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-1/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver