Məhkəmə qərarları › İş №1(053)-113/2022

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-113/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-113/2022 23.11.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Museyib oğlunun və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 2001-ci ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Qaçaqkənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Neftçala Rayon Məhkəməsinin 4(053)-49/2022 nömrəli iş üzrə 16 sentyabr 2022-ci il tarixli qərarına əsasən barəsində əvvəli 15 sentyabr 2022-ci il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2022-ci ilin aprel ayının əvvəlində, günü istintaqa məlum olmayan tarixdə saat 03 radələrindən başlayaraq 2022-ci ilin may ayının ortalarınadək müddətdə günü istintaqa məlum olmayan tarixlərdə, gecə saatlarında vahid niyyətlə Zərərçəkmiş şəxs1 Museyib oğluna məxsus, Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdən hər biri 200 manat dəyərində olan 5 ədəd su mühərrikini, hər biri 250 manat dəyərində 2 ədəd laqundanı, hər biri 150 manat dəyərində 2 ədəd elektrik drelini, 2.000 manat dəyərində müxtəlif qab-qacaqları, mis materialdan olan 1.500 manat dəyərində teşt, qazan və tavaları, 200 manat dəyərində 3 kq drel başlıqlarını, hər biri 400 manat dəyərində 2 ədəd 10 litr tutumlu samovarları, hər biri 200 manat dəyərində 3 ədəd 5 litr tutumlu elektrik samovarlarını, 100 manat dəyərində 20 litr tutumlu yemək bidonunu, 300 manat dəyərində «Veritas» markalı tikiş maşınını, hər biri 70 manat dəyərində 5 ədəd projektoru, 1.000 manat dəyərində 4 rulon elektrik kabelini və 3.000 manat dəyərində müxtəlif ev əşyalarını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 Museyib oğluna ümumilikdə 11.650 manat miqdarında maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 24 may 2022-ci tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus, Neftçala rayonu, Qaçaqkənd kəndində yerləşən mağazaya həmin mağazanın plastik pəncərəsini itələyib açmaqla qanunsuz daxil olaraq mağazadan 320 manat miqdarında nağd pulu, 150 manat dəyərində «sim» və «nar» mobil telefon danışıq kartlarını, hər biri 2 manat 20 qəpik dəyərində olan 100 qutu «Viceroy» markalı siqaretləri və 110 manat dəyərində «Keno», «LD» və «Palma» markalı siqaretləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 800 manat miqdarında maddi ziyan vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonu, Qaçaqkənd kəndində qeydiyyatda olsa da, faktik olaraq ailəsi ilə birlikdə Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən evdə yaşayır. İşsizdir. X1 təxminən 1 ildir ki, onlarla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 evində usta işləmişdir. Arabir lazım olduğu halda atasına işlərində kömək etmək məqsədilə Əskərin həyətinə gedib. Həmin vaxt Əskərin həyətində müxtəlif məişət əşyalarının olduğunu görmüş və bu əşyaları pul lazım olduğu üçün hissə-hissə oğurlayıb satmaq qərarına gəlmişdir. Həmin əşyaları bir dəfəyə götürməsi fiziki cəhətdən mümkün olmadığından onları hissə-hissə götürməyi planlaşdırmışdır. Bu məqsədlə 2022-ci ilin aprel ayının əvvəllərində saat 03-də Əskərin evinin arxa tərəfində yerləşən qapısının yanındakı hasardan aşmaqla həyətə daxil olmuş, həyətdə yerləşən qarajın yanından 2 ədəd dreli və 1 ədəd laqundanı götürüb özü ilə gətirdiyi sintetik torbaya qoyub gəldiyi kimi həyətdən çıxmışdır. Həmin əşyaları əvvəl gətirib həyətlərinin yaxınlığında kolların arasında gizlətmişdir. Ertəsi gün həmin əşyaları gizlətdiyi yerdən götürüb digər məhəllədə yerləşən müxtəlif əşyaların icarəyə verildiyi sexə getmişdir. Həmin sexdə adının sonradan Şahmar olduğunu bildiyi şəxsə əşyaları göstərərək onları satmaq istədiyini bildirmişdir. Şahmara əşyaların oğurluq olduğunu deməmişdir. Şahmar həmin əşyaların müqabilində ona 60 manat pul vermişdir. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləyib. Bundan sonra təxminən 1 aya yaxın müddətdə Əskərin həyətinə getməmişdir. 2022-ci ilin may ayının ortalarına qədər xatırlamadığı vaxtlarda, hamısı gecə saatlarında olmaqla 15 gün ərzində 7 dəfə həmin həyətə girmişdir. Həmin vaxtlarda həyətdən tavalar, 5 litrlik samovarlar, yemək bidonu, projektorlar, bir neçə rulon elektrik kabelləri və digər ev əşyaları, o cümlədən tikiş maşını, qab-qacaq, teştlər, qazanlar və digər samovarlar götürüb. Bu əşyalardan 2 ədəd 5 litrlik samovarı və 1 ədəd laqundanı Bakı şəhərində 28 May metro stansiyasının yaxınlığında metal qəbulu məntəqəsində satmışdır. Digər əşyaları isə Neftçala şəhərində küçələri gəzib metal qəbul edən Qazel markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobildə gəzən şəxslərə satıbdır. Bundan başqa Zərərçəkmiş şəxs2 Neftçala rayonu, Qaçaqkənd kəndində yerləşən mağazasından oğurluq edib. Qeyd edir ki, əslən həmin kənddəndir. Bir dəfə nənəsigilə qonaq getmiş və gecəni onlarda qalmışdır. Həmin gecə siqaret almaq üçün evdən çıxaraq kənddə mağaza axtaranda Cavidin mağazasının dəmir qapısının açıq olduğunu, lakin nəfəslik kimi olan plastik pəncərəsinin örtülü olduğunu görmüşdür. Həmin pəncərəyə yaxınlaşıb əli ilə itələmiş, pəncərənin açılmadığını görüb nənəsigilin evinə gedib əşyalar saxlanılan damdan özü ilə çəkic götürmüşdür. Həmin çəkiclə yenidən mağazanın yanına gəlmişdir. Çəkicin ucunu pəncərənin yuxarı hissəsindən salıb pəncərəni açmışdır. Daha sonra pəncərədən mağazaya daxil olmuş və mağazanı axtarmağa başlamışdır. Mağazadan müxtəlif növ siqaretlər götürüb özü ilə gətirdiyi sellofana yığmışdır. Bundan sonra siqaret olan tərəfdə 22 manatlıq müxtəlif operatorlara aid konturları və dəftərin arasında olan 146 manat pulu götürmüşdür. Daha sonra mağazadan çıxmış və nənəsigilə qayıtmışdır. Çəkici aparıb yerinə qoymuşdur. Oğurladığı əşyaları da paltarlarını yığdığı idman çantasına qoymuş, səhər açılan kimi nənəsindən yol pulu alıb Bakı şəhərinə getmişdir. Nənəsindən pul almağının məqsədi bu olmuşdur ki, kənddə eşidilsə mağazadan oğurluq olub bilməsinlər ki, oğurluğu o, edib. Nənəsigildən çıxıb tanımadığı bir taksi ilə Salyan şəhərinə, oradan isə Bakı şəhərinə getmişdir. Konturları Bakı şəhərində müxtəlif şəxslərə satmışdır. Siqaretlərdən 5 blokunu Bakı şəhərində mərkəzdə yerləşən köşklərdən birinə 100 manata satmışdır. Qalanını isə özü çəkmək üçün saxlamışdır. Pulu da müxtəlif şəxsi ehtiyaclarına xərcləyib. 15 sentyabr 2022-ci ildə evdən çıxıb küçə ilə gedərkən ona mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını, ona Neftçala şəhər sakini Zərərçəkmiş şəxs1 Museyib oğlunun evində baş vermiş oğurluqda şübhəli olduğunu bildirmişlər. Bu vaxt tutduğu əməli etiraf edib polis əməkdaşlarına danışmışdır. Daha sonra polis əməkdaşları onu Neftçala RPŞ-nə gətirmişlər. Törətdiyi cinayət əməlinə görə çox peşmandır. Qeyd edir ki, cinayət nəticəsində zərərçəkmişlərə vurulmuş zərər yaxınları tərəfindən ödənilib. Zərərçəkmiş şəxs1 Museyib oğlu işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olsa da, faktik olaraq ailəsi ilə birlikdə Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Pensiyaçıdır. Arabir övladlarına baş çəkmək üçün Bakı şəhərinə gedir. Bir neçə dəfə Bakı şəhərinə gedibgəldikdən sonra həyətindən müxtəlif əşyaların oğurlandığını aşkar etmişdir. Əvvəl bu barədə heç bir dövlət orqanına müraciət etməyib. Fikirləşib ki, bəlkə oğurluq etmiş şəxs əməlindən peşman olub gətirib əşyalarını qaytarar. 2022-ci ilin iyun ayının əvvəllərində növbəti dəfə Bakı şəhərindən evə gəldikdə görmüşdür ki, yenə əşyaları oğurlanıb. Həyətinə ətraflı baxdıqda görmüşdür ki, oradan hər biri 200 manat dəyərində olan 5 ədəd su mühərriki, hər biri 250 manat dəyərində 2 ədəd laqunda, hər biri 150 manat dəyərində 2 ədəd elektrik dreli, 2.000 manat dəyərində qab-qacaq, mis materialdan olan 1.500 manat dəyərində teşt, qazan və tavalar, 200 manat dəyərində 3 kq drel başlıqları, hər biri 400 manat dəyərində 2 ədəd 10 litr tutumlu samovarlar, hər biri 200 manat dəyərində 3 ədəd 5 litr tutumlu elektrik samovarları, 100 manat dəyərində 20 litr tutumlu yemək bidonu, 300 manat dəyərində «Veritas» markalı tikiş maşını, hər biri 70 manat dəyərində 5 ədəd projektor, 1.000 manat dəyərində 4 rulon elektrik kabeli və bundan başqa 3.000 manat dəyərində müxtəlif ev əşyaları oğurlanıb. Baş vermiş oğurluq nəticəsində ona təxminən 11.650 manat məbləğində maddi ziyan dəymişdir. Ona görə də polisə müraciət edib. Zərərçəkmiş şəxs həmçinin bildirir ki, cinayət nəticəsində ona vurulmuş zərər tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Qaçaqkənd kəndində qeydiyyatda olmaqla orada yaşayır. Onun həmin kənddə özünə məxsus həyətində yerləşən mağazası var. Həmin mağazanın küçəyə açılan plastik pəncərəsi, həmçinin mağazadan həyətinə daxil olmaq üçün qapısı vardır. Mağaza həyətində olduğu üçün demək olar ki, günün istənilən vaxtı fəaliyyət göstərir. 24 may 2022-ci il tarixdə saat 01 radələrinə qədər mağazada olmuş, daha sonra evə gəlmişdir. Həmin günü saat 07 radələrində mağazanı açdıqda plastik pəncərənin hansısa alətlə itələnərək açıldığı və mağazadan oğurluq olduğunu görmüşdür. Mağazaya ətraflı baxdıqda görmüşdür ki, oradan 320 manat nağd pul, 150 manat dəyərində «sim» və «nar» mobil telefon danışıq kartları, 100 qutu hər biri 2 manat 20 qəpik dəyərində «Viceroy» markalı siqaret və 110 manat dəyərində müxtəlif sayda Keno, LD və Palma markalı siqaretlər oğurlanıb. Əvvəl oğurluq hadisəsinin kənd adamları tərəfindən törədildiyini fikirləşib heç bir orqana müraciət etməmişdir. Düşünmüşdür ki, oğurluq etmiş şəxs peşman olub əşyaları və pulu qaytarar. Lakin gözləsə də bir xəbər çıxmamışdır. Odur ki, bu barədə Neftçala RPŞ-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 800 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 həmçinin bildirir ki, cinayət nəticəsində ona vurulmuş zərər tam olaraq ödənilib. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 qeyd etmişdir ki, ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Həmin küçədə yerləşən plastik qapı-pəncərə sexini icarə əsasında işlədir. Təqsirləndirilən şəxs əvvəllər tanımayıb. Cavid bir neçə ay bundan əvvəl onun işlədiyi sexə gələrək laqunda, drel və perforator kimi istifadə oluna bilən alətləri satmaq istədiyini. O, həmin əşyalara baxmış və bunların üçünə birlikdə cəmi 60 manat pul verə biləcəyini demişdir. Razılığa gəldikdən sonra həmin məbləğdə pulu əşyaların müqabilində Cavidə vermişdir. Daha sonra Cavidi görməyib. Təxminən 1 ay sonra isə atası İlham mobil telefonla zəng edərək ondan laqunda və ya digər əşyaların satılıb-satılmadığını soruşmuşdur. Atasına onların satıldığını bildirmişdir. Bir müddət sonra Abdulla adlı şəxs sexə gəlmiş, həmin alətlərə baxmış və alətlərin ona məxsus olduğunu demişdir. Həmin alətləri 60 manat müqabilində Abdullaya vermişdir. Daha sonra Abdulla çıxıb getmişdir. Qeyd edilən alətlərin oğurluq olduğunu bilməyib. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 qeyd etmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Şahid1 onun oğludur. Şahmar həmin küçədə yerləşən plastik qapı-pəncərə sexini icarə əsasında işlədir. Təxminən 2022-ci may ayında tanışı usta Abdulla ilə söhbət edəndə ona demişdir ki, işlədiyi Əskər adlı şəxsin həyətindən laqunda, perforator və drel oğurlanıb. O da bu barədə oğlu Şahmara demişdir. Çünki Şahmar inşaat sahəsində istifadə edilən bəzi alətlərin icarəsi ilə də məşğul olur. Bununla yanaşı kimsə özünün belə əşyalarını satdığı hallarda da onları alır. Şahmar ona bir nəfər tanımadığı şəxsdən yaxın günlərdə həmin alətləri aldığını bildirmişdir. O, Abdullaya bu barədə məlumat vermiş və Abdulla Şahmarın sexinə gələrək həmin alətlərə baxmışdır. Abdulla alətləri tanımış və Şahmardan alətləri ona kimin satdığını xəbər almışdır. Şahmar da alətlərin kimin tərəfindən satıldığını bilmədiyini ona demişdir. Abdulla Şahmara alətlərə görə ödədiyi 60 manat pulu verib, həmin alətləri götürüb iş gördüyü həyətə aparmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 qeyd etmişdir ki, ailə üzvləri ilə birlikdə Neftçala şəhəri, H.Əliyev prospektində yaşayır. Bu ilin əvvəlindən bir müddət Neftçala şəhər sakini Zərərçəkmiş şəxs1 Museyib oğlunun həyətində ev tikintisində usta kimi işləmişdir. Təxminən 2022-ci ilin aprel ayında o, Əskərdən eşitmişdir ki, həyətdən onun da istifadə etdiyi 2 ədəd drel və laqunda oğurlanıb. Həmin drellərdən biri həmçinin divarı deşmək üçün perforator kimi də istifadə olunurdu. O, Əskərə bu barədə nə isə bilmədiyini demişdir. Sonradan tanışı İlhamın yanında işlədiyi həyətdən oğurluq olması barədə söhbət etmişdir. Bu vaxt İlham ona oğlu Şahmarın müxtəlif təmir alətlərini alıb icarə verdiyini demişdir. Bundan sonra İlham ona Şahmarın sexinə gedib baxmağı təklif etmişdir. O, Şahmarın sexinə getmiş və orada Əskərin həyətindən oğurlanmış drelləri və laqundanı tanımışdır. Şahmar ona həmin əşyaları tanımadığı şəxsdən 60 manata aldığını bildirmişdir. O, Şahmara 60 manat pul verib əşyaları götürmüşdür. Daha sonra o, həmin əşyaları gətirib Əskərə vermişdir. Əskər də onun pulunu vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməllərini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq edilir. 23 sentyabr 2022-ci il tarixli 22/614R nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1. xx.xx.2022-ci il tarixdə Neftçala rayonu Qaçaqkənd sakini Zərərçəkmiş şəxs2 evində baş vermiş oğurluq faktı ilə əlaqədar 02 ədəd yapışqan lent kəsikləri üzərlərində olan əl izlərindən 04 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. 2. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 04 ədəd əl-barmaq izi (ADİS-in məlumat bankına Neftçala RPŞ-dan) xx.xx.2001-ci il tarixdə Neftçala rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta, adsız, sağ əlinin şəhadət və orta barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir». Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Museyib oğlunun məhkəməyə təqdim etdikləri 16 noyabr 2022-ci il tarixli ərizələrdən görünür ki, həmin zərərçəkmiş şəxslərə cinayət nəticəsində vurulmuş zərər ödənilib. Zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı şikayətləri və tələbləri yoxdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxslərə cinayət nəticəsində vurulmuş zərərin əvəzinin ödənildiyini və sonuncuların ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.30-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixindən etibarən həbsdə saxlanıldığı 02 (iki) ay 08 (səkkiz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 04 (dörd) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.30-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar