Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-11/2023 19.07.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, 25 avqust 1989-cu ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Neftçala Rayon Məhkəməsinin 1(053)-2/2023 nömrəli iş üzrə 12 may 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla və əvvəli 12 may 2022-ci il tarixindən hesablanmaqla 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırkı işlə bağlı 07 – 09 noyabr 2022-ci il tarixləri üzrə şübhəli şəxs qismində tutulmuş, 09 noyabr 2022-ci il tarixdə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş, Neftçala Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarına əsasən barəsində əvvəli 09 dekabr 2022-ci il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Neftçala Rayon Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci ildə saat 03 radələrində özgənin əmlakını ələ keçirmək məqsədilə Neftçala rayonu, Bankə qəsəbəsi, Ə.Gözəlov küçəsində yerləşən Neftçala rayonu, Bankə qəsəbə sakini Zərərçəkmiş şəxs məxsus olan ərzaq malları mağazasına tavanını sındırmaqla qanunsuz daxil olub oradan 900 (doqquz yüz) manat məbləğində nağd pulu, 300 (üç yüz) manat dəyərində uşaq oyuncaqlarını, 700 (yeddi yüz) manat dəyərində qadın paltarlarını, 100 (yüz) manat dəyərində dəsmalları və 400 (dörd yüz) manat dəyərində qol saatlarını gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 2.400 (iki min dörd yüz) manat miqdarında maddi ziyan vuraraq oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, hazırda başqa bir cinayət işi ilə əlaqədar məhkumdur və cəzasını xəstəliyi ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində çəkir. Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 3 dəfə məhkumluq həyatı yaşayıb. Lakin hazırkı iş üzrə cinayət əməli onun tərəfindən törədilməyib və bu işin onunla heç bir əlaqəsi yoxdur. Cinayət işinin ibtidai istintaqı dövründə ifadələrinin sonundakı imzalar ona məxsusdur. Amma həmin ifadələr yazılı şəkildə ona təqdim edilmiş və bilavasitə polis əməkdaşlarının təzyiqi və təsiri altında bu ifadələrə imza etmişdir. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclaslarına gəlməmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək cinayət nəticəsində vurulmuş zərərin ona ödənilmədiyini, həmin zərərin ödənilməsini tələb etdiyini, məhkəmə iclaslarına gəlməməsinin səbəbinin səhhəti ilə bağlı olduğunu bildirib, ərizəsi nəzərə alınmaqla işə onun iştirakı olmadan baxılmasını və yekun qərar qəbul olunmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Neftçala Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Qeyd edir ki, 07 noyabr 2022-ci il tarixdə Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2la birlikdə Neftçala şəhər sakini Təqsirləndirilən şəxs Neftçala rayonu, Bankə qəsəbə sakini Zərərçəkmiş şəxs məxsus olan və həmin qəsəbə ərazisində yerləşən ərzaq malları mağazasından oğurluq edilməsində şübhəli şəxs kimi saxlanılıb Neftçala RPŞ-nə gətirilməsində iştirak etmişdir. Onlar Təqsirləndirilən şəxs Neftçala şəhəri ərazisində saxlayaraq saat 11 radələrində Neftçala RPŞ-nə gətirmişlər. Aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs 2022-ci il oktyabr ayının 6-da saat 02.00 – 03.00 radələrində tək Zərərçəkmiş şəxs Bankə qəsəbəsi ərazisində yerləşən ərzaq malları mağazasına tavanı sındırmaqla daxil olduğunu bildirmişdir. Həmçinin o, həmin mağazadan 1 ədəd qadın xalatını, 1 dəst qadın paltarını, 3 ədəd əl-üz dəsmalını, 1 ədəd fənəri, müxtəlif uşaq oyuncaqlarını və 550 manat nağd pulu oğurlayaraq mağazaya daxil olduğu yerdən qaçıb getdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs mağazadan oğurladığı əşyaları yəni, 1 ədəd qadın xalatını, 1 dəst qadın paltarını, 3 ədəd əl-üz dəsmalını, 1 ədəd fənəri, 1 ədəd uşaq oyuncağı olan «avtomobili»,1 ədəd uşaq oyuncağı olan «avtomatı» və 2 ədəd uşaq oyuncağı olan «ox-yayı» Neftçala rayonu, Uzunbabalı kəndi ərazisində xəlvəti bir yerdə gizlətdiyini, həmin sadaladığı əşyaları polis əməkdaşlarına təqdim edə biləcəyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Məhkəmə tərəfləri dinləyib, məhkəmə istintaqında araşdırılmış sübutlara əsaslanaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq təqsirləndirilən şəxsin ona ittiham olunan cinayət əməlini törətməsi faktı iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunur. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrdə və digər prosessual hərəkətlər zamanı (məsələn, ifadənin yerində yoxlanılması zamanı) özünü ona ittiham olunan cinayət əməli törətməkdə təqsirli bilmiş və buna uyğun ifadələr vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəməyə bildirdikləri iş materialları ilə ziddiyyət təşkil etməklə yanaşı, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 Səfadər oğlunun və Şahid2 ifadələri ilə də təkzib olunur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xüsusatları ilə bağlı məhkəməyə bildirdikləri (cinayət əməlini törətməsini etiraf etməməsi) qeyri-səmimi olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs səhhətinin vəziyyəti cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qadın xalatı, 1 dəst qadın paltarı, 3 ədəd əl-üz dəsmalı, 1 ədəd fənər, 1 ədəd uşaq oyuncağı olan «avtomobil», 1 ədəd uşaq oyuncağı olan «avtomat» və 2 ədəd uşaq oyuncağı olan «ox-yay» Zərərçəkmiş şəxs təhvil verildiyindən onun sərəncamına qaytarılmış sayılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Neftçala Rayon Məhkəməsinin 1(053)-2/2022 nömrəli iş üzrə 12 may 2023-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 07 – 09 noyabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 09 dekabr 2022-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qadın xalatı, 1 dəst qadın paltarı, 3 ədəd əl-üz dəsmalı, 1 ədəd fənər, 1 ədəd uşaq oyuncağı olan «avtomobil», 1 ədəd uşaq oyuncağı olan «avtomat» və 2 ədəd uşaq oyuncağı olan «ox-yay» Zərərçəkmiş şəxs təhvil verildiyindən onun sərəncamına qaytarılmış sayılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-11/2023
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-11/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver