Məhkəmə qərarları › İş №1(053)-1/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-1/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-1/2024 31.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxx 2000-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşamış, məhkumluğu olmayan, Neftçala Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan olunmuş və “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “Həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmuş, 14 noyabr 2023-cü il tarixdən həbsdə olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, audio-video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı Neftçala rayonu, Yuxarı Qaramanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs Azərbaycan Memarlıq və İnşaat Universitetindəki 4 imtahan kəsirinə qiymət yazdırıb düzəldəcəyi barədə yalan vəd verib inandıraraq, sonuncudan 24 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonunda fəaliyyət göstərən “Dəniz Mall” ticarət mərkəzində yerləşən “Milli Ön” ödəniş terminalı vasitəsilə ödədiyi 1600 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrar tanışı Neftçala rayonu, Yuxarı Qaramanlı kəndində qeydiyyatda olmaqla orada yaşayan Zərərçəkmiş şəxs Azərbaycan Memarlıq və İnşaat Universitetindəki 2 imtahan kəsirinə qiymət yazdırıb düzəldəcəyi barədə yalan vəd verib inandıraraq sonuncudan 2021-ci ilin mart ayında, günü istintaqa məlum olmayan tarixdə Neftçala rayonu, Yuxarı Qaramanlı kəndində fəaliyyət göstərən mağazada yerləşən “Milli Ön” ödəniş terminalı vasitəsilə ödədiyi 600 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək dələduzluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, elan edilmiş ittihamın mahiyyəti və mənası ona aydındır, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilir. O, ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşamaqla heç bir yerdə işləmir. 2021-ci ilin fevral ayının əvvəllərində tanışı və həmyerlisi X1 ona demişdir ki, Neftçala rayon sakini olan tanışı Zərərçəkmiş şəxs adlı tanışı var. Həmin Rauf adlı oğlanın İV kursunda ali təhsil aldığı Azərbaycan Memarlıq və İnşaat Universitetinin 4 fənnindən kəsiri var və həmin kəsirləri tanış adam tapmaqla düzəltmək yəni, qiymət yazdırmaq lazımdır. O, Rəhimə demişdir ki, həmin şəxsə köməklik göstərə bilər, çünki onun həmin universitetdə tanışları vardır. O, Rəhimə demişdir ki, bu işin düzəlməsi üçün 1600 (min altı yüz) manat nağd pul lazımdır. Rəhim isə ona bildirmişdir ki, həmin pulu götürüb ona çatdıracaq, ancaq Raufun işi düzəlsin. Çünki Raufun işi düzəlməsə o, hərbi xidməti bir il müddətinə yox, il yarım müddətində xidmət edǝrǝk bitirəcəkdir. 2021-ci ilin fevral ayının təxminən 21-də Rəhim ona 1.600 manat pulu Bakı şəhərində əlbəǝl vermişdir. O, həmin pulu Rəhimdən almış, ancaq həmin pulları öz şəxsi məqsədləri üçün ora-bura xərcləmişdir. Zərərçəkmiş şəxs verdiyi vədini yerinə yetirməmişdir. O, bundan sonra Raufla şəxsən özü tanış olmuş və bir neçə dəfə Bakı şəhərində müxtəlif yerlərdə görüşərək oturub söhbətləşmişlər. 2021-ci ilin mart ayında bu dəfə Rauf özü ona demişdir ki, dörd imtahan kəsirindən başqa daha 2 kəsiri var və həmin kəsirlərin yazılmasında da ona adam yəni, tanış tapmaqla köməklik göstərsin. O, Raufdan bir dəfə 1600 manat pul aldığı üçün maddi imkanının olduğunu bilmişdir. Rauf ona pulu Neftçala rayonunun Aşağı Qaramanlı kəndindəki “Milli Ön” aparatı vasitəsilə Bakı şəhərinə göndərmiş və o, Bakı şəhərində pulu götürmüşdür. Yenə də əvvəlki qaydada götürdüyü pulları öz şəxsi məqsədləri üçün xərcləyib qurtarmışdır. Rauf ona pulu özünə məxsus olan “Kapital Bank” kartina atmış və pulu kartdan özü Bakı şəhərində götürmüşdür. Lakin o, Zərərçəkmiş şəxs dələduzluq yolu ilə aldatmış və verdiyi vədini yerinə yetirməmişdir. Rauf ona mütəmadi olaraq zəng vurub imtahan qiymətləri ilə maraqlansa da hər dəfə onu aldadıb işi yubatmışdır. O, Rauf Abıyedən aldığı puldan tanışı Rəhim Qəmbərliyə hər hansı məbləğdə hissə verməmiş, pulların hamısını özü götürüb xərcləmiş və həmin puldan heç kimə heç nə verməmişdir. O, Zərərçəkmiş şəxs iki dəfǝyǝ olmaqla ümumilikdə 2200 manat pul almış və həmin puldan istintaq dövründə 300 manat, hazırda isə qalan borcu da valideynləri tərəfindən tam olaraq zərərçəkmiş şəxsə ödənilmişdir. Hazırda etdiyi əməldən peşmandır. Göstərilənləri nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasına və barəsində olan cinayət təqibinə xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, özü heç bir yerdə işləmir və fərdi əməklə məşğul olmaqla dolanır. Həqiqi hərbi xidmətini yeni bitirmişdir. Azərbaycan Memarlıq və İnşaat Universitetində “İnşaat” fakültəsində 4-cü kurs tələbəsi olub. 2021-ci ilin fevral ayının əvvəllərində İ smestr imtahanında 4 fəndən kəsiri yaranıb. O, kəsirlərini düzəltmək üçün yollar axtararkən universitetdə tələbə yoldaşları ona demişlər ki, universitetdə oxuyan X1 adlı bir nəfər şəxs var və o belə işləri düzəltməyi bacarır. O, Rəhim ilə görüşüb vəziyyəti ona başa salmışdır. Rəhim ona kəsirləri düzəldə bilən Saleh adlı tanışı olduğunu bildirmişdir. Sonra Rəhim ona zəng edərək 4 kəsiri 1600 (min altı yüz) manat pula Salehin bərpa edəcəyini demişdir. Aralarında olan razılaşmaya əsasən 2021-ci ilin fevral ayının 24-də Bakı şəhəri Səbail rayonunda yerləşən “Dəniz Mall” ticarət mərkəzində “Milli Ön” terminalı vasitəsi ilə Rəhimin ona dediyi nömrəsini xatırlamadığı “Kapital Bank” hesabına 1600 manat pul köçürmüşdür. Daha sonra Rəhim onu Saleh ilə tanış etmişdir. O, həmin şəxsin Tərtər şəhər sakini olan Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Saleh Rəhimin ona pulu çatdırdığını, 4 kəsirini düzəldəcəyini bildirmişdir. Bir neçə ay keçməsinə baxmayaraq Saleh kəsirlərini düzəltməmişdir. Hər dəfə də bu barədə Salehlə söhbət etdikdə yenə də vəd verərək tezliklə kəsirləri düzəltdirəcəyini deyərək onu aldatmışdır. 2021-ci ilin mart ayında yenə də Saleh ilə söhbət edərkən Salehǝ 4 kəsirindən əlavə 2 kəsirinin olduğunu da demişdir. Saleh ona əlavə 600 manat pul verməyini, 4 kəsirlə birlikdə 2 kəsirini də bərpa etdirəcəyini demişdir. O, da Salehǝ inanmışdır. Həmçinin Saleh ilə danışarkən 4 kəsirini bərpa etdirəcəyi müqabilində Rəhimin ona 1300 manat pul verdiyini demişdir. Bundan sonra Rəhim ilə danışanda Rəhim ona 1600 manat puldan 300 manat pulu Saleh ilə onu tanış etdiyi üçün zəhmət haqqı kimi özünə götürdüyünü demişdir. O, pulunu Rəhimdən istəyəndə Rəhim həmin 300 manat pulu ona geri qaytarmışdır. Saleh ilə danışdıqları kimi əlavə 2 kəsirini bərpa etməsi üçün ondan istədiyi 600 manat pulu 2021-ci ilin mart ayında Neftçala rayonu, Yuxarı Qaramanlı kəndində yerləşən mağazadan “Milli Ön” ödəmə terminalı vasitəsilə Salehin ona dediyi, lakin hazırda nömrəsini xatırlamadığı “Kapital Bank”a aid kart hesabına köçürmüşdür. Daha sonra Təqsirləndirilən şəxs telefon zənglərinə və sms mesajlarına cavab verməmişdir. Rəhim onunla ***-***-**-** mobil nömrəsi ilə danışmışdır. Onu Saleh ilə tanış edən şəxs Rəhim olmuşdur. Saleh isə onunla ***-***-**-** mobil nömrəsi ilə danışmışdır. Onu aldadan Saleh adlı şəxsin harada yaşadığını bilməmişdir. “Milli Ön” ödəmə terminalı vasitəsilə köçürdüyü 1600 manat və 600 manat pulların ödəniş qəbzləri onda deyil, harada olduqlarını dəqiq bilmir və xatırlamır, çünki itirmişdir. Saleh onu dələduzluq yolu ilə aldadaraq ümumilikdə 2200 (iki min iki yüz) manat pulunu ələ keçirmişdir. Atası Şahid1 oğlunun Bakı şəhərində universitet tələbəsi olduğu üçün ona təxminən 2000 (iki min) manat pul vermiş və ona demişdir ki, bu pulları ona bağışlayır, lazım olanda öz ehtiyacları üçün xərcləsin. O, Təqsirləndirilən şəxs ilə söhbət əsnasında sonuncuya bildirmişdir ki, imtahan kəsirlərinin yazılması üçün yəni, düzəldilməsi məqsədilə müəyyən məbləğdə kifayət qədər pul vəsaiti əldə edib və lazım olan anda lazımı qədər pul verib işini gördürmək istəyir. Onun Təqsirləndirilən şəxs 2200 (iki min iki yüz) manat məbləğində pulu verdiyini X1 və atası Şahid1 bilmişdir. Qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər hazırda tam olaraq ödənilib. Təqsirləndirilən şəxslə barışıb, ona qarşı şikayəti və tələbi yoxdur. Şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-437/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 1(075)-62/2023 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 1(075)-62/2023 saylı hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla o, cinayət məsuliyyətindən azad olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə işin hüquqi həlli ilə bağlı aşağıdakıları qeyd edir: İşin faktik hallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs cinayət nəticəsində vurduğu ziyanı tamamilə ödəmiş və sonuncu ilə barışmışdır. Bununla yanaşı, müdafiə tərəfinin təqdim etdiyi 30 yanvar 2024-cü il tarixli qəbzlə müəyyən olunur ki, cinayət nəticəsində vurulmuş 2200 manat miqdarında ziyanın 25 faizi miqdarında, yəni 550 manat məbləğində dövlət büdcəsinə ödəniş edilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72-73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini barəsində Sumqayıt Şəhər Polis İdarəsi və Şəki Apellyasiya Məhkəmələrində qəbul edilmiş yekun qərarlardan əvvəl törətdiyindən cinayət işinin icraatına xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir». İşin faktik halları ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanın əvəzi tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs onunla barışmış və cinayət əməli ilə vurduğu ziyanın 25 faizi miqdarında, yəni 550 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən «cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir)». Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin və o, hazırkı qərar elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilsin. Qərardan elan edildiyi tarixdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar