Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-112/2022 16.11.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1966-cı ildə Neftçala rayonu, Böyük Oryad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Neftçala rayonu, Kürkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 may 2022-ci ildə saat 16 radələrində Neftçala rayonu, Kürkənd kəndində, yaşadığı evin yaxınlığında qardaşı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə edərək sonuncunun baş nahiyəsinə yumruqla bir neçə dəfə vuraraq ona alın, sol qulaq, sol gicgah, ənsə nahiyələrinin yaraları və sıyrığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən xəsarətlər yetirmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonu, Kürkənd kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qardaşıdır. Qapı qonşusudurlar. Onların hazırda münasibətləri yoxdur. 13 may 2022-ci il tarixdə saat 16 radələrində həyat yoldaşı Arzu, qızı Səmirə və 3 yaşlı nəvəsi Muradla birlikdə idarə etdiyi “Hunday İX 35” markalı 90LF773 dövlət qeydiyyat nişanlı avtomobillə qonaq getmək üçün yaşadığı evin həyətindən çıxıb kəndarası yolla mərkəzi yola tərəf gedərkən onun qarşısında eyni istiqamətdə “İj planet-1” markalı, 3 təkərli yedəkli motosikletlə hərəkətdə olan qardaşı Gülverdi hərəkət hissəsində qarşısında motosikleti saxlamışdır. O, Gülverdidən keçmək üçün yol istəyəndə ona demişdir ki, “bu yolu mən çəkmişəm sənə yol verməyəcəm”. O, avtomobildən düşüb Gülverdidən yoldan çəkilməsini tələb etmişdir. Qardaşı Gülverdidən ona yol verməsini bir daha tələb edəndə Gülverdi motosikletin yedəyindən əl tutan yeri sarı və qara rəngli olan kəlbətini götürüb kəlbətinin parıldayan səthə malik metal tutacaq hissəsi ilə onun sol qaş nahiyəsinə və baş nahiyəsinə bir neçə dəfə zərbələr vurub xəsarət yetirmişdir. Özünü itirməyib Gülverdinin əlindən kəlbətini almaq üçün yumruqla bir dəfə onun sifət nahiyəsindən vurmuş və onun əlindən kəlbətini almışdır. Həyat yoldaşı Arzu ondan yapışıb kənara çəkmişdir. Bu zaman Səmirə onların yanlarına gəlib onları ayırmağa çalışmışdır. Həmin vaxt Səmirə Gülverdinin qolundan tutub ayırmaq istəyəndə onun əli qızının başına dəymiş və xəsarət almışdır. Həmin vaxt qardaşı Yusif gəlib Gülverdidən yapışıb onu ayırıb aparmışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Neftçala rayonu, Kürkənd kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qardaşıdır. Qapı qonşusudurlar. Neçə illərdir ki, münasibətləri yoxdur, danışmırlar. 13 may 2022-ci ildə saat 16 radələrində 3 yaşlı nəvəsi Sadiqlə birlikdə idarə etdiyi “İj planet-1” markalı, dövlət qeydiyyat nişanı olmayan, 3 təkərli yedəkli motosikleti ilə qardaşı qızı Aynurǝgilə getmək üçün evinin həyətindən çıxıb kəndarası yolla mərkəzi yola tərəf gedərkən yolda motosikleti sönmüşdür. Bu zaman arxadan öz avtomobili ilə gələn qardaşı Əskər avtomobilini arxada saxlayıb siqnal verməyə başlamışdır. Sonra Əskər avtomobilindən yerə enib ona çək burdan motosikletini demişdir. Bundan sonra Əskərlə mübahisəsi yaranmış, mübahisə zamanı Əskər onun üz nahiyəsinə bir neçə dəfə yumruqla zərbələr vurmuşdur. Əskərin qızı Səmirə onları ayırmağa çalışmışdır. Onlar Əskərlə əlbəyaxa olmuşlar. Bu zaman Əskərin baş nahiyəsinə yumruqla bir neçə zərbə vurmuşdur. Həmin vaxt qardaşı Yusif hardansa gəlib onları ayırmışdır. Onun əlində hər hansı əşya olmayıb. Həmçinin bildirir ki, təqsirləndirilən şəxslə barışıb. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 təqsirləndirilən şəxsin bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Neftçala rayonu, Kürkənd kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun qardaşlarıdır. 13 may 2022-ci il tarixdə saat 16 radələrində o, evinin yaxınlığında dayanan zaman bir qədər irəlidə qardaşları Əskər və Gülverdinin birbiri ilə mübahisə etdiklərini görmüşdür. Bu vaxt onlar əlbəyaxa olmuşlar. Dəqiq onların birbirinə hansı nahiyələrindən vuraraq xəsarət yetirdiklərini görə bilməmişdir. O, dərhal onların yanına qaçmışdır. O, Gülverdinin qolundan yapışaraq dartıb aparmışdır. O, sonradan bilmişdir ki, Əskərlə Gülverdi arasında mübahisə avtomobilə yol vermədiyinə görə baş vermişdir. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı, onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Canlı şəxsin ekspertizası ilə bağlı 16 may 2022-ci il tarixli 98 nömrəli rəyin nəticəvi hissəsində qeyd olunur ki, “1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – alın, sol qulaq, sol gicgah, ənsə nahiyələrinin yaraları və sıyrığı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddətlərdə və şəraitlərdə, yəni xx.xx.2022-ci il tarixdə yumruqla və daşla vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir”. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş zərərin ödənildiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də iş üzrə icraata xitam verilməsinə dair ərizə təqdim edib. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən «Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir». Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. İş üzrə maddi sübut və ekspertiza xərci ilə bağlı məsələnin Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(053)- 110/2022 nömrəli cinayət işi üzrə yekun məhkəmə aktında həll olunduğu nəzərə alınsın. Qərardan 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-112/2022
Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-112/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver