Məhkəmə qərarları › İş №1(053)-104/2022

Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-104/2022

10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-104/2022 10.11.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X3, X2, X4 və X5 iştirakı ilə X11, X3, X2, X4 və X5 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X10 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X13 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X11, X3, X2, X4 və X5 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş etmişdir. Məhkəmə proses tərəflərini dinləyib, iş materiallarını nəzərdən keçirib, işin faktik hallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında məhkəmə baxışının keçirilməsindən aşağıda göstərilənlərə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 293.3.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda “törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği)” göstərilməlidir. Göründüyü kimi, qüvvədə olan prosessual qanunvericilik böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə (o cümlədən, xüsusi ittiham qaydasında şikayətdə) şəxsin “cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi”ndə təqsirləndirildiyinin göstərilməsini tələb edir. Məslə ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan böhtan cinayəti obyektiv cəhətdən «...yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma”da ifadə olunur. Həmin Məcəllənin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli isə bundan fərqli olaraq obyektiv cəhətdən «ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma»da ifadə olunur. CM-nin 147.2-ci maddəsinin sanksiyası həmin Məcəllənin 147.1-ci maddəsinin sanksiyasından daha ağırdır. Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, şəxsin eyni bir əmələ görə Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə eyni zamanda cinayət məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi daha ağır olmaqla yanaşı, həmin Məcəllənin 147.1-ci maddəsinin tərkibini əhatə edir. Şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinin tərkibi müəyyən edildiyi halda onun əməli yalnız həmin maddəyə tövsif edilir. Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxsin eyni zamanda CM-nin 147.1-ci maddəsi ilə də məsuliyyətə cəlb olunması isə onun vəziyyətini Cinayət Qanununun tələblərinə zidd olaraq ağırlaşdırmış olar. Və əksinə, şəxsin əməlində Azərbaycan Respublikası CM-nin yalnız 147.1-ci maddəsinin tərkibi müəyyən edildiyi halda o, məhz həmin maddə ilə məsuliyyətə cəlb olunmalıdır. Şikayətdə isə X11, X3, X2, X4 və X5 Azərbaycan Respublikası CM-nin həm 147.1ci maddəsi, həm də 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri xahiş olunur. Beləliklə, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin CM-nin məhz hansı konkret maddəsi ilə (məhz hansı konkret əmələ görə) cinayət məsuliyyətinə cəlb edilməli olduqları (cəlb olunmalarının xahiş edildiyi) şikayətin məzmunundan görünmür. Bununla yanaşı, iş materiallarından görünür ki, xüsusi ittiham qaydasında şikayətin verilməsi səbəbi barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X11, X3, X2, X4 və X5 “Kanal-24” YouTube kanalına müsahibə vermələri ilə əlaqəli olub. Həmin müsahibələrdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı və Xol Qarabucaq bələdiyyəsinin sədri X13 ilə bağlı şikayətlər səsləndirildiyinə baxmayaraq, onların məzmunu və müsahibələrdə qaldırılan məsələlər bir-birindən fərqlidirlər. Həmçinin, xüsusi ittiham qaydasında şikayətə əlavə olunmuş kompakt diskdəki videoyazıdan görünür ki, müsahibələr müxtəlif yerlərdə verilib. Buna baxmayaraq, X13 barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X11, X3, X2, X4 və X5 cinayət məsuliyyətinə cəlb olunmalarını bir xüsusi ittiham qaydasında şikayətdə xahiş edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət Azərbaycan Respublikası CPM-nin 293.3.2-ci maddəsinin tələblərinə ziddir. Yuxarıda göstərilənlərlə yanaşı qeyd olunur ki, Azərbaycan Respublikası CPM-nin 293.3.1-ci və 293.3.3-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda “şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), habelə “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi” göstərilməlidir. Şikayətin giriş hissəsində X1, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi göstərildiyinə baxmayaraq, onun həmin şikayət üzrə xüsusi ittihamçı qismində çıxış etdiyi göstərilməyib. Bununla yanaşı, şikayətin nəticəvi hissəsində X17, X7, X6, X8 və X9 barəsində müvafiq məlumatlar əks olunduğuna baxmayaraq, onun giriş hissəsində Azərbaycan Respublikası CPM-nin 293.3.3-cü maddəsində nəzərdə tutulan məlumatlar əks olunmamışdır. Şikayət tərtib olunarkən Azərbaycan Respublikası CPM-nin 293.4-cü maddəsinin göstərişinə də edilməyib. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən “şikayətin məzmunu bu Məcəllənin 293.3.1 – 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda” məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinin mənasına görə məhkəmə CPM-nin 302.1.3-cü maddəsində nəzərdə tutulan əsasla xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etdikdə şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarmalıdır. Göstərilənlərə əsasən X11, X3, X2, X4 və X5 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri ilə bağlı X10 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 300, 302, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X11, X3, X2, X4 və X5 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri ilə bağlı X10 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar