Məhkəmə qərarları › İş №1(053)-11/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-11/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-11/2024 28.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1990-cı il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində «Başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən məhkəməyə verilmişdir ondan ötrü ki, 08 oktyabr 2023-cü il tarixdə, saat 19 radələrində alkoqol sərxoşluğu vəziyyətində Neftçala rayonunun Bankǝ qəsəbəsi, C.Mikayılov küçəsində yerləşən 104 nömrəli evinin qarşısında, küçədə həmyerlisi Zərərçəkmiş şəxs motosiklet sürərkən fit çalmasını bəhanə edib, heç bir əsaslı səbəb olmadan sağ əli ilə Zərərçəkmiş şəxs sifətinə zərbələr vurmaqla ona sol gözaltı nahiyənin qançırı, sol gözün ağlı qişasının qansızması, burunun yumşaq toxumalarının şişkinliyi qançırı və burun sümüyünün sınığı ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə zor tətbiq edib, qərəzli xuliqanlıq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, özü heç bir yerdə işləmir və Bakı şəhərində atası ilə birlikdə fəhləlik edərək dolanır. Əvvəllər heç vaxt məhkum olunmayıb. 08 oktyabr 2023-cü il tarixdə, axşam saat təxminən 19 radələrində yaşadığı Bankə qəsəbəsində küçədə dayanmış və günortadan işki içdiyi üçün artıq sərxoş vəziyyətdə olmuşdur. Neftçala rayonu, Bankə qəsəbəsindəki Kür çayının üstündə olan körpü tərəfdən bir nəfər tanımadığı şəxsin başında kaska motosiklet sürə-sürə küçə ilə ona tərəf gəldiyini görmüşdür. O, fit səsi eşitdiyi üçün əl edib həmin motosikleti saxlatdırmışdır.Motosikletin sürücüsündən soruşmuşdur ki, niyə onların küçəsi ilə gedərkən fit çala-çala gedir, o, bu hərəkəti ilə nə demək istəyir. Həmin şəxs ona demişdir ki, o, fit çalmamışdır. Onun bu sözü onu ani olaraq əsəbləşdirmiş və sağ əli ilə onun sifətinə bir zərbə vurmuşdur. Zərbənin təsirindən həmin şəxs yerə yıxılmışdır. Başındakı kaska yerə düşəndən sonra həmin şəxsin həmyerlisi Bəhruz olduğunu bilmişdir. Bundan sonra o, yaşadığı evə keçmiş, bu zaman atası Şakir yaşadıqları evdən küçəyə çıxmış və Bəhruza yaxınlaşmışdır. Bəhruz atasına demişdir ki, görürsən də oğlu onu nahaqdan döyüb, nə vəziyyətə salmışdır. Atası da cavabında Bəhruza demişdir ki, o, oğlundan şikayət etməsin, səhv edib ona qarşı bu cür hörmətsizlik edib, Nizamini tənbeh edib başa salar. Mübahisə zamanı bir-birinə qarşı nalayiq söz işlətməyiblər. Həmin vaxt ətrafda kənar şəxslər olmamış, hadisə təxminən 30 saniyə davam etmişdir. Zərərçəkmiş şəxslə barışdığını nəzərə alıb iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs özü heç bir yerdə işləmədiyini və yaşadığı qəsəbədə fərdi əməklə məşğul olaraq dolandığını bildirmişdir. Əlavə olaraq qeyd edir ki, həmyerlisi Təqsirləndirilən şəxs tanıyır. Onunla yaxşı və səmimi münasibəti var. 08 oktyabr 2023-cü il tarixdə, axşam saat təxminən 19 radələrində idarə etdiyi “MT” markalı, yedəkli motosiklet ilə çöldən yaşadığı evə gələrkən Təqsirləndirilən şəxs onun yaşadığı küçədə görmüşdür. O, Nizaminin yanından keçən zaman Nizami ona motosikleti saxlamasını bildirmiş, o da dayanan zaman küçədə fit çalan kim olub, sən olmusan deyə ondan soruşmuşdur? Bəhruz Nizamiyə demişdir ki, motosiklet idarə edən zaman fit çalan eşitməmiş və görməmişdir. O, bunu deyən zaman Nizami yumruqla onun sifətinə və üzünə zərbələr vurmağa başlamışdır. Onun burnundan qan açılmış, bu zaman Nizaminin atası Şakir yaşadığı evdən küçəyə çıxmış və onlara yaxınlaşmışdır. O, Şakir kişiyə demişdir ki, oğlu onu nahaqdan döyüb, nə vəziyyətə salmışdır. Şakir də ona bildirmişdir ki, oğlundan şikayət etməsin, səhv edib ona qarşı bu cür hörmətsizlik edib, onu tənbeh edib başa salar. Hadisə təxminən 30 saniyə ərzində baş vermiş və ətrafda heç bir şəxs olmamışdır. Qeyd edir ki, Nizami ilə aralarında heç bir söyüş olmayıb, bir-birinə nalayiq sözlər deməyiblər. Nizaminin ona zərbə endirə biləcəyini də heç gözləməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid Zalqulu oğlu yuxarıda qeyd olunanlara uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri yox, CM-nin 128-ci maddəsi, yəni qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurması cinayətinin tərkib əlamətləri vardır. Təqsirləndirilən şəxsin CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi faktı yuxarıda qeyd olunan ifadələrlə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Canlı şəxsin ekspertizası ilə bağlı 10 okyabr 2023-cü il tarixli, 207 nömrəli Ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Ağarza oğlunun məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - Sol gözaltı nahiyənin qançırı, sol gözün ağlı qişasının qansızması, burnun yumşaq toxumalarının şişkinliyi qançırı, burun sümüyünün sınığı küt əşya(əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir”. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin tövsifi məsələsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır”, “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır», «Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən “Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır”. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin məzmunundan görünür ki, məhkəmənin cinayət işi üzrə gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi halı işin məhkəmə baxışı zamanı sübuta yetirilməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Zalqulu oğlu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, onun Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 nömrəli qərarının 2-ci bəndində aşağıdakılar qeyd olunur: “İzah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür”. Hazırkı iş üzrə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş “ictimai qaydanın kobud surətdə pozulması” halı yoxdur. Belə ki, hadisə yerində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs olmuş, kənar şəxslər olmamış, ətrafda olan şəxslərin istirahət və ya digər hüquqları pozulmamış, nəqliyyatın hərəkəti məhdudlaşdırılmamışdır. Belə olan halda ictimai qaydanın nədə pozulması müəyyən edilmir. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, onun hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə zərərçəkmiş şəxsə istiqamətlənən hərəkətlər kimi təzahür etmişdir. Eyni qərarın 3-cü bəndində qeyd olunur ki, “Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər”. Həmçinin, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair xərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Təqsirləndirilən və zərərçəkmiş şəxsin məhkəməyə bildirdikləri, həmçinin iş materialları ilə müəyyən olunur ki, təqsirləndirilən və zərərçəkmiş şəxs arasındakı narazılıq küçədə fit səsinin eşidilməsi zəminində yaranmışdır. Bu narazılıq sonradan mübahisə ilə nəticələnmiş, eyni zəmində yaranmış münaqişə zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sifət nahiyəsindən yumruqla qəsdən vuraraq ona sağlamlığa yüngül dərəcəli zərər vurma kimi qiymətləndirilən xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid bildirirlər ki, müvafiq hadisə zamanı tərəflər bir-birinə qarşı nalayiq sözlər işlətməmişlər. Həmçinin, müəyyən olunur ki, təqsirləndirilən şəxs zərbəni zərərçəkmiş şəxsə sonuncunun bunu gözləmədiyi halda vurmuşdur. Yəni bilavasitə zərbədən əvvəl təqsirləndirilən və zərərçəkmiş şəxslər arasında onların dava edəcəklərinə işarə edən hadisələr baş verməmiş, təqsirləndirilən şəxs zərbəni zərərçəkmiş şəxs sözünü bitirib artıq gedəndə endirmişdir. Məhkəmə hesab edir ki, hadisə zamanı ictimai qayda kobud surətdə pozulmayıb, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı zor tətbiq etdiyinə baxmayaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməyibdir. Bütün bunları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 nömrəli qərarının yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurduğuna baxmayaraq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməmişlər. Bu səbəbdən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən və zərərçəkmiş şəxslərin məhkəməyə verdikləri ərizələrdən görünür ki, onlar barışmışlar. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən “böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər”. Həmin məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilən cinayət norması imperativ olduğundan hazırkı iş üzrə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən cinayət təqibinə xitam verilməli, həmçinin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayətdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməl həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməklə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar