Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-10/2025 15.01.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən korpus 43 ünvanında yaşayan, 20-22 noyabr 2024-cü il tarixləri üzrə tutulmuş, 22 noyabr 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 oktyabr 2024-cü il tarixdə, saat 10:30 radələrində Neftçala rayonu, Bankə qəsəbəsi, S.Paşin küçəsində yaşayan arvadı Zərərçəkmiş şəxs yaşadığı evə gələrək, orada sonuncu ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs baş və üz nahiyəsinə qəsdən vuraraq, sonuncuya-sol qulaq seyvanının qançırı, şişkinliyi, yarası, sol sifət almacıq nahiyələrinin qançırı ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, o, Zərərçəkmiş şəxs şikayəti ilə tanış olmuşdur. Qunça onun həyat yoldaşıdır. O, təxminən 5 il bundan əvvəl Qunça ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan 2 övladı dünyaya gəlmişdir. O, Qunça ilə ailə həyatı qurduqdan sonra birlikdə Bakı şəhəri, Binəqədi rayonunda yaşamağa başlamışlar. 2022-ci ilin sentyabr ayında Qunçanın qardaşı X2 şəhid olmuşdur. Bundan sonra Qunçanın anası Lalə onlara Neftçala rayonuna gələrək birlikdə yaşamalarını bildirmişdir. O da bundan sonra Qunça və övladları ilə Neftçala rayonu, Bankə qəsəbəsinə, Qunçanın anasının yanına gəlib, birlikdə yaşamağa başlamışlar. Bir müddət Neftçala rayonunda qaldıqdan sonra Qunça və uşaqlarını Lalənin yanında qoyaraq özü işləmək üçün Bakı şəhərinə getmişdir. Bakı şəhərində işləyib, 10-15 gündə bir dəfə rayona gələrək onlara pul verib, yenə işə gedirmiş. Təxminən 3-4 ay olar ki, Qunça ilə aralarında müəyyən problemlər yaranmışdır. Belə ki, Qunça ona məlumat vermədən qohum-qonşulara getməyə başlamışdır. O, Qunçaya istəmədiyi qonşu ilə söhbət etməməsini və mobil telefonundan nömrəsini silməsini desə də, Qunça ona məhəl qoymamışdır. Buna görə də aralarında mübahisələr yaranmışdır. Qunça hər dəfə ona Bakı şəhərindən çıxmamışdan əvvəl zəng edərək məlumat verməsini deyirmiş. Qunçanın bu hərəkəti onda şübhə yaratmışdır. xx.xx.2024-cü il tarixdə, saat təxminən 10:30 radələrində Qunçaya xəbər vermədən Neftçala rayonu, Bankə qəsəbəsinə gəlmişdir. Qapını döydükdə qonşunun nəvəsi Cəmilə qapını açmışdır. O da evə daxil olmuşdur. Mətbəxdə Qunçanın kiminləsə danışdığını eşitmişdir. Mətbəxə daxil olduqda Qunçanın bir əlində mobil telefon, digər əlində çaynik olduğunu, Qunçanın da telefonla kiminləsə danışdığını görmüşdür. Qunça onu gördükdə özünü itirmişdir. O, Qunçaya kiminlə danışırsan deyə soruşmuşdur. Qunça da ona "hər şeyi sənə başa salacam" demişdir. O, Qunçanın üz nahiyəsinə sillə ilə vurmuşdur. Telefon Qunçanın əlindən yerə düşmüşdür. O, telefonu yerdən götürmüşdür. Qucağında balaca uşağı olduğu üçün telefon onun əlindən yerə düşmüşdür. Qunça da telefonu götürüb bayıra qaçmışdır. O da Qunçanın arxasınca getmişdir. Pilləkəndə telefon Qunçanın əlindən yenə yerə düşmüşdür. Qunça telefonu götürmək istəyəndə ayağı sürüşmüş və pilləkəndən aşağı, birinci mərtəbəyə yıxılmışdır. O da telefonu götürmüşdür. Uşağı qonşunun nəvəsi Cəmiləyə vermişdir. Qunça ayağa qalxıb ondan telefonunu istəmişdir. O da telefonu Qunçaya verməmişdir. Telefonu götürüb rayon polis şöbəsinə getmişdir. Polis şöbəsində müavinlə görüşmək istədiyini demişdir. Orada ona hazırda müavinin işdə olmadığını demişlər. O da bir müddət gözlədikdən sonra Bakı şəhərinə getmişdir. Sonradan Qunçanın onun barəsində şikayət etdiyini və guya onun telefonu oğurladığını dediyini öyrənmişdir. Bundan sonra telefonu taksi ilə Qunçaya göndərmişdir. Əməlindən peşmandır. Qeyd edir ki, hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəyən ziyanı ödəmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, 2020-ci ildə Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan 2 övladı dünyaya gəlmişdir. Ailə qurduğu vaxtdan Mayıl ilə aralarında mübahisə olmuşdur. Bir neçə dəfə buna görə şikayət də etmişdir. xx.xx.2022-ci ildə qardaşı X2 şəhid olduqdan sonra anasının tək qalmaması üçün o, yoldaşı və uşaqları ilə birlikdə Neftçala rayonu, Bankə qəsəbəsinə köçmüşlər. Burada da yaşadığı müddətdə adi məsələlərə görə aralarında mübahisə yaranmışdır. 2024-cü ilin iyun ayında əmisi oğlanları onlara gəlmişlər. Mayıl da bunu bəhanə edərək onunla mübahisə etmişdir. O da bundan sonra Mayıldan boşanmaq qərarına gəlmiş və boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Mayıl da onu dəfələrlə öldürməklə hədələyərək düzgün hərəkət etmədiyini demişdir. Bir neçə dəfə əlində bıçaqla yaşadığı evə və iş yerinə gələrək onu öldürməklə hədələmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, saat 10:30 radələrində Bankə qəsəbəsində yaşadığı evdə 2023-cü il təvəllüdlü oğlu və qonşusu Cəmilənin 11 yaşlı nəvəsi Cəmilə ilə birlikdə olduğu vaxt qapı döyülmüş, Cəmilə də qapını açmışdır. O da Mayılın mətbəxə yanına gəldiyini görmüşdür. O Mayıl gəlməmişdən əvvəl özünə məxsus “İphone 15” markalı mobil telefonda “wepley” oyununa daxil olmuşdur. Çay dəmlədiyi üçün telefon masanın üzərində qalmış və oyunda oynayan şəxslərin səsi gəlirmiş. Mayıl mətbəxə daxil olub həmin səsləri eşidib ona "kişilərlə danışırsan" demiş və yumruqla baş nahiyyəsindən vurmuşdur. O, Mayıla sakitləşməsini, oyun olduğunu başa salmağa çalışmışdır. Lakin Mayıl mobil telefonunu götürmüşdür. O da Mayılın arxasınca gedərək yenə səhv başa düşüyünü, telefondan gələn səsin oyunçuların səsi olduğunu başa salmağa çalışmışdır. Mayıl da onu tutub, yumruqla baş nahiyəsinə vurmağa başlamışdır. Mayıl yumruqla onun sol qulağına vurmuşdur. O da Mayılın onu döyüb öldürəcəyindən qorxduğu üçün qapını açıb bloka çıxmışdır. Mayıl da arxasınca bloka çıxmışdır. Onun səsinə qonşuların bloka çıxdığını görmüşdür. Mayıl blokda onu tutmaq istəmişdir. O, Mayıldan qaçan zaman pilləkəndən aşağı yıxılmışdır. Bundan sonra huşunu itirmişdir. Ayıldıqda qonşusu Cəmiləgilin evində olduğunu görmüşdür. Qonşuları Zülfiyə, Rövşanənin də orada olduğunu görmüşdür. Zülfiyə ona yıxıldıqdan sonra Mayılın üzərində oturub yumruqla onu vurduğunu demişdir. O, ayıldıqdan sonra DİN-nin 102 xidmətinə müraciət etmişdir. Zərərçəkmiş şəxs həmçinin qeyd edir ki, keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam olaraq ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınıb təqsirləndirilən şəxsə ən yüngül cəzanın verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 11 oktyabr 2024-cü il tarixli, 213 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “2000-ci il təvəllüdlü X1 məhkəmə tibbi-müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol qulaq seyvanın qançırı, şişkinliyi, yarası, sol sifət almacıq nahiyyələrinin qançırı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitə, yəni 08 oktyabr 2024-cü il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərərvurmaya aiddir”. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhər, Yasamal RPİ-də ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cəlb edilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3, CM-nin 73.2-ci maddələrinə əsasən barəsində olan cinayət işi xitam edilmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında barışıq olduğunu qeyd etməklə yanaşı vurğulayır ki, Təqsirləndirilən şəxs Bakı şəhər, Yasamal RPİ-nin ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən Azərbaycan Respublikası CPM-nin 40.3, CM-nin 73.2-ci maddələrinə əsasən azad edilmiş və onun həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmişdir. Bu səbəbdən iş üzrə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinin yenidən tətbiqi həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən mümkün deyil. Belə ki, CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilmişdir ki, Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Təqsirləndirilən şəxs eyni maddə ilə bir dəfə cinayət məsuliyyətindən azad edildiyindən hazırkı iş üzrə zərər çəkmiş şəxslə barışdığına görə yenidən cinayət məsuliyyətindən azad edilə bilməz. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən “Həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Təqsirləndirilən şəxs 20 noyabr 2024-cü ildən 22 noyabr 2024-cü ilədək tutulduğu dövr, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin öz əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, cinayətin ailə-məişət mübahisəsi zəminində törədildiyini və zərərçəkmiş şəxslə barışdığını iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailə vəziyyətinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası daxilində cərimə cəzası təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1.200 (min iki yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 noyabr 2024-cü ildən 22 noyabr 2024-cü ilədək tutulduğu dövr, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nəzərə alınsın və təyin edilmiş cəza yüngülləşdirilərək, ona qəti olaraq 1.050 (min əlli) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-10/2025
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-10/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver